Məhkəmə qərarları › İş №e-2(009)-562/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-562/2023

14.03.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-562/2023 14.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq”a qarşı işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq”a qarşı işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ali təhsillidir, 1985-ci il tarixdən Sabirabad RKC-nin idarə heyətinin sədridir. SSRİ dağılandan sonra RKC-nin qorunub saxlanmasında onun böyük rolu olub. “Azərittifaq”ın xx.xx.2022-ci il tarixli, K-26 No-li sərəncamı ilə o, yaş həddinin keçməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Qeyd olunan əmr əsassız və qanunsuzdur. O, yuxarıda qeyd etdiyi kimi, 1985-ci ildən Sabirabad RKC idarə heyətinin sədridir. Bu müddət ərzində heç bir qanunsuz əməllə məşğul olmamışdır. Vəzifənin öhdəsindən gəlmişdir. Qeyd olunan sərəncamda Əmək Məcəlləsinə istinad edilməmişdir. Yaş həddinin keçməsi ilə əlaqədar Əmək Məcəlləsində hər hansı bir maddə yoxdur. O, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə “Azərittifaq”da ezamiyyətdə olmuşdur. Ona orada bildirmişlər ki, uzun illərdir ki, məzuniyyətə çıxmır. O, da xx.xx.2022-ci il tarixdə Sabirabad rayon RKC-nin qərarı ilə məzuniyyətə çıxmışdır. Bu barədə olan 2 No-li iclasın protokolu mülki işə əlavə edilir. Məzuniyyətdə olan işçinin işdən çıxarılması qanunla qadağandır. O, məzuniyyətdə olarkən eşitmişdir ki, “Azərittifaq” tərəfindən haqqında işdən çıxarılması barədə xx.xx.2022-ci il tarixli sərəncam verilmişdir. RKC-nin nizamnaməsinə görə RKC sədrinin vəzifədən azad edilməsi RKC İH-nin iclasının qərarı ilə olmalıdır. Çünki RKC sədri təyin olunmur, seçilir. Qanunvericiliyin tələbinə görə əmək mübahisəsi olduğundan Mediasiyaya müraciət etmişdir. Lakin mübahisə könüllü qaydada həll edilməmişdir. Əmək Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Lakin o, dəymiş zərər tələb etmir. Onunla işəgötürən arasında əmək müqaviləsinə xitam verilməsi üçün Əmək Məcəlləsinin 74-cü maddəsində nəzərdə tutulan, tərəflərin iradəsindən asılı olmayan hallar mövcud deyildir. Əmək Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən mediasiyaya edilmiş müraciət əsasında mediasiya araşdırılması zamanı sərf olunan müddət iddia müddətindən çıxarılır, yəni iddia müddətinin axımı dayanır. Göstərilənləri nəzərə alaraq iddiaçı “Azərittifaq”ın xx.xx.2022-ci il tarixli, K-26 No-li sərəncamının ləğv edilərək, onun Sabirabad rayon Kooperativlər Cəmiyyətinin sədri vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, məhkəməyə müraciət etmək üçün müddəti buraxmamışdır. Mediasiya Şurasına müraciət etmiş, mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı aldıqdan sonra Sabirabad rayon Məhkəməsinə müraciət etmiş, orada 2 prosesdən sonra bildirmişlər ki, “ərizəni geri götür və Səbail rayon Məhkəməsinə təqdim elə”. O, ərizəni götürərək, Səbail rayon Məhkəməsinə müraciət etmişdir və müddəti buraxmamışdır. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək və iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək öz izahatında göstərmişdir ki, İddiaçı iddiasını tamamilə əsassız və Azərittifaq Nizamnaməsinə zidd sayırlar. İddiaçı Hacıyev X3 İdarə Heyətinin xx.xx.2022-ci il tarixli (protokol No3, m.1) qərarı və Azərittifaqın xx.xx.2022-ci il tarixli K- 26 No-li sərəncamı ilə əmək qanunvericiliyinə uyğun olaraq pensiya yaş həddini keçməsi ilə əlaqədar Sabirabad rayon Kooperativ Cəmiyyəti idarə heyətinin sədri vəzifəsindən azad edilmişdir. X9 tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş qaydaya görə Azərittifaq sistemində çalışmanın yaş həddi 65 yaş müəyyən edilmişdir. İddiaçı işdən azad edilərkən 80 yaşı tamam olmuşdur. İddiaçı guya onun məzuniyyətdə olduğu vaxtda ikən işdən azad olunduğunu bildirir ki, o, da həqiqətə uyğun deyildir. Belə ki, iddiaçı işdən xx.xx.2022-ci il tarixdə azad olunduğunu bildikdən bir gün sonra xx.xx.2022-ci il tarixdə özü özünə məzuniyyət vermişdir. Rayon Kooperativ Cəmiyyəti idarə heyətinin sədri Azərittifaqın nomenklatura işçisi olduğu üçün məzuniyyətə getməsini Azərittifaqla razılaşdırmalıdır. İddiaçı iddiada bildirir ki, guya Rayon Kooperativ Cəmiyyəti idarə heyətinin sədri seçkili vəzifə olduğu üçün Azərittifaqın onu işdən azad etmək səlahiyyəti yoxdur. Lakin, Azərittifaq Nizamnaməsinə görə X9 sədrinin (Nizamnamənin 16-cı maddəsinin 4.6-cı bəndi) və həm də İdarə Heyətinin (Nizamnamənin 17-ci maddəsinin 3.11 və 3.12-ci bəndləri) buna səlahiyyəti vardır. Cavabdehin nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, İddiaçı mediasiya prosesindən sonra iddia müddətini ötürmüşdür. Azərittifaq nizamnaməsinə əsasən idarə heyətinin sədri işçini işdən azad etməyə səlahiyyəti var. Qanunvericiliyə uyğun olaraq Azərittifaq sistemində müəyyən edilmiş yaş həddi 65 yaş müəyyən olunmuşdur. İddiaçı işdən azad olunarkən 80 yaşı tamam olmuşdur. Cavabdehin nümayəndəsi iddia tələbləri əsassız olduğu üçün və iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqın (Azərittifaqın) Nizamnaməsinin 16-cı maddəsinin 4.6-cı bəndinə əsasən X1 mərkəzi aparatın işçilərinin və X4 nomenklaturasına daxil olan işçilərin (o cümlədən) kooperativ təşkilatlarında seçkili vəzifələrə seçilmiş şəxslərin) vəzifəyə təyin və vəzifədən azad olunması barədə sərəncamlar verir. Nizamnamənin 17-ci maddəsinin 3.11-ci bəndinə əsasən X8 mərkəzi aparatın, sistemə daxil olan təşkilat və müəssisələrin rəhbər işçilərinin (seçkili vəzifə daşıyanlar da daxil olmaqla) nomenklaturasını müəyyən edir, onların vəzifəyə təsdiqi, vəzifə borclarını lazımınca yerinə yetirmədikləri və nizamnamə tələblərini pozduqları hallarda intizami qaydada tənbeh edilməsi,işdən kənarlaşdırılması və vəzifədən azad edilməsi məsələlərinə baxaraq müvafiq qərar qəbul edir. Nizamnamənin 17-ci maddəsinin 3.12-ci bəndinə əsasən X8 kooperativ cəmiyyətləri və ittifaqın idarəetmə orqanları, idarə heyətləri və idarə heyəti sədrlərinin özlərinin və Azərittifaqın nizamnaməsinə, eləcə də qanunvericiliyə zidd olan qərar və sərəncamlarının icrasını dayandırır, zəruri hallarda həmin rəhbər işçiləri vəzifədən azad etməyə qədər intizami qaydada məsuliyyətə cəlb edir. İş üzrə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” İdarə Heyətinin “Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı sistemində çalışmanın yaş həddinin müəyyənləşdirilməsi haqqında” xx.xx.2011-ci il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı sistemində (Azərbaycan Kooperasiya Universiteti istisna olmaqla), o cümlədən X2 çalışmanın yaş həddinin 65 olduğu müəyyən edilmiş, Kooperativ təşkilatlarında 65 yaşına çatmış işçilərin təşkilatda çalışma müddəti yalnız Azərittifaq rəhbərliyinin razılığı ilə hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilməsi, çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verilməməsi qeyd edilmişdir. İş üzrə Sabirabad Rayon Kooperativ Cəmiyyətinin fəaliyyətində yol verilən nöqsanlar haqqında X4 Pr.3, m.1 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Sabirabad rayon Kooperativ Cəmiyyətində apardığı araşdırma ilə əlaqədar Azərittifaqa göndərdiyi xx.xx.2022-ci il tarixli məktubun məlumat üçün nəzərə alınması, Sabirabad Rayon Kooperativ Cəmiyyətində əvvəlki dövrdə maliyyə-təsərrüfat fəaliyyətində aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün heç bir tədbir görmədiyinə, təkrar yoxlamalar zamanı ciddi pozuntulara yol verildiyinə, səlahiyyət həddini aşaraq Azərittifaqın və RKC-nin nizamnaməsinin tələblərini pozduğuna və “Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı sistemində çalışmanın yaş həddinin müəyyənləşdirilməsi haqqında” X4 qərarı və Azərittifaq Şurasının tövsiyyəsi ilə nəzərdə tutulan yaş həddini çoxdan keçdiyi (hazırda 80 yaşı ötmüşdür) nəzərə alınaraq Sabirabad Rayon Kooperativ Cəmiyyəti idarə heyətinin sədri İddiaçı Azərittifaq Nizamnaməsinin 17.3.11-ci bəndinə əsasən vəzifəsindən kənarlaşdırılması və idarə heyətinin sədr vəzifəsinin icrası müvəqqəti olaraq heyət üzvü X6 həvalə olunması, X7 Sabirabad Rayon Kooperativ Cəmiyyətinin maliyyə-təsərrüfat icrasının təmin olunması, əgər cinayət tərkibli nöqsanlar aşkar edilərsə sənədlərin hüquq-mühafizə orqanlarına göndərilməsi qərara alınmışdır. İş üzrə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli K-26 nömrəli sərəncamına əsasən Sabirabad Rayon Kooperativ Cəmiyyəti idarə heyətinin sədri İddiaçı yaş həddinin keçməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. Müvəqqəti olaraq Sabirabad RKS idarə heyətinin sədri vəzifəsinin icrası idarə heyət üzvü X6 həvalə olunmuşdur. Əsas: X4 xx.xx.2022-ci il tarixli pr.3,m.1 qərarı. İş üzrə X5 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞS/1/00545 saylı arayışın surətindən görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi işə bərpa mübahisəsi üzrə xx.xx.2022-ci il tarixdə saat 10.30da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında X7 nümayəndəsi iştirak etməmişdir. Mediasiyanın tətbiqi barədə təklifin tarixi - xx.xx.2022-ci ildir. xx.xx.2022-ci il tarixdə tərəflərə bildiriş göndərilib, xx.xx.2022-ci il tarixdə çatıb. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 1985-ci il tarixdən Sabirabad Rayon Kooperativlər Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsində işləmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh təşkilatın xx.xx.2011-ci il tarixli qərarı ilə X2 çalışmanın yaş həddinin 65 olduğu müəyyən edilmişdir. Həmin qərarı ilə Kooperativ təşkilatlarında 65 yaşına çatmış işçilərin təşkilatda çalışma müddəti yalnız Azərittifaq rəhbərliyinin razılığı ilə hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilməsi, çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verilməməsi nəzərdə tutulmuşdur. Cavabdeh təşkilatın xx.xx.2022-ci il tarixli, K- 26 nömrəli sərəncamı ilə iddiaçı yaş həddinin (80 yaşı) keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, 1985-ci ildən Sabirabad rayon Kooperativlər Cəmiyyətinin sədri vəzifəsində işlədiyi müddət ərzində heç bir qanunsuz əməllə məşğul olmamışdir. Yaş həddinin keçməsi ilə əlaqədar Əmək Məcəlləsində hər hansı bir maddə yoxdur. O, xx.xx.2022-ci il tarixdə məzuniyyətə çıxmış və məzuniyyətdə olarkən “Azərittifaq” tərəfindən onu işdən çıxarılması barədə xx.xx.2021-ci il tarixli sərəncam verilmişdir. Bu səbəbdən iddiaçı sərəncamın ləğv edilərək işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmiş və bununla əlaqədar yazılı vəsatət vermişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iddiaçının sərəncamın ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı gətirdiyi dəlillərə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “e” bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 45.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır.Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər (maddə 45.2.) Həmin Məcəllənin 46-cı maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47.1-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. Həmin Məcəllənin 47.2-ci maddəsiniə əsasən hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyri-kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir. Göstərilən Məcəllənin 47.3-ci maddəsinə əsasən nizamnamədə dəyişikliklər dövlət qeydiyyatına alındığı andan üçüncü şəxslər üçün hüquqi qüvvəyə minir. Lakin hüquqi şəxslər və onların təsisçiləri (iştirakçıları) həmin dəyişiklikləri nəzərə almaqla hərəkət etmiş üçüncü şəxslərlə münasibətlərdə həmin dəyişikliklərin qeydə alınmadığına istinad edə bilməzlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin nizamnaməsini onun fəaliyyətini nizamlayan əsas sənəddir. Yəni nizamnamə hüquqi şəxsin hüquqi vəziyyətini müəyyənləşdirən və onun daxili münasibətlərini tənzimləyən təsis sənədidir. Cavabdeh hüquqi şəxsin Nizamnaməsinin 16-cı maddəsinin 4.6-cı yarımbəndi, 17-ci maddəsinin 3.11-ci və 3.12-ci yarımbəndi, “Azərittifaqın” X10 “Azərittifaqın” İdarə Heyətinin nomenklaturasına daxil olan işçilərin, o cümlədən Kooperativ Təşkilatlarında seçkili vəzifələrə seçilmiş şəxslərin vəzifəyə təyin və vəzifədən azad olunması barədə sərəncam vermə səlahiyyətinin olmasını müəyyən edir. Bu səbəbdən məhkəmə iddiaçının onun işdən azad olunması barədə X10 sərəncam vermə səlahiyyətinin olmaması barədə dəlillərini əsassız hesab edir. Digər tərəfdən məhkəmə qeyd edir ki, “Azərittifaqın” İdarə Heyəti onun təşkilatı və idarəçilik fəaliyyətini həyata keçirən ali orqanı olmaqla xx.xx.2011-ci il tarixli, 76 saylı Qərarı ilə Kooperativ Təşkilatında işçilərin son yaş həddinin 65 yaşdan sonra hər dəfə bir ildən çox olmayaraq uzadılmaqla 70 yaş olmasını, iddiaçının yaşının isə 80-dən yuxarı olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, “Azərittifaq” İdarə Heyətinin sədri öz səlahiyyəti çərçivəsində iddiaçının yaş həddinin keçməsi ilə əlaqədar onun tutduğu vəzifədən azad edilməsi barədə verdiyi sərəncam əsaslı olmuşdur. Məhkəmə eyni zamanda iddiaçının əmək məzuniyyətində olduğu müddətdə işdən azad olunmağı barədə verilən sərəncamın əsassız olmasına dair dəlilləri üzrə qeyd edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən işdən azad olunsa da, öz əmri ilə xx.xx.2022-ci il tarixdə məzuniyyətə çıxmışdır. Yəni iddiaçı işdən azad olunduğu tarixdən sonra hər hansı bir əmr vermək səlahiyyəti olmadığı təqdirdə əmək məzuniyyətinə çıxma barədə əmr vermişdir, eyni zamanda Rayon Kooperativlər Cəmiyyəti İdarə Heyətinin sədri “Azərittifaq”ın nomenklatura işçisi olduğu üçün məzuniyyətə getməsi “Azərittifaq”ın İdarə Heyəti ilə razılaşdırılmalı idi. Bu hal iddiaçının həmin dəlillərinin də əsassız olmasını təsdiq edir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən yaş həddinin keçməsi ilə əlaqədar iddiaçını tutduğu vəzifədən azad edilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, xx.xx.2022-ci il tarixli sərəncamın ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. Məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı 1 aylıq müddət ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir. İddia müddətinin tətbiqi ilə əlaqədar cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə yazılı vəsatət vermişdir. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qanunun tələblərindən göründüyü kimi işçi işə bərpa ilə bağlı məhkəməyə müraciət etmək üçün bir aylıq müddəti ötürərsə və həmin müddətin ötürülməsi onun xəstələnməsi və digər obyektiv hallarla bağlı olarsa, məhkəmə həmin müddəti bərpa edə bilər. Göründüyü kimi mübahisəli sərəncam qəbul edildikdən sonra iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdakı tarixlər – mediasiya şurasına ərizənin verilmə tarixi, tərəflərə bildirişin göndərilmə tarixi, arayışın tərtib edildiyi tarix – ziddiyyətlidir, mediasiya şurasına edilmiş 50 manat rüsumun ödənilmə tarixi isə arayışın tarixindən sonrakı tarixdir. Həmin sənəddə iddiaçının xx.xx.2022-ci il tarixdən 30 gün keçdikdən sonra xx.xx.2022-ci il tarixdə işin məhkəmədənkənar həlli qaydasına riayət edilməsi məqsədilə mediasiya şurasına müraciət etməsi müəyyən olunur. İddiaçı xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak etməsi və həmin tarixli ilkin medasiya sessiyasında iştirak edilməməsi barədə MŞS/1/00545 saylı arayışı əldə etmişdir. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin 2-ci bəndinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı ilkin mediasiya sessiyasına müraciət edib və onun nəticəsindən 75 gün keçdikdən sonra məhkəməyə müraciət etdiyindən, bununla da iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməməsini və həmin müddətin üzrlü hesab edilməsi ilə bağlı sübutların məhkəməyə təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, onun xx.xx.2022-ci il tarixli sərəncamın ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbi bu əsasla da əsassız hesab edilməli və təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq”a qarşı “Azərittifaq”ın İdarə Heyəti sədrinin xx.xx.2022-ci il tarixli, K-26 No-li sərəncamının ləğv edilərək, onun Sabirabad rayon Kooperativlər Cəmiyyətinin sədri vəzifəsinə bərpa olunması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar