Məhkəmə qərarları › İş №e-2(009)-755/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-755/2024

27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-755/2024 27.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı göstərilmiş tibbi xidmətə görə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tibbi xidmətə görə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh 16 yanvar 2023-cü il tarixində İddiaçı MMC-yə müraciət etmişdir. Göstərilmiş tibbi xidmət qarşılığında ödəniləcək məbləğ üçün İddiaçı MMC ilə xəstə Cavabdeh 16 yanvar 2023-cü il tarixində “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsi” imzalanmışdır. İmzalanmış “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsi”nə əsasən cavabdeh göstərilmiş tibbi xidmətə görə hesablanmış məbləği İddiaçı MMC-nin xəzinədarlığına ödəməli idi. Bundan başqa “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsinin” 3.2.9-ci maddəsinə əsasən, “Uşaq patologiya ilə doğulursa, diaqnozuna müvafiq olaraq müalicənin davam etdirilməsi məqsədilə Neantoloji Reanimasiya və ya Neontoloji İntensiv-Terapiya şöbəsinə köçürələcəyi təqdirdə, “xəstə” və ya “xəstə yaxını” həmin şöbələrdə göstərilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği “Qiymət Cədvəli” nə əsasən müqavilənin 5.1-ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürür. Xəstənin vəziyyətində gözlənilməz ağırlaşma baş vermişdir. Xəstənin həyati təhlükəsini ardan qaldırmaq məqsədi ilə zəruri tibbi yardım göstərilmişdir. Sözü gedən tibbi yardım həm kifayət qədər xərc tələb edən, həmdə tibbi praktikda çətin və mürəkkəb bir proses olmuşdur. Lakin bütün bunlara baxmayaraq cavabdehlər tərəfindən xəstəxanaya heç bir ödəniş olunmamışdır. xx.xx.2023 - xx.xx.2023 tarixlər aralığında xəstə Cavabdeh İddiaçı MMC-də tibbi xidmət göstərilmiş və göstərilmiş tibbi xidmətin ümumi məbləği 5555.51 manat təşkil etmişdir ki, lakin göstərilən bu məbləğdən 1176.98 manat cavabdeh tərəfindən ödənilmişdir. Geridə qalan 4378.53 manat məbləğ cavabdeh tərəfindən bügunə kimi ödənilməmişdir. Cavabdehin həyat yoldaşı X3 tərəfindən xx.xx.2023-cü il tarixində “X2” MMC-nin rəhbərliyinə iltizam yazılmışdır. Həmin iltizamda 4378.53 manat borcu qəbul etdiyini və həmin məbləği xx.xx.2023-cü il tarixindən başlayaraq 9 ay ərzində hər ay 500 azn olmaqla ödəcəyini bildirmişdir. “X2” MMC-nin rəhbərliyi tərəfindən edilmiş bu güzəştə rəğmən cavabdeh borcu ödəməmişdir.Göstərilənlərə əsasən iddiaçı Cavabdeh göstərilmiş tibbi xidmətin qarşılığı olan ödənilməmiş 4378,53 manat məbləğində pulun, o cümlədən ödənilmiş 64 manat dövlət rüsumunun, ümumilikdə 4443 manat Cavabdeh tutularaq İddiaçı MMC ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli tibbi xidmət müqaviləsinə əsasən İddiaçı MMC müvafiq tibbi xidməti həyata keçirməyi, xəstə isə tibbi xidmətə görə qiymət cədvəlinə əsasən fakturada müəyyənləşdirilən məbləği ödəməyi öhdəsinə götürmüşlər. “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsinin” 3.2.9-ci maddəsinə əsasən, “Uşaq patologiya ilə doğulursa, diaqnozuna müvafiq olaraq müalicənin davam etdirilməsi məqsədilə Neantoloji Reanimasiya və ya Neontoloji İntensiv-Terapiya şöbəsinə köçürələcəyi təqdirdə, “xəstə” və ya “xəstə yaxını” həmin şöbələrdə göstərilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği “Qiymət Cədvəli” nə əsasən müqavilənin 5.1-ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürür. İş üzrə Cavabdeh əri X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli razılığına əsasən İddiaçı MMC həkimləri aparılmış tibbi tədbirlər nəticəsində Klinikaya 4378,53 manat borcun olduğunu qəbul etmiş, həmin borcun xx.xx.2023-cü il tarixdən başlayaraq 9 ay müddətində hər ay 500 manat olmaqla ödəyəcəyini öz üzərinə götürmüşdür. İş üzrə İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hesab-fakturaya əsasən Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müqavilə üzrə göstərilmiş tibbi xidmətə görə xidmət xərci 4230 manat təşkil etmiş, ondan 600 manat ödənimiş, ödənilməmiş məbləğ 3630 manat təşkil etmişdir. İş üzrə İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hesab-fakturaya əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək göstərilmiş tibbi xidmətə görə xidmət xərci 842,51 manat təşkil etmiş, ondan 267,98 manat məbləğində xəstə tərəfindən ödənilmiş, ödənilməmiş məbləğ 574,53 manat təşkil etmişdir.Ödənilməmiş ümumi borc 4378,53 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin məzmunu dedikdə, əqddə əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir. Belə ki, mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini tənzimləyən bir sıra müddəaları (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.) nəzərdə tutmuşdur. Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Müqavilənin standart şərtləri aşağıdakı tələblərə cavab verməlidir: - tərəflər arasındakı münasibətlərin tənzimlənməsi, onlara öhdəlik xarakterinin verilməsi; - öhdəliklərin ardıcıl yerinə yetirilməsi üçün qayda və üsulların müəyyənləşdirilməsi; - öhdəliyi yerinə yetirməyən tərəflər barədə tətbiq olunacaq tədbirlərin həyata keçirilmə qaydası. Bu tələblərə cavab verən zəruri şərtlərin yerinə yetirilməsi müqavilələrin quruluşu və məzmunu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə tibbi xidmətlərin göstərilməsi barədə tibbi xidmət müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən klinika müvafiq tibbi xidməti həyata keçirməyi, xəstə isə tibbi xidmətə görə qiymət cədvəlinə əsasən fakturada müəyyənləşdirilən məbləği ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsinin” 3.2.9-ci maddəsinə əsasən, “Uşaq patologiya ilə doğulursa, diaqnozuna müvafiq olaraq müalicənin davam etdirilməsi məqsədilə Neantoloji Reanimasiya və ya Neontoloji İntensiv-Terapiya şöbəsinə köçürələcəyi təqdirdə, “xəstə” və ya “xəstə yaxını” həmin şöbələrdə göstərilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği “Qiymət Cədvəli” nə əsasən müqavilənin 5.1-ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürmüşdür. Digər tərəfdən müəyyən edilmişdir ki, cavabdeh iddiaçı tərəfindən göstərilmiş tibbi xidmətlərin ödənilməsi barədə öhdəlik götürsə də, həmin öhdəlikləri yerinə yetirməmiş və onun xəstəxanaya cəmi 4378,53 manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyindən, onun tərəfindən tibbi xidmətlərlə əlaqədar ödənilməmiş xərc etiraf edildiyindən iddia tələbi 4378,53 manat məbləğində pulun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğundan cavabdehdən dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 64 manat məbləğində pul tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə göstərilən tibbi xidmətlərin əvəzi kimi 4378,53 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 64 manat, cəmi 4442,53 (dörd min dörd yüz qırx iki manat, əlli üç qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar