Məhkəmə qərarları › İş №e-2(009)-782/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-782/2022

28.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-782/2022 28.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, X5 qızının katibliyi, İddiaçı X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müqavilə üzrə görülmüş işlərin əvəzi kimi 79.754 manat, bank uçot dərəcəsi əsas götürülməklə hesablanmış faiz məbləği kimi 27.914 manat, ödənilməmiş əsas vəsaitə hesablanmış cərimə kimi 50.000 manat, əldən çıxmış faydanın əvəzi kimi 64600,80 manat, cəmi 222.268,80 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 513 manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Kompaniyası 1994-cü ildən inşaat və dülgərlik işlərinin icraatı üzrə fəaliyyət göstərir, Azərbaycanda taxta pəncərə və qapı istehsalı üçün yaradılan bu zavod Almaniyanın “Deventer”, “Letiz”, “Engelfried”, “Gutmann”, “3E”, “Ligma GMBH”, İngiltərənin “Pilkington”, Hollandiyanın “Hortman” və Avstriyanın “MACO” kompaniyalarının mütəxəssisləri tərəfindən 2005-ci ildə qurulmuş, tam avtomatlaşdırılmış, Avropa standartlarına uyğunlaşdırılmışdır. İddiaçı X4 ilə xx.xx.2006-cı il tarixdə bağlanmış 054 nömrəli Müqaviləyə əsasən cavabdehlərin sifarişi əsasında Cavabdeh2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən yaşayış evində pəncərə və qapıların düzəldilməsi və quraşdırılmasından ibarət Müqavilənin 1-ci bəndində nəzərdə tutulmuş müəyyən işlər görülmüş, xidmətlər göstərilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən müqavilə üzrə işlərin ümumi dəyəri 101.192 (yüz bir min yüz doxsan iki) manat təşkil etmişdir. Müqavilədə nəzərdə tutulmuş işlər icra edilsə də, sifariş edilmiş əşyaların və görülmüş işlərin dəyəri cavabdehlər tərəfindən lazımi qaydada ödənilməmiş, nəticədə Müqavilənin “ödəniş şərtləri” adlı 4-cü bəndinin tələbləri pozulmuşdur. ABŞ dollarının hazırki məzənnəsi də nəzərə alınmaqla hazırda xx.xx.2006-cı il tarixli 054 nömrəli Müavilə üzrə cavabdehin İddiaçı İKF-yə 79.754 manat qalıq borcu mövcuddur. Qalıq borcunun ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borc hələ də ödənilməmiş qalmışdır. Müqavilənin 5.1-ci bəndinə əsasən cavabdehlər gecikdirilən hər gün üçün müqavilə qiymətinin 0.1%-i miqdarında cərimə ödəməyi öhdələrinə götürmüşlər. Hazırda ödənilməli olan əsas vəsaitin uzun müddət gecikdirilməsinə görə hesablanmış və azaldılmış cərimə borcu 50.000 manat təşkil edir. Bank uçot dərəcəsinin 7% olduğu və uzun müddətdir ki, pulun ödənilməməsi nəzərə alınarsa, ödənilməmiş məbləğin son 5 ili üçün 35%-i, yəni 27.914 manat faiz məbləği də cavabdehlər tərəfindən ödənilməlidir. İddiaçı İKF kommersiya şirkətidir, istehsal etdiyi əşyaların satışını həyata keçirərək gəlir əldə edir. Ayrı-ayrı detallar xarici ölkələrdən ABŞ dolları ilə alınaraq ölkəyə gətirilir və Azərbaycan Respublikasında həmin detallar əsasında əşyaların istehsalı və satışı həyata keçirilir. Məlum olduğu kimi bu əşyaların istehsalı və detalların idxalı müəyyən vəsait tələb edir və cavabdehlərin alınmış əşyaların dəyərini vaxtında ödəməməkləri səbəbindən uzun illər ərzində həmin vəsaitdən kommersiya məqsədləri üçün istifadə etmək və mənfəət əldə etmək imkanından məhrum olmuşdur. İddiaçı İKF-nin həmin vəsaitdən ildə ortalama 60% gəlir əldə edə biləcəyi nəzərə alınsa, cavabdehlərin öz öhdəliklərini vaxtında icra etməmələri nəticəsində əldə edə biləcəyi 64.600,80 manat fayda əlindən çıxmışdır. Beləliklə, cavabdehlərin bu günkü tarixə İddiaçı İKF-yə ümumilikdə 222.268,80 (79.754 manat+27.914 manat+50.000 manat+64.600,80 manat) manat icra edilməmiş pul öhdəliyi mövcuddur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, ona aid hissədə iddianın təmin olunmamasını xahiş etmiş, qalan hissədə isə məhkəmənin mülahizəsinə buraxdığını bildirərək izah etmişdir ki, 2006-cı ildə "xxxx" İKF-na gələrək Cavabdeh2 ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ünvanında yerləşən fərdi evində qapı və pəncərələrin quraşdırılması ilə bağlı danışıqlar apararaq ölçülər götürərək və qiymətini hesablayaraq müqavilə hazırlanması haqda müraciət etmişdir. Həmin vaxtlar Cavabdeh2 "Azərnefttəchizat" birliyinin baş direktoru vəzifəsində, o isə onun rəhbərliyi altında həmin birliyin xarici iqtisadi əlaqələr şöbəsinin rəisi vəzifəsində işləyirdilər. Həmin vaxtlar Cavabdeh2 ona bildirdi ki, yeni inşa etdirdiyi bağ evində bəzi işlərin görülməsi üçün əvvələr də birgə iş gördükləri "xxxx" İKF-də qapı-pəncərə və digər işlərin görülməsi üçün müqavilə hazırlanması haqda müraciət etmişdir. Onların həmin vaxtlar birgə iş birlikləri olduğundan Cavabdeh2 ondan xahiş etdi ki, onun yerinə müqaviləni imzalasın. Cavabdeh2 soruşduqda ki, nə üçün özü müqaviləni imzalamır, ona bildirdi ki, onun hər zaman vaxtı olmur. Ancaq buna baxmayaraq, vaxtaşırı müqavilənin yerinə yetirilməsinə nəzarət edəcək və vaxtlı-vaxtında pulun ödəyəcək. Cavabdeh2 həm onun rəhbəri olduğundan, həm də, onun belə işlərdə dəqiq və dürüst olduğunu bildiyindən, heç bir şübhəsi olmadan, xx.xx.2006-cı il tarixdə Cavabdeh2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evində qapı və pəncərələrin quraşdırılması ilə bağlı 054 saylı müqaviləni imzalamışdır. Həmin vaxtdan da işlər başlanılmış və uzun müddət işlər davam etdirilmişdir. O heç bir vaxt bu işlərin necə aparılması ilə maraqlanmamışdır. Ona görə ki, Cavabdeh2 heç bir vaxt öz işləri barədə heç kəsə hesabat vermirdi. Ona isə ümumiyyətlə. Birdə ki, Cavabdeh2 rəhbər idi, ona görə də, ancaq əmr və göstəriş verirdi. O bu işlərlə bağlı heş bir vaxt iddiaçıya müraciət etməmişdir. O, iddiaçıya heç bir vaxt müraciət edərək, Cavabdeh2 istehsal etdikləri qapı-pəncərələrin verilməsi haqda nə yazılı, nə də şifahi göstəriş verməmişdir. Nə də heç bir vaxt görüləcək işlər barədə hesabat istəməmişdir, görülən işlərin və qapı-pəncərələrin dəyərinin ödənilməsində nə iştirak etmiş və nə də bundan xəbəri olmayıb. Həmin vaxtdan da müqavilənin icrası Cavabdeh2la iddiaçının öz aralarında aparılmışdır. Ancaq 2008-2009-cu illərdən iddiaçı dəfələrlə ona zəng edərək şifahi surətdə ona irad bildirmiş, müqavilə əsasında tələb olunan işlər yerinə yetirildiyindən ödəniş etməyi tələb etmişdir. O da müqavilənin Cavabdeh2 məxsus olduğunu və pulu ondan tələb etməyini xahiş etmişdir. İddiaçı şirkət Cavabdeh2 dəfələrlə xəbərdar etdiyini bildirmişdir. Daha sonra, iddiaçı 2010cu ildən başlayaraq hər il bir-iki dəfə ona yazılı surətdə müraciət edərək görülmüş işlərin dəyərini ödəməyi tələb etmişdir. O da hər dəfə ona ünvanlanan məktubların əslini özündə saxlayaraq, surətlərini Cavabdeh2 göndərmişdir. Hər dəfə də iddiaçı ona bildirib ki, Cavabdeh2 hər dəfə üzləşmə aktı istəyir və tələb edir ki, Cavabdeh2 və şirkətin özünün nümayəndələrini göndərərək yerində baxış keçirsinlər və borcu dəqiqləşdirsinlər. Hər dəfə də iddiaçının dediyinə görə baxış keçirmişlər və müəyyən razılaşmaya gəlmişlər. Ancaq bu işlərin hamısı görüntü xarakterli daşımış, heç bir ödəniş edilməmişdir. Bu işlər növbəti ildə təkrarlanmışdır. Son zamanlar isə bu işlər ciddi xarakter almış və iddiaçı daha tez-tez ona müraciət edərək məhkəməyə şikayət edəcəyini bildirmişdir. İddiaçı dəfələrlə xəbərdarlıq edərək görülmüş işlərin vaxtında təhvil verildiyini bildirmişdir. İddiaçının bildirdiyinə görə müqavilə üzrə müəyyən ödənişlər Cavabdeh2 tərəfindən edilsə də, işlərin dəyəri tam ödənilməmişdir. Cavabdeh2 "xxxx" İKF-yə ünvanladığı məktublarda bunu etiraf edir və heç bir yerdə onun adı çəkilmir. Lakin həmin işlər Cavabdeh2 məxsus evdə görüldüyü üçün hesab edir ki, iddiaçının tələb etdiyi pulla bağlı iddiası ancaq onların öz aralarında araşdırılaraq qərar qəbul olunmalıdır. Bildirmək istəyir ki, müqavilə bağlanan andan bu müqavilənin icrası ilə bağlı onun heç bir iştirakı olmayıb, hazır məhsulların Cavabdeh2 verilməsi haqda nə şifahi, nə də yazılı göstərişi olmayıb, nə hazır məhsulun qəbulunda, nə məhsulun dəyərinin ödənişində iştirakı olmayıb. Hesab edir ki, bu müqavilənin icrasının şəxsən Cavabdeh2 məxsus olmasına aid yetərli sübutlar olduğundan Cavabdeh2 bu müqavilədə tərəf kimi tanınmalı və cavabdeh qismində ancaq o iştirak etməlidir. Qeyd edilən dəlillərin iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilərkən nəzərə alınmasını xahiş edir. Eləcə də, bildirmişdir ki, 2012-ci il də daxil olmaqla ödənişləri Cavabdeh2 özü ödəyirdi, bəzən isə pulu ona verirdi ki, o aparıb ödəsin, lakin ondan sonra Cavabdeh2la münasibətləri korlandıqdan sonra ödənişləri Cavabdeh2 özü ödəmişdir. Lakin son vaxtlar iddiaçı tərəf onu dəfələrlə narahat etdiyi üçün o məcbur qalaraq yalnız xx.xx.2019-cu ildə bir dəfə iddiaçıya 500 manat ödəniş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, tələbin əsassız olduğundan rədd olunmasını xahiş etmiş və bildirmişdir ki, iddiaçı 2006-cı il tarixli müqavilə üzrə işlər gördüyünü, xidmətlər yerinə yetirdiyini, lakin Cavabdeh2 tərəfindən müqavilə şərtlərinə əməl edilmədiyini, iş və xidmətlərin haqqının ödənilmədiyini iddia edərək, əsassız iddia qaldırmışdır. Hazırki mərhələdə məhkəmə nəzərə almalıdır ki, iddiaçı müqavilədə nəzərdə tutulmuş iş və xidmətləri yerinə yetirməsi, ona təhvil verməsinə dair hər hansı dəlil-sübut təqdim etməmişdir. Müqavilədə göstərilən hansı işlərin, xidmətlərin yerinə yetirildiyini, hansı həcmdə və hansı məbləğdə icra edilərək təhvil verildiyini təsdiqləyən hər hansı dəlil mövcud deyildir. Yalnız müqavilənin (kağız üzərində) mövcudluğu və iddiaçının əsassız tələb irəli sürməsi həmin tələbin əsaslığına dəlalət etmir və belə bir tələb məhkəmə tərəfindən təmin edilə bilməz. O, iddia tələbilə qətiyyən razı deyil, iddiaçı 2006-cı il tarixli müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir və hazırda hər hansı pul tələbi irəli sürməkdə haqsızdır, əsassızdır, qərəzlidir. Cavabdeh kimi iddiada qeyd edilmiş və 2006-cı il tarixli müqaviləni imzalamış Cavabdeh1 adlı şəxsin məhkəmədə verəcəyi hər hansı izahatı, mülahizəsi qərəzli olacaqdır. Bu şəxs iddiaçının qohumu olmasına baxmayaraq, əvvəllər onun müəyyən işlərilə məşğul olduğu vaxt ona qarşı bir sıra qanunsuz və qərəzli əməllər törətdiyinə görə, aralarında münaqişə yaranmışdır, Cavabdeh1 ona qarşı, həmçinin, hazırki işlə bağlı hər hansı mülahizəsi qərəzli olacaqdır. İddiaçı İKF rəhbərliyi işgüzar davranışdan yayınaraq, əsassız və haqsız tələblərlə çıxış edir, Cavabdeh1lə əlbir olaraq qərəzli surətdə ondan pul qoparmağa çalışırlar. Əslində onun firmaya borcu yoxdur, tərəfindən ödənilmiş məbləğin qarşılığında icra edilməmiş öhdəliyi qaldığına görə firmanın ona borcu vardır. Uzun müddət keçməsi və firmanın öhdəliklərini yerinə yetirmədiyi nəzərə alınaraq, icra olunmuş müəyyən işlərin yerində dəqiqləşdirilməsi və qarşılıqlı üzləşdirilməsinə zərurət olduğu haqqında iddiaçıya təklif olunmuşdur ki, müqavilədə qapı, pəncərə və şüşə paketin razılaşdırılmış qiymətlərinə uyğun olaraq, Sahil qəsəbəsindəki evdə faktiki quraşdırılmış qapı, pəncərə və şüşənin ayrıayrılıqda ölçüləri) kv.m. və qiymətinə dair göstəricilər, onun tərəfindən ödənilmiş məbləğ və yerinə yetirilməli olan işlər/xidmətlər (mövcuddursa, qalıq borc məbləği) əhatə olunmaqla üzləşmə aktı tərtib olunaraq onlar tərəfindən imzalansın. Lakin onun bu təklifinə İddiaçı İKF tərəfindən müsbət cavab verilməməsi, razılaşdırılmış işlərin/xidmətlərin yerinə yetirilmədən, uzun müddıt əvvəl razılaşdırılmış və onun tərəfindən ödənilmiş qiymətin hazırki kursla ABŞ dolları ilə hesablanmaqla ondan artıq pul tələb olunması Müqavilə şərtlərinə uyğun olamamaqla əsassız və qanunsuzdur. İddiaçı İKF-nın öz öhdəliklərini layiqincə yerinə yetirməməsi, Sahil qəsəbəsində görülən işlərin keyfiyyətinin standartlara uyğun olmamasını o dəfələrlə iddiaçının diqqətinə çatdırsa da, Firmanın rəhbərliyi işlərin keyfiyyətinin yoxlanılmasından yayınmışdır. Ümumilikdə onun tərəfindən istinad olunan müqavilə üzrə 2006-2017-ci illərdə 136 min manat vəsait İddiaçı İKF-nə ödənilmişdir. Yerinə yetirilmiş iş/xidmətdən artıq pul ödəməsinə baxmayaraq, ondan yenə də əsassız olaraq əlavə pul tələb edilməsi ilə iddiaçı razılaşmır. İddiaçının özü tərəfindən, həmçinin onun tərəfindən məhkəməyə təqdim olunan ödəniş qəbzlərindən göründüyü kimi, iddia ilə ondan əlavə məbləğin tələb olunmasının heç bir əsası yoxdur. İş üzrə keçirilmiş texniki ekspertiza nəticəsində faltiki yerinə yetirilmiş iş həcmləri müəyyənləşmişdir. Bəzi işlərin faktiki ölçülərində artıq hesablamalar olsa da, nəticədə işlərin ümumi həcmi üzrə ekspertizanın hesablaması həqiqi vəziyyətə yaxındır. Hesab edir ki, onun iddiaçıya hər hansı məbləğdə borcu qalmamışdır. Əksinə, firma üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirməmiş, icra olunmuş iş və xidmətlərin keyfiyyəti standartlara uyğun deyildir, həmçinin onun tərəfindən ödənilmiş vəsait yerinə yetirilmiş iş/xidmətlərin dəyərindən daha artıqdır. Digər tərəfdən, iddiaçı tərəfindən məhkəməyə iddia müddəti ötürülməklə müraciət olunmuşdur. Belə ki, onun tərəfindən ödənişlər sonuncu dəfə 2017-ci ildə həyata keçirilmişdir. Ondan sonrakı dövrdə onun tərəfindən ödəniş edilməmişdir. Qanunun tələbinə görə müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Hazırda iddiaçı 2017-ci ildən 5 il keçdikdən sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Onun tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsi heç də onun iddia tələbi ilə razılaşmağı kimi qiymətləndirilə bilməz. O, iddianı qətiyyən qəbul etmir. Eyni zamanda qeyd edir ki, iddia müddətinin keçməsi tələbin rədd edilməsi üçün müstəqil əsasdır. Buna görə də, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə qismən təmin edilməlidir. İş materiallarında olan podratçı adlanan İddiaçı İKF-nin direktoru X6 ilə sifarişçi Cavabdeh1 arasında imzalanmış 054 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilədən görünür ki, İddiaçı İKF Sahil qəsəbəsində yerləşən yaşayış binasının xarici pəncərə və qapıların düzəldilməsi və quraşdırılmasını öz üzərinə götürmüşdür. Həmin Müqavilənin 2-ci bəndinə əsasən: qapılar 35,504 kv.metr x 400,5=14.259 manat; pəncərə 171,961 kv.metr x 387,15=66.574 manat”; şüşə paket 195 kv.metr x 131,72=25.685 manat; cəmi 106.518 manat- 5%. Müqavilə üzrə işlərin ümumi dəyəri 101.192 manat təşkil edir. Razılaşdırılmış qiymət müqavilə qiymətidir. Həmin Müqavilənin 3-cü bəndinə əsasən müqavilə üzrə işlərin başlanma vaxtı - 06 sentyabr 2006-cı il; Qurtarma vaxtı - 20 yanvar 2007-ci ildir. İş materiallarından görünür ki, İddiaçı İKF xx.xx.2010-cu il, tərəfindən cavabdehlərə xx.xx.2017-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il il tarixlərdə borcun ödənilməsi, əks halda həmin borcun məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq göndərilmişdir. İş materiallarında olan İddiaçı İKF tərəfindən məhkəməyə təqdim olunmuş 05.06.19-cu il tarixli, ********** №-li mədaxil xəzinə qəbzinə əsasən 054 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilə üzrə Sərdar tərəfindən 500 manat; 16.06.17-ci il tarixli, ********** №-li mədaxil qəbzinə əsasən 054 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilə üzrə Rizvan tərəfindən 2500 manat; 24.02.11-ci il tarixli, ********** №-li mədaxil xəzinə qəbzinə əsasən 054 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilə üzrə Rizvan tərəfindən 5000 manat; 21.12.10-cu il tarixli, ********** №-li mədaxil xəzinə qəbzinə əsasən 054 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilə üzrə Sərdar tərəfindən 1000 dollar; xx.xx.2010-cu il tarixli, 11 №-li mədaxil qəbzinə əsasən 054 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilə üzrə Rizvan tərəfindən 7000 manat ödənilmişdir. İş materiallarında olan məhkəmə tikinti texniki ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4630 nömrəli rəyindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən yaşayış evində İddiaçı İKF ilə bağlanmış 054 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş işlər tam həcmdə icra edilməmişdir. Belə ki, İddiaçı İKF ilə bağlanmış 054 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin 2.1-ci bəndində qapıların ümumi sahəsi 35.604 kv.m., pəncərələrin sahəsi 171.961 kv.m. və şüşə paketin sahəsi 195.0 kv.m. göstərilsə də, faktiki olaraq quraşdırılmış qapıların ümumi sahəsi 24.2 kv.m., pəncərələrin sahəsi 182.694 kv.m. və şüşə paketin sahəsi 144.77 kv.m. təşkil edir. İş materiallarında olan Cavabdeh2 tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2007-ci il tarixli, ********** №-li mədaxil xəzinə qəbzinə əsasən Sərdar tərəfindən 10000 dollar; xx.xx.2007-ci il tarixli, ********** №-li mədaxil xəzinə qəbzinə əsasən Sərdar tərəfindən 10000 dollar; xx.xx.2007-ci il tarixli, ********** №-li mədaxil xəzinə qəbzinə əsasən Sahil qəs. üzrə 30000 manat; xx.xx.2009-cu il tarixli, ********** №-li mədaxil xəzinə qəbzinə əsasən Rizvan tərəfindən 5000 manat; xx.xx.2010-cu il tarixli, qəbzə əsasən Rizvan tərəfindən 7000 manat; xx.xx.2010-cu il tarixli, ********** №-li mədaxil xəzinə qəbzinə əsasən Sərdar tərəfindən 10000 dollar; xx.xx.2011-ci il tarixli, ********** №-li mədaxil xəzinə qəbzinə əsasən Rizvan tərəfindən 5000 manat; xx.xx.2012-ci il tarixli, ********** №-li mədaxil xəzinə qəbzinə əsasən Rizvan tərəfindən 10000 manat; xx.xx.2017-ci il tarixli, ********** №-li mədaxil xəzinə qəbzinə əsasən Rizvan tərəfindən 2500 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, tərəflər arasında Cavabdeh2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ünvanında yerləşən fərdi evdə qapı və pəncərələrin düzəldilməsi və quraşdırılması ilə bağlı 054 nömrəli, 06 sentyabr 2006-cı il tarixli müqavilə bağlanmış, həmin müqavilə İddiaçı İKF-nin direktoru X6 və Cavabdeh2 xahişi ilə onun həmin vaxt işçisi və yaxın qohumu olmuş Cavabdeh1 tərəfindən imzalanmışdır. Müqavilənin 2-ci bəndinə əsasən görüləcək işlər: qapılar 35,504 kv.metr x 400,5=14.259 manat; pəncərə 171,961 kv.metr x 387,15=66.574 manat”; şüşə paket 195 kv.metr x 131,72=25.685 manat olmaqla, görüləcək işlərin ümumi dəyəri 101.192 manat təşkil etmiş, işlərin başlama vaxtı xx.xx.2006-cı il, qurtarma vaxtı xx.xx.2007-ci il müəyyən edilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ünvanında yerləşən fərdi evdə iddiaçı tərəfindən müəyyən işlər görülmüş, həmin işlərin dəyəri olaraq Cavabdeh2 tərəfindən xx.xx.2007-ci il tarixdə 30000 manat, xx.xx.2007-ci il tarixdə 10000 ABŞ dolları, xx.xx.2007ci il tarixdə 10000 ABŞ dolları, xx.xx.2009-cu il tarixdə 5000 manat, xx.xx.2010-cu il tarixdə 7000 manat, xx.xx.2010-cu il tarixdə 10000 ABŞ dolları, xx.xx.2011-ci il tarixdə 5000 manat, xx.xx.2012-ci il tarixdə 10000 manat, xx.xx.2017-ci il tarixdə 2500 manat ödənilmiş, xx.xx.2019-cu il tarixdə Sərdar tərəfindən 500 manat ödənilmişdir. Tərəflər arasında bağlanmış müqavilə üzrə işlərin tam həcmdə yerinə yetirilməsinin müəyyən olunması üçün iş üzrə təyin edilmiş məhkəmə tikinti texniki ekspertizası ilə müəyyən edilmişdir ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən yaşayış evində İddiaçı İKF ilə bağlanmış 054 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş işlər tam həcmdə icra edilməmişdir, belə ki, İddiaçı İKF ilə bağlanmış 054 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin 2.1-ci bəndində qapıların ümumi sahəsi 35.604 kv.m., pəncərələrin sahəsi 171.961 kv.m və şüşə paketin sahəsi 195.0 kv.m. göstərilsə də, faktiki olaraq quraşdırılmış qapıların ümumi sahəsi 24.2 kv.m., pəncərələrin sahəsi 182.694 kv.m. və şüşə paketin sahəsi 144.77 kv.m. təşkil edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, müqavilə şərtləri iddiaçı və Cavabdeh2 tərəfindən tam həcmdə icra olunmamışdır. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, görülmüş işlər üzrə Cavabdeh2 tərəfindən iddiaçıya ödənilməli olan məbləğ aşağıdakı qaydada hesablanmalıdır: 101.192 manat (müqavilə üzrə) – 84.000 manat (ödənilmiş məbləğ) = 17.192 manat (borc). Qapılar üzrə: 11.404 kv.m.(35.604 kv.m.- 24.2 kv.m.) x 400,5 man.= 4.567,30 manat (borc). Şüşə paket üzrə: 50.23 kv.m.(195.0 kv.m.- 144.77 kv.m.) x 131,72 man.= 6.616 manat (borc). Qapı və şüşə paket üzrə: 4.567,30 manat (borc) + 6.616 manat (borc)= 11.183,30 manat (borc). Pəncərələr üzrə: 10.73 kv.m. (182.694 kv.m.-171.961 kv.m.) x 387,15 man= 4.155,28 manat (artıq görülmüş iş). 11.183,30 manat (borc) - 4.155,28 manat (artıq görülmüş iş) = 7028 manat. Cəmi borc: 17.192 manat – 7.028 manat = 10.164 manat. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara və təqdim olunmuş sübutlara qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi müqavilə üzrə görülmüş işlərin əvəzi kimi 79.754 manat tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh2 iddiaçının xeyrinə 10.164 manat tutulmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, əldən çıxmış faydanın əvəzi kimi 64.600,80 manat tutulması hissəsində iddia tələbi əsassızdır, belə ki, iddiaçı həmin hissədə tələbini təsdiq edən sübutları təqdim etmədi. Əldən çıxmış faydanın tutulması qaydası və şərtləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrinin qaydaları ilə tənzimlənir ki, həmin qaydalara əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, qanunun yuxarıda qeyd olunan normalarının mənasına görə əldən çıxmış fayda əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Bundan əlavə, əldən çıxmış faydanın ölçüsü, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər nəzərə alınmaqla müəyyən olunmalıdır. Lakin iddiaçı əldən çıxmış fayda ilə bağlı əsaslandırılmış sübutlarıı məhkəməyə təqdim etməmişdir. Ona görə də, həmin tələb hissəsində iddia təmin edilməməlidir. Məhkəmə hesab edir ki, hər iki tərəf müqavilə şərtlərinə əməl etmədiyi üçün iddia tələbi hesablanmış faiz məbləği kimi 27.914 manat, ödənilməmiş əsas vəsaitə hesablanmış cərimə kimi 50.000 manat tutulması hissəsində də təmin edilməməlidir. Cavabdeh2 tərəfindən verilmiş hazırki iş üzrə iddia müddətinin tətbiqi barədə ərizəyə gəldikdə isə, həmin ərizə bunun üçün hüquqi əsaslar olmaması səbəbindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 375.1-ci və 375.2-ci maddələrinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı İKF tərəfindən məhkəməyə təqdim olunmuş 05.06.19-cu il tarixli, ********** №-li mədaxil xəzinə qəbzinə əsasən 054 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilə üzrə Sərdar tərəfindən 500 manat ödənilmişdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, iddia müddətinin tətbiqinə əsaslar yoxdur, belə ki, AR Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən edilmiş müddət iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etdiyi dövrə keçməmişdir. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara və təqdim olunmuş sübutlara qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi müqavilə üzrə görülmüş işlərin əvəzi kimi 79.754 manat tutulması hissəsində qismən təmin edilməli, qalan hissədə iddia tələbi qanunun tələblərinə uyğun olmayan kimi təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdehdən 513 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 10“164 (on min yüz altmış dörd) manat və ödənilmiş 513 (beş yüz on üç) manat dövlət rüsumu tutularaq İddiaçı X2 ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh2 tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X3, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar