Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-605/2023 14.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 14 aprel 2023-cü il tarixdə, Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 20 may 2022-ci il tarixli müqaviləyə xitam verilməsi, ödədiyi 18,750 manat pulun, 4,000 manat mənəvi zərərin və dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə bağlanmış 20 may 2022-ci il tarixli “Təmir Xidmətlərinin göstərilməsinə dair” Müqaviləyə, eləcə də həmin Müqaviləyə Əlavəyə əsasən cavabdeh tərəfindən ünvan 1 ünvanındakı yaşayış binasının 1-ci blok, 4cü mərtəbəsindəki 13 saylı mənzildə təmir xidmətləri aparmalı idi. İddiaçı tərəfindən cavabdehə 18,750 manat pul ödənilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərinə zidd olaraq işləri keyfiyyətsiz görməklə yanaşı, həm də görüləsi işləri xeyli yubatmış, ağlabatan müddətdə görməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçı müxətlif vaxtlarda 17,000 manat pulu cavabdehə ödəməklə qəbz almışdır. Yerdə qalan 1,750 manat pul isə cavabdehə qəbz alınmadan ödənmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin üzrlü səbəb olmadan o, məhkəmə iclasında iştirak etməmiş və məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılması mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AZ-İ № 332282 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə X2 20 oktyabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. "xxxx" MMC ilə X1 arasında bağlanmış 10 sentyabr 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsində yerləşən 13 nömrəli mənzil payçıya verilir. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 20 may 2022-ci il tarixli müqavilənin (surətinin) 2.1-ci və 3.1-ci bəndlərindən görünür ki, İcraçı müqavilənin 1.1 bəndinə göstərilmiş işləri Sifarişçinin tapşırığına uyğun olaraq tam keyfiyyətlə və vaxtında yerinə yetirilməsini, Sifarişçi isə müqavilənin 1.1 bəndində göstərilmiş işlər üçün İcraçıya smeta dəyərinə uyğun olaraq hər bir işin vahidi müəyyənləşdirilməklə görülmüş işin həcmi və bu iş həcminin əsası olan Təhvil-Təslim Aktına uyğun olaraq hesablanmaqla 22,500 manat məbləğində ödəniş etməyi öhdəsinə götürür. 20 may 2022-ci il, 14 iyun 2022-ci il, 01 iyul 2022-ci il və 03 noyabr 2022-ci tarixli qəbzlərin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 17,000 manat məbləğində pul verilmişdir. 16 yanvar 2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsində yerləşən 13 nömrəli mənzilin təmir edilməsi ilə bağlı Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 20 may 2022-ci il tarixli, 81 saylı “Təmir xidmətlərinin göstərilməsi” nə dair müqavilə üzrə mənzildə görülmüş işlərin həcm və dəyəri 10132,80 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanmışdır. Həmin Müqaviləyə əsasən cavabdeh İcraçı qismində iddiaçının sifarişi əsasında ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsində yerləşən 13 nömrəli mənzili tam keyfiyyətlə və ağlabatan müddətdə təmir edib Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə bunun müqabilində 22,500 manat İcraçıya pul ödəməyi öhdəsinə götürmüşlər. Müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən cavabdehə müxtəlif tarixlərdə ümumilikdə 17,000 manat məbləğində pul ödənilmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtda yerinə yetirməyərək, sözügedən mənzilin təmirini başa çatdırmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı qarşısında üzərinə götürmüş öhdəliyi lazımi qaydada və müddətdə yerinə yetirməmişdir. Bu isə cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulmasıdır. Göstərilən səbəbdən məhkəmə hesab edir ki, iddiaçı müqavilənin ləğvini tələb etməkdə haqlıdır. İddia tələbinin “18,750 manat pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı ərizəsində cavabdehə 18,750 manat məbləğində ödəniş etdiyini göstərsə də, iş materiallarında olan sübutlardan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 17,000 manat məbləğində pul ödənilmişdir. Eyni zamanda iş materiallarında olan mütəxəssis rəyindən görünür ki, iddiaçı tərəfindən təmir işləri aparılması sifariş edilən mənzildə cavabdeh tərəfindən dəyəri və həcmi 10132,80 manat təşkil edən işlər görülmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 17,000 manat puldan cavabdeh tərəfindən görülən işlərin dəyərini təşkil edən 10132,80 manat pul çıxılmaqla 6867,20 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının mənəvi ziyana görə 4.000 manat pul tələb etməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında izah edilir ki, mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və y ahəmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə yuxarıda sadalananları və işin hallarını əsas götürərək hesab edir ki, iddiaçı cavabdeh tərəfindən böhtana məruz qalmaqla mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki halda iddia tələbi qismən təmin olunduğundan, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 159 manat dövlət rüsumunun 80 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 20 may 2022-ci il tarixli müqavilə ləğv edilsin. 6867,20 manat məbləğində pul Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 80 manat hissəsi Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-605/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-605/2023
14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver