Məhkəmə qərarları › İş №e-2(009)-723/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-723/2025

02.05.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-723/2025 02.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X7 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə1, cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdehnə qarşı “əmrin ləğvi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 02 may 2025ci il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdehnə qarşı “əmrin ləğvi və s.” tələbinə dair ərizəsi məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh 27 dekabr 2024-cü il tarixli, 3-27-119/3-15-1/2024 nömrəli və 10 yanvar 2025-ci il tarixli, İR-09 nömrəli əmrləri ləğv edilməklə, İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh Sənədlərlə və müraciətlərlə iş şöbəsinə şöbə müdiri vəzifəsinə bərpa olunması və onunla müddətsiz əmək müqaviləsi bağlanılması, İddiaçı məcburi iş buraxmaya görə işdən azad edildiyi xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər əmək haqqı, əmək haqqının hər gecikdirildiyi gün üçün 1 faiz məbləğində ödənc, işdə olmadığı dövrdə əmək stajına, elmi dərəcəyə və s. görə işçilərə ödənilməsi nəzərdə tutulmuş əmək haqqına əlavələr, işdə olmadığı dövrdə işçilərə verilən mükafatlar, 120 manat məbləğində mediasiya xərcləri və 300 manat məbləğində hüquqi yardıma görə ödənilmiş vəkil xərclərinin ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdehnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 06 oktyabr 2021-ci il tarixdən AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra Nazirlik) Cavabdeh Daxili nəzarət və audit şöbəsinə “keyfiyyətə nəzarət üzrə mütəxəssis” vəzifəsinə işə qəbul olunmuş, 1 ay sonra Sənədlər və müraciətlərlə iş şöbəsinin fəaliyyət istiqamətlərinin təkmilləşdirmək üçün şöbə müdiri vəzifəsi ona həvalə edilmiş, həmin vaxtdan şöbə müdiri vəzifəsini də icra etməyə başlamışdır. 24 yanvar 2023-cü ildən (xx.xx.2023-cü il tarixli, İR- 29 saylı əmr) iddiaçı həmin şöbənin müdiri təyin olunmuşdur. Hər iki şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq prosedurlar hazırlanmış, elektron sənəd dövriyyəsi, arxiv işlərinin təşkili, korporativ idaretmə və işgüzar yazışmalara dair səmərəliliyin artırılması istiqamətində onun tərəfindən müntəzəm təlimlər keçirilmişdir. İddiaçı, həmçinin, 2022-ci ildən 2024-cü ilin sentyabr ayına qədər Cavabdeh (bundan sonra İdarə) üzrə Məşvərət Şurasının korporativ katibi vəzifəsinə aid olan işləri aparmışdır. 2023-cü ildə şöbənin fəaliyyətinə yeniliklər edilməsi, çatışmamazlıqların aradan qaldırılması məqsəqilə Nazirliyin Sənədlər və müraiciətlərlə iş şöbəsinin komissiyası tərəfindən yoxlamalar aparılmış heç bir nöqsan halıaşkar edilməmişdir. Lakin 2023-cü ilin sentyabr ayında Nazirliyin Daxili nəzarət və audit şöbəsi tərəfindən İdarədə yoxlamalara başlanılmış, iddiaçı aidiyyəti məlumatların təmin olunması üçün koordinator kimi həmin yoxlamalarda iştirak etmişdir. 2023-cü ilin noyabr ayında yoxlama yekunlaşdıqdan sonra iddiaçıya qarşı idarənin rəhbərliyi tərəfindən birbaşa və dolayı yolla təzyiqlər başlanmışdır. Belə ki rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən İlham Əhədov tərəfindən bu yoxlamadan sonra əmək müqaviləsində göstərilən 450 azn əlavə ödənişin verilməsi dayandırılmış və 2024-cü ilin sentyabr ayından “Daxili nəzarət və audit” şöbəsinə keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsinin həvaləsinə xitam verilmişdir. Bununla yanaşı iddiaçı hər iki vəzifənin icrasına görə həmin vaxta qədər ona həvalə olunmuş vəzifə üzrə almalı olduğu əmək haqqına əlavəni almamışdır. Eyni zamanda xx.xx.2024-cü il tarixində qeydiyyat nömrəsi 3-27-119/3-15- 1/2024 olan əmrlə iddiaçıya töhmət verilərək barəsində intizam tənbehi tətbiq edilmişdir. İki gün sonra isə xx.xx.2024-cü il tarixində iddiaçı ilə 12 iyul 2024-cü il tarixdə bağlanmış və 12 yanvar 2025-ci il tarixində bitməsi nəzərdə tutulan əmək müqaviləsinə xitam veriləcəyi haqqında bildiriş verilmişdir. İntizam tənbehinin tətbiq olunması ilə əlaqədar bildiririk ki, əmr şöbənin mütəxəssisi X1 xx.xx.2024-ci il tarixli izahatı əsasında tələsik verilmiş, izahatı alındıqdan 1 gün sonra işin araşdırılmaması üçün həmin işçi növbəti əmək məzuniyyətinə göndərilmişdir. İddiaçının izahatı isə xx.xx.2024-cü il tarixində alınmışdır. xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, iddiaçının izahatı bir gün sonra alındığı üçün aidiyyəti üzrə araşdırma aparılmamış və baş vermiş nöqsan üzrə onun təqsirinin olub-olmaması araşdırılmamış, iddiaçıya onun rəhbərlik etdiyi şöbəyə daxil olmuş məktubun itirilməsi əsası ilə töhmət verilmişdir. Halbuki, iddiaçıya, ümumiyyətlə, şöbə müdiri kimi həmin məktub təqdim edilməmişdir. İddiaçı izahatında işin qeyd edilən halları barədə rəhbərliyə bildirmiş, şöbənin mütəxəssisi X1 məktubu götürməsi və icra etməməsi barəsində məlumatının olmadığını göstərmişdir. Bununla yanaşı iddiaçı rəhbərliyə təqdimat verərək, ona intizam tənbehinin tətbiq edilməsi ilə bağlı halın araşdırılması üçün rəhbərlik etdiyi şöbənin işçisi X2 əmək məzuniyyətindən geriçağırılmasını tələb etmiş, lakin işəgötürən onun bu tələbini yerinə yetirməmişdir, iddiaçıya 27 dekabr 2024-cü il tarixli, qeydiyyat nömrəsi 3-27-119/3-15-1/2024 olan əmrlə töhmət vermişdir. Bundan sonra rəhbərlik qərəzli şəkildə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilməsi haqqında bildiriş vermişdir. Bundan sonra iddiaçı məcburiyyət qarşısında qalaraq intizam tənbehinin ləğv edilməsi və əmək hüquqlarımın qorunması üçün xx.xx.2024-cü il tarixində mediasiyaya müraciət etmişdir. Həmçinin, iddiaçı işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi ilə mediasiyaya müraciət etmiş, mübahisənin həlli mümkün olmamışdır. Cavabdeh vermiş olduğu hər iki əmrlə bağlı xx.xx.2025-ci il tarixli, 3-27-119/2-42/2025 saylı və xx.xx.2025-ci il tarixli, 3-27-119/2- 126/2025 saylı məktubları ilə mübahisənin mediasiya vasitəsilə həllindən imtina etmişdir. Məlumat üçün bildirirəm ki, iddiaçı kifayət qədər ixtisaslı və peşəkar mütəxəssisdir, o, “Korporativ idarəetmə və işgüzar təşkilatların rəqabət qabiliyyətliliyinin yüksəldilməsi problemləri” mövzusunda dissertasiya müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14 oktyabr 2014-cü il tarixli (№ 25-K) qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüş və ona 25 yanvar 2019-cu il tarixli (protokol №01-K) qərarı ilə “Menecment və marketinq” kafedrası üzrə dosent elmiadı verilmişdir. Hal-hazırda "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ("xxxx" QSC) Milli Aviasiya Akademiyasının “Menecment” kafedrasında 0,5 ştat əvəzçiliklə dosent vəzifəsində çalışaraq magisrtlərə elmi rəhbərliklə yanaşı “Avianəqliyyatda risklərin idarəedilməsi”, “Korporativ idarəetmə” və “Yerüstü nəqliyyatda əmək menecmenti” fənləri üzrə mühazirələr keçir. Həmçinin, iddiaçının ilk dəfə çalışdığı şöbədə (Daxili nəzarət və audit şöbəsi) 3 vakant vəzifə olmasına baxmayaraq, onun şöbənin fəaliyyətini təşkil etməsi, buna görə də 1 ay sonra Sənədlər və müraciətlərlə iş şöbəsinin fəaliyyət istiqamətlərinin təkmilləşdirmək üçün həmin şöbənin müdiri vəzifəsinin də ona həvalə iddiaçının işində nöqsanlar olmadığını, onun peşəkar işçi və mütəxəssis olduğunu təsdiq edir. Bununla yanaşı iddiaçı İdarənin Əmək və icra intizamı qaydalarını, Əməkdaşlar üçün etik davranış qaydalarını da hazırlayıb İdarənin əvvəlki rəhbərliyinə təqdim etmişdir. Həmin “Qaydalar” 2022-ci ildə təsdiq edilmişdir və cari ildə də bu “Qaydalar”dan istifadə olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 iddianı qəbul etməyərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçı Sənədlərlə və Müraciətlərlə iş şöbəsinin müdiri vəzifəsində çalışarkən onun əmək haqqından alimentin tutulması bağlı icra məmurunun məktubu daxil olmuş, məktubu işçi Gülnar Seyidbəyli qəbul etmiş, lakin iddiaçı Gülnar Seyidbəyliyə həmin məktubu qeydiyyatdan keçirməməsi ilə bağlı göstəriş vermişdir. Daha sonra icra məmuru yenidən məktub göndərərək nəyə görə alimentin əmək haqqına yönəldilməməsini sorğulamışdır. Bundan sonra araşdırma aparılmış və məlum olmuşdur ki, "xxxx" MMC-nin əməkdaşı məktubu Gülnar Seyidbəyliyə təqdim etmişdir. Gülnar Seyidbəyli izahatında bildirmişdir kİ, müvafiq əməli törətməsi barədə iddiaçı şöbə müdiri kimi ona göstəriş vermişdir. Daha sonra iddiaçıya izahat verilməsi təklif edilmiş, iddiaçı izahat verməkdən imtina etmiş və bu da aktlaşdırılmışdır. Nümayəndə eyni zamanda məhkəmə iclasında 15 saylı əmək müqaviləsinə 2 nömrəli Əlavənin əslini təqdim edərək bildirmişdir ki, Əlavəyə əsasən əmək müqaviləsi 12 iyul 2024-cü il tarixdən 12 yanvar 2025-ci il tarixədək bağlanılmış və iddiaçının özü tərəfindən də imzalanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: 15 nömrəli Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh təşkilatda daxili nəzarət və audit şöbəsində keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.3-cü bəndində qeyd edilir ki, müqavilə 06 oktyabr 2021-ci il tarixdən 06 yanvar 2022-ci il tarixədək bağlanır. Müqavilənin 8.2-ci bəndindən görünür ki, müqavilə müxtəlif vaxtlarda xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024 və xx.xx.2024-cü il tarixədək uzadılmışdır. 15 saylı əmək müqaviləsinə 2 nömrəli Əlavəyə əsasən əmək müqaviləsi 12 iyul 2024-cü il tarixdən 12 yanvar 2025-ci il tarixədək bağlanılmışdır. 28 dekabr 2024-cü il tarixli xəbərdarlığa əsasən İddiaçı onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixdə bitəcəyi səbəbindən əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. 10 yanvar 2025-ci il tarixli əmrə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinin müddəti qurtardığından xitam verilmişdir. xx.xx.2024-cü il tarixli İddiaçı barəsində intizam tənbehinin tətbiq edilməsi haqqında əmrə əsasən İddiaçı töhmət elan edilmişdir. Əmrdə qeyd olunur ki, Nəsimi rayon İcra Şöbəsindən Cavabdehnə məktub daxil olmuşdur. Sözügedən məktubda xx.xx.2024-cü il tarixli icra sənədinin daxil olduğu, lakin icrası barədə hərəkət və məlumat olmadığı qeyd edilmişdir. Bununla əlaqədar olaraq araşdırma aparılmış və daxil olmuş sənədin aşkara çıxarılmaması həmçinin qeydiyyata alınmaması halı müəyyən edilmişdir. DRİ-də müvafiq sənəd dövriyyəsinin proseduruna əsasən icra məktubunu Sənədlər və müraciətlərlə iş şöbəsinin mütəxəssisi X4 tərəfindən qəbul edilmiş və şöbə müdiri İddiaçı təqdim edilmişdir. G.Seyidbəyli öz izahatında İddiaçı tərəfindən qeydiyyata alınmaması barədə təlimat verildiyini bildirmişdir. xx.xx.2025-ci il tarixli X4 barəsində intizam tənbehinin tətbiq edilməsi haqqında əmrə əsasən X3 töhmət elan edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 06 oktyabr 2021-ci il tarixdə müddətli əmək müqaviləsinə əsasən cavabdeh təşkilatda daxili nəzarət və audit şöbəsində keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Sonradan iddiaçı şöbə müdiri vəzifəsinə keçirilmiş və müxtəlif vaxtlarda onunla bağlanmış əmək müqaviləsinin müddətləri uzadılmışdır. İddiaçı şöbə müdiri vəzifəsininin səlahiyyətlərini həyata keçirərkən işdə yol verdiyi nöqsan səbəbindən ona 27 dekabr 2024-cü il tarixdə töhmət elan edilmişdir. 15 yanvar 2025-ci il tarixdə isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə ilk öncə iddia tələbinin “cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh 27 dekabr 2024-cü il tarixli, 3-27-119/3-15- 1/2024 nömrəli əmrinin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsassızdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Sənədlər və müraciətlərlə iş şöbəsinin müdiri vəzifəsində çalışarkən Nəsimi rayon İcra Şöbəsindən Cavabdehnə daxil olan icra sənədinin icrası ilə bağlı məktub həmin şöbənin əməkdaşı Seyidbəyli Gülnar tərəfindən qəbul edilmiş və bu barədə şöbə müdiri kimi iddiaçıya məruzə edilmişdir. Lakin iddiaçı həmin sənədi bilərəkdən qeydiyyata aldırmayaraq gizlətmiş və bununla vəzifə öhdəliklərini yerinə yetirməmişdir. Bununla cavabdeh qurumun iş nizamı pozulmuşdur. İddiaçı ərizəsində G.Seyidbəylinin ərizəsi əsasında qərəzli olaraq iddiaçı barəsində töhmət verildiyini və G.Seyidbəylinin məsuliyyətdən yayınması üçün tələsik məzuniyyətə göndərilməsini qeyd etsə də, işdən görünür ki, sözügedən pozuntu barəsində iddiaçının özünün iştirakı ilə daxili araşdırma aparılmış və nəticədə iddiaçı ilə yanaşı eyni zamanda G.Seyidbəyli barəsində də intizam tənbehi tətbiq edilmişdir. Burdan belə nəticəyə gəlmək mümkündür ki, cavabdeh qurumun rəhbərliyinin iddiaçıya qarşı qərəzi və bununla əlaqədar ona töhmət elan edilməsi həqiqəti əks etdirmir. Məhkəmə iddia tələbinin “10 yanvar 2025-ci il tarixli, İR-09 nömrəli əmrləri ləğv edilməklə, İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh Sənədlərlə və müraciətlərlə iş şöbəsinə şöbə müdiri vəzifəsinə bərpa olunması və onunla müddətsiz əmək müqaviləsi bağlanılması, İddiaçı məcburi iş buraxmaya görə işdən azad edildiyi xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər əmək haqqı, əmək haqqının hər gecikdirildiyi gün üçün 1 faiz məbləğində ödənc, işdə olmadığı dövrdə əmək stajına, elmi dərəcəyə və s. görə işçilərə ödənilməsi nəzərdə tutulmuş əmək haqqına əlavələr, işdə olmadığı dövrdə işçilərə verilən mükafatların cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi müddətli olaraq bağlanmış və müxtəlif tarixlərdə müqavilənin müddəti uzadılmışdır. Ümumilikdə isə tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinin müddəti 5 ildən az olduğuna görə tərəflər arasında əmək münasibətləri 5 ilə kimi davam etdiyindən əmək müqaviləsi öz mahiyyəti etibarilə müddətli olaraq bağlanmış hesab edilir. Beləliklə, işçi ilə sonuncu dəfə 12 iyul 2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinin müddəti 12 yanvar 2025-ci il tarixinədək uzadılmışdır. Göründüyü kimi, həmin əmək müqaviləsi müddətli olmaqla 12 yanvar 2025-ci il tarixinədək bağlanmışdır. Əmək müqaviləsinin müddəti 12 yanvar 2025-ci il tarixdə uzadıldığından və müddətli olduğundan iddiaçının onunla bağlanmış əmək müqaviləsinin müddətinin uzadılmayacağı barədə qabaqcadan xəbərdar edilməklə onunla bağlanmış əmək müqaviləsinə həmin müddət bitdikdən sonra 12 yanvar 2025-ci il tarixdə xitam verilməsində qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.3-cü maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdehnə qarşı “əmrin ləğvi və s.” barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar