Məhkəmə qərarları › İş №e-2(009)-884/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-884/2023

14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-884/2023 14.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı tibbi xidmətə görə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tibbi xidmətə görə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh 25 dekabr 2021-ci il tarixində İddiaçı MMC-yə müraciət etmişdir. Göstərilmiş tibbi xidmət qarşılığında ödəniləcək məbləğ üçün “X2” MMC ilə xəstə Cavabdeh 25 dekabr 2021-ci il tarixində “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsi” imzalanmışdır. İmzalanmış “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsi”nə əsasən cavabdeh göstərilmiş tibbi xidmətə görə hesablanmış məbləği İddiaçı MMC-nin xəzinədarlığına ödəməli idi. Bundan başqa “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsinin” 3.2.9-ci maddəsinə əsasən, “Uşaq patologiya ilə doğulursa, diaqnozuna müvafiq olaraq müalicənin davam etdirilməsi məqsədilə Neantoloji Reanimasiya və ya Neontoloji İntensiv-Terapiya şöbəsinə köçürələcəyi təqdirdə, “xəstə” və ya “xəstə yaxını” həmin şöbələrdə göstərilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği “Qiymət Cədvəli” nə əsasən müqavilənin 5.1-ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürür. Xəstənin vəziyyətində gözlənilməz ağırlaşma baş vermişdir. Xəstənin həyati təhlükəsini aradan qaldırmaq məqsədi ilə zəruri tibbi yardım göstərilmişdir. Sözü gedən tibbi yardım həm kifayət qədər xərc tələb edən, həm də tibbi praktikda çətin və mürəkkəb bir proses olmuşdur. Lakin bütün bunlara baxmayaraq cavabdeh tərəfindən xəstəxanaya heç bir ödəniş olunmamışdır. Beləliklə xx.xx.2021-xx.xx.2022 tarixlər aralığında xəstə Cavabdeh İddiaçı MMC-də tibbi xidmət göstərilmiş və göstərilmiş tibbi xidmətin ümumi məbləği 17224.66 manat təşkil etmişdir ki, lakin göstərilən bu məbləğdən 11.000 manat cavabdeh tərəfindən ödənilmişdir. Həmçinin klinika tərəfindən 2424 manat endirim edilmişdir. Qalıq qalmış 3799.82 manat məbləğ cavabdeh tərəfindən bügunə kimi ödənilməmişdir. Xəstə ilə aralarında bağlanan 25 dekabr 2021-ci il tarixli “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsinin” 3.2.6-cı maddəsinə əsasən “X3” ərçivəsində tətbiq olunacaq proqram növünün paket qiymətini (paketə daxil olan xidmətlər Əlavə 1-də təqdim olunur), Müqaviləyə əlavə sayılan “Ödəmə Planı”na (Əlavə 3) əsasən vaxtında və əksiksiz olaraq “xəstəxana”ya ödəməyi öhdəsinə götürür və ödəniş olduğu məbləği, göstərilmiş xidmətin nəticəsindən asılı olmayaraq geri ödənilməyəcəyini qəbul edir.Həmçinin qeyd olunduğu kimi “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsinin” 3.2.9-ci maddəsinə əsasən, “Uşaq patologiya ilə doğulursa, diaqnozuna müvafiq olaraq müalicənin davam etdirilməsi məqsədilə Neantoloji Reanimasiya və ya Neontoloji İntensiv- Terapiya şöbəsinə köçürələcəyi təqdirdə, “xəstə” və ya “xəstə yaxını” həmin şöbələrdə göstərilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği “Qiymət Cədvəli” nə əsasən müqavilənin 5.1-ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürür.Yuxarıda göstərilənlərə əsasən İddiaçı MMC ilə cavabdeh arasında əqd bağlanmışdır. Tərəflərin iradə ifadəsi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olmuşdur. Cavabdeh göstərilən tibbi xidmətin qiyməti barədə tam məlumatlı olaraq, əqdi bağlamaq iradəsini öz rəftarları ilə məlum etmiş və göstərilmiş tibbi xidmətə görə yaranan borc məbləğini İddiaçı MMC-yə ödəməyi öhdələrinə götürmüşdürlər. Mülki hüquq münasibətləri münasibətə daxil olan subyektlərin hüquq və vəzifələrindən ibarətdir, o zaman aydın olur ki, “X2” MMC üzərinə düşən vəzifəni (öhdəliyi) tam həcmdə yerinə yetirmişdir. Belə ki, İddiaçı MMC tibb müəssisəsi kimi sözü gedən əqddə tibbi yardımın icrasını üzərinə bir öhdəlik kimi götürmüş və həmin öhdəliyi icra etmişdir. Cavabdeh Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən göstərilmiş tibbi xidmətə görə müəyyənləşdirilmiş məbləği ödəməyərək üzərinə götürdüyü öhdəliyi icra etməmişdirlər. Yuxarıda göstərilənlərdən müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC qarşısında öhdəlik daşıyaraq, 3799.82 AZN (üç min yeddi yüz doxsan doqquz manat səksən iki qəpik) məbləğində pulu ödəməyə borcludur. Göstərilənlərə əsasən iddiaçı Cavabdeh göstərilmiş tibbi xidmətin qarşılığı olan ödənilməmiş 3799.82 manat məbləğində pulun, o cümlədən ödənilmiş 58 manat dövlət rüsumunun, ümumilikdə 3857,82 manat Cavabdeh tutularaq İddiaçı MMC ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli tibbi xidmət müqaviləsinə əsasən İddiaçı MMC müvafiq tibbi xidməti həyata keçirməyi, xəstə isə tibbi xidmətə görə qiymət cədvəlinə əsasən fakturada müəyyənləşdirilən məbləği ödəməyi öhdəsinə götürmüşlər. “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsinin” 3.2.9-ci maddəsinə əsasən, “Uşaq patologiya ilə doğulursa, diaqnozuna müvafiq olaraq müalicənin davam etdirilməsi məqsədilə Neantoloji Reanimasiya və ya Neontoloji İntensiv-Terapiya şöbəsinə köçürələcəyi təqdirdə, “xəstə” və ya “xəstə yaxını” həmin şöbələrdə göstərilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği “Qiymət Cədvəli” nə əsasən müqavilənin 5.1-ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürür. İş üzrə Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xəstə razılığına əsasən İddiaçı MMC həkimləri keçirəcəkləri əməliyyatın həyatı riskləri, təhlükələri, meydana gələ biləcək fəsadları, paket qiymətinə aid olmayan, lakin həyata keçirilməsi zəruriliyi ola biləcəyi xidmətlərlə bağlı yaranacaq xərclərlə əlaqədar ona məlumat verildi. Müqavilədə nəzərdə tutulmamış xidmətlərin qarşılıqlı olaraq, “Qiymət Cədvəli” arasında fakturada müəyyənləşdiriləcək məbləği əlavə olaraq xəstəxanaya ödəmək öhdəliyini öz üzərinə götürür. İş üzrə İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesab-fakturaya əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixli göstərilmiş tibbi xidmətə görə 1474.42 manat təşkil etmiş, ondan 200 manat məbləğində endirim olunmuş, 1.000 manat ödənimiş, ödənilməmiş məbləğ 274.42 manat təşkil edir. İş üzrə İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesab-fakturaya əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək göstərilmiş tibbi xidmətə görə 9458.84 manat təşkil etmiş, ondan 1242 manat məbləğində endirim olunmuş, bundan 5.000 manat ödənilmiş, ödənilməmiş məbləğ 3216.84 manat təşkil edir. İş üzrə İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesab-fakturaya əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək göstərilmiş tibbi xidmətə görə 5309.40 manat təşkil etmiş, bundan 5.000 manat ödənilmiş, ödənilməmiş məbləğ 309.40 manat təşkil edir. İş üzrə İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesab-fakturaya əsasən göstərilmiş tibbi xidmətlərə görə borc 6223.82 manat təşkil edir. Həmçinin klinika tərəfindən 2424 AZN endirim edilmişdir. Ödənilməmiş borc 3799.82 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin məzmunu dedikdə, əqddə əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir. Belə ki, mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini tənzimləyən bir sıra müddəaları (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.) nəzərdə tutmuşdur. Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Müqavilənin standart şərtləri aşağıdakı tələblərə cavab verməlidir: - tərəflər arasındakı münasibətlərin tənzimlənməsi, onlara öhdəlik xarakterinin verilməsi; - öhdəliklərin ardıcıl yerinə yetirilməsi üçün qayda və üsulların müəyyənləşdirilməsi; - öhdəliyi yerinə yetirməyən tərəflər barədə tətbiq olunacaq tədbirlərin həyata keçirilmə qaydası. Bu tələblərə cavab verən zəruri şərtlərin yerinə yetirilməsi müqavilələrin quruluşu və məzmunu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə tibbi xidmətlərin göstərilməsi barədə tibbi xidmət müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən klinika müvafiq tibbi xidməti həyata keçirməyi, xəstə isə tibbi xidmətə görə qiymət cədvəlinə əsasən fakturada müəyyənləşdirilən məbləği ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsinin” 3.2.9-ci maddəsinə əsasən, “Uşaq patologiya ilə doğulursa, diaqnozuna müvafiq olaraq müalicənin davam etdirilməsi məqsədilə Neantoloji Reanimasiya və ya Neontoloji İntensiv-Terapiya şöbəsinə köçürələcəyi təqdirdə, “xəstə” və ya “xəstə yaxını” həmin şöbələrdə göstərilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği “Qiymət Cədvəli” nə əsasən müqavilənin 5.1-ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürmüşdür. Digər tərəfdən müəyyən edilmişdir ki, cavabdeh iddiaçı tərəfindən göstərilmiş tibbi xidmətlərin ödənilməsi barədə öhdəlik götürsə də, həmin öhdəlikləri yerinə yetirməmiş və onun xəstəxanaya cəmi 3799.82 manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyindən, iddia tələbi 3799.82 manat məbləğində pulun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğundan cavabdehdən dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 58 manat məbləğində pul tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə göstərilən tibbi xidmətlərin əvəzi kimi 3799.82 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 58 manat, cəmi 3857.82 (üç min səkkiz yüz əlli yeddi manat, səksən iki qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar