Məhkəmə qərarları › İş №e-2(009)-827/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-827/2025

09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-827/2025 09.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Mələk Bəxtiyar qızı Hüseynovanın katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı "xxxx" MMMC-nin – Cavabdeh qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə 09 aprel 2025-ci il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMMC - Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10220 manat pulun, 120 manat dövlət rüsumu və 100 manat vəkil xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil1072603 nömrəli çıxarışa əsasən X1 mülkiyyətindədir. "xxxx" MMMC-nin təsis yığıncağının 2 nömrəli, xx.xx.2019-cu il tarixli Protokoluna əsasən aylıq kommunal xidməti ödəniş Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: məbləği 192 manat və 6 nömrəli, xx.xx.2022-ci il tarixli Protokoluna əsasən isə aylıq kommunal xidməti ödəniş məbləği 158 manat olaraq təyin edilməsinə baxmayaraq, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi cavabdeh X2 ödəniş öhdəliklərini tam yerinə yetirməmiş, 2020-ci il sentyabr-dekabr və 2021-ci il yanvar-dekabr ayları üzrə yalnız 800 manat ödəniş etmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixədək X1 "xxxx" MMMC-ə 10220 (on min iki yüz iyirmi) manat borcu yaranmışdır. Cavabdeh etirazda qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında müvafiq xidmətlərə dair 01 Sentyabr 2020-ci il tarixli Müqavilə bağlanılmış və həmin müqavilə ilə xidmət haqqı 50 manat müəyyən edilmişdir (Müqavilənin surəti Bu Ərizəyə əlavə edilib). Lakin, iddiaçı sanki həmin müqavilə yoxmuş kimi hazırkı iddia tələbini irəli sürmüş, müqaviləni iddia ərizəsinə əlavə etməmiş və ona istinad etməmişdir. Halbuki, hazırkı ərizəyə əlavə etdiyim və iddiaçı ilə bağlanmış həmin müqavilə ilə təsdiq edilir ki, aramızda bağlanmış müqavilə ilə müvafiq xidmət haqqı hər ay üçün 50 manat müəyyən edilmiş və müqavilə şərtlərinə uyğun ödənilmişdir. Belə ki, İddiaçının özünün də iddia ərzəsinə əlavə etdiyi kassa mədaxil orderlərindən mübahisəsiz qaydada görünür ki, 19 oktyabr tarixində sentyabr-dekabr ayları yəni 4 ay üçün 200 manat, 26 may 2021-ci il tarixli kassa mədaxil orderi əsasında yanvar-iyun yəni 6 ay üçün 300 manat, 28 yanvar 2022-ci il tarixində iyuldekabr yəni 6 ay üçün 300 manat ödənilmiş, beləliklə 28 yanvar 2022-ci il tarixindək həmin müqavilə ilə müəyyən edilmiş həcmdə ödənişlər ödənilmiş, haqqın hər ay üçün 50 manat olması iddiaçı tərəfindən də qəbul edilmiş və hətta 28 yanvar 2022-ci il tarixli ƏXZ/1 seriyalı 573659 saylı kassa mədaxil orderində İddiaçının özü tərəfindən “ayı 50 manat” qeydi də aparılmışdır. Beləliklə, yalnız müqaviləni imzalamaqla deyil, həmçinin onun şərtlərinə uyğun ödənişləri qəbul etməklə də İddiaçı müqaviləni qəbul etmişdir. Bundan başqa iddiaçı xx.xx.2019 və xx.xx.2022-ci il tarixlərində Yasamal-40 MMMC-nin təsis yığıncağının keçirildiyini qeyd etsə də, həmin iclas barədə qanunla nəzərdə tutulmuş formada və ya digər həy hansı formada mənzil mülkiyyətçisi kimi mənə məlumat verməmiş və buna görə də məlumat verilməsi barədə hər hansı sənədi iddia ərizəsinə əlavə edə bilməmişdir. Bununla yanaşı, İddiaçı xx.xx.2019 tarixi protokolda 95 sahə mülkiyyətçisinin, xx.xx.2022-ci il tarixli protokolda isə 61 sahə mülkiyyətçisinin iştirak etdiyini qeyd etsə də, neçə sahə mülkiyyətçisinin olduğu, iştirak edən mülkiyyətçilərin kimliyi, həqiətən də onların iştirakını təsdiq edən hər hansı sənəd əlavə etməmiş, beləliklə də yetərsayın olub olmadığı, həqiqətən də qeyd edilən sayda mülkiyyətçinin iştiak etməsi öz təsdiqini tapmamışdır. Həmçinin iddiaçı MTK eyni ünvanda eyni həyətdə, bir birilə kommersiya təyinatlı yeraltı qaraj vastəsilə də birləşmiş olan qoşa (iki) bina inşa etmiş, həmin binalardan birində əsasən sakinlər yaşasa da digəri biznes məqsədi ilə ofis kimi istifadə üçün səfirliklərə və digər qurumlara icarəyə verilmişdir r. (Qoşa (iki) binanın inşa edilməsi bu Ərizəyə əlavə edilən xx.xx.2013-cü il tarixli 137 saylı sərəncamla təsdq edilmiş dövlət qəbul komissiyasının Aktının surəti əlavə olunur). Belə olan halda protokolda sayı qeyd edilmiş sahə mükiyyətçilərinin hər iki binanın sakinləri olması və ya birinin olması, qərarın hər iki bina ilə, eləcə də yeraltı qarajla bağlı olub olmadığı da aydın deyildir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi olduğum binada təqribən 64 mənzil olduğu halda, xx.xx.2019 tarixi protokola əsasən iclasda 95 mənzil mülkiyyətçisinin iştirak etməsi iddiyyət və sual yaradır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi bildirmişdir ki, o sözügedən ünvanda yerləşən mənzildə yaşamır və iddiaçının ərizəsində qeyd etdiyi xidmətlərdən yararlanmır. Bu səbəbdən hesab edir ki, həmin ünvanda yaşayan və həmin xidmətlərdən yararlanan sakinlərlə onun eyni məbləğdə kommunal haqqı ödəməyi düzgün deyil. İddiaçı ilə ilk əvvəl kommunal haqqının 50 manat müəyyən edilməsi barədə razılığa gəlinməsinə baxmayaraq, sonradan iddiaçı sakinlərin iclas protokoluna əsasən xidmət haqqını birdənbirə 3 dəfədən artıq artırmışdır. Bu isə ədalətli deyildir. Çünki həmin binada göstərilən xidmətlərin dəyəri həmin məbləği əks etdirmir. İddiaçı 2019-cu il tarixdən yaranmış borcu tələb etməsinə baxmayaraq, iddia müddətini ötürməklə müraciət etmişdir. Bu səbəbdən iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi ev 7B, mənzil 50 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 25, M14, mənzil 2) Cavabdeh xüsusi mülkiyyətindədir. "xxxx" MMMC-nin 02 dekabr 2019-cu il və 03 dekabr 2022-ci il tarixli 6 nömrəli protokollarının surətindən görünür ki, Cəmiyyət çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini müəyyən edilməsi, hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqlarının miqdarının müəyyən edilməsi məsələlərinə cavabdehdir. Hər kvadrat metr üzrə ödəniş haqqı 0,75 AZN təşkil edir. 4 otaqlı mənzillər üçün 158 AZN təşkil edir. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışında qeyd edilir ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi ev 25, m 50 saylı mənzilin sahibi Cavabdeh "xxxx" MMMCnin 2 nömrəıi xx.xx.2019-cu il tarixli təsis yığıncağının protokoluna əsasən aylıq kommunal xidməti ödəniş məbləği 192 manat və 6 nömrəli xx.xx.2022-ci il tarixli təsis yığıncağının protokoluna əsasən aylıq kommunal xidməti ödəniş məbləği 158 manat təyin edilməsinə baxmayaraq sentyabr-dekabr 2020-ci il və yanvar-dekabr 2021-ci il aylar üzrə 50 manatdan cəmi 800 manat ödəmişdir. Cavabdeh "xxxx" MMMC-yə xx.xx.2025-ci il tarixə 10220 manat borcu vardır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi ev 7B, mənzil 50 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 25, M14, mənzil 2) Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçı "xxxx" MMMC həmin mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binasına kommunal xidmətlər göstərir. İddiaçı göstərilən xidmətlərin müqabilində aylıq kommunal haqqı 158 manat hesablanmaqla cavabdeh tərəfindən ödənilməyən məbləğin cavabdehdən tutulmasını xahiş edir. AR Mənzil Məcəlləsinin: 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 122.1.3-cü maddəsinə əsasən cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək kimi hüququ vardır. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq və kommunal xidmətlərə görə haqqdan ibarətdir. 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. Məhkəmə qeyd edir ki, cavabdeh ona məxsus mənzildə yaşamaqla həmin mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binasına iddiaçı tərəfindən göstərilən kommunal xidmətlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə haqq ödəmək öhdəliyi daşıyır. Lakin o, heç bir əsassız səbəb olmadan göstərilən kommunal xidmətlərə görə ödəməli olduğu haqqı ödəməkdən yayınaraq, mənzil qanunvericiliyi ilə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə qeyd edir ki, AR Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarına istinadən qeyd edir ki, hazırki tələb vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələb olduğundan 2022-ci ilin fevral ayından 2025-ci ilin fevral ayına kimi son 3 il üçün cavabdeh tərəfindən yerinə yetirilməyən ödəniş məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə olan halda, 2022-ci ilin fevral ayından 2025-ci ilin fevral ayına kimi aylıq kommunal haqqı 158 manat hesablanmaqla cəmi 5688 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə 100 manat hüquqi xidmətə görə ödənilmiş pulun cavabdehdən tutulması hissəsinə aşağıdakıları qeyd edir: AR MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 25 fevral 2025-ci il tarixli müqavilənin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün Yusif Allahverdiyev və Partnyorları Vəkil Bürosunun hesabına 100 manat məbləğində ödəniş edilmişdir. İddia tələbi qismən təmin edildiyindən həmin məbləğin 50 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 5688 manat məbləğində pul vəsaiti Cavabdeh tutulub "xxxx" MMMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 60 manat hissəsi və hüquqi yardıma görə vəsaitin 50 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar