Məhkəmə qərarları › İş №e-2(009)-584/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-584/2025

19.03.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-584/2025 19.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 19 mart 2025ci il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 19 noyabr 2024-cü il tarixli əmrin etibarsız hesab edilməsi, iddiaçının işə bərpa olunması, məcburi iş buraxma dövrü üçün əmək haqqı və hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqı məbləğinin bir faizi məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2011-ci il tarixində əmək müqaviləsi bağlayaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsində 18 saylı komandaya əməyin ödənilməsinin 6-cı dərəcəsi üzrə atıcı peşəsinə qəbul edilmişdir. xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “AZNEFT” X1 Nəqliyyat İdarəsi 1 saylı Nəqliyyat Sexinə 4-cü dərəcəliavtomobil sürücüsü peşəsinə işə qəbuledilərək daha sonralar həmin idarədə müxtəlif vəzifələrdə çalışmışdır. Müəssisənin 05 noyabr 2021-ci il tarixli“SOCAR **********31500058X00016” nömrəliəmrinə əsasən həyata keçirilən struktur dəyişikliyi ilə əlaqədar olaraq iddiaçı xx.xx.2021 tarixli əmrlə 4 saylı Avtonəqliyyat və Xüsusi Texnika sahəsinə 7-ci dərəcəli avtomobil sürücüsü peşəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixinə qədər həmin vəzifədə çalışmışdır. Göründüyü kimi iddiaçı 2011-ci ildən 2024-cü il tarixinə qədər 13 il müddətinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə şirkətlərində çalışmışdır. İddiaçı əmək funksiyasını icra etdiyi həmin müddət ərzində nümunəvi işçi olmuş, müxtəlif tarixlərdə neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən fəxri fərmanlarla təltif edilmişdir. 2021-ci ilin may ayından etibarən “Ford Cargo” markalı, ** JE *** dövlət qeydiyyat nişanlı manipulyator iddiaçının istifadəsinə təqdim olunmuş, işdə olduğu müddət ərzində manipulyatorla yalnız iddiaçı əmək funksiyasını icra etmişdir. İddiaçı işdə olduğu müddətdə başqa heç bir işçi sözügedən manipulyatordan istifadə etməmişdir. Eynizamanda iddiaçı da istifadəsinə təqdim edildiyi tarixdən başqa manipulyatoru istifadə etməyib. Məlumat üçün bildirim ki, manipulyator özündə eyni anda iki xüsusi texnikanı birləşdirən universal texnikadır. Bu texnika müxtəlif növ yüklərlə işləmək üçün özündə kran və yük maşınını birləşdirir. Manipulyatorların çoxfunksiyalı olması inşaat zamanı yalnız bir texnika ilə bir çox işi həll etməyə imkan verir. Manipulyatorlar ağır yüklər qaldırır, materialların idarə edilməsinə və mürəkkəb işlərə kömək edir. Ağır yüklərlə iş göüldüyü üçün təhlükəsizlik qaydaları da ciddiəhəmiyyət kəsb edir. İddiaçı xx.xx.2024 cü il tarixində, 8 noyabr “Zəfər günü” və 9 noyabr “Bayraq günü” ilə əlaqədar 6 günlük istirahət günlərində əlavə çağırış əsasında öz razılığı ilə işə cəlb olunmuşdur. İddiaçının işlədiyi Azərbaycan Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Nəqliyyat Departamenti, Dövlət Neft Şirkətinin digər idarə və təşkilatlarının nəqliyyat öhdəliklərini yerinə yetirir. 11 noyabr 2024-cü il tarixində, səhər saatlarında Komplekt Qazma işləri X2 Bölümünün Nəqliyyat sahəsi üzrə rəis müavini Ehtibar bəy iddiaçıya zəng edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yerləşən 609 saylı quyuda pilitə betonların traler tipliavto maşına yüklənməli olduğu bildirmişdir. İddiaçı isə həmin şəxsə betonların kifayət qədər ağır olduğunu, məsafənin isə uzaq olduğunu, onun idarə etdiyi manipulyator vasitəsi ilə uzaq məsafədən ağır yüklərin götürülməsinin həmin manipulyatorun təyinatına uyğun olmadığını bildirsə də, Ehtibar bəy həmin ərazidə kran olmadığını, ona görə də manipulyatorun təyinatına uyğun olmasa da yükləri traler tipli avto maşına yükləməli olduğunu və Lökbatan “Buta” sahəsində həmin yükləri kranın boşaldacağını bildirmişdir. İddiaçı 609 saylı quyuya gedərək, mümkün qədər bütün təhlükəsizlik tədbirlərini həyata keçirmiş və verilən tapşırığı yekunlaşdırıb nahar fasiləsinə yollanan zaman Ehtibar bəy ona yenidən zəng edərək, Qaradağ rayonu, Lökbatan ərazisində yeni quyuda kran olmadığını bildirmiş, iddiaçıya həmin betonları nahar fasiləsindən sonra boşaltmağı tapşırmışdır. Nahar fasiləsini tez bir zamanda yekunlaşdırdıqdan sonra iddiaçı sürücü yoldaşlarından biri ilə Qaradağ – Lökbatan ərazisinə yollanmış, həmin ərazidə yerləşən yeni buruğa gəldiklərizaman quyuda yük qaldırmaq üçün heç bir köməkçi vasitənin olmadığını görmüşlər. İddiaçı Ehtibar bəyin təkidlə verdiyi göstərişlərinə görə məcbur qalaraq özündə olan bir ədəd trosu çarpazvari qoşaraq, çətinliklə də olsa təhlükəsiz şəkildə beton pilitələri yerə düzmüşdür. Məlumat üçün bildirmək istəyirəm ki, həmin beton pilitələrin qaldırılması üçün təhlükəsizlik baxımından köməkçi vasitələr lazım olsa da həmin yerdə köməkçi vasitələr olmamışdır. Daha sonra Ehtibar bəy iddiaçıya zəng vuraraq yenidən 609 saylı quyuda pilitə betonların traler tipli avto maşına yüklənməli olduğu bildirmişdir. Saat 16:12 radələrində sözü gedən növbəti traler Lökbatan sahəsinə çatan zaman iddiaçı sürücüyə, daha gec olduğunu, traleri boşaltmaq üçün 2 saatdan artıq vaxt lazım olduğunu bildirmişdir. Saat 17:00-da iş vaxtının bitməsi, köməkçi vasitənin olmaması, beton pilitələrinin işlənmiş – köhnə olması, qoşqu yerlərinin zədəli olması və bu səbəbdən də dörd qoşqu yerinə 2 qoşqu qoşaraq çarpazvari şəkildə də olsa həmin beton pilitələrinin yerə düzülməsinin çox təhlükəli olması səbəbindən Ehtibar bəyə məlumat verərək həmin tapşırılan işin görülməsindən imtina etmişdir. Saat 16:18 radələrində 6 saylı Nəqliyyat Departamentinin 4 saylı Avtomobil və Xüsusi Texnika Sahəsinin İstismar (AXTS) rəisi Xəqani bəy, onun ardınca saat 16:22 radələrində 6 saylı Nəqliyyat Departamentinin 4 saylı AXTS rəisi Rəşad bəy iddiaçıya zəng edərək, hansı səbəblə işi görməkdən imtina etdiyini soruşmuş, o isə mövcud səbəbi həmin şəxslərə izah etmişdir. İddiaçının izahı onunla əlaqədar olmuşdur ki, Ehtibar bəyin göstərdiyi qaydada işin görülməsi həm ətrafdakı insanların həyatı üçün çox təhlükəlidir, həm yükqaldırma qaydalarına uyğun deyil, həm də işin görülməsinə ən azı 2 saat vaxt lazım olacağından o iş vaxtından sonra da işləməli olacaqdır. xx.xx.2024-cü il tarixində yenidən işə gələrkən 6 saylı Nəqliyyat Departamentinin 4 saylı AXTS-nin İstismar rəisi Xəqani bəy iddiaçıya zəng edərək 6 Saylı Nəqliyyat Departamentinin rəisi cənab Ağaxan Əsədovun ona göstəriş verdiyini, iddiaçının sahəyə qayıtmalı olduğunu və avtomobilin açarlarını və sənədlərini təhvil verməli olduğunu bildirmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində avtomobilin açarlarını və sənədlərini 6 Saylı Nəqliyyat Departamentinin 4 saylı AXTS-nin rəisi Rəşad bəyə təhvil vermişdir. 2021-ci ilin may ayından etibarən iddiaçının istifadəsinə təqdim edilmiş “Ford Cargo” markalı, ** JE *** dövlət qeydiyyat nişanlıavtomobilin açarları və sənədləri həmin tarixə qədər onun məzuniyyətdə olduğu hallar istisna olmaqla iddiaçıdan heç vaxt götürülməmişdi. İddiaçı yükqaldırma qaydalarına, təhlükəsizlik qaydalarına zidd şəkildə və iş vaxtından artıq vaxtda işləməyi qəbul etmədiyi üçün cavabdeh tərəfindən ona sanki işəgötürənin bu tələbinin yerinə yetirilməsindən imtina etməsi qanunsuzmuş kimi xx.xx.2024-cü il tarixində izahat da yazdırılmışdır. Əlavə olaraq, izahat yazdırıldığı gündən, yəni xx.xx.2024-cü il tarixindən ona heç bir iş tapşırılmamış, qəsdən əmək funksiyasını icra etməsinə şərait yaradılmamış, 2021-ci ilin may ayından istifadəsinə ayrılmış “Ford Cargo” markalı, ** JE *** dövlət qeydiyyat nişanlı manipulyator başqa əməkdaşların istifadəsinə verilmişdir. Beləliklə iddiaçı iş yerində boş dayanmış və həmin tarixdən etibarən ona boşdayanma qaydasında əməkhaqqı hesablanmışdır. İddiaçı qanunsuz göstərişlərə əməletmədiyi üçün o qəsdən boşdayanmaya məcbur edilərək ondan əvəz çıxılmasına məruz qalmışdır. Uzun illər ərzində çalışdığı Dövlət Neft Şirkətində heç vaxt belə bir vəziyyətlə qarşılaşmamış, 2021ci ilin may ayından etibarən ona təqdim edilmiş manipulyator heç vaxt ondan alınmamışdı. Nəticədə iddiaçı 19 noyabr 2024-cü il tarixində ərizə yazmağa məcbur edilərək elə həmin gün də əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı bu məsələ ilə bağlı öz pretenziyasını işdən çıxdığı zaman ona təqdim edilən sorğu-anket vərəqəsində qeyd etmiş, daha sonra xx.xx.2024-cü il tarixində 3-17-5/1-Ş-60529/2024 nömrəli məktub ilə Azərbaycan Respublikasının Prezident Administrasiyasına müraciət etmişdir. 5 nəfərlik ailə başçısı olan iddiaçı, işin faktiki hallarından da göründüyü kimi xərclərinin çox olduğu üçün əmək haqqı kifayət etmədiyinə görə hətta istirahət günlərini də işləmişdir. Bununla yanaşı işin faktiki halları aşkar surətdə göstərir ki, iddiaçının qətiyyən işdən çıxmaq istəyi olmamışdır və o psixoloji təzyiqə məruz qalmışdır. Belə ki, 2021-ci ilin may ayından istifadəsinə ayrılmış manipulyator heç bir yazılı səbəb göstərilmədən işin faktiki halları bölməsində göstərilən məlum hadisələr cərəyan edəndən sonra 14 noyabr 2024-cü ildən başqa işçinin istifadəsinə verilir və həmin manipulyatorun əvəzinə iddiaçıya avtomobil təqdim olunmur, o müqaviləyə xitam verilənə qədər boş dayanır. Əmək müqaviləsi də müddətsiz idi və işçinin ərizəsi olmadan müddətin bitməsi əsası ilə də ona xitam vermək mümkün deyildi. Ərizə iddiaçı tərəfindən şəxsən yazılmamış, cavabdehin əməkdaşı tərəfindən hazır şəkildə komputer vasitəsilə yazılıb çap edilmiş versiyada ona təqdim olunmuş, iddiaçı imza çəkməyə məcbur edilmişdir. Müqavilə xitam olunan gün iddiaçı sorğu –anketdə işdən çıxmaq istəmədiyini bildirir, cəmi 2 gün sonra ölkə başçısına pozulmuş əmək hüquqlarının müdafiəsi məqsədilə məktub ünvanlayır. Daha sonra əmək hüquqlarının pozulduğuna dair dəfələrlə aidiyyəti quruma müraciətlər göndərir. “Öz istəyi” ilə 2011-ci ildən çalışdığı iş yerindən çıxan əməkdaş işdən çıxdığı gündən hal-hazıradək işsizdir və heç bir qazancı yoxdur. Məlumat üçün bildirmək istəyirəm ki, iddiaçının atasıQəniyev Əmrah Şaban oğlu da hal-hazırda Dövlət Neft Şirkətində çalışır. 14. İddiaçının demək olar ki, bütün əmək fəaliyyəti sonuncu iş yeri – Dövlət Neft Şirkəti ilə bağlıdır. O 2011-ci ildə "xxxx" MMC-də əmək fəaliyyətinə başlamış, cəmi 10 ay orada çalışdıqdan sonra 14 dekabr 2011-ci ildən Dövlət Neft Şirkətində işə başlamışdır. Həyatın adi şərtlərində öz istəyi ilə işdən ayrılan şəxsin daha çox gəlir əldə edəcəyi, daha yaxşı vəzifədə çalışacağı, ümumilikdə daha yaxşı əmək şəraitinin olduğu iş yerinə gedəcəyi şübhəsizdir. Ancaq mövcud hal baxımından iddiaçının heç bir işi, gəliri yoxdur. Bütün bunlar onu deməyə əsas verir ki, müqavilənin ləğvindən öncə və ləğvindən sonra tərəflərin hərəkətlərini nəzərə aldıqda, onların davranışları ilə sənədlər arasında ağlabatan mühakimə əsasında müqayisə aparıldıqda rahatlıqla başa düşülür ki, iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyib, təmin olunmamasını məhkəmədən xahiş etdi. O, eyni zamanda bildirmişdir ki, iddiaçı öz xahişi ilə işdən azad olunmuşdur. İşdən azad olunma barədə ərizə yazmağı üçün isə iddiaçıya hər hansı bir kənar təsir və ya məcburetmə halı olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İddiaçıya məxsus 145959 saylı Əmək kitabçasının surətindən görünür ki, o, 2011-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təhlükəsizlik İdarəsində 6-cı dərəcə üzrə atıcı peşəsinə qəbul edilmişdir. 2012-ci il tarixdə ARDNŞ-i “Azneft” İB Qobustan Nəqliyyat İdarəsi 1 saylı Nəqliyyat sexinə 4-cü dərəcəli avtomobil sürücüsü peşəsinə işə qəbul edilmişdir. Sonuncu olaraq isə xx.xx.2021-ci il tarixdə 4 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinə 7-ci dərəcəli avtomobil sürücüsü peşəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixli İddiaçı tərəfindən imzalanmış ərizənin surətindən görünür ki, İddiaçı 19 noyabr 2024-cü il tarixindən onun öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. 19 noyabr 2024-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 69cu maddəsinin 3-cü hissəsinə əsasən işdən azad olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 2011-ci il tarixdə Ənənəvi İncəsənət Mərkəzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təhlükəsizlik İdarəsində 6-cı dərəcə üzrə atıcı peşəsinə işə qəbul edilmiş və xx.xx.2021-ci il tarixdə 4 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinə 7-ci dərəcəli avtomobil sürücüsü peşəsinə keçirilmişdir. İddiaçı 19 noyabr 2024-cü il tarixdə öz xahişi ilə 19 noyabr 2024-cü il tarixdən işdən azad olunması üçün ərizə ilə cavabdehə müraciət etmiş və xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Beləliklə, işçi öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə işəgötürənə müraciət etmiş, işəgötürən isə öz növbəsində qanunvericiliyin tələbinə və əmək müqavilənin tələblərinə uyğun olaraq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən işçinin Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ilə işdən azad olunmasında qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, işçi işdən çıxma ilə bağlı 19 noyabr 2024-cü il tarixdə ərizə ilə müraciət etmiş, ərizəsində 19 noyabr 2024-cü il tarixdə işdən azad olunmasını xahiş etmişdir. İşəgötürən isə onu özünün təşəbbüsünə əsasən ərizədə qeyd olunduğu 19 noyabr 2024-cü il tarixdə (qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda) işdən azad etmişdir. Bundan başqa iddiaçı cavabdeh tərəfindən ona işdən çıxmasına dair ərizə yazması üçün psixoloji təzyiqə məruz qaldığını bildirsə də, bunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar