Məhkəmə qərarları › İş №e-2(009)-648/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-648/2025

29.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-648/2025 29.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh onun doğma oğludur. Cavabdeh xx.xx.1974-cü ildə hazırda ona məxsus Bakı şəhəri, Səbail rayonu, Qəzənfər Əlizadə küçəsində istifadədə olan 0.03004 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 4 mərtəbəli binada 2 otaqlı 2 nömrəli mənzildə dünyaya gəlmiş və həmin mənzildə də böyümüşdür. Həmin mənzildə həmçinin onun digər övladı – qızı da doğulmuş və böyümüşdür. Beləliklə o, öz ailəsi – mərhum həyat yoldaşı Bayramov Fətulla, oğlu və qızı ilə birlikdə həmin mənzildə əvvəldən bəri yaşamışdır. Mənzil onun adına qeydiyyata alınmış, ona ARDƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* qeydiyyat nömrəli, xx.xx.2008-ci il tarixli çıxarış verilmişdir. Cavabdeh 2003-cü ildə X6 ilə həyatı quraraq yaşadığı mənzili təməlli şəkildə tərk etmişdir. Daha sonra 2005-ci ildə onlar boşanmışlar. Boşandıqdan sonra isə cavabdeh Belçika Krallığına yaşamağa köçmüşdür. Köçdükdən sonra cavabdeh təxminən 2012-ci ildə Belçika Krallığının vətəndaşı olan türk əsilli X11 ilə ailə həyatı qurmuş, xx.xx.2012-ci ildə həmin nikahdan onların ümumi övladı X1 dünyaya gəlmişdir. Daha sonra isə cavabdehin sözlərinə görə cavabdeh hətta Belçika Krallığının vətəndaşlığını belə əldə etmişdir. Beləliklə cavabdeh və onun ailə üzvləri hazırda Belçika Krallığının vətəndaşlarıdırlar. Cavabdeh hazırda daimi olaraq Brüsseldə (Belçika) yaşayır. Cavabdeh Azərbaycana cəmi bir neçə dəfə gəlmiş: əmlakın satılması zamanı, sənədləri düzəldilməsi zamanı və s. Gəldikləri vaxtda da cavabdeh başqa mənzildə yaşayırdı. Onlarda olan məlumata əsasən cavabdeh sonuncu dəfə Azərbaycandan 2021-ci ildə çıxmış və o tarixdən bəri gəlməmişdir. Beləliklə, cavabdeh 2003-cü ildən bəri mənzildə yaşamır, 2021-ci ildən bəri Azərbaycana gəlməmiş, lakin mənzildə formal olaraq qeydiyyatda qalmaqda davam edir. Bu isə onun mülkiyyət hüququnu əsassız şəkildə məhdudlaşdırılır. Belə ki, mənzilə dair sərəncam vermək istədikdə, notariuslar cavabdehin razılığını tələb edirlər. Digər tərəfdən cavabdehin mənzildə qeydiyyatı formal xarakter daşımasına baxmayaraq, cavabdehə aid bütün bildirişlər, məktublar həmin ünvana gəlir. Göründüyü kimi, cavabdehin mənzildə qeydiyyatda qalması mülkiyyətçinin öz hüquqlarını reallaşdırılmasına ciddi şəkildə maneə yaradır. Göstərilənləri nəzərə alaraq iddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini, qəbul ediləcək qətnamənin Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması qətnamədə göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun axırıncı yaşayış yerindən məhkəmə bildirişi müvafiq qeydlə məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Qəzənfər Əlizadə küçəsində istifadədə olan 0.03004 ha torpaq sahəsində yerləşən 4 nömrəli 4 mərtəbəli binada 70.2 kv.m. ümumi, 39,9 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə “Elektron Məhkəmə” informasiya sistemində olan məlumata əsasən Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Q.Əlizadə küçəsində yerləşən 4 saylı evin 2 saylı mənzilində qeydiyyatdadır. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən “Kredo” vəkil bürosuna ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına Bakı şəhəri, Səbail rayonu, Qəzənfər Əlizadə küçəsi, ev 4, 2 saylı mənzili Bakı şəhəri 2 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1993-cü il tarixli D-30-5542 reyestr nömrəli müqaviləyə, Səbail rayon İcra Hakimiyyəti Başçısının 2396 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamına əsasən xx.xx.1997-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 54, 1 saylı mənzil Bakı şəhəri 14 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2010-cu il tarixli 4Ə-634 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, 43 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4Ə2-425 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri T.Ulyansev küçəsi (A.Quliyev küçəsi), ev 9, 17 saylı mənzil Bakı şəhəri 2 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1993-cü il tarixli D-17-4753 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.1993-cü il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 2 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1993-cü il tarixli D-23-6438 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 21, 29 saylı mənzil xx.xx.1998-ci il tarixdə ilkin olaraq Cavabdeh adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 46 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli 4Ə-01-121 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən Xəzər İnvestment MMC-nin adına özgəninkiləşdirilmişdir. İş üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: xx.xx.2006-ci il tarixdə – çıxış, xx.xx.2006-cı il tarixdə - giriş, xx.xx.2007-ci il tarixdə çıxış, xx.xx.2007-ci il tarixdə - giriş, xx.xx.2007-ci il tarixdə - çıxış, xx.xx.2007-ci il tarixdə - giriş, xx.xx.2007-ci il tarixdə - çıxış, xx.xx.2007-ci il tarixdə - giriş, xx.xx.2007-ci il tarixdə - çıxış, xx.xx.2007-ci il tarixdə - giriş, xx.xx.2008-ci il tarixdə - çıxış, xx.xx.2013-cü il tarixdə - giriş, xx.xx.2013-cü il tarixdə - giriş, xx.xx.2016-cı il tarixdə - giriş, xx.xx.2016-cı il tarixdə - çıxış. İş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti Aktlarının Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Cavabdeh Abbasova (Bayramova) Nigar Namiq qızı ilə xx.xx.2003-cü ildə Səadət Sarayında (Bakı nikah evi) nikaha daxil olduğu və bu nikahın pozulmasının xx.xx.2005-ci ildə Səbail rayon qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. Qeyd edirlər ki, valideynləri Cavabdeh ilə X4 olan xx.xx.2012-ci il təvəllüdlü X5 doğumu xx.xx.2012-ci ildə ölkəsinin Brüsseldəki Səfirliyində rəsmiləşdirilmişdir. Həmin akt qeydinə baxış keçirilərkən valideynlərin xx.xx.2012-ci ildə Brüsselin Sint-Gillis bələdiyyəsində nikaha daxil olduğu müəyyən edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh iddiaçının oğludur. Cavabdeh iddiaçıya məxsus mübahisəli mənzildə anadan olmuşdur və həmin mənzildə yaşamışdır. Mənzil xx.xx.2008ci il tarixdə iddiaçının mülkiyyətinə keçmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh 2003-cü ildən mübahisəli mənzili tərk etmiş, daha sonra daimi yaşamaq üçün Belçika Krallığına köçmüş və orada ailə qurmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh mübahisəli mənzildə qeydiyyatda olsa da, həmin mənzildə 20 ildən artıq yaşamır və ümumiyyətlə 2016-cı ildən sonra Azərbaycana gəlməmişdir. AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüquqları 2000-ci ilin sentyabr ayının 1-dən sonra yarandığından, hazırki mübahisəyə qüvvədə olan Mülki Məcəllənin müddəaları baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.

2. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli evə istifadə hüquqları olsa da, onun uzun müddət həmin mənzildə yaşamaması, bununla da daimi olaraq başqa ölkəyə köçməsi mübahisəli yaşayış sahəsinə ehtiyacının aradan qalxmasını təsdiq edən hal kimi qəbul edilməli və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Plenum qərarında formalaşan hüquqi mövqeyə əsasən cavabdehin mübahisəli evə olan istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi mümkün hesab edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddəsinin rəhbər tutub məhkəmə…

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Qəzənfər Əlizadə küçəsində yerləşən 4 saylı evin 2 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar