Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-825/2025 01.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi A.K.Şükürovun, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" MTK xx.xx.2005-ci ildə tikintisi başa çataraq istismara verilmişdir. Daha sonra isə 2024-cü ildən etibarən MTK Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti olaraq fəaliyyətini davam etdirməkdədir. Hal-hazırda bu ünvanda 110 mənzil var və 11 qeyri-yaşayış obyekti fəaliyyət göstərməkdədir. Bu 11 qeyri-yaşayış obyektindən 4 MMMC ilə müqavilə imzalamış, digər 7 obyekt isə müqavilə bağlamaqdan imtina etmişdir. Beləliklə bu 4 müəssisə bağladıqları müqaviləyə əsasən müvafiq ödənişlər edirlər. Lakin Cavabdeh halhazırda mülkiyyətində olan obyektə görə nə kommunal xidmətlərin göstərilməsi üçün nəzərdə tutulan aylıq ödənişi ödəyir, nə də təmir işlərinə kömək etmək üçün nəzərdə tutulan məbləği ödəyir. Hal-hazırda "xxxx" MMMC-yə ödənilməmiş olaraq qalan son 10 il üzrə güzəştli kommunal xidmət haqqı olan illik 600 manat toplam 6000 manat və 2024-cü il yanvar ayından etibarən oktyabr ayı da daxil olmaqla 1600 manat (aylıq 160 manat olmaqla), toplamda cəmi 7600 manat məbləğində borcu mövcuddur. Bu barədə dəfələrlə şifahi və yazılı formada müraciət edilməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir hərəkət göstərilməmişdir. Bu səbəbdən xx.xx.2023, xx.xx.2024, xx.xx.2024-cü il tarixdə cavabdehə bildiriş verilmiş, son bildiriş də pretenziya məktubunda isə yuxarıda qeyd edilənlərin həyata keçirilmədiyi təqdirdə məhkəməyə iddia ərizəsi ilə veriləcəyi qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh tərəfindən son 10 il üzrə güzəştli kommunal xidmət haqqı olan illik 600 manat olmaqla, toplam 6000 manatın və 2024-cü il yanvar ayından etibarən oktyabr ayı da daxil olmaqla 1600 manat (aylıq 160 manat olmaqla), toplamda cəmi 7600 manat pul vəsaitinin tutularaq "xxxx" MMMC-nin hesabına ödənilməsi və MMMC ilə müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, cavabdeh ümumi çənə doldurulan və motorlar vasitəsi ilə ötürülən sudan istifadə edir, həmin motorlar mütəmadi təmir olunur, elektrik enerjisi ilə işləyir. Cəmiyyət tərəfindən xəttlərin yenilənməsi zamanı həm sakinlərə, həm də qeyri-yaşayış sahəsinin mülkiyyətçilərinə köməklik göstərilməsi xahiş olunmuş, 55.000 manata yaxın işlərin görülməsinə xərc çəkilmiş, lakin cavabdeh yardım göstərməkdən imtina etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı "xxxx" MMMC 10 il üzrə kommunal xidmətin və müqavilə bağlamaq öhdəliyinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Halbuki MTK 2024-cü ildən MMMC kimi fəaliyyət göstərir, lakin 10 il üzrə kommunal xidmətə görə vəsait tələb etməklə yanaşı Mənzil Məcəlləsinin yaşayış sahəsi ilə bağlı bir sıra mülkiyyətində olan qeyri-yaşayış sahəsinə aidiyyatı olmayan maddələrinə əsaslanmışdır. Belə ki, iddiaçı hüquqi şəxsin adından da görünür ki, o, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətidir. Cavabdeh qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi Cəmiyyətin üzvü deyil. Bundan əlavə mülkiyyətdə olan qeyri-yaşayış sahəsi həmin binanın birinci mərtəbəsində yerləşsə də, binanın giriş-çıxışdan kənarda olduğuna görə binaya göstərilən kommunal və sair xidmətlərdən istifadə etməsi mümkün deyildir. Cavabdehin mülkiyyətində olan sahə qeyri-yaşayış kimi istifadə edildiyinə görə yalnız quraşdırılan sayğaclara uyğun göstərilən xidmətlər üçün vəsait ödənilir. Yəni cavabdeh nəzərdə tutulan ümumi istifadə yerlərindən (blokların, həyatyanı sahənin işıqlandırılması, liftdən istifadə, mühafizə və xadimələrin xidmətindən) istifadə etmir. Belə vəziyyətdə isə MMMC cavabdehlə müqavilə bağlanaraq Çoxmənzilli binanın saxlanması üçün kommunal xidmət haqqına dair tələbi qanunsuz və əsassızdır. İddiaçı ilə cavabdeh arasında kommersiya əlaqələri mövcud deyil. Göründüyü kimi Çoxmənzilli binada yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri həmin binada yaradılmış (yaradılan) mənzil mülkiyyətlərinin müştərək cəmiyyətinin iştirakçıları olması məcburi deyildir. Cavabdehin nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, həqiqətən qeyri-yaşayış sahəsinə su çəndən motor vasitəsi ilə vurularaq gəlir. Lakin motorun təmiri, elektrik enerjisindən istifadə ilə əlaqədar borc kommunal xidmət kimi cavabdehdən tələb edilə bilməz. İddiaçı cavabdehə qarşı çəkilən xərcin ona düşən hissəsini tələb edə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş QYM seriyalı 002991 nömrəli, xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsinin surətinə əsasən ünvan 1 ünvanının 1-ci mərtəbəsində yerləşən əsas sahəsi 238,7 kv.m., yardımçı 32,4 kv.m., ümumi sahəsi 271,1 kv.m. olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İş üzrə "xxxx" MTK tərəfindən “Sıxth Avenue” adlı obyektin sahibi Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli 1 No-li bildirişin surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında 1-ci mərtəbədə yerləşən obyektə görə binanın elektrik və su-kanalizasiya xətlərindən istifadə etməsi ilə bağlı bu günə qədər hələ də binada görünən təmir işlərinə kömək etməmişdir, "xxxx" MTK ilə müqavilə bağlamamışdır və bu xidmətlə bağlı aylıq ödəniş etmir. Yuxarıda göstərilənlər 5 gün ərzində yerinə yetirilmədiyi təqdirdə kommunal xidmətlərin göstərilməsi dayandırılacaq və məhkəməyə müraciət olunacaq. İş üzrə "xxxx" MTK-nın xx.xx.2024-cü il tarixli 013 nömrəli iclas protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə binanın İdarə heyətinin üzvləri və bir neçə mənzil mülkiyyətçisinin iştirakı ilə iclas keçirildi. İclasda aylıq hesabat, görülən işlər, Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılması prosesinin yekunlaşdırılması üçün İH-nin üzvləri sırasından təsiçilərin müəyyən olunaraq seçilməsinin vacibliyi, "xxxx" MTK-nın yenilənməsi, müqavilə bağlamayan və təmirə kömək etməyən obyektlər barədə yekun qərar, mənzillərdə görülən təmir işləri ilə əlaqədar yük liftlərinin tez-tez sıradan çıxmasının həll yolu ilə bağlı, həmçinin Su təchizatında görülən işərin yekunları və digər cari məsələlər müzakirə olundu. İclasın nəticəsi olaraq aylıq hesabatın dinlənilməsi və təsdiqlənməsi (bütün hesabatlar qrupa göndərilmişdir) (bənd 1), Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılması məqsədilə təsisçilər müəyyənləşdi: İH-nin üzvləri sırasından Məmmədov Fuad, Əmiraslanova Sevinc və Nəsibov İlqar MMMC-nin təsisçiləri seçilməsi və təsdiqlənməsi (bənd 2), "xxxx" MTK-nın yenilənməsi prosesinin təşkili üçün Vəkillə müqavilənin bağlanması Fuad Məmmədov tərəfindən təklif edilməsi və qəbul edilməsi (bənd 3), Müqavilə bağlamayan və təmirə kömək etməyən obyektlərin binanın su, elektrik və kanalizasiya xəttindən ayrılması haqqında kollektiv müraciətin "xxxx" ASC-yə, "xxxx" ASC-yə və Məhkəməyə göndərilməsi (bənd 4), Mənzilində təmir işləri həyata keçirən mənzil sahibləri təmirin həcmindən asılı olaraq yük liftlərinin təmiri üçün 200 manatdan 500 manatadək ödənişin etməsi (bənd 5), Bir neçə cari məsələlərə baxılması və həll edilməsi (bənd 6), xx.xx.2024-cü il tarixdə İdarə heyətinin növbəti iclasının keçirilməsi (bənd 7) qərara alınmışdır. İş üzrə "xxxx" MTK tərəfindən “Sıxth Avenue” adlı obyektin sahibi Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 2 No-li bildirişin surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında 1-ci mərtəbədə yerləşən obyektə görə binanın elektrik və su-kanalizasiya xətlərindən istifadə etməsi ilə bağlı bildirişin verildiyi tarixdən bu günə qədər hələ də binada görülən təmir işlərinə kömək etməmişdir, "xxxx" MTK ilə müqavilə bağlamamışdır və bu xidmətlə bağlı aylıq ödəniş etmir. Yuxarıda göstərilənlər 5 gün ərzində yerinə yetirilmədiyi təqdirdə kommunal xidmətlərin göstərilməsi dayandırılacaq və məhkəməyə müraciət olunacaq. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli X1 Reyestrindən Çıxarışından görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx.xx.2024-cü il tarixdə (qeydiyyat No 1124-MM11-0315) qeydiyyatdan keçmişdir. MMMC-nin fəaliyyət predmeti yaşayış bbinasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyynləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək kimi müəyyən edilmiş, qeydiyyata alınmanın əsası kimi sahə mülkiyyətçilərinin xx.xx.2024cü il və xx.xx.2024-cü il tarixli qərarları və digər sənədlər təşkil etmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X2 X5 Şəhadətnaməsinin (qeydiyyat No 1124-MM11-0315) surətindən görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx.xx.2024-cü il tarixdə Dövlət qeydiyyatından keçmişdir. İş üzrə "xxxx" MMMC-nin Nizamnaməsinin surətindən görünür ki, "xxxx" MMMC müstəqil təsərrüfat subyekti olmaqla Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, ev 1C ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz faliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Mülki Məcəlləsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir (bənd.1.1). Cəmiyyət bu Nizamnamədə müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş sahə mülkiyyətçilərinin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir (bənd 1.2). Çoxmənzilli binada yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri cəmiyyətin üzvü ola bilərlər (bənd 1.3). Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusuna malik olur (bənd 1.6). Cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində əldə etdiyi vəsait cəmiyyətin iştirakçılarına dividend kimi verilmir və yalnız cəmiyyətin üzvlərinin ümumi yığıncağının qərarı ilə binanın birgə istifadədə olan hissələrinin və cəmiyyətin yerləşdiyi yaşayış binasının istismarına və kommunal xidmətlər təchizatı qurğu və avadanlıqlarının təmir və bərpasına yönəldilir (bənd 1.7). Cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir (bənd 2.1). Cəmiyyətin iştirakçılarının ümumi yığıncağı, cəmiyyətin idarə heyəti və maliyyə təftiş komissiyası (müfəttişi) cəmiyyətin idarəetmə orqanlarıdır (bənd 6.1). Cəmiyyət iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, həmçinin bu nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır (bənd 6.2). İş üzrə "xxxx" MTK-nın xx.xx.2024-cü il tarixli 017 nömrəli iclas protokolunun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə binanın İdarə heyətinin üzvləri və bir neçə mənzil mülkiyyətçisinin iştirakı ilə iclas keçirilmişdir. İclasda aylıq hesabat, görülən işlər, "xxxx" MMMC-nin yaranması ilə əlaqədar, liftərin qəzalı vəziyyətdə olması, kənar şəxslərin zirzəmiyə daxil olması nəticəsində binanın təhlükəsizlik qaydalarının pozulması və digər cari məsələlər müzakirə olunmuşdur. İclasın nəticəsi olaraq aylıq hesabat dinlənilməsi və təsdiqlənməsi (bütün hesabatlar qrupa göndərilmişdir) (bənd 1), "xxxx" MMMC-nin yaradılması ilə əlaqədar "xxxx" MTK ləğv olunması və onun bütün səlahiyyətlərin "xxxx" MMMC-yə verilməsi (bənd 2), cari məsələlərin müzakirə olunması (bənd 3), xx.xx.2024-cü il tarixdə İdarə heyətinin növbəti iclasının keçirilməsi (bənd 4) qərara alınmışdır. İş üzrə "xxxx" MMMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaradılmışdır. Bina sakinlərinin iştirakı ilə keçirilən iclasın qərarına əsasən "xxxx" MTK ləğv edilmiş və onun bütün səlahiyyətləri, yaşayış və qeyri-yaşayış sahələri üzrə səlahiyyətlər "xxxx" MMMC-yə verilmişdir. Yeni Nizamnaməyə əsasən mənzillər və obyektlər məcburi xidmət haqqı ödəməlidirlər. Obyektlərə "xxxx" MMMC-nin idarə heyətinin və sakinlərin ümumi iclasının qərarına görə obyektlərin hər kv.m. görə 0.8 azn müəyyənləşdirilmişdir. Xidmət haqqı ümumi su, elektrik, kanalizasiya xətlərindən və həyətdən istifadəyə görə müəyyənləşdirilir. Aşağıda göstərilən müqavilə qısa müddətdə imzalanmalı və İdarə heyətinə təqdim olunmalıdır. Ödəniş xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Müqavilə təqdim olunduğu gündən 15 gün ərzində qarşılıqlı imzalanmadığı halda "xxxx" MMMC-nin nizamnamənin 3.3 bəndinə əsasən məhkəməyə müraciət etmək hüququ vardır. xx.xx.2024-cü il tarixədək müqavilələr imzalanmadığı halda məhkəməyə müraciət olunacaqdır. İş üzrə "xxxx" MMMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, "xxxx" MTK xx.xx.2005-ci ildə tikintisi başa çataraq istismara verilmişdir. Daha sonra isə 2024-cü ildən etibarən MTK Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti olaraq fəaliyyətini davam etdirməkdədir. Hal-hazırda bu ünvanda 110 manat var və 11 qeyri-yaşayış obyekti fəaliyyət göstərməkdədir. Bu 11 qeyri-yaşayış obyektindən 4-ü MMMC ilə müqavilə imzalamış, digər 7 obyekt isə müqavilə bağlamaqdan imtina etmişdir. Beləliklə, bu 4 müəssisə bağladıqları müqaviləyə əsasən müvafiq ödənişləri edirlər. Lakin Cavabdeh hal-hazırda mülkiyyətində olan obyektə görə nə kommunal xidmətlərin göstərilməsi üçün nəzərdə tutulan aylıq ödənişi ödəyir, nə müqavilə bağlayır, nə d təmir işlərinə kömək etmək üçün nəzərdə tutulan məbləği ödəyir. Hal-hazırda "xxxx" MMMC-yə ödənilməmiş olaraq qalan son 10 il üzrə güzəştli kommunal xidmət haqqı olan illik 600 manat olmaqla toplam 6000 manatın və 2024-cü il yanvar ayından etibarən oktyabr ayı da daxil olmaqla 1600 manat (aylıq 160 manat olmaqla), toplamda cəmi 7600 manat məbləğində borcu mövcuddur. Bu barədə dəfələrlə şifahi və yazılı formada müraciət edilməsinə baxmayaraq, Cavabdeh tərəfindən heç bir hərəkət göstərilməmişdir. Bu səbəbdən xx.xx.2023, xx.xx.2024,xx.xx.2024-cü il tarixdə Cavabdeh bildiriş verilmiş, son bildirişdə isə yuxarıda qeyd edilənlərin həyata keçirilmədiyi təqdirdə məhkəməyə iddia veriləcəyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq son 10 il üzrə güzəştli kommunal xidmət haqqı olan illik 600 manat olmaqla toplam 6000 manatın və 2024-cü il yanvar ayından etibarən oktyabr ayı da daxil olmaqla 1600 manat (aylıq 160 manat olmaqla), toplamda cəmi 7600 manatın 10 gün ərzində MMMC-nin hesabına ödənilməsini və MMMC ilə müqavilə bağlamasını xahiş etmişdir. Əks təqdirdə, mübahisənin həll edilməsi üçün məhkəmə orqanlarına müraciət edəcəklər. İş üzrə "xxxx" MMMC-nin xx.xx.2025-ci il tarixli 006 nömrəli iclas protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə binanın İdarə heyətinin üzvləri və bir neçə mənzil mülkiyyətçilərinin iştirakı ilə iclas keçirilmişdir. İclasda 2 aylıq və 18 aylıq hesabağ, Su təchizatında İlham Vəliyevə olan borc vəsaiti, qarajların özəlləşdirilməsi, İdarə heyətinin say tərkibinin dəqiqləşdirilməsi, təcili görüləcək işlər, ödəniş etməyən sakinlərin və obyektlərin müzakirəsi, avtoyuma məntəqəsinin fəaliyyəti və qarşısının təmiri, komendantın və komendant köməkçisinin işlərinin qiymətləndiriləsi və digər məsələlər müzakirə olunmuşdur. İclasın nəticəsi olaraq hesabatların müzakirə edilməsi və təsdiq edilməsi (bütün hesabatlar elan lövhələrində və qrupda göstərilmişdir) (bənd 1), su təchizatına olan 5000 manat borcun növbəti aylar ərzində hissə-hissə ödənilməsi (bənd 2), qeyri-yaşayış obyekti olan qarajların özəlləşdirilməsi üçün müraciət edən sakinlərə Protokoldan çıxarışın və maliyyə arayışın verilməsi (bənd 3), İdarə heyətinin say tərkibi səsə qoyularaq dəqiqləşdirilməsi (bənd 4), binanın yanğın təhlükəsizlik qurğularının qaydada salınması və ümimi su sayğacının dəyişdirilməsi birinci növbədə həll edilməsi (bənd 5), uzun müddət ödəniş etməyən sakinlərin və obyektlərin iddia sənədləri hazırlanaraq məhkəməyə göndərilməsi (bənd 6), avtoyuma məntəqəsinin fəaliyyət göstərməsi qeyri-qanuni sayılması və həmin obyektin fəaliyyəti nəticəsində onun qarşı hissəsinə dəymiş zərərin təmir xərcinin İdarə heyəti üzvləri tərəfindən maliyyələşdirilməsi (bənd 7), kommendantın və kommendant köməkçisinin 4 ay ərzindəki fəaliyyətləri qeyri-qənaətbəxş hesab edilməsi və onlara növbəti 4 ayda fəaliyyətlərini mükəmməlləşdirmək tapşırılması (bənd 8), xx.xx.2025-ci il tarixdə İdarə heyətinin növbəti iclasının keçirilməsi (bənd 9) qərara alınmışdır. İş üzrə enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsalat müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra – abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə abonent Cavabdeh arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMMC mənzil mülkiyyətçilərinin təşəbbüsü ilə xx.xx.2024-cü il tarixdə yaradılmışdır və cəmiyyətin yaradılmasında əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binaların ümumi əmlak istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək, nizamnamədə nəzərdə tutulmuş məqsədlərini yerinə yetirilməsi üçün fəaliyyət növlərindən həyata keçirilməkdən ibarətdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi 2005-ci ildən Cavabdeh mülkiyyətindədir və onun tərəfindən bütün kommunal xərclərini ödənilir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçının fəaliyyət göstərdiyi ünvanda 110 mənzil var və 11 qeyri-yaşayış obyekti fəaliyyət göstərməkdədir. Bu 11 qeyri-yaşayış obyektindən dördü MMMC ilə müqavilə imzalamış, digər 7 obyekt isə müqavilə bağlamaqdan imtina etmişdir. Beləliklə bu 4 müəssisə bağladıqları müqaviləyə əsasən müvafiq ödənişlər edirlər. Lakin Cavabdeh hal-hazırda mülkiyyətində olan obyektə görə nə kommunal xidmətlərin göstərilməsi üçün nəzərdə tutulan aylıq ödənişi ödəyir, nə də təmir işlərinə kömək etmək üçün nəzərdə tutulan məbləği ödəyir. Hal-hazırda "xxxx" MMMC-yə ödənilməmiş olaraq qalan son 10 il üzrə güzəştli kommunal xidmət haqqı olan illik 600 manat toplam 6000 manat və 2024-cü il yanvar ayından etibarən oktyabr ayı da daxil olmaqla 1600 manat (aylıq 160 manat olmaqla), toplamda cəmi 7600 manat məbləğində borcu mövcuddur.Bu səbəbdən iddiaçı Cavabdeh tərəfindən son 10 il üzrə güzəştli kommunal xidmət haqqı olan illik 600 manat olmaqla, toplam 6000 manatın və 2024-cü il yanvar ayından etibarən oktyabr ayı da daxil olmaqla 1600 manat (aylıq 160 manat olmaqla), toplamda cəmi 7600 manat pul vəsaitinin tutularaq "xxxx" MMMC-nin hesabına ödənilməsi və MMMC ilə müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (Mülki Məcəllənin 386.1-ci maddəsi). Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMMC xx.xx.2024-cü il tarixdən kommunal xidmətlərinin göstərilməsinə başlasa da, cavabdehdən kommunal xidmətlərə görə borcu xx.xx.2024-cü il tarixdən əvvəlki dövr üçün də tələb olunur. Yəni göstərilən dövr üçün "xxxx" MMMC binaya hər hansı xidmət göstərmədiyi üçün, məhkəmə hesab edir ki, onun yarandığı vaxtdan əvvəlki dövr üzrə kommunal xidmətlərlə bağlı hər hansı borc tələb etməyə subyektiv hüququ yoxdur. Məhkəmə digər tərəfdən hesab edir ki, binanın qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olan cavabdehlə kommunal xidmətin göstərilməsi ilə bağlı "xxxx" MMMC arasında hər hansı müqavilə də bağlanılmamışdır. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarınında Konstitusiya Məhkəməsi göstərmişdir ki, “özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır”. Konstitusiya Məhkəməsi yuxarıda göstərilən qərarında həmçinin göstərmişdir ki, məhkəmələr çoxmənzilli binalarda kommunal xidmətləri həyata keçirən idarəedici təşkilatların fəaliyyəti ilə bağlı yaranan mübahisələri həll edərkən, həmin təşkilatlar tərəfindən ümumi istifadədə olan sahələrdə sərf edilən təbii inhisarda olan malların (qaz, elektrik, su və s.) qiymətinin Tarif Şurası tərəfindən müəyyən edilmiş satış qiymətlərinə müvafiq olaraq kommunal xidmətlərə daxil edilməsinə xüsusi diqqət yetirməlidirlər. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarına əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Lakin iddiaçı ilə cavabdeh arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı hər hansı müqavilə olmadığı üçün, cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 120.4-cü maddəsinə əsasən çoxmənzilli binada yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri həmin binada yaradılmış (yaradılan) mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin iştirakçıları ola bilərlər. Qanunun tələbindən də göründüyü kimi, Cəmiyyətə üzv olmaq qeyri-yaşayış sahələrinin mülkiyyətçisinin hüququ kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən iddiaçı cavabdehdən göstərilən xidmətlərlə bağlı borc tələb etməsi əsaslı hesab edilə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının yaranmış borcla bağlı istinad etdiyi və məhkəməyə təqdim etdiyi sübutlar da qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən kommunal xidmətlərlə bağlı ayrıca müqavilələr bağlanılmış, həmin xidmətlərin göstərilməsi ilə əlaqədar ödənişlər həyata keçirilir. Yəni cavabdeh binanı ümumi istifadə yerlərindən (blok, həyətyanı sahəsinin işıqlandırılması, liftdən, mühafizəsi və xadimələrin xidmətindən) istifadə etmir. Məhkəmə eyni zamanda iddiaçının cavabdehin su xəttinə suyun verilməsinin ümumi istifadədə olan çəndən elektrik motoru vasitəsi ilə həyata keçirildiyini, motorun elektrik enerjisindən istifadə ilə əlaqədar işləməsini, aylıq enerjidən istifadə ilə əlaqədar xərcin ödənilməsini, motorların təmirə məruz qalması ilə bağlı vəsait ödənilməsinə dair dəlilləri üzrə qeyd edir ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi həmin işlərlə əlaqədar çəkilən xərcin onların payına düşən hissəsini ödəməkdən imtina etmədiklərini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı yuxarıda qeyd edilən işlərə çəkilən xərcin cavabdehin üzərinə düşən hissəsinin ondan tələb edilməsində haqlı hesab edilə bilər. Lakin bunun kommunal xidmətlər kimi cavabdehdən tələb edilməsini məhkəmə əsaslı hesab etmir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı ilə cavabdeh arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı hər hansı müqavilə bağlanmadığı üçün, cavabdeh binanın ümumi istifadə yerlərindən istifadə etmədiyi üçün, eyni zamanda "xxxx" MMMC binaya xidmət göstərilməsinə xx.xx.2024-cü il tarixdən başladığı üçün, həmin tarixdən əvvəlki dövr üçün kommunal xidmətin göstərilməsi ilə bağlı pul vəsaitinin tələb etməyə subyektiv hüququ olmadığı üçün qaldırılan iddia kommunal xidmətləri ilə bağlı pulun tutulması hissəsində əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin "xxxx" MMMC ilə müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Yuxarıda Mənzil Məcəlləsinin qeyd edilən maddəsinin (120.4) tələblərindən də aydın olur ki, Cəmiyyətin iştirakçısı olmaq qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin mülahizəsindən və iradəsindən asılı olaraq nəzərdə tutulmuşdur, belə müqavilənin bağlanmaq öhdəliyinin cavabdeh üzərinə qoyulması həmçinin müqavilə azadlığı prinsipinə də ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Məhkəmə hesab edir ki, kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilənin məcburi qaydada bağlanması ilə bağlı cavabdehin hər hansı öhdəlikləri qanunla müəyyən olunmadığından, iddia tələbi cavabdehin üzərinə iddiaçı ilə müqavilənin bağlanması öhdəliyinin qoyulması hissəsində əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri iddaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh qarşı Cavabdeh tərəfindən son 10 il üzrə güzəştli kommunal xidmət haqqı olan illik 600 manat olmaqla, toplam 6000 manatın və 2024-cü il yanvar ayından etibarən oktyabr ayı da daxil olmaqla 1600 manat (aylıq 160 manat olmaqla), toplamda cəmi 7600 manat pul vəsaitinin tutularaq "xxxx" MMMC-nin hesabına ödənilməsi və MMMC ilə müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbləri əsassız olduğundan təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-825/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-825/2025
01.05.2025 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver