Məhkəmə qərarları › İş №e-2(009)-666/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-666/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-666/2024 05.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı hüquqi yardım göstərilməsi barədə müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 30 dekabr 2022-ci il tarixli hüquqi yardım göstərilməsi barədə müqavilənin 2.1-ci maddəsinə əsasən cavabdehdən 3960 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 30 dekabr 2022-ci il tarixli hüquqi yardım göstərilməsi barədə müqavilənin 2.1-ci maddəsinə əsasən tərəflər razılığa gəldilər ki, işin uğurlu həlli nəticəsində müraciət edən Cavabdeh Ali Məhkəmənin yekun qərarından sonra əldə olunan kompensasiyanın 60 (altmış) faizi miqdarında əlavə mükafatı vəkilə, yəni iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan başqa, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 0 (sıfır) manat müəyyən olunmuşdur, yəni cavabdeh ona xidmət haqqı ödəmədən onun işini bütün instansiyalar üzrə görməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunan Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-977/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “məhkəmə hökmü nəticəsində bəraət almış şəxsə mənəvi zərərin əvəzinin ödənilməsi haqqında” tələbinə dair iddiası qismən təmin edilmişdir və cavabdehin xeyrinə 6600 (altı min altı yüz) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi qət edilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-977/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən tərəfindən verilmiş apellyasiya şikayəti də təmin edilməmişdir. Tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2928/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam şəkildə təmin olunmasına dair yeni qərar qəbul edilməsi ilə bağlı kassasiya şikayəti də təmin olunmamışdır, yəni bir sözlə 6600 (altı min altı yüz) manat məbləğində mənəvi zərərlə bağlı kompensasiya cavabdehə ödənilməlidir. İş materiallarına əlavə olunan Nəsimi İcra və probasiya şöbəsinin 17 yanvar 2024-cü il tarixli qərarına əsasən cavabdehin bank hesabına 6600 (altı min altı yüz) manat köçürülmüşdür. Bundan sonra cavabdehdən müqavilə üzrə iddiaçıya ödənilməli olan 3960 (üç min doqquz yüz altmış) manatın 60 faizini tələb edəndə, o, müxtəlif bəhanələrlə müqavilə üzrə üzərinə götürdüyü öhdəlik üzrə mükafat məbləğini ödəməkdən boyun qaçırdı, ona görə də, məhkəməyə müraciət etməsi zərurəti meydana gəldi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı ilə müqaviləni o, aldatma təsiri altında bağlamışdır, belə ki, iddiaçı ona bildirmişdi ki, o, iddianı qazanarsa, ona azından 30 min manata yaxın vəsait verilməlidir. Məhz belə yanaşmanın təsiri altında o, alacağı məbləğin 60%-ni vəkilə verəcəyi haqqında müqavilə bağlamışdır. Əks təqdirdə o onun üçün ziyanlı olan müqaviləni bağlamazdı. O, məhkəmədə iddianı qazandığı üçün ona mənəvi zərərin əvəzi olaraq cəmi 6600 manat vəsait verilmişdir. Hesab edir ki, həmin vəsaitin 60%-nin iddiaçıya verilməsi haqqında tələb əsassızdır. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında “Kredo” Vəkil bürosundan bağlanmış 30 dekabr 2022-ci il tarixli hüquqi yardımın göstərilməsi barədə müqavilənin 1.1-ci maddəsinə əsasən vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci maddəsinə əsasən vəkilə həvalə edilən tapşırığın mahiyyəti: vurulmuş mənəvi zərərin tutulması ilə bağlı Cavabdeh Azərbaycan Respublikası bütün məhkəmələrində təmsil etmək. Müqavilənin 2-ci maddəsinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 0 (sıfır) manat müəyyən olunur. Tərəflər razılığa gəlirlər ki, işin uğurlu həlli nəticəsində müraciət edən Cavabdeh Ali Məhkəmənin yekun qərarından sonra əldə olunan kompensasiyanın 60 (altmış) faizi miqdarında əlavə mükafatı vəkilə ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-977/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçı Səfər-zadə Ulduza Əli qızının xeyrinə mənəvi ziyana görə 6.600 (altı min altı yüz) manat pulun tutularaq ona verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2928/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-977/2023 saylı, 01 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3427/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı Səfər-zadə Ulduza Əli qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 may 2023-cü il tarixli, 2(103)-2928/23 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə ünvanladığı icra vərəqəsinin icrası haqqında 2-23/2-31/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı Səfər-zadə Ulduza Əli qızının xeyrinə Maliyyə Nazirliyindən (dövlət büdcəsindən) məənəvi ziyana görə 6600 (altı min altı yüz) manatın ödənilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-977/2023 nömrəli qətnaməsi əsasında həmin məhkəmə tərəfindən 11 dekabr 2023-cü il tarixdə verilmiş icra vərəqəsinə uyğun olaraq 6600 (altı min altı yüz) manat vəsaitin Səfər-zadə Ulduza Əli qızının "xxxx" ASC-nin Sahil filialındakı bank hesabına köçürülməsi 29 dekabr 2023-cü il tarixdə təmin edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Cəlaləddin Əliyevin icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2-23/2-31/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubunda xx.xx.2023-cü il tarixində 6600 manat vəsaitinin Səfər-zadə Ulduza Əli qızının bank hesabına köçürüldüyü göstərildiyindən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-977/2023 nömrəli icra sənədinə xitam verilməsi qərara alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd - mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Yuxarıda qeyd edildiyi kimi əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğunun olması vacib şərtdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, öhdəlik - konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti – pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı vurulmuş mənəvi zərərin tutulması ilə bağlı Cavabdeh Azərbaycan Respublikasının bütün məhkəmələrində təmsil etməyi, Cavabdeh iddiaçıya xidmət haqqı ödəmədən onun işini bütün instansiyalar üzrə görməyi, cavabdeh isə işin uğurlu həlli nəticəsində Ali Məhkəmənin yekun qərarından sonra əldə olunan kompensasiyanın 60 (altmış) faizi miqdarında əlavə mükafatı vəkilə ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən edilmişdir ki, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli yekun qərarından sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi icra edilmiş və cavabdeh tərəfindən 6600 manat məbləğində kompensasiya tam şəkildə alınsa da, tərəflər arasında bağlanmış xx.xx.2022ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilənin 2.1-ci bəndi cavabdeh tərəfindən pozularaq, həmin bənddə qeyd edilən əlavə mükafat ona ödənilməmişdir. 6600 manat məbləğində pul vəsaitinin 60%-i 3960 manat təşkil edir. Bu səbəbdən iddiaçı cavabdehdən 3960 manatın, vurulmuş mənəvi zərərə görə 500 manatın və ödənilmiş 65 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə həmçinin müəyyən edilmişdir ki, birinci və apellyasiya instansiyası məhkəmələrində cavabdehi iddiaçı təmsil etsə də, cavabdehin adından Ali Məhkəməyə kassasiya şikayətini iddiaçı deyil, vəkil X2 vermişdir. Məhkəmə yuxarıda qeyd olunan halı və eləcə də tərəflər arasında bağlanmış xx.xx.2022ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilənin 2.1-ci bəndinin tələblərini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə cavabdehə ödənilmiş 6600 manat məbləğində pulun 60 %-i deyil, 30%-i olan 1980 manat əlavə mükafat kimi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə cavabdehdən mənəvi zərərin əvəzi olaraq 500 manat tutulması hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s.hallarda özünü büruzə verə bilər. “İnsan Hüquqlarının və X1 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, iddiaçı mənəvi zərərə görə cavabdehdən onun xeyrinə 500 manat tutulması barədə tələb irəli sürsə də, bununla yanaşı, cavabdehin hərəkətləri ilə bağlı mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir, ona görə də, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 65 manat dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə əlavə mükafat kimi 1980 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 manat pul vəsaiti tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1980 (bir min doqquz yüz səksən) manat və 32 (otuz iki) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar