Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-798/2022 05.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinə qarşı işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, İddiaçı (Qərbi Azərbaycanlı, Dərələyəz mahalından) Azərbaycan Respublikası Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində şəxsi istəyi ilə, 01.10.2013-cü il tarixindən 2016cı ilin aprel ayına qədər təmənnasız olaraq öz şəxsi avtomobili ilə gedərək tədbirlərdə, ezamlarda şəxsi heyyətlə birlikdə iştirak etmişdir. Davamlı olaraq tədbirlərdə iştirakı bəyənildiyi və xidmətə uyğun olduğu üçün 01.10.2016-cı il tarixindən etibarən rəsmi qaydada ştata işə qəbul edilmişdir. 14.01.2022-ci il tarixində məcburiyyət qarşısında qalaraq "öz xahişi ilə" (işdən çıxarılmağı istəməmişdir) əmək müqaviləsinə xitam verilməsinə dair ərizəni həmin X1 təqdim etmişdir. Təqdim etdiyi ərizə əsasında əmək müqaviləsinə xitam verilmişdir və hesab edir ki, həmin əmr tamamilə əsassızdır. Belə ki, işlədiyi müddət ərzində həmin Mərkəzin rəisi, polkovnik-leytenant İlkin Qayıbov tərəfindən dəfələrlə haqsızlığa məruz qalmışdır. Mərkəzin məşq otağında fasilə vaxtı, oturacaqda birgə əyləşib (həmin oturacaqda gizir İlqar Quliyev, mülki işçi Kəmalə Xəlilova, gizir olmuş və hal-hazırda tərxis olunmuş Rafiq Qasımov əyləşmişdir) gizir İlqar Quliyevlə səmimi söhbət etdiyi anda onun xəbəri olmadan video çəkilib və həmin videonun da adı "intim videosu" olaraq adlandırılıb. Həmin videolentdən göründüyü kimi, o həmin an üst geyimində olmuş və heç bir artıq hərəkət etməmişdir (videogörüntü iddia ərizəsinə əlavə edilmişdir). Həmin gizlin videoçəkilişdən sonra, İlkin Qayıbov qadınlar şurasının sədri Aidə Mirzəyevaya anonim sorğu keçirəcəyini, İdarədə olan bütün Şöbələrə bununla bağlı məlumat verməsini bildirmişdir. Daha sonra anonim sorğuda iştirak edəcək şəxslərə gizir İlqar Quliyevlə onun adını "sevgili" kimi yazmaqlarını əmr etmişdir. Ayrıca olaraq onu qeyd edir ki, anonim sorğu adından göründüyü kimi şəxsin konfidensiallığının qorunmasından ibarət olsa da, İlkin Qayıbov həmin anonim sorğunun hər bir işçi tərəfindən imzalanmasına göstəriş vermişdir. Bu hərəkəti ilə də İlkin Qayıbov onun şəxsi həyatına müdaxilə etməsini açıq-aşkar şəkildə ifadə etmişdir. Həmin videolentdən və anonim sorğudan sonra, 14.01.2022-d il tarixində X2 şöbəsində ona yaxınlaşaraq, İlkin Qayıbovla danışdığını bildirdi və qeyd etdi ki, "özün öz ərizəni yazmasan İlkin Qayıbov səni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən çıxaracağını bildirdi, bu sənə lazımdır? əgər çıxacaqsansa öz ərizənlə çıxmağın daha məqsədəuyğun olacaqdır." O da öz növbəsində işgüzar nüfuzuna xələl gəlməməsi üçün, həmin gün istəyi olmadan, zorla, hədə-qorxunun təsiri altında ərizəni yazaraq Kadrlar Şöbəsinə təqdim etmişdir. Kadrlar şöbəsinin əməkdaşı Ruhanə xanım ilə 02.02.2022-ci il tarixində telefonla əlaqə saxladı, onun şəxsi həyatına müdaxilə edilərək, şər böhtan atıldığı üçün (ona olan qərəzi, şər böhtanı sübut etmək üçün başqa çıxış yolu yox idi) onun işdən çıxarıldığını Ruhanə xanımdan soruşarkən o, həmin faktı təsdiq etmişdir. İddia ərizəsinə əlavə edilmiş 370 nömrəli, 02.02.2022-ci il tarixli Vəkil sorğusuna əsasən əmək müqaviləsinin, işə qəbul, işdən çıxış ərizələri, işdən çıxış əmrinin, həmçinin işçinin işlədiyi müddət ərzində barəsində intizam tənbeh tədbiri tətbiq olunubsa həmin əmrin, həmçinin izahatların təsdiq edilmiş surətlərinin göndərilməsi qeyd olunmuş, lakin, Ordu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən həmin sorğu əsasında istənilən sənədlər göndərilməmişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş CD-dən də göründüyü kimi, Kadrlar Şöbəsində çalışan Ruhanə xanımla 02.02.2022-ci il tarixində əlaqə saxlayarkən Ruhanə xanıma ona olan təhdid nəticəsində ərizəni yazdığını soruşduqda o, həmin faktı təsdiq etmiş və öz xoşu ilə işdən çıxarılmağı ilə bağlı müəyyən məqamları qeyd etmişdir. Videonun guya ki, "intim video" adlandırılması onun Azərbaycan Respublikası qadını olaraq namusuna yaxılmış bir ləkə onu çox hiddətləndirdiyi və həmçinin işgüzar nüfuzuna xələl gətirildiyi üçün Ruhanə xanımla danışığını videolentə almaqdan başqa bir çarəsi qalmamışdı. Göstərilənləri nəzərə alaraq əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi və işə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin nümayəndəsi və vəkili Nümayəndə2 05.05.2022-ci il tarixdə məhkəməyə məlumat göndərərk bildirmişdir ki, iş üzrə şahid ifadələri və digər sübutlarla İddiaçı əmək müqaviləsi üzrə vəzifələrini dəfələrlə və kobud şəkildə pozduğu, bununla müəssisənin normal iş ahənginə xələl gətirdiyi, keçirilən iclaslarda pozuntularla əlaqədar ona dəfələrlə şifahi şəkildə xəbərdarlıqlar edildiyi və bu pozuntularla bağlı onun barəsində iki dəfə intizam tənbeh tədbiri tətbiq edildiyi öz təsdiqini tapmışdır. İş üzrə məhkəmə baxış iclasında şahid qismində izahat verən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin H.Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi İlkin Qayıbov verdiyi izahatda sözügedən İdarənin rəis müavini Cahangir Qurbanova “İddiaçı ya gəlsin ərizəsini yazsın, ya da onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam veriləcək” dediyini bildirsə də, bu hal idarə rəisi tərəfindən işçiyə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hədə-qorxu və ya məcburetmə xarakterli hərəkət kimi deyil, əksinə işçinin əmək müqaviləsi üzrə vəzifələrini dəfələrlə kobud şəkildə pozması, onun kollektivdəki nüfuzu və bundan əvvəl işlədiyi X8 Teatrında da əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsini və bununla əlaqədar əmək müqaviləsinə yenidən sözügedən əsasla xitam verilməsinin onun gələcəkdə işlə təmin olunması üçün ciddi maneələr yaradacağını nəzərə alaraq humanist yanaşma kimi qiymətləndirilməlidir. Təkrarən qeyd etmək istəyir ki, şahid qismində izahat verən digər işçilər də iddiaçı tərəfindən dəfələrlə əmək müqaviləsi üzrə vəzifələrinin kobud pozuntusuna yol verdiyini, bununla əlaqədar idarə rəisi tərəfindən iclaslarda ona şifahi xəbərdarlıqlar edildiyini, onun tərəfindən idarə rəisinin ünvanına xoşagəlməz ifadələr işlədildiyini, idarə rəisi tərəfindən hər hansı bir işçiyə qarşı qərəzli münasibət göstərilmədiyini bildirmişdirlər. Xüsusilə qeyd edilir ki, hətta barəsində töhmət növündə intizam tənbeh tədbiri tətbiq edilən Yeganə Dünyamalıyeva adlı işçi də yuxarıda göstərilən faktları təsdiq etmiş və idarə rəisinin daim bütün işçilərə qarşı humanist mövqe tutduğunu bildirmişdir. Göstərilənləri nəzərə alaraq bir daha bildirir ki, idarə rəisi tərəfindən İddiaçı qarşı öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilərkən hər hansı bir hədə-qorxu və ya məcburetmə xarakterli hərəkət tətbiq edilməmiş, əksinə ona qarşı yüksək humanist mövqe nümayiş etdirilmişdir. Bu səbəbdən də iddia tələbinin əsassız olduğunu bildirir və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı bildirmişdir ki, onun şəxsi həyatına kimsə müdaxilə edə bilməz. 2016-2022-ci illərdə həmin idarədə işini sevərək işləmişdir. İlkin bəy hara deyibsə ora ezam getmişdir. Xidməti yüksək səviyyədə olub, 44 günlük müharibədə veteran adı almışdır. İlkin bəyin bu işdə nə marağı olduğunu bilmir. Bütün bunlar ona qarşı şər-böhtan, şantajdır. Birinci dəfə də nizam-intizama görə işdən çıxarıldığı üçün əmək kitabçasında yazılmağını istəmədiyinə görə qorxub ərizəni yazmışdı. Təzyiqlə ərizə yazmağına Cahangir Qurbanov və Ruhanə xanım şahidlik edib. Cahangir bəy ona bildirdi ki, məhkəmə nə zaman dəvət etsə bununla bağlı şahidlik edəcək. Məhkəmə iclasında izahatı alınmış İddiaçın nümayəndəsi və vəkili Nümayəndə1 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs İddiaçı ona müraciət etdikdən sonra Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinə sorğular vermiş və sənədləri əldə etmişdi. Nigar xanım öz razılığı ilə deyil, hədə-qorxu altında ərizə yazmışdır. Buna rəis müavini Cahangir Qurbanov şahidlik edir. X5 bəyə müraciət edərək Nigar xanım öz ərizəsi ilə saat 5-ə qədər işdən çıxmadığı halda 70-ci maddənin (ç) bəndi ilə çıxaracağını bildirir. Hüquqlarını müdafiə etdiyi şəxs 70-ci maddənin (ç) bəndi ilə işdən çıxarılmanın onun gələcək karyerasına ziyan verəcəyini düşünüb hədə-qorxu altında ərizə yazmışdır. Bunu iş materiallarına əlavə etdiyi kadrlarda işləyən Ruhanə xanımın səs yazısı da təsdiq edir. İşdən çıxarılmasına səbəb guya İlqar Quliyevlə gizlin sevgili münasibəti olmasıdır. X6 yazdığı məktubda da görə bilərik. Orada iddiaçının yoldaşının, qaynana və qaynatasının da şahidlik etməsini istəyir ki, guya gizlin olanları onlar da bilsin. İddiaçının şəxsi həyatına kimsə qarışa bilməz, buna görə iş yerində hədə-qorxuya məruz qala bilməz, işdən çıxarıla bilməz. Bütün bunlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin nümayəndəsi və vəkili Nümayəndə2 bildirmişdir ki, iddia tələbini qəbul etmir. Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi İlkin Qayıbov tərəfindən iddiaçıya hər hansı formada təzyiq göstərilməmiş, öz təşəbbüsü ilə işdən ayrılmışdır. Əmək funksiyalarını pozduğuna görə dəfələrlə şifahi formada xəbərdarlıq olunub. X7 humanist yanaşıb. İddiaçı hədə-qorxu ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib, araşdırma aparılıb, işçilərin izahatı alınıb. Növbəti dəfə Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi ilə işdən çıxarılması, yeni əmək müqaviləsi bağlaması və gəlir əldə etmə imkanını azaldacaqdı. İddiaçıya barışıq təklif olunub, əmək haqqı ödənilmədən işə bərpa oluna bilərdi. Lakin iddiaçı razılaşmayıb. İşçilərə təzyiq olmadan könüllü sorğuda iştirak ediblər. Məhkəmə iclasında şahid İlkin Qayıbov bildirmişdir ki, 3 ildir ki, Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində rəis işləyir, polkovnik-leytenantdır. Müharibə vaxtı şəxsi heyət cəbhə bölgəsinə gedib. 50 nəfər avtobusda gedib-gəlirlər. Gələndən sonra “siz necə idarə rəisisiz, bir nəfərin öhdəsindən gələ bilmirsiz” deyirlər. Şəxsi heyyət otağının qarşısına toplaşaraq bu intizamsızlığa son qoymağını istəyirlər. İddiaçı 05.07.2021-ci il tarixdə intizamsızlığına görə, 12.01.2022-ci ildə isə nizam, intizam və etik davranış qaydalarını pozduğuna görə töhmət verilmişdi. Hər iclasda ailə vəziyyətini, övladı olmasını nəzərə alaraq xəbərdarlıq etmiş, nizam intizama dəvət etmiş, hərbi müəssisə olduğunu bildirmişdir. İclas bitir gedib şəxsi heyətin içində deyir ki, “bu keçəl kimdi, mən bilirəm nə edirəm”. 878 saylı hissədə tədbir edən zaman, Nigar xanıma özünü yaxşı aparmasını tapşırmışdır. Tədbir gedə-gedə bir nəfər küçə adamı ona zəng edərək “lotuyam, sən kimsən Nigar xanıma gözünün üstündə qaşın var deyirsən, bilmirsən səni aradan götürərəm” deyir. Səhvi o oldu ki, həmin adamı polisə vermədi. Cahangir bəyə müraciət edərək Nigar xanım öz ərizəsi ilə işdən çıxmadığı halda 70-ci maddənin (ç) bəndi ilə çıxaracağını demişdir. Məhkəmə iclasında şahid Humay Abbasova bildirmişdir ki, 3 ildən çoxdur ki, Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində işləyir. Nigar xanım bir işçi kimi hamıya qarşı aqressiv olub. Onun barəsində etmədiyi hərəkətləri rəisə çatdırıb. Özünü elə aparırdı ki, heç kəs onunla ünsiyyət qurmaq istəmirdi. 5 nəfər oturub çay içirlər, gedib rəisə deyir ki, Humay orada qruplaşma yaradır. Nigarın işdən çıxmağına səbəb İlqarla münasibəti olub. Bunu hamı bilirdi və heçkəs barışmaq istəmirdi. İlkin müəllim iclas keçirdi və abırını qoruyaraq İlqarı qaldırıb deyib ki, “bir də ona yaxın durma”. İlqar kimə yaxın durduğunu soruşduqda, “sən bilirsən kimi deyirəm” dedi. İlqar isə “oldu rəis” dedi. İclas qurtarandan sonra Nigar İlqarı yanağından öpərək “yaxşı edirsən mənə yaxın durursan” dedi. Nigar işdən çıxmamışdan öncə sorğu keçirilib bu barədə onlar da cavablayıblar. Nigarın xoşu gəldiyi oğlan onunla münasibət qurmaq istədiyi üçün Nigarın ondan xoşu gəlmir. Kəmalə xanımın 17 yaşında qızı şəhid tədbirinə baxmağa gəlmişdi, qız utandığından çıxıb getdi ki, bu nədir, bunlar bir-birlərinin ağzına giriblər. İşdən sonra nə edir etsin, amma idarədə edir. Elə bilir həmin videonu o çəkib, amma belə deyil. Nigar özü də smartfon istifadə edir, heç kəs ona söz demir. İlkin müəllim hər tədbirdən gələndən sonra adlarını çəkib tərifləyirdi, ona hədə-qorxu gəlməyib. Əksinə İlkin müəllim ona demişdi ki, qruplaşma yaradsan səni işdən çıxaracağam. O abır edib Nigara nə isə deməyib, İlqara ona yaxın durmamağını deyib. Nigar ona aqressiv davranırdı, elə bil ondan aşağı adamdır. İlkin bəyin Nigara işdən çıxması üçün hədə-qorxu gəlməsi barədə nə isə eşitməmişdir. Məhkəmə iclasında şahid Günay Qasımova bildirmişdir ki, Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində 7 ildir ki, işləyir. Nigarın müğənni kimi yaxşı səsi var. İşçi kimi də əvvəl yaxşı münasibətləri olub, hətta bir müddət dost olmuşlar. Cahangir Qurbanov rəis müavini kimi gəldikdən və Nigar İqarla dostluq etməyə başladıqdan sonra dəyişməyə başladı. Dəfələrlə bunun ona lazım olmadığını, başı aşağılıq gətirəcəyini demişdi. Nigar xanım onların təsiri altına düşdü. İşdən çıxmasına səbəb Nigar xanımın özünün ərizəsi olub. Əgər ona şər-böhtan atılmışdısa, ərizəni yazmadan birbaşa məhkəməyə müraciət edə bilərdi. Nigar xanım işdən çıxmadan 2-3 gün əvvəl sorğu keçirilib. Nizam-intizamla bağlı olan iclaslarda dəfələrlə Nigara etik qaydalara uyğun davranmasını bildirib. İlqarla Nigar 3 gün barışır, 4-cü gün yenə dava edirdilər, gəlib əllərini stola çırpırdılar, bu dəfə bitdi deyirdi. Nigar hamıya yuxarıdan baxırdı. Hamının artıq ondan acığı gəlirdi. Hətta onlarda rəislər hörmətli və hörmətsiz deyə kateqoriyaya bölünmüşdü. Onun şəxsi işinə qarışmır, amma bu söhbətlər xoş deyil, o kollektivdə belə söhbətlərin olmağını istəmir. Ən son hədd İlqarın onu təhqir etməsi oldu. Nigarla onlar çörək kəşmişlər, İlqar onu söyəndə ən azından xanımı təhqir etməzlər Nigar deyə bilərdi. Dəfələrlə uşağı və İlqarla onun evinə gəlib, iş yoldaşlarıdı deyə qabaqlarına çörək qoymuşdur. Son dəfə Ağdam ezamiyyətində olmuşlar. Cahangir Qurbanov ona o qədər əminlik vermişdi ki, elə bilirdi istədiyi adamla istədiyi kimi davrana bilər. Onlar hərbi hissəyə gedirlər, əsgər yeməyi yeyirlər, heç vaxt bu nə hörmətsiz yeməkdi deyə bilmərik. Nigar ağzında diş çöpü, ayağını ayağının üstünə aşırıb “oradan hörmətli yeməklərinizdən gətirin” dedi. Bunu qəbul edə bilmir. Özünü təhqir olunmuş kimi hiss edir. İlkin müəllim dəfələrlə xəbərdarlıq edib. Hətta sonuncu dəfə İlqarı qaldırıb “xanımlara normadan artıq yaxınlıq etmə” dedi. İlqar kimə yaxın durduğunu soruşduqda, “sən bilirsən kimi deyirəm” dedi. Əgər İlqar qəbul etmirdisə, kimi dediyini soruşardı, amma “oldu rəis” dedi. İclas qurtarandan sonra Nigar İlqarı yaxasından tutub öpərək ”yaxşı edirsən mənə yaxın durursan” dedi. Onlar münasibətlərini gizlətmirdilər. Nigarı İlkin müəllimin çıxardığını düşünmür. Onun işdən çıxmağına səbəb X3 Quliyevdir. İlkin bəyin Nigara hədə-qorxu gəlməsini görməmişdir. Sorğu 3 dəfə olub, biri anonim, digərləri ad soyad ilə. Kollektivdi, hamı bir-birinə nə yazdığını deyir. 2-3 nəfər orada onun adını da yaza bilərdi, amma 30-40 nəfər yazıbsa nəyi səhv etdiyini düşünmək lazımdır. Nizam-intizam, davamiyyətlə bağlı iclaslarda hamı olurdu, təkcə Nigar danlanmayıb, başqalarına da söz deyilib. Məhkəmə iclasında şahid Aidə Mirzəyeva bildirmişdir ki, Nigar xanım özü ərizəsini yazıb işdən çıxıb. Rəisin humanistliyidir ki, onu maddə ilə çıxarmadı. İclaslarda geyiminə, davranışına görə irad tutulub. İlqarla bağlı adları çəkilməsə də, iclasda qapalı şəkildə o da bildirilib. Onlar ansambldadır deyə o çox iclaslarında olmur. Ümumi iclasda İlqara dedi ki, “bir də yaxın durma”. İlkin müəllim ipək kimi adamdır. Hamıya anamsız, bacımsız deyir. Heç kimi təhqir etmir, güldən ağır söz demir. İlkin müəllim heç kəslə qərəzli hərəkət etmir. Nigar işdə olan zaman sorğular keçirilib. Ezamiyyətdən gələn qızlar nə deyibsə onu yazmışdır. Avtobusda xəcalət çəkdiklərini, bununla bağlı ölçü götürülməsini isdəyirdilər. Amma adlarının çəkilməyini istəmirdilər. Dəfələrlə geyimi ilə bağlı irad bildirilib. İdarə heyəti kişidir, ayağını ayağının üstünə atıb onların qarşısında oturanda, keç arxada otur deməməlidir? Niyə başqasını demirlər? İlqarla Nigarı deyirlər? Zöhrab müəllimin vaxtında Nigar ondan çəkinirdi. İlkin müəllim mülaimdir deyə çəkinmir ondan. Məhkəmə iclasında şahid Yaminova Ruhanə bildirib ki, Nigar öz xahişi ilə işdən çıxıb. O kadrlar şöbəsində olduğu üçün çox təmasda olmur. Ümumi iclasda İlkin müəllim özünüzü yaxşı aparın deyib, Nigar xanımın adını çəkməyib. Nigar xanım işdə olan zaman sorğular keçirilib. Sorğularda iştirak etmiş və “eşitdiyimə görə” yazmışdı. Bütün kollektiv iclaslarda iştirak edir. İlkin müəllim dedi ki, Nigar xanım gəlib özü ərizəsini yazacaq. İlkin müəllimin ərizəsini yazsın yoxsa 70-ci maddənin (ç) bəndi ilə işdən çıxaracağam deməyini eşitməmişdir. Nigar xanımın kimləsə əxlaqa sığmayan hərəkətlərini görməmiş, lakin eşitmişdir. Məhkəmə iclasında şahid Xəlilova Kəmalə bildirmişdir ki, Nigar özünü kollektivə uyğun, layiqli aparmadığı üçün işdən çıxıb. Başqa adla çıxmağının onun üçün biabırçılıq olacağını başa düşdüyü üçün özü ərizə yazıb çıxdı. Bununla bağlı iclaslar keçirilib, dəfələrlə xəbərdarlıq edilib ki, nizam-intizam qaydalarına riayət edin. Nigar “rəis kimdi, o kimdi?” deyəndə düşünməli idi ki, gedib çatdırırlar. Nigardan 12 yaş böyük olduğundan ona belə etmə deyəndə, deyirdi “mənim şəxsi işimə qarışma, belə zordu”. Qızım şəhid tədbirinə baxmaq istəyirdi, hələ zaman vardı deyə otağa gəldi. Nigar hoppanıb İlqarın qucağına oturdu. Qızım həyat yoldaşı olduğunu soruşdu, o da məcbur dedi həyat yoldaşıdır. Artıq-əskik hərəkətlərdən oturmaq istəmədiyini, biabırçılıq olduğunu deyib getdi. Nigar düşünməli idi ki, azyaşlı uşaq var. 15 yaşında qızı ona necə kollektivdə işlədiyini dedi. İlkin bəydən hədə-qroxu görməmiş, hörmət-izzət görmüşdür. Şəxsiyyət olaraq çox yaxşı insandır. İşdən çıxması ilə bağlı Nigara heç bir hədə-qorxu gəlməyib. Sorğuda Nigar və İlqarın sevgili olduğunu qeyd etmişdir. Özləri etiraf edir, gizlətmirlər. İdarədə, kollektivdə əlini stola vurub “sevgiliyik, yaxşı edirik” deyir. Məhkəmə iclasında şahid Salmanov Elçin bildirmişdir ki, təlimatçı işləyir. Nigar işdən çıxarılanda covid xəstəliyinə görə təcrid olunmuşdu. Anonim sorğu keçirilən zaman orada olmamış, gələndən sonra iştirak etmişdi. Onların qeyri-etik hərəkətini gözü ilə görməmişdir. İlqarın özü ona deyib ki, sorğuda özü də sevgili olduğunu yazıb. Məhkəmə iclasında şahid Dünyamalıyeva Yeganə bildirmişdir ki, o işə təzə gəlib. Gələndə elə bilirdi Nigar boşanmış qadındı və bunlar ər-arvaddırlar. Sonra öyrənib ki, Nigar evlidir. İclasda rəis özünüzü yaxşı aparın deyə xəbərdarlıq etdi. Konkret ad çəkmədi. Səhər işə gələndə öyrənib ki, bunlardan söhbət gedir. İlqar lülə-tikə kababı yeyib pulunu verməyib deyə Nigar dalaşırdı. Nigar işdə olan zaman sorğular keçirilib. İlkin müəllim çox yaxşı insandır. İki dəfə ad çəkilmədən xəbərdarlıq edib ki, uzaq durun. İclasdan sonra Nigar “əccəb edirsən” deyib İlqarı qucaqladı. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi ilə İddiaçı arasında bağlanılmış 165 №-li 02.09.2016-cı il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinə “Mahnı və Rəqs ansamblının 2-ci dərəcəli artisti” vəzifəsinə işə qəbul edilmişdir. İş üzrə 02 sentyabr 2016-cı il tarixli, 96 nömrəli əmrdən görünür ki, İddiaçı 02.09.2016-cı il tarixdən “Mahnı və Rəqs ansamblının 2-ci dərəcəli artisti” vəzifəsinə işə qəbul edilmişdir. İş üzrə 03 may 2017-ci il tarixli, 56 nömrəli əmrdən görünür ki, İddiaçı 04.05.2017-ci il tarixdən “Mahnı və Rəqs ansamblının 2-ci dərəcəli artisti vəzifəsindən yüksək dərəcəli artist vəzifəsinə” keçirilmişdir. İş üzrə İddiaçı 14.01.2022-ci il tarixli ərizəsindən görünür ki, 14 yanvar 2022-ci il tarixdən öz xahişi ilə işdən azad olunmağını xahiş etmişdir. İş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisinin 14 yanvar 2022-ci il tarixli, 4 nömrəli əmrindən görünür ki, İddiaçı Mahnı və Rəqs ansamblının yüksək dərəcəli artisti, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Əsas: İddiaçı ərizəsi. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 02.09.2016cı il tarixdə əmək müqaviləsi bağlanılmış və artist vəzifəsinə işə qəbul edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı ərizə yazaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verməsini xahiş etmiş və 14 yanvar 2022-ci il tarixdə cavabdehin iddiaçı ilə əmək münasibətlərinə xitam verilmişdir. İddiaçı irəli sürdüyü tələbləri onunla əsaslandırmışdır ki, o, işdən çıxma barədə ərizəni öz istəyi olmadan hədə-qorxu nəticəsində yazmışdır. Bu səbəbdən iddiaçı işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının yazdığı ərizənin əmr verilən tarixlə eyni gündə yazıldığı müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi X5 bəyə müraciət edərək Nigar xanımın öz ərizəsi ilə işdən çıxmadığı halda 70-ci maddənin (ç) bəndi ilə çıxaracağı demişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddənin 3cü bəndinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qayda sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən işəgötürənin əsas vəzifələsi əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaqdır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası 1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin 14 yanvar 2022-ci il tarixli 4 nömrəli əmri Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci və 7-ci bəndlərinin tələbləri pozulmaqla verildiyindən həmin əmr ləğv edilməlidir. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin 14 yanvar 2022-ci il tarixli 4 nömrəli əmri ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, Mahnı və Rəqs ansamblının yüksək dərəcəli artisti vəzifəsinə bərpa edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin 14 yanvar 2022-ci il tarixli 4 nömrəli əmri ləğv edilsin, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, Mahnı və Rəqs ansamblının yüksək dərəcəli artisti vəzifəsinə bərpa edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xidmət haqqı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzindən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Şəhla Süleymanova