Məhkəmə qərarları › İş №e-2(009)-851/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-851/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-851/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “reqres qaydada pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “reqres qaydada pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GTKR0201617A113 nömrəli kredit müqaviləsi üzrə öhdəliklər Cavabdeh tərəfindən icra edilmədiyindən iddiaçının kart hesabından xx.xx.2019-cu il tarixli, Z-GTKR0201617A113 nömrəli zaminlik müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən tutulmuş məbləğin cavabdeh tərəfindən iddiaçıya ödənilməyən hissəsi olan 3397 (üç min üç yüz doxsan yeddi) manat məbləğində pul, xx.xx.2025-ci il tarixli etibarnamənin verilməsi üçün ödənilmiş 19 (on doqquz) manat 75 (yetmiş beş) qəpik, hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2025-ci il tarixli, EM-1223VK-13743/25 nömrəli müqavilə üzrə ödənilmiş 300 (üç yüz) manat, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 54 (əlli dörd) manat dövlət rüsumu olmaqla, cəmi 3770 (üç min üç yüz yetmiş) manat 75 (yetmiş beş) qəpik məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GTKR0201617A113 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 48 ay müddətində ödənilməsi şərti ilə 19.900 (on doqquz min doqquz yüz) manat kredit verilmiş və kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən həmin məbləğə 12.555 (on iki min beş yüz əlli beş) manat 73 (yetmiş üç) qəpik faiz ödənilməsi öhdəliyi götürülmüşdür. Kredit müqaviləsinin təminatı qismində "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixli, ZGTKR0201617A113 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 3-cü bəndinə əsasən zamin əsas və faiz borcları, dəbbə pulu, maliyyə sanksiyası, tələbin yönəldilməsi ilə bağlı bütün növ xərclər və borcalanın öhdəliyi icra etməməsi və lazımınca icra etməməsi nəticəsində banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, bank qarşısında borcalanla eyni şərtlər daxilində məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 6-cı bəndinə əsasən borcalanın bank qarşısında öhdəliklərini icra etdikdə borcalana qarşı reqres qaydada tələb irəli sürmək zaminin hüququdur. Zaminlik müqaviləsinin 7.1-ci bəndinə əsasən borcalan tərəfindən kredit müqaviləsi üzrə borcların (əsas, faiz və digər borclar) vaxtında ödənilməsi müddətləri pozulduqda bank kreditin hesablanmış faizi ilə və digər borcları ilə birlikdə qaytarılmasını borcalandan və zamindən vaxtından əvvəl tələb edə bilər. Zaminlik müqaviləsinin 9-cu bəndinə əsasən zamin bu müqaviləni imzalamaqla razılığını bildirir ki, kredit müqaviləsi üzrə əsas və faiz borcları, habelə dəbbə pulu ilə bağlı borclar zaminin sərəncamı olmadan, akseptsiz qaydada (əlavə razılığını almadan) onun istənilən bank hesabından tutula (silinə) bilər, o cümlədən hesablarındakı digər valyutada olan pul vəsaitləri bankın elan etdiyi məzənnəyə və tarif dərəcəsinə əsasən konvertasiya edilərək silinə bilər, habelə ödəniş intervalının əvvəlində kredit müqaviləsi üzrə aylıq borclar tutula (silinə) bilər. Qeyd edir ki, kredit müqaviləsi üzrə borcalan Cavabdeh öhdəliklərini tam icra etmədiyindən zamin İddiaçı kart hesabından həmin borcun ödənilməsi məqsədilə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində aşağıdakı tarixlərdə və məbləğlərdə vəsaitlər bank tərəfindən silinmişdir: 1. xx.xx.2020-ci il tarixdə 0.08 qəpik; 2. xx.xx.2020-ci il tarixdə 50.00 manat; 3. xx.xx.2020-ci il tarixdə 839.96 manat;

4. xx.xx.2020-ci il tarixdə 654.10 manat; 5. xx.xx.2020-ci il tarixdə 44.63 manat; 6. xx.xx.2020-ci il tarixdə 773.45 manat; 7. xx.xx.2021-ci il tarixdə 0.96 qəpik; 8. xx.xx.2021-ci il tarixdə 0.23 qəpik; 9. xx.xx.2021-ci il tarixdə 0.20 qəpik; 10. xx.xx.2021-ci il tarixdə 511.87 manat; 11. xx.xx.2021-ci il tarixdə 0.64 qəpik; 12. xx.xx.2021-ci il tarixdə 462.26 manat; 13. xx.xx.2021-ci il tarixdə 0.03 qəpik;

14. xx.xx.2021-ci il tarixdə 570.35 manat; 15. xx.xx.2021-ci il tarixdə 300.00 manat; 16. xx.xx.2021ci il tarixdə 967.94 manat; 17. xx.xx.2022-ci il tarixdə 0.93 qəpik; 18. xx.xx.2022-ci il tarixdə 644.41 manat; 19. xx.xx.2022-ci il tarixdə 0.20 qəpik; 20. xx.xx.2022-ci il tarixdə 67.07 manat; 21. xx.xx.2022-ci il tarixdə 0.91 qəpik; 22. xx.xx.2022-ci il tarixdə 300.00 manat; 23. xx.xx.2022-ci il tarixdə 0.55 qəpik; 24. xx.xx.2023-cü il tarixdə 0.34 qəpik; 25. xx.xx.2023-cü il tarixdə 0.20 qəpik. Ümumilikdə "xxxx" ASC tərəfindən İddiaçı kart hesabından cəmi 6191 (altı min bir yüz doxsan bir) manat 31 (otuz bir) qəpik məbləğində vəsait tutularaq borclu Cavabdeh kreditinə ödənilmişdir (sənədlərin surəti əlavə olunur). Göründüyü kimi, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə borcalan Cavabdeh öz öhdəliklərini tam icra etməməklə zamin İddiaçı kreditor bank qarşısında çətin vəziyyətə qoymuş, bununla da zamin İddiaçı borcalan Cavabdeh kredit borcunu "xxxx" ASCyə ödəmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, Cavabdeh İddiaçı kart hesabından tutulmuş məbləğin 2794 (iki min yeddi yüz doxsan dörd) manat 31 (otuz bir) qəpiyini iddiaçıya qaytarmış, qalan 3397 (üç min üç yüz doxsan yeddi) manatını isə iddiaçıya qaytarmamışdır. Həmin qalan borcun qaytarılması üçün iddiaçı tərəfindən cavabdehə bildirilsə də, cavabdeh həmin pul məbləğini iddiaçıya ödəməmişdir. İddia ərizəsinə əlavə edilmiş sübutlarla müəyyən edilir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Z-GTKR0201617A113 nömrəli zaminlik müqaviləsinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixli, GTKR0201617A113 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin lazımı qaydada icra etmədiyindən "xxxx" ASC tərəfindən cəmi 6191 (altı min bir yüz doxsan bir) manat 31 (otuz bir) qəpik məbləğində vəsait iddiaçının həmin bankda olan kart hesabından tutulmuş və kredit məbləğinin ödənilməsi təmin edilmişdir. Cavabdeh həmin pul məbləğinin 2794 (iki min yeddi yüz doxsan dörd) manat 31 (otuz bir) qəpik hissəsini İddiaçı qaytarmış, qalan 3397 (üç min üç yüz doxsan yeddi) manat hissəsini iddiaçıya qaytarmaqdan imtina etmişdir. İddiaçı tərəfindən Cavabdeh "xxxx" ASC-nə olan borcundan cəmi 6191 (altı min bir yüz doxsan bir) manat 31 (otuz bir) qəpik məbləğində pul ödənildiyi sübuta yetirildiyindən, cavabdeh həmin məbləğin 2794 (iki min yeddi yüz doxsan dörd) manat 31 (otuz bir) qəpik hissəsini iddiaçıya qaytarsa da, qalan 3397 (üç min üç yüz doxsan yeddi) manat hissəsini qaytarmadığından qaytarılmayan həmin pul məbləğinin cavabdehdən reqres qaydasında tələb etmək hüququ Mülki Məcəllənin 475.1-ci və 1114.1-ci maddələrinə əsasən iddiaçıya keçmişdir. Həmçinin İddiaçı onun hüquqlarının vəkil tərəfindən müdafiə edilməsi məqsədilə xx.xx.2025-ci il tarixli etibarnamənin verilməsi üçün 19 (on doqquz) manat 75 (yetmiş beş) qəpik, hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2025-ci il tarixli, EM-1223VK-13743/25 nömrəli müqavilə üzrə 300 (üç yüz) manat, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 54 (əlli dörd) manat dövlət rüsumu olmaqla, cəmi 373 (üç yüz yetmiş üç) manat 75 (yetmiş beş) qəpik məbləğində xərclər çəkmişdir. Ona görə də hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış Əlihüseyn Firudin oğlunun kart hesabından xx.xx.2019-cu il tarixli, Z-GTKR0201617A113 nömrəli zaminlik müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən tutulmuş məbləğin cavabdeh tərəfindən iddiaçıya ödənilməyən hissəsi olan 3397 (üç min üç yüz doxsan yeddi) manat məbləğində pul, xx.xx.2025-ci il tarixli etibarnamənin verilməsi üçün ödənilmiş 19 (on doqquz) manat 75 (yetmiş beş) qəpik, hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2025-ci il tarixli, EM-1223VK-13743/25 nömrəli müqavilə üzrə ödənilmiş 300 (üç yüz) manat, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 54 (əlli dörd) manat dövlət rüsumu olmaqla, cəmi 3770 (üç min üç yüz yetmiş) manat 75 (yetmiş beş) qəpik məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş və onun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia əsaslı olduğuna görə qismən təmin edilməlidir. İş materiallarında olan Z-GTKR0201617A113 saylı, 28 iyun 2019-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Orucov X1 Orxan İlham oğlu ilə "xxxx" ASC arasında bağlanmış GTKR0201617A113 saylı, 13 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi zamin qismində çıxış etmişdir. İş materiallarında olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı bank kartından “zamin kredit borcu üzrə silinmə kimi” ümumilikdə 3396,80 manat ödənilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, etibarnamənin alınması üçün 19.75 manat məbləğində rüsum ödənilmişdir.

Əsaslandırıcı hissə:

Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehin bank qarşısında GTKR0201617A113 saylı, 13 fevral 2015-ci il tarixli kredit müqaviləsinin təminatı qismində zamin kimi çıxış etmiş, hər ay "xxxx" ASC tərəfindən kredit müqaviləsi üzrə kart hesabından müxtəlif məbləğlərdə, ümumilikdə 3396.80 manat məbləğində pul tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (MM-472.2) Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. İş materiallarında olan Z-GTKR0201617A113 saylı, 28 iyun 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən Orucov X1 Orxan İlham oğlu ilə "xxxx" ASC arasında bağlanmış GTKR0201617A113 saylı, 13 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi zamin qismində çıxış etmişdir. Həmin müqavilənin 6-cı bəndinə əsasən, borcalanın bank qarşısında öhdəliklərini icra etdikdə zaminin borcalana qarşı reqres qaydada tələb irəli sürmək hüququnun olduğu təsbit edilmişdir. Qeyd olunan maddənin mənasından və müqavilə şərtindən görünür ki, zaminin borclunun öhdəliklərini icra etdiyi təqdirdə qanunvericilikdə onun reqres qaydada tələb etmək hüququ təsbit edilmişdir. Belə olan halda, iddiaçının cavabdehin əvəzinə zamin qismində "xxxx" ASC-yə 3396,80 manat məbləğində kredit borcunu ödəyərək kreditorun tələblərini təmin etdiyindən, bununla da cavabdehə qarşı tələb hüququ iddiaçıya keçdiyindən, İddiaçı 3396,80 manat məbləğində pul vəsaitini, eləcə də məhkəmə xərclərini - etibarnamənin verilməsi üçün ödədiyi 19,75 manat və hüquqi yardım xərci 300 manat məbləğində pulu Cavabdeh tələb etməsi qanuni və əsaslıdır. Bununla yanaşı kart üzrə çıxarışdan görünür ki, iddiaçının əlavə olaraq iddiada tələb etdiyi 0.20 manat ödəniş zamin kimi deyil, başqa kredit borcu üzrə silinmə kimi qeyd edilmişdir. Buna görə də iddia həmin hissədə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3396,80 (üç min üç yüz doxsan altı manat səksən qəpik) manat, etibarnamənin verilməsi üçün ödənilmiş 19,75 (on doqquz manat yetmiş beş qəpik) manat, hüquqi yardım xərci 300 (üç yüz) manat və 54 (əlli dörd) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə:

Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 3396,80 (üç min üç yüz doxsan altı manat səksən qəpik) manat, etibarnamənin verilməsi üçün ödənilmiş 19,75 (on doqquz manat yetmiş beş qəpik) manat, hüquqi yardım xərci 300 (üç yüz) manat və 54 (əlli dörd) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar