Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-704/2025 05.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin ləğvi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 05 may 2025ci il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh ASC-yə qarşı “əmrin ləğvi və s.” tələbinə dair ərizəsi məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, onun öz ərizəsinə əsasən işdən çıxmasına dair əmrin verilməsi, 2000 manat mənəvi ziyanın, 350 manat vəkil xərcinin və 60 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 20 Noyabr 2018 ci ildə Cavabdeh ASC– də Kiçik Mütəxəssis kimi işə başlamışam. İşlədiyim müxtəlif illərdə Mütəxəssis, Aparıcı Mütəxəssis və Baş Mütəxəssis vəzifələrdə işləmişdim. İşlədiyim 6 il müddətində işimi vicdanla, dürüst şəkildə görmək üçün daim çalışmışam. Keçən dövrün nəticələrinə baxılsa, Abşeron Filiallarında işləyən əməkdaşlar arasında istər Portfel göstəricisi, istər müştəri sayı, istər keyfiyyət göstəricisi, istərsədə aylıq performans üzrə ən yaxşı göstəricilər mənim olub. Bunu nəticəsi olaraq, rəhbərlik tərəfindən Bank üzrə 2021 ci ilin Ən YaxşıAparıcı Kredit Mütəxəssisi, 2022 ci ilin Ən Yaxşı Baş Kredit Mütəxəssisi, 2023 cü ilin Ən Yaxşı Baş Kredit Mütəxəssisi nominasiyaları üzrə təltif olunmuşam. Nəticələrimi daim yüksək saxlamaq üçün, Rəhbərliyin məndən olan gözləntilərin qarşılamaq üçün iş günlərindən əlavə qeyri-iş günlərində də hətda məzuniyyət günlərimdə də işə çıxıb nəticələrin yüksək olması üçün dəstək vermişəm. Bank üçün etdiyim xidmətlərin heç biri nəzərə alınmayaraq, Cavabdeh ASC məni 19 dekabr 2024- cü il tarixli əmr ilə mənimlə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixində bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin (ç) bəndini əsas tutaraq (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam vermişdir. Cavabdeh ASC 19 dekabr 2024-cü il tarixli əmri tam olaraq qanunsuzdur belə ki, əmrdə mənim vəzifələrimi kobud şəkildə pozmağım əsaslandırılmamışdır. Mənə bildirmişdilər ki, guya mən Cavabdeh ASC işlədiyim müddətdə əldə etdiyim yəni özümə məxsus olan bank məlumatlarının DVD diskə köcürərək əldə etməyim olmuşdur. Bununla bağlı bildirmək istəyirəm ki, mən işlədiyim müddətdə mənə müraciət edən müştərilərin məlumatları mənə məxsus olan komputerdə qovluq şəkilində olurdu. Bankda olan komputerlər tez-tez donurdu və bu barədə dəfələrlə şöbə və filal müdrinə məlumat vermişdim. Problemin nədən ibarət olmasını mütəxəsislərdən soruşanda onlar mənə bildirmişdilər ki, məlumatlar çox olanda belə halların baş verməsi mümkündür. Dəfələrlə mənim və digər işçilərin haqlı etirazlarımı nəzərə alaraq işçilərə məxsus komputeri baş ofisə göndərmişdilər. Göndərildikdən sonra komputerdə olan məlumatlar silinirdi. Məndə məlumatların silinməsini bildiyim üçün mənim müştərilərimə məxsus olan məlumatları DVD diskə köcürürdüm. Bundan əlavə ən əsası ondan ibarətdir ki, bankın əsas gətirdiyi arqumentlər tam olaraq əsassızdır. Belə ki, bankın daxili təlimatlarına uygun olaraq butün bank müştəri məlumatları qovluq olaraq DVD diskə köcürülərək arxivə verilməlidir. Məndə təlimata uygun olaraq məlumatları DVD diskə köcürmüşdüm. Mən xx.xx.2024-cü il tarixində ərizə ilə müraciət edərək müqaviləmə xitam verilməsini xahiş etdikdə bank əsassız olaraq mənim bankdan çıxmagımı istəmədiklərini açıq sürətdə bildirərək qanunsuz olaraq məni öz ərizəmlə yox AR ƏM-nin 70-ci maddəsinin (ç) bəndi ilə xitam verilmişdir. Mən ərizə yazdıqdan sonra mənə təhkim olunmuş komputerdən istifadə etməmişəm və komputerim bank əməkdaşları tərəfinən bloklanmışdır. Mən etiraz edərək bildirmişdim ki, mənim hər hansı bir müştərinin məluamtları lazımlı deyil, çünki bütün müştərilərimin məluamtlarını əldə etmək cətin deyil. Məlumatları deyəndə müştəriyə məxsus sənədlər (şəxsiyyət vəsiqəsini sürəti, avtomaşının qeydiyyat şəhadətnaməsi və mənzilə dair və s) nəzərdə tutulmuşdur. Bankın iddia etdiyi məsələ ilə bağlı razılaşmıram və Bankın və ya hər hansı bir müştərinin məlumatlarının 3–cü şəxsə ötürülməməsi ilə bağlı məsuliyyəti tam üzərimə götürürəm. Əlavə olaraq onuda bildirim ki, müqaviləyə xitam verməmişdən öncə Kurasiyasında olduğum rəhbərlik və mənə işdə qalmağı, qalacağın təqdirdə Yanvardan vəzifənin artımı olacağım bildirilib. Bu da onu göstərir ki, mənə qarşı görülən tədbir qanunsuzdur. Dəfələrlə Cavabdeh ASC-nin rəhbərliyinə müraciət edərək mənə olan haqsızlığın aradan qaldırılması və mənim bu günə kimi əldə etdiyim nailiyyətlərin heçə alaraq qanunsuz olaraq AR ƏM-nin 70-ci maddəsinin (ç) bəndinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və öz ərizəmlə işdən çıxmağım barədə əmr verilməsini dəfələrlə xəbərdarlıq etməyimə baxmayaraq bu günə kimi heç nətiçəsi olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçının müştərilərinin məlumatları həmişə iddiaçıya məxsus komputerdə olmuşdur. İddiaçı komputer format olunmazdan qabaq həmin məlumatların itməməsi üçün diskə köçürmüş və daha sonra həmin disk də iş yerində məhv edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, müştərilərin məlumatlarının köçürüldüyü disk iddiaçı tərəfindən təqdim edilmiş və iş yerində məhv edilmişdir. Lakin bu iddiaçının həmin məlumatların nüsxəsini başqa formada özündə saxlaya biləcəyi ehtimalını istisna etmir. İddiaçı bank sirri haqqında məlumatları pozduğuna görə Əmək Məcəlləsinin müvafiq maddəsi ilə işdən azad edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İddiaçı məxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh ASC-də Mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli Monitorinq haqqında aktda qeyd edilir ki, İddiaçı öz portfelində olan müştərilərin məlumatların fayllarını özünə məxsus komputer vasitəsilə DVD-yə köçürərək götürmüşdür. İddiaçı xx.xx.2024-cü il tarixli izahatında göstərmişdir ki, qeyd olunan məlumatları diskə köçürməkdə məqsəd komputeri format etmək və format etdikdən sonra yenidən komputerə yerləşdirmək olub. Ərizə yazmaq barədə fikrə gəldiyi müddətdən sonra heç bir məlumat diskə göndərilməyib. Diskə köçürülən məlumatlar filialın içərisində sındırılıb və məhv edilib. İddiaçı tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədə onun 10 dekabr 2024-cü il tarixdə vəzifədən azad edilməsi xahiş olunur. 19 dekabr 2024-cü il tarixli 181/K saylı əmrin surətindən çıxarışdan görünür ki, Cavabdeh ASC-nin Xırdalan filialının Mikro və aqro kreditlər üzrə baş mütəxəssisi İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğu üçün işdən azad edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh ASC-də Mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis vəzifəsinə işə götürülmüşdür. xx.xx.2024-cü il tarixdə öz ərizəsi ilə müraciət edərək, 10 dekabr tarixdə işdən azad edilməsini xahiş etmişdir. 19 dekabr 2024-cü il tarixdə əmək vəzifələrini kobud şəkildə pozduğu əsası ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı da Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılmasına dair əmrin əsassız olduğunu iddia etməklə müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kolektivinin hüquqlarına və mənafelərinə ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, işçinin təqsirli hərəkətləri nəticəsində əməyin mühafizəsi qaydasını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri nəticəsində işəgötürənin, müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi belə halların sırasında göstərilmişdir. Qanunvericiliyin tələbindən göründüyü kimi işçinin yol verdiyi səhvin onun əmək müqaviləsinə xitam verilməsinə əsas təşkil etməsi üçün qeyd olunan bu hal nəticəsində iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə yol aça bilər. Halbuki hazırki işdə cavabdeh (işəgötürən) tərəfindən sadalanan halların mövcudluğunu təsdiq edə biləcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, tərəflərin izahatları və iş materialları ilə də sübut olunur ki, iddiaçının işdən çıxarılması üçün əsas olan cavabdehin istinad etdiyi hərəkəti nəticəsində işəgötürənin hüquqlarına və mənafelərinə hər hansı bir ziyan dəydiyi təsbit olunmur. Bundan başqa məhkəmə eyni zamanda qeyd edir ki, qanunun tələbinə əsasən işəgötürənin hüquqlarına və mənafelərinə dəymiş ziyan işçinin qəsdən və səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyi səbəbindən yaranmalıdır. Halbuki tərəflərin izahatlarından və iş materiallarından da görünür ki, işçinin bankın müştərilərinin məlumatlarını ayrıca bir diskə köçürməkdə məqsədi ona məxsus komputer format olunarkən müştərilərin məlumatlarının qorunub saxlanması olmuşdur. Eyni zamanda o da müəyyən olunur ki, məlumatlar köçürülmüş həmin disk zatən bankın fililalından kənara çıxarılmamış və filialın yerləşdiyi binada məhv edilmişdir. Buradan da görünür ki, işçinin bankın müştərilərinin məlumatlarını ayrıca bir diskə köçürməkdə hər hansı bir qərəzi yaxud işəgötürənin kommersiya sirrini yaymaq kimi bir məqsədi olmamış və zatən həmin diskin iş yerində məhv edilməsi ilə də belə bir hal yaşanmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçıya töhmət, xəbərdarlıq edilmədən, digər tənbeh tədbirləri görülmədən əmək müqaviləsinə birbaşa həmin əsasla xitam verilməsi işəgötürənin işçiyə qarşı qərəzli mövqedə olduğu ehtimalını yaradır. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin 19 dekabr 2024-cü il tarixli əmri ləğv edilməli və cavabdehin üzərinə işçi ilə bağlanmış əmək müqaviləsinə işçinin (tərəflərdən birinin) təşəbbüsü ilə xitam verilməsi barədə əmr verilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmə iddia tələbinin mənəvi ziyana görə cavabdehdən 2,000 manat pul vəsaitinin tutulması hissəsini də əsassız hesab edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında izah edilir ki, mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və y ahəmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə yuxarıda sadalananları və işin hallarını əsas götürərək hesab edir ki, iddiaçı cavabdeh mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə 350 manat hüquqi xidmətə görə ödənilmiş pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, AR MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 10 fevral 2025-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmətin göstərilməsi üçün Presedent Vəkil Bürosuna 350 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə 09 dekabr 2024-cü il tarixli əmr ləğv edilsin və İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçinin (tərəflərdən birinin) təşəbbüsü ilə xitam verilməsi əsası ilə əmr verilməsi öhdəliyi Cavabdeh ASC-yə həvalə edilsin. Ödənilmiş mediasiya xərcinin 30 manat hissəsi və hüquqi yardıma görə ödənilmiş vəsaitin 175 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-704/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-704/2025
05.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver