Məhkəmə qərarları › İş №e-2(009)-58/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-58/2025

05.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-58/2025 05.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçının nümayəndə və vəkili X1, cavabdehin nümayəndəsi Nümayəndə2, vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilmiş pəncərələrin hörülməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Nümayəndə2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nümayəndə2 tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin istinad divarı üzərində qonşu tərəfindən quraşdırılan mansard sahəsi tikinti norma və standartlarının tələblərinə zidd şəkildə quraşdırılmış hesab edilməklə sökülməsi, həmçinin boşluğa yerləşdirilən pəncərə sistemi memarlıq və şəhərsalma normalarının tələblərinə cavab vermədiyindən bağlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reysetr xidmətinin ********** saylı qeydiyyat şəadətnaməsi ilə ona məxsus olan Səbail rayonu, Bibiheybət qəsəbəsi, 2-ci Məktəbli dalanı, ev 19 fərdi yaşayış evində uzun müddətdir yaşamasına baxmayaraq, qonşusu Səbail rayonu, Bibiheybət qəsəbəsi, ünvan 2 ünvanında yaşayan Nümayəndə2 tərəfindən İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən tikilinin 7,0 metr uzunluğunda istinad divarı üzərində qonşu tərəfindən daş konstruksiyalı mansard sahə tipli ərazi inşa edilmişdir. Qonşu tərəfindən İddiaçı məxsus istinad divarı üzərində mülkiyyətçinin həyətyanı sahəsinə açılan 7,0 x 1,2 metr həcmində PVC pəncərə sistemi quraşdırılmışdır. Beləliklə, "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"ın tələblərinə müvafiq olaraq tikintiyə başlamazdan öncə tikinti layihəsinin icra edən şəxs - qonşu ara məsafəsinin saxlanması qaydalarını bilməli və buna əməl etməli idi. Mülkiyyətçiyə məxsus evin xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalı olduğu halda qonşu tərəfindən bu qanunun tələblərinə riayət edilməmiş, inşa edilən divar mülkiyyətçiyə məxsus evin istinad divarları üzərində quraşdırılmışdır. Bu hal qanunaziddir. Qonşu tərəfindən artırma sahənin inşası nəticəsində mülkiyyətçi yağış sularının ona məxsus evin dam örtüyünə, bitişik ortaq divarların daxili səthinə və həyətyanı sahəsinə axması ilə üzləşib. Bu hal, dəfələrlə təmir edilməsinə baxmayaraq, oxşar fəsadların təkrar baş verməsinə zəmin yaradır. Halbuki aşağıda qeyd edilən bütün normativ hüquqi aktlar bu tipli yanaşmaların yolverilməz və qeyri-qanuni olduğunu təsdiq edir. Atmosfer yağıntılarından yaranan suların kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçiriməlidir. Qonşu tərəfindən İddiaçı məxsus istinad divarı üzərində mülkiyyətçinin həyətyanı sahəsinə açılan 7,0 x 1,2 metr həcmində PVC pəncərə sistemi quraşdırılması layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında həyata keçirilə bilərdi. Mövcud vəziyyətdə qonşi tərəfindən təbii işıqlandırma şəraiti yaratmaq məqsədilə quraşdırılan pəncərə boşluqları nəinki qarşılıqlı razılaşma əsasında, hətta memarlıq, şəhərsalma, yanğın təhlükəsizliyi və sanitar normalarının tələbləri, həmçinin qüvvədə olan tikinti norma və standartlarının tələbləri pozulmaqla həyata keçirilmişdir. "xxxx" MMC-nin daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi üzrə qiymətləndirici-mütəxəssisi qarşısında qoyulmuş suala uyğun olaraq rəydə göstərilir ki, aparılan araşdırmalar və təhlillərə əsasən belə nəticəyə gəlmək olar ki, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin istinad divarı üzərində qonşu tərəfindən quraşdırılan mansard sahəsi tikinti norma və standartlarının tələblərinə zidd şəkildə quraşdırılmışdır, təhlükə mənbəyi hesab edilir. Həmçinin boşluğa yerləşdirilən pəncərə sistemi memarlıq və şəhərsalma normalarının tələblərinə cavab vermir. Dəfələrlə cavabdehin özünə bu qanunsuzluğa son qoymağı tələb etsə də, nəticəsi olmamışdır. Səbail rayonu Polis İdarəsinə edilmiş müraciətinə cavab məktubu ilə bildirilmişdir ki, məhkəməyə müraciət edilsin. xx.xx.2024-cü il tarixində keçirilən məhkəmə hazırlıq iclasında casvabdeh Nümayəndə2 əsl Cavabdeh ilə əvəz olunmuşdur. Məhkəmə hazırlıq iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, 2-ci Məktəbli dalanı, 19 saylı evin istinad divarı üzərində quraşdırılan mansard sahəsi tikinti norma və standartlarının tələblərinə zidd şəkildə quraşdırılmış hesab edilməklə, dayaq konstruksiyaları arasında boşluğa yerləşdirilən iddiaçının həyətinə baxan pəncərələrin bişmiş kərpiç və ya mişar daşı ilə hörülərək bağlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçıların iddia ərizəsinin dəqiqləşdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçının nümayəndə və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, məhkəməyə təqdim etdiyi müstəqil ekspertin rəyindən də görünür ki, cavabdehin mülkiyyətində olan tikili 1900-cü ilin tikilsidir. Həmin tikliinin gücləndirilməsi üçün artıq 30 ildən çox müddətdir ki, mülkiyyətində olan sahənin üzərinə çardağ, yəni dam hissədən yağış sularının qarşısının alınasına görə həmin damın üzərində çardağ (mansard tipli) tikilmişdir. Ekspert qaşısında qoyulmuş suallara cavab olaraq müəyyən edilir ki, həmin çardağ (mansard tipli) qonşunun divarının üzərində deyil, cavabdehin mülkiyyətində olan sahənin üzərində tikilmiş və qonşuya heç bir təhlükə yaratmamaqla yanaşı, qonşunun hüquqlarına toxunmur. Digər tərəfdən, mansard sahədə quraşdırılmış plastik pəncərələrin şüşələri 2/3 hissədə qeyri şəffaf olmaqla iddiaçının qeyd etdiyi kimi onun həyətini sərbəst şəkildə müşahidə etməyə imkan vermir. Həmin pəncərələrin görüntülərinə dair fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Bundan başqa, İddiaçı idda ərizəsində Şəhərsalma və Tikinti Məcəlləsinə istinad etmişdir. Bildirir ki, həmin tikili tikilərkən Şəhərsalma və Tikinti Məcəlləsi olmamışdır. Yəni Məcəllə 2012-ci il tarixdən sonra qəbul edilmişdir. Odur ki, istinad edilən qanunvericilik normasının geriyə şamil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Bundan başqa, 1900-cu ilin tikilisinin üzərində inşa edilmiş çardağ (mansard tipli) artıq 30 ildən çoxdur ki, tikilmiş və bu günə kimi qonşu İddiaçı belə bir iddia ilə cavabdehə və ya digər orqanlara müraciət etməmişdir. İddiaçı tərəfindən cavabdehə qarşı qaldırılmış tələbin heç bir əsası olmadığından, iddia tələbi absurd əsaslarla əsaslandırıldığından və ümumi iddia tələbi 10 il nəzərdə tutulduğundan iddia müddətini tədbiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, iddianın əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarışın sürətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bibi- Heybət qəsəbəsi, 2-ci Məktəbli dalanı, 19 saylı ev, ümumi sahəsi 67.4 kv.m. olan ev xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyta alınmışdır. İş materiallarında "xxxx" MMC-nin 02-30/24 saylı, xx.xx.2004-cü il tarixli rəyindən görünür ki, "xxxx" MMC-nin daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi üzrə qiymətləndirici-mütəxəssisi qarşısında qoyulmuş suala uyğun olaraq rəydə göstərilir ki, aparılan araşdırmalar və təhlillərə əsasən belə nəticəyə gəlmək olar ki, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin istinad divarı üzərində qonşu tərəfindən quraşdırılan mansard sahəsi tikinti norma və standartlarının tələblərinə zidd şəkildə quraşdırılmışdır, təhlükə mənbəyi hesab edilir. İş materiallarında “X3” MMC-nin 66 saylı, xx.xx.2004-cü il tarixli rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 5-ci Salyan döngəsində yerləşən 6 nömrəli fərdi yaşayış evində mansard tipli sahə inşa olunarkən 6 saylı evin sənəd üzrə öz sərhədləri (hüdudları) daxilində yerləşdirilmişdir. Mansard tipli sahədən qonşu İddiaçı 19 nömrəli evinə tərəf eni 7.2 metr, hündürlüyü 1.1 metr ölçüdə PVC materialdan pəncərə açılır, həmin pəncərədən İddiaçı evinin ikinci mərtəbəsi, pəncərəyə yaxın məsafədə duranda isə evin birinci mərtəbəsinin dam örtüyü və yət görünür. Müvafiq tikinti norma və qaydalarında qonçu fərdi yaşayış evinin pəncərəsinin digər qonşunun fərdi yaşayış evinə tərəf açılması ilə bağlı hər-hansı məhdudiyyətlər yoxdur. Lakin qonşuluq prinsiplərinə əməl olunub aralarında yarana biləcək və ya yaranmış mübahisənin qarşısının alınması məqsədilə mansard tipli sahədən qonşu İddiaçı 19 nömrəli evinə tərəf açılan pəncərə bağlanmadan pəncərənin şüşələrinin mat boya ilə rənglənməsi və ya buzlu (mat) şüşələrlə əvəz edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il tarixli, ********** nömrəli çıxarışın sürətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 5-ci Salyan döngəsində mülkiyyətində olan 0.0359 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 5 otaqlı, 81.8 kv.m yaşayış, 39.6 kv.m köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabında 2228 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizası üzrə AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1/37270 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 5-ci Salyan döngəsində yerləşən 6 nömrəli fərdi yaşayış evində mansard tipli sahə 6 saylı evin sənəd üzrə öz sərhədləri daxilində inşa edilmişdir. Lakin tikintinin inşasına dair hər hansı icazə və layihə sənədi olmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 No-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud səhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”ın 4.1,4.2 bəndinin tələbləri pozulmuşdur. Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, 5-ci ünvan 4 ünvanda qaraj tikilisi üzərində inşa edilmiş tikilinin iddiaçıya məxsus 19 saylı evin həyatyanı sahəsinə baxan hissəsində quraşdırılmış pəncərələrin nəfəsliyə çevrilməsi texniki cəhətdən mümkündür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Məhkəmə tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci, 157.4-cü və 180-ci maddələrinə əsasən cavabdehə qarşı iddia ərizəsində göstərilən tələbi irəli sürməkdə haqlıdır. Odur ki, həmin normaların dispozisiya şərtlərinin hazırkı iddiaya münasibətdə mövcud olub-olmamasına qiymət verməlidir. Belə ki, Mülki Məcəllənin 180.1-ci, 180.3-cü və 180.4-cü maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qanunvericinin mövqeyindən göründüyü kimi lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş hər hansı daşınmaz əmlak özbaşına tikili hesab edilir və həmin tikili digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozduğu və təqdirdə onların müraciəti əsasında məhkəmənin qərarı əsasında sökülə bilər. Yəni qeyd edilən qanun normasının tələbin hüquqi əsası kimi çıxış etməsi üçün tikilinin özbaşına tikili olması, bu tikilinin hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozması və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratması həmin şəxsin məhkəməyə müraciət etməsi şərtləri eyni zamanda mövcud olmalıdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəyə də məhz bu aspektdən yanaşılmalıdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, 5-ci ünvan 4 ünvanda qaraj tikilisi üzərində inşa edilmiş mansard tipli tikilinin iddiaçıya məxsus 19 saylı evin həyatyanı sahəsinə baxan hissəsində pəncərələr quraşdırılmışdır. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, hesab etmişdir ki, həmin mansard sahəsi ona məxsus fərdi yaşayış evinin istinad divarı üztündə qurazdırılmışdır, mansard sahəsi tikinti norma və qaydaların tələblərinə zidd şəkildə quraşdırılmışdır, təhlükə mənbəyi hesab edilir. Mansard tipli tikilinin iddiaçıya məxsus 19 saylı evin həyatyanı sahəsinə baxan hissəsində quraşdırılan pəncərələr memarlıq və şəhərsalma normalarının tələblətinə cavab vermir. Məhkəmə bu məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspert rəyi ilə razılaşaraq və MM-nin 180.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, 5-ci ünvan 4 ünvanda qaraj tikilisi üzərində inşa edilmiş mansard tipli tikili tikinti norma və qaydalarına uyğun inşa olunmamaqla özbaşına tikililərdir. Qeyd edilən tikilinin hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Konstitusiyanın 13-cü və 29-cu maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən bu hüquq hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə daşınar və daşınmaz əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək kimi əsas elemetləri ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Göstərilənərə əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə də məhz mülkiyyət hüququnun toxunulmazlığı və ona gətirilən məhdudiyyətin qanuni və mütənasibliyi askpektindən yanaşılmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən bu hüquq nəinki əmlak üzərində sərbəst şəkildə sahiblik edib, sərəncam verməyi, həmçinin ondan sərbəst və manəsiz, habelə öz maraqlarına uyğun şəkildə istifadə etməyi ehtiva edir. Mülki işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 5-ci Salyan döngəsində yerləşən 6 nömrəli fərdi yaşayış evində mansard tipli sahə 6 saylı evin sənəd üzrə öz sərhədləri daxilində inşa edilmişdir və həmin tikili iddiaçının və onun ailə üzvlərinin hüquqlarını və qanunla qorunan mənafelərini hər hansı şəkildə pozmur və onların həyatı və sağlamlığı üçün hər hansı təhlükə yaratmır. Digər tərəfdən, tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mansard tipli tikilidən iddiaçının həyətinə açılmış həmin pəncərələrin şüşələri 2/3 hissədə qeyri şəffaf olmaqla iddiaçının qeyd etdiyi kimi onun həyətini sərbəst şəkildə müşahidə etməyə imkan vermir. İddiaçı tərəfindən iddia müddəti ötürüldüyü üçün iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdehin ərizəsi ilə əlaqədar məhkəmə bildirir ki, iddia müddətinin tətbiqinə əsaslar yoxdur, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etdiyi dövrə keçməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaldırılan iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilmiş pəncərələrin hörülməsi tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdeh X4 tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X2, Kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE**********0002088501 Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar