Məhkəmə qərarları › İş №e-2(009)-610/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-610/2025

05.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-610/2025 05.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili İ.M.Hacyevin iştirakı ilə İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tibbi xidmət xərci və ödənilmiş dövlət rüsumunun əvəzi kimi cəmi 2600,06 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia icraatı qaydasında işə baxaraq ilkin iddianın rədd edilməsi, İddiaçı MMC-dən onun xeyrinə 9000 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iş kiçik iddialara dair sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı maddi ziyanın ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2022-ci ildə cavabdeh “X2” MMCyə aid xəstəxanada qabaqcadan pulu ödəməklə olmuşdur və keysəriyyə əməliyyatı ilə doğuş keçirmişdir və xx.xx.2025-ci il tarixdə evə buraxılmışdır. xx.xx.2025-ci il tarixdə qızdırması olduğundan yenidən xəstəxanaya qayıtmışdır. Qızdırma düşmədi, qanında zəhərlənmə başlamışdır. Baxmayaraq ki, onun müalicə həkimi Nigar Abdullayeva idi, onu əməliyyat edən Gülçin Ramazanova olmuşdur. O, əməliyyatı zamanı kobud səhfə yol verərək uşağın göbək xortumunu qarnında saxlamış və bu səhvini etiraf edərək bu xəstəxanada onun müalicəsi ilə əlaqədar yaranmış fəsadları aradan qaldırmaq üçün bütün xərcləri öz üzərinə götürmüşdür. Onun vəziyyəti ağır olduğuna görə xəstəxanada ona sistemlər keçirsələr də, vəziyyəti düzəlmirdi. Ona Səbail rayon Məhkəməsində bu işlə əlaqədar sənədlər daxil olandan sonra o, Gülçin Ramazanova ilə əlaqə saxlamışdır və bu faktı təsdiq edib. Bu xəstəxanada keysəriyyə əməliyyatından sonra ağır fəsadlar yaranmış, ümumiyyətlə onun vəziyyəti son dərəcə ağırlaşmış, o, uşağına süd verə bilməmişdir, doğuşdan sonra və bu günə kimi aybaşı ola bilmir, bununla əlaqədar müalicələr alır, uşaq dünyaya gətirə bilmir. 2022-ci ilin aprel ayından bu günə qədər bu xəstəliyin fəsadları ilə mübarizə aparır. Demək olar ki, bu günə .qədər o, 9000 manatdan çox həkimlərə və davadərmanlara pul xərcləsə də, heç bir effekt verməmişdir. Ona görə də hesab edir ki, qaldırılmış iddia əsassızdır və rədd olunmalıdır və cavabdeh İddiaçı MMC-dən 9000 manat ona vurduqları ziyanı tələb edir. Göstərilənləri nəzərə alaraq iddiaçı iddia icraatı qaydasında işə baxaraq ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianı isə tam təmin edərək cavabdeh İddiaçı MMC-dən 9000 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik tam icra edilərək tibbi xidmət xərcləri ödənildiyi üçün qaldırılan tələbə baxılmasına zərurət aradan qalxdığından, iddia ərizənin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-610/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı tibbi xidmət xərcinin tutulması tələbinə dair ilkin iddia ərizəsi ona verilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsinin işə mahiyyəti üzrə baxılması barədə tələbini nəzərə alaraq işə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddianı qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, məhkəmə tərəfindən təyin edilən ekspert rəyi ilə də təsdiq olunur ki, Cavabdeh üzərində həyata keçirilən əməliyyat tibbi nöqteyi nəzərdən qanuni olmuş, təkrar əməliyyat olunması ilə səbəbli əlaqəsi olmamışdır. Məhkəmə iş üzrə qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş tibbi sənədlərdən görünür ki: -Cavabdeh adına İddiaçı MMC-də tərtib edilmiş 586/22 saylı doğum tarixindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə saat saat 21.55-də “38 həftəlik hamiləlik. Dölün köndələn vəziyyəti” diaqnozu ilə daxil olmuşdur. Şirkayəti ağrılar. Anamesis morbi: Sat-xx.xx.2021-ci il. Anamesis vitae: Ailəlidir. Allergik reksiyaları inkar edir. Botkin xəstəliyi, tbc, dəri zöhrəvi xəstəlikləri keçirməyib. Uşaqlıqda su çiçəyi, qızılca keçirib. İrsi xəstəliklərin inkar edir. Mənzil məişət şəraiti kafidir. Status presens: Ümumi vəziyyəti kafidir. AT-100/70 mm.cv.st.,Ps-82 vurğu/1 dəq, ritmik.Temp-N.Dəri və görünən çelikli qişalar adi rəngdə. Ürək tonları aydın. Hamiləyə xx.xx.2022-ci il tarixdə spinal anesteziya altında “Köndələn qasıqüstü laporatomiya. Uşaqlığın aşağı seqmentində kesər kəsiyi” cərrahiyyə əməliyyatına başlanıldı. Göstəriş: 38 həftəlik hamiləlik. Doğuşun İ dövrü. Dölün köndələn vəziyyəti”. xx.xx.2022-ci il tarixdə zahının vəziyyəti kafidir. xx.xx.2022-ci il tarixdə zahının vəziyyəti kafidir. Şikayəti əməliyyatdan son kəsikdəki az ağrıdandır. Süd vəzilərinin vəziyyəti yumşaq, giləsi təmizdir. xx.xx.2022-ci il tarixdə transabdominal USM keçmişdir. Nəticə: Duqlas boşluğunda kliniki əhəmiyyət daşımayacaq qədər az miqdarda, cüzi, sərbəst maye izlənilmir. xx.xx.2022-ci il tarixdə saat 12.00-da zahı kafi vəziyyətdə ambulator müşahidə altında uşaqla birgə evə yazılır. Kliniki diaqnoz: “İ Vaxtında cərrahi yolla doğuş”; - Cavabdeh adına İddiaçı MMC-də tərtib edilmiş stasionar xəstənin tibbi kartasından görünür ki, o, xx.xx.2022-ci il tarixdə saat 14.32-də klinikanın ginekologiya şöbəsinə “Zahılıq dövrünün digər rubrikalarda təsnif olunmayan başqa ağırlaşmaları” diaqnozu ilə daxil olmuşdur. Şikayəti hərarətin qalxmasındadır. Anamnesis Vitae: Menarxe 12 yaş. xx.xx.2022-ci il tarixdə keysəriyyə kəsiyi əməliyyatı keçirib. Status presens: Ümumi vəziyyəti kafidir. Hemodinamika normaldır. Qarnı palpasiyada yumşaq, ağrısızdır. Qaraciyər, dolaq böyüməyib. Pasternatski siptomu mənfidir. Stasionar şəraitdə müayinə və müalicə davam etdirməli. Müvafiq müayinələr təyin olundu. Məsləhət: nəzarət. Nəticə: Nisbi yaxşılaşma. Pasient xx.xx.2022-ci il tarixdə kafi vəziyyətdə evə yazıldı. Diaqnoz: “Loximetra”; - Cavabdeh adına İddiaçı MMC-də tərtib edilmiş stasionar xəstənin tibbi kartasından görünür ki, o, xx.xx.2022-ci il tarixdə saat 11.16-da klinikanın ginekologiya şöbəsinə “Zahılıq dövrünün digər rubrikalarda təsnif olunmayan başqa ağırlaşmaları” diaqnozu ilə daxil olmuşdur. Şikayəti deməsinə görə hərarətin yuxarı olmasındadır. Kontrol USM olundu. Anamnesis Morbi: Tam klinik laborator müayinələrdən keçmişdir, əməliyyata hazırlanıb. Anamnesis Vitae: Menarxe 12 yaş. Status presens: Vəziyyəti kafi, dəri və görünən selikli qişalar cəhrayı, ödəmsiz. Tənəffüs sistemi vezikulyar, ürək-damar sistemi – tonları aydındır. AT-110/70 mm.cv.st, Ps-71 vurğu/dəq, ritmikdir.Temp-36.20C. Peritonun qıcıqlanma simptomu mənfidir. Qaraciyər və dalaq əllənmir. Pasternatski simptomu hər iki tərəfdə mənfidir. Əməliyyatönü diaqnoz: “Loximetra”. Ağrısızlaşdırma: V/D. Tətbiq olunacaq müalicə planı: “Vakuum aspirasiya” xx.xx.2022-ci il tarixdə xəstə əməliyyat blokuna köçürüldü. Aseptik şəraitdə uşaqlıq yoluna güzgülər salındı. Uşaqlıq boynu gülləvari maşa ilə tutuldu. Zond salındı, uşaqlığın dibinə qədər olan məsafə 9 sm-dir. Xarici dəlik açıqdır. 6 nömrəli kanyula ilə USM altında vakuum aspirasiya üsulu ilə uşaqlıq boşluğundakı qan laxtaları xaric edildi. Hemostaza görə ümumi qan itkisi 30. Məsləhət verildi. Nəticə: Nisbi yaxşılaşma. xx.xx.2022-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazıldı. Diaqnoz: “Loximetra”; - Cavabdeh adına İddiaçı MMC-də tərtib edilmiş stasionar xəstənin tibbi kartasından görünür ki, o, xx.xx.2022-ci il tarixdə saat 16.06-da klinikanın ginekologiya şöbəsinə “Zahılıq dövrünün digər rubrikalarda təsnif olunmayan başqa ağırlaşmaları” diaqnozu ilə daxil olmuşdur. Şikayəti ümumi zəiflikdəndir. Anamnesis Morbi: Gündüz stasionarında konservativ müalicəni davam etdirmək üçün ginekologiya şöbəsinə qəbul olundu. Status presens: Ümumi vəziyyəti kafidir. AT-120/75 mm.cv.st.,Ps-80 vurğu/dəq., ritmikdir. Temp-36,80C. Qarnı yumşaq, ağrısızdır. Yarası birincili sağalır. Tətbiq olunacaq müalicə planı: Konservativ müalicəni davam etdirmək. Stasionarda müalicəni davam etdirməli. Məsləhət verildi. Nəticə: nisbi yaxşılaşma. xx.xx.2022-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazıldı. Diaqnoz: “Loximeta.Keysəriyyə əməliyyatından sonrakı vəziyyət”; - Cavabdeh adına İddiaçı MMC-də tərtib edilmiş stasionar xəstənin tibbi kartasından görünür ki, o,xx.xx.2022-ci il tarixdə saat 16.26-da klinikanın ginekologiya şöbəsinə “Hamiləliyi, doğuşu və ya zahılıq dövrünü ağırlaşdıran dəqiqləşdirilməmiş infeksion və parazitar xəstəliklər” diaqnozu ilə daxil olmuşdur. Şikayəti halsızlıq, hərarət, qarnın aşağı nahiyyəsində olan ağrıdandır. Anamnesis Morbi: Yuxarıdakı şikayətlərlə klinikanın ginekologiya şöbəsinə müraciət etmişdir. Tam klinik laborator müayinlərdən keçmişdir, əməliyyata hazırlanıb. Status presens: Ümumi vəziyyəti kafidir. AT-120/80 mm.cv.st, Ps-79 vurğu/dəq, ritmikdir.Temp-36.70C. Qarnı palpasiyada yumşaq, ağrısızdır. Yarası birincili sağalır. Pasternatski simptomu mənfidir. Məsləhət verildi. Nəticə: evdə körpə uşağı olduğuna görə öz istəyilə müalicəni gündüz stasionarı şəraitində davam etdirmək. xx.xx.2022-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazılır. Diaqnoz: “Zahılıq dövrü. Endometrit”; - Cavabdeh adına İddiaçı MMC-də tərtib edilmiş stasionar xəstənin tibbi kartasından görünür ki, o,xx.xx.2022-ci il tarixdə saat 20.55-də klinikanın ginekologiya şöbəsinə “Hamiləliyi, doğuşu və ya zahılıq dövrünü ağırlaşdıran dəqiqləşdirilməmiş infeksion və parazitar xəstəliklər” diaqnozu ilə daxil olmuşdur. Şikayəti halsızlıq, qarnın aşağı nahiyyəsində olan ağrıdandır. Anamnesis Morbi: Yuxarıdakı şikayətlərlə klinikanın ginekologiya şöbəsinə müraciət etmişdir. Tam klinik laborator müayinlərdən keçmişdir. Status presens: Ümumi vəziyyəti kafidir. Hemodinamika normaldır. AT- 107/63 mm.cv.st, Ps-79 vurğu/dəq, ritmikdir.Temp-36.70C. Qarnı palpasiyada yumşaq, ağrısızdır. Qaragiyər, dalaq böyüməyib. Pasternatski simptomu mənfidir. Məsləhət verildi. Nəticə: nisbi yaxşılaşma. Diaqnoz: “Zahılıq dövrü. Endometrit”; - Cavabdeh adına İddiaçı MMC-də tərtib edilmiş stasionar xəstənin tibbi kartasından görünür ki, o,xx.xx.2022-ci il tarixdə saat 19.17-də klinikanın ginekologiya şöbəsinə “Hamiləliyi, doğuşu və ya zahılıq dövrünü ağırlaşdıran dəqiqləşdirilməmiş infeksion və parazitar xəstəliklər” diaqnozu ilə daxil olmuşdur. Şikayəti hərarətin qalxması, ümumi zəiflik, qarnın aşağı nahiyyəsində olan ağrıdandır. Anamnesis Morbi: Yuxarıdakı şikayətlərlə klinikanın ginekologiya şöbəsinə müraciət etmişdir. Tam klinik laborator müayinlərdən keçmişdir, əməliyyata hazırlanıb. Status presens: Ümumi vəziyyəti kafidir. AT-127/85 mm.cv.st, Ps-100 vurğu/dəq, ritmikdir.Temp-39.10C. Qarnı palpasiyada yumşaq, ağrısızdır. Qaraciyər, dalaq böyüməyib. Pasternatski simptomu mənfidir. Tətbiq olunacaq müalicə planı: “Diaqnostik histeroskopiya”. Tətbiq olunan müalicə: xəstənin uzun müddət davam edən infeksion vəziyyətini nəzərə alaraq xx.xx.2022-ci il tarixində fərdi olaraq konsultant infeksionist dəvət edilmişdir. Müvafiq müayinə planı verildi. Əməliyyatönü diaqnoz: “Endometrit. Keysəriyyə əməliyyatından sonrakı vəziyyət”. Ağrısızlaşdırma: V/D. Tətbiq olunacaq müalicə planı: “Diaqnostik histeroskopiya”. xx.xx.2022-ci il tarixdə xəstə əməliyyat blokuna köçürüldü. Venadaxili anesteziya altında lazımi sahə təmizliyi olundu. Nəticə: nisbi yaxşılaşma. xx.xx.2022-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazıldı. Diaqnoz: “Zahılıq dövrünü ağırlaşdıran dəqiqləşdirilməmiş infeksiya”; - Cavabdeh adına İddiaçı MMC-də tərtib edilmiş stasionar xəstənin tibbi kartasından görünür ki, o,xx.xx.2022-ci il tarixdə saat 16.44-də klinikanın ginekologiya şöbəsinə “Hamiləliyi, doğuşu və ya zahılıq dövrünü ağırlaşdıran dəqiqləşdirilməmiş infeksion və parazitar xəstəliklər” diaqnozu ilə daxil olmuşdur. Aktiv şikayəti yoxdur. Anamnesis Morbi: deməsinə görə keçirtdiyi əməliyyatından sonra ara-ara bədən hərarəti yeksəlmişdir. Şikayəti artdığından klinikaya müraciət edib. Uyğun cərrahi və medikamentoz müalicə aparılıb. Hal-hazırda müayinə və müalicələr davam etdirilir. Status presens: Ümumi vəziyyəti kafidir. Tənəffüz vezikulyardır. Ürək tonları aydın eşidilir. Qarın palpasiyada yumşaq, ağrısızdır. Temp-37.60C. Diaqnoz: “Zahılıq dövrünü ağırlaşdıran dəqiqləşdirilməmiş infeksion xəstəlik”. Müayinə və müalicəni stasionar şəraitdə davam etdirilməli. xx.xx.2022-ci il tarixdə müayinə və müalicə tətbiq edilmişdir. Məsləhət verildi. Nəticə: Nisbi yaxşılaşma. xx.xx.2022-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazılır. Diaqnoz: “Zahılıq dövrünü ağırlaşdıran dəqiqləşdirilməmiş infeksiya”; - Cavabdeh adına Milli Onkologiya Mərkəzində tərtib edilmiş patositomorfoliya şöbəsində verilmiş müayinə cavabından görünür ki, o, xx.xx.2022-ci il tarixdə endometrial küretaj materialının tədqiqatı aparılmış və onda “Yad cism tipli iltihabı reaksiya”nın olduğu müəyyən edilmişdir. Süd vəzi USM nəticəsi: Sol süd vəzisin bəsit kistaları- BİRADS-2, ACR-İV, Sağ süd vəzisində sonoqrafik olaraq solid və ya kistoz törəmə və onkopatologiya aşkar olunmadı- BİRADS-1, ACR-İV; - Cavabdeh adına Bakı Sağlamlıq Mərkəzində tərtib edilmiş xəstənin tibbi epikrizindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə klinikanın ginekolgiya şöbəsinə “Uşaqlıqdaxili sinexiya” diaqnozu ilə daxil olmuşdur. Şikayətləri qasıq nahiyyətində olan ağrıdandır və son 1il 7 ayda aybaşını görməməsindəndir. Anamnesis morbi: özünü uzun müddətdir ki, xəstə hesab edir. Şikayətlərinə görə xəstə USM-ə müraciət etmişdir. Uterus: 54x44x56 mm-dir. M-exo: aydın izlənilmir. Sağ over: 34x18x23 mm-dir. Sol over: 35x19x24 mm-dir. Duqlas boşluğunda maye izlənilmir. Xəstə müayinə və müalicə üçün stasionara daxil olmuşdur. Müayinə planı: Ginekoloji əməliyyat paketi, anestezioloqun baxışı. Klinikası: Xəstəyə “Uşaqlıqdaxili sinexiyalar (Aşerman sindromu)” diaqnozu qoyulmuşdur. Ginekoloji əməliyyat paketi müayinələrindən keçmişdir. Anestezioloq tərəfindən konsultasiya olunub əməliyyata hazırlandı. xx.xx.2023-cü il tarixdə ETN altında “Diaqnostik laporoskopiya, adheziolizis, miomektomiya, histeroskopik metoplastika. UDV yeridilməsi” əməliyyatı icra olundu, material patohistoloji müayinəyə göndərildi. Əməliyyat və əməliyyatdan sonrakı erken dövr fəsadsız keçmişdir. Xəstə xx.xx.2023-cü il tarixdə kafi vəziyyətdə müvafiq məsləhətlər verilməklə ambulator nəzarət altında evə yazılır. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 309/KEŞ saylı rəyinə əsasən, 1991-ci il təvəllüdlü Cavabdeh adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və özünün məhkəmə-tibbi və mütəxəssis müayinəsinə əsaslanaraq qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1-3. İddiaçıda Cavabdeh adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2022-ci il tarixdə hospitala daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “38 həftəlik hamiləlik, doğuşun İ dövrü, dölün köndələn vəziyyəti” diaqnozu təyin edilmişdir. Həmin tarixdə xəstənin üzərində “Köndələn qasıqüstü laparotomiya. Uşaqlığın aşağı seqmentində Kesar kəsiyi” cərrahiyyə əməliyyatı icra edilmiş və uşaq xaric olunmuşdur. Əməliyyatdan sonrakı dövrdə zahının vəziyyəti kafi olmuş və xx.xx.2022-ci il tarixdə evə yazılmışdır. İddiaçıda Cavabdeh adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022ci il tarixdə “Zahılıq dövrünün digər rubrikalarda təsnif olunmayan başqa ağırlaşmaları” diaqnozu ilə ginekologiya şöbəsinə daxil olmuşdur. Xəstəyə stasionar şəraitdə müayinə və müalicələr aparılmış və xx.xx.2022-ci il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçıda Cavabdeh adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə ginekologiya şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra xəstəyə “Loximetra" diaqnozu təyin edilmişdir. Xəstənin üzərində “Vakuum aspirasiya”sı icra edilərək uşaqlıq boşluğundakı qan laxtaları xaric edilmiş və xx.xx.2022-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. “Caspian Înternational Hospital”da Cavabdeh adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə saat 16.06-da stasionarında konservativ müalicəni davam etdirmək üçün ginekologiya şöbəsinə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra xəstəyə “Loximetra. Keysəriyyə əməliyyatından sonrakı vəziyyət” diaqnozu təyin edilmiş, müalicələr davam etdirilmiş və xx.xx.2022-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçıda Cavabdeh adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə ginekologiya şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Zahılıq dövrü. Endometrit” diaqnozu təyin edilmişdir. Müvafiq müalicələr aparılmış və xx.xx.2022-ci il tarixre xəstə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçıda Cavabdeh adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə ginekologiya şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Endometrit. Keysəriyyə əməliyyatından sonrakı vəziyyət” diaqnozu təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə xəstənin üzərində “Diaqnostik histeroskopiya” aparılmış, qanaxma olmadığı müəyyən edilmişdir. İddiaçıda Cavabdeh adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə ginekologiya şöbəsinə daxil olmuş və “Zahılıq dövrünü ağırlaşdıran dəqiqləşdirilməmiş infeksion xəstəlik” diaqnozu təyin edilmişdir. Müvafiq müalicələr aparılmış və xx.xx.2022-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. Bakı Sağlamlıq Mərkəzində Cavabdeh adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2023-cü il tarixdə mərkəzin ginekologiya şöbəsinə və aparılmış müvafiq müayinələrdən sonra ona “Uşaqlıqdaxili sinexiyalar (Aşerman sindromu)” diaqnozu təyin edilmişdir. Həmin tarixdə xəstənin üzərində "Diaqnostik laparoskopiya, adheziolizis, miomektomiya, histeroskopik metoplastika. UDV yeridilməsi” əməliyyatı icra olunmuş, əməliyyatdan sonrakı erkən dövr fəsadsız keçmiş və xx.xx.2023-cü il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. Cavabdeh üzərində aparılmış cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün, həmçinin səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun icra edilmişdir.

4. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, icra edilmiş cərrahiyyə əməliyyatından sonrakı dövrdə Cavabdeh “Endometrit”in yarandığı müəyyən edilmişdir ki, bu da cərrahiyyə əməliyyatlarından sonra bir çox hallarda endometrit inkişaf edə bilər. Endometrit uşaqlığın morfoloji olaraq 2 qatdan (funksional və bazal) ibarət olan selikli qişasının (endometrium) iltihabıdır. İnfeksiyanın çoxalması və inkişafı üçün uşaqlıqda əlverişli şərait yaradan risk faktorları uşaqlıqdaxili spiralın qoyulması və ya çıxarılması, həmçinin onun fonunda aşılama və ya ekstrakorporal mayalanma, hamiləliyin spontan və ya süni pozulması, xüsusilə də instrumental metodlarla, mensturasiyalar, vaginada və uşaqlıq artımlarında, həmçinin sidik sistemində infeksion proseslər, servikal kanalın və endometriumun polipləri, uşaqlıq miomaları, hormonal disfunksiya və ya hormonal preparatların (qlükokortikoidlər) qəbulu, uzunmüddətli və ya tez-tez təkrarlanan stress, ümumi xəstəliklər fonunda immunitetin zəifləməsi, törədicilərin xroniki infeksiya ocağından qan və ya limfa ilə gətirilməsi və s.dir. Qeyd olunanları nəzərə alaraq, endometritin Cavabdeh üzərində aparılmış “Kesar kəsiyi” cərrahiyyə əməliyyatının taktiki və texniki icrası ilə səbəbli əlaqəsi olmamışdır.

5. Cavabdeh təkrar əməliyyat olunmasına və müalicənin mütəmadi davam etməsinə səbəb endometrit olmuşdur.

6. Cavabdeh mütəxəssis müayinəsinə əsasən, hazırda onda amenoreyanın olduğu (menstruasiyanın olmaması) müəyyən edilmişdir ki, bununla da aparılmış “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı ilə əlaqə olmamışdır. Məhkəmə verilmiş qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-yə daxil olmuş, aparılmış müvafiq müayinələrdən sonra ona “38 həftəlik hamiləlik, doğuşun İ dövrü, dölün köndələn vəziyyəti” diaqnozu təyin edilmiş və həmin tarixdə iddiaçının üzərində “Köndələn qasıqüstü laparotomiya. Uşaqlığın aşağı seqmentində Kesar kəsiyi” cərrahiyyə əməliyyatı icra edilərək doğuş həyata keçirilmişdir. Əməliyyatdan sonrakı dövrdə iddiaçının vəziyyəti kafi olmuş və o, xx.xx.2022-ci il tarixdə evə yazılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin “Zahılıq dövrünün digər rubrikalarda təsnif olunmayan başqa ağırlaşmaları” diaqnozu ilə ginekologiya şöbəsinə daxil olmuş, ona stasionar şəraitdə müayinə və müalicələr aparılmış və o, həmin tarixdə kafi vəziyyətdə evə yazılmışdır. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə hospitalın ginekologiya şöbəsinə daxil olmuş, aparılmış müvafiq müayinələrdən sonra ona “Loximetra" diaqnozu təyin edilmiş, onun üzərində “Vakuum aspirasiya”sı icra edilərək uşaqlıq boşluğundakı qan laxtaları xaric edilmiş və xx.xx.2022-ci il tarixdə iddiaçı kafi vəziyyətdə evə yazılmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə iddiaçı stasionarında konservativ müalicəni davam etdirmək üçün hospitalın ginekologiya şöbəsinə daxil olmuş, aparılmış müvafiq müayinələrdən sonra ona “Loximetra. Keysəriyyə əməliyyatından sonrakı vəziyyət” diaqnozu təyin edilmiş, müalicələr davam etdirilmiş və həmin gün iddiaçı kafi vəziyyətdə evə yazılmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı ginekologiya şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Zahılıq dövrü. Endometrit” diaqnozu təyin edilmiş, müvafiq müalicələr aparılmış və xx.xx.2022-ci il tarixdə o, kafi vəziyyətdə evə yazılmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə iddiaçı ginekologiya şöbəsinə daxil olmuş, aparılmış müvafiq müayinələrdən sonra ona “Endometrit. Keysəriyyə əməliyyatından sonrakı vəziyyət” diaqnozu təyin edilmiş, xx.xx.2022-ci il tarixdə onun üzərində “Diaqnostik histeroskopiya” aparılmış, qanaxma olmadığı müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı ginekologiya şöbəsinə daxil olmuş, “Zahılıq dövrünü ağırlaşdıran dəqiqləşdirilməmiş infeksion xəstəlik” diaqnozu təyin edilmiş,müvafiq müalicələr aparılmış və xx.xx.2022-ci il tarixdə o, kafi vəziyyətdə evə yazılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə iddiaçı Bakı Sağlamlıq Mərkəzinin ginekologiya şöbəsinə müraciət etmiş, aparılmış müvafiq müayinələrdən sonra ona “Uşaqlıqdaxili sinexiyalar (Aşerman sindromu)” diaqnozu təyin edilmiş, həmin tarixdə iddiaçının üzərində "Diaqnostik laparoskopiya, adheziolizis, miomektomiya, histeroskopik metoplastika. UDV yeridilməsi” əməliyyatı icra olunmuş, əməliyyatdan sonrakı erkən dövr fəsadsız keçmiş və xx.xx.2023-cü il tarixdə o, kafi vəziyyətdə evə yazılmışdır. Qarşılıqlı iddi üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, xx.xx.2022-ci ildə cavabdeh “X2” MMC-yə aid xəstəxanada qabaqcadan pulu ödəməklə olmuşdur və keysəriyyə əməliyyatı ilə doğuş keçirmişdir və xx.xx.2025-ci il tarixdə evə buraxılmışdır. xx.xx.2025-ci il tarixdə qızdırması olduğundan yenidən xəstəxanaya qayıtmışdır. Qızdırma düşmədi, qanında zəhərlənmə başlamışdır. Baxmayaraq ki, onun müalicə həkimi Nigar Abdullayeva idi, onu əməliyyat edən Gülçin Ramazanova olmuşdur. O, əməliyyatı zamanı kobud səhfə yol verərək uşağın göbək xortumunu qarnında saxlamış və bu səhvini etiraf edərək bu xəstəxanada onun müalicəsi ilə əlaqədar yaranmış fəsadları aradan qaldırmaq üçün bütün xərcləri öz üzərinə götürmüşdür. Onun vəziyyəti ağır olduğuna görə xəstəxanada ona sistemlər keçirsələr də, vəziyyəti düzəlmirdi. Bu xəstəxanada keysəriyyə əməliyyatından sonra ağır fəsadlar yaranmış, ümumiyyətlə onun vəziyyəti son dərəcə ağırlaşmış, o, uşağına süd verə bilməmişdir, doğuşdan sonra və bu günə kimi aybaşı ola bilmir, bununla əlaqədar müalicələr alır, uşaq dünyaya gətirə bilmir. 2022-ci ilin aprel ayından bu günə qədər bu xəstəliyin fəsadları ilə mübarizə aparır. Demək olar ki, bu günə qədər o, 9000 manatdan çox həkimlərə və dava-dərmanlara pul xərcləsə də, heç bir effekt verməmişdir. Bu səbəbdən qarşılıqlı iddia tələbi üzrə iddiaçı cavabdeh İddiaçı MMC-dən 9000 manat tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının üzərində aparılmış əməliyyatların uğurlu olub-olmamasını müəyyən edilməsi xüsusi bilik tələb edən məsələ olduğundan, məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmişdir . Verilmiş ekspert rəyi ilə müyyən edilmişdir ki, Cavabdeh üzərində aparılmış cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün, həmçinin səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun icra edilmişdir. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, icra edilmiş cərrahiyyə əməliyyatından sonrakı dövrdə Cavabdeh “Endometrit”in yarandığı müəyyən edilmişdir ki, bu da cərrahiyyə əməliyyatlarından sonra bir çox hallarda endometrit inkişaf edə bilər. Endometrit - uşaqlığın morfoloji olaraq 2 qatdan (funksional və bazal) ibarət olan selikli qişasının (endometrium) iltihabıdır. İnfeksiyanın çoxalması və inkişafı üçün uşaqlıqda əlverişli şərait yaradan risk faktorları uşaqlıqdaxili spiralın qoyulması və ya çıxarılması, həmçinin onun fonunda aşılama və ya ekstrakorporal mayalanma, hamiləliyin spontan və ya süni pozulması, xüsusilə də instrumental metodlarla, mensturasiyalar, vaginada və uşaqlıq artımlarında, həmçinin sidik sistemində infeksion proseslər, servikal kanalın və endometriumun polipləri, uşaqlıq miomaları, hormonal disfunksiya və ya hormonal preparatların (qlükokortikoidlər) qəbulu, uzunmüddətli və ya tez-tez təkrarlanan stress, ümumi xəstəliklər fonunda immunitetin zəifləməsi, törədicilərin xroniki infeksiya ocağından qan və ya limfa ilə gətirilməsi və s. Endometritin Cavabdeh üzərində aparılmış “Kesar kəsiyi” cərrahiyyə əməliyyatının taktiki və texniki icrası ilə səbəbli əlaqəsi olmamışdır. Cavabdeh təkrar əməliyyat olunmasına və müalicənin mütəmadi davam etməsinə səbəb endometrit olmuşdur. Cavabdeh mütəxəssis müayinəsinə əsasən, hazırda onda amenoreyanın olduğu (menstruasiyanın olmaması) müəyyən edilmişdir ki, bununla da aparılmış “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı ilə əlaqə olmamışdır. Göründüyü kimi ekspert rəyi ilə iddiaçı üzərində cərrahiyyə əməliyyatlarının hər hansı pozuntu olmadan həyata keçirilməsi müəyyən edilmişdir. Eyni zamanda ekspert rəyi ilə Cavabdeh təkrar əməliyyat olunmasına və müalicənin mütəmadi davam etməsinə səbəb endometritin olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd edilən Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyin tələblərinə əsasən cavabdehin iddiaçı qarşısında vurulmuş ziyanla bağlı öhdəliyinin yaranması üçün, vurulmuş ziyanın real olmasını təsdiq edən sübutlar olmalı, eyni zamanda hüquq pozuntusu ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olmalıdır. Lakin iddiaçı nə cavabdehin mülki hüquq pozuntusu törətməsi ilə bağlı, nə də ki, cavabdehin hərəkətləri nəticəsində ona 9000 manat ziyan vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə iddiaçı üzərində cərrahi əməliyyatların hər hansı bir pozuntu ilə aparılması müəyyən edilmədiyindən və bu hal iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapdığından, eyni zamanda iddiaçı tərəfindən bu halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmadığından, irəli sürülmüş tələb əsaslı hesab edilə bilməz. Belə ki, qanunvericiliyin tələblərinə əsasən ziyanın tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlmiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. İddiaçıda icra edilmiş cərrahiyyə əməliyyatından sonrakı dövrdə “Endometrit”in yarandığı müəyyən edilməsi, iddiaçının təkrar əməliyyatın olunması və müalicənin mütəmadi davam etməsinə səbəb endometritin olması və endometritin iddiaçının üzərində aparılmış “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı arasında səbəbli əlaqə olması, həmçinin hazırda iddiaçıda amenoreyanın olduğu (menstruasiyanın olmaması) müəyyən edilməsi və bu halın da aparılmış “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı arasında səbəbli əlaqə olması müəyyən edilmədiyindən, eyni zamanda iddiaçı cavabdehin hərəkəti nəticəsində ona 9000 manat maddi ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri - 110 (yüz on) manat məbləğində ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏTETDİ:

İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı cavabdeh İddiaçı MMC-dən 9000 (doqquz min) manat tutularaq ona ödənilməsi barədə qarşılıqlı iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar