Məhkəmə qərarları › İş №e-2(009)-897/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-897/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-897/2023 11.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmli, İddiaçı MMC-nin - Cavabdeh Amil qızına qarşı «borcun qaytarılması» tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki işə 10 may 2023-cü il tarixdə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh Amil qızına qarşı «borcun qaytarılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1125,27 manat məbləğində pulun və 32 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən qeyd olunan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Amil qızına Azərpoçt vasitəsi ilə məktub göndərilmiş, lakin cavabdeh iddiaya qarşı etirazını məhkəməyə göndərməmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xəstə Cavabdeh Amil qızı 14 noyabr 2022-ci il tarixdə İddiaçı MMC-yə müraciət etmişdir. Göstərilmiş tibbi xidmət qarşılığında ödəniləcək məbləğ üçün MMC ilə xəstə arasında 14 noyabr 2022-ci il tarixdə “Hamiləliyə və Doğuşa görə Tibb Xidmət Müqaviləsi” imzalanmışdır. Müqaviləyə əsasən cavabdeh göstərilmiş tibbi xidmətə görə hesablanmış məbləği MMC-nin xəzinədarlığına ödəməli idi. Xəstənin vəziyyətində gözlənilməz ağırlaşma baş vermişdir. Xəstənin həyati təhlükəsini aradan qaldırmaq üçün zəruri tibbi yardımlar göstərilmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh tərəfindən xəstəxanaya heç bir ödəniş olunmamışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan Cavabdeh Amil qızı (xəstə yaxını X2) ilə "X1" MMC arasında xx.xx.2022-ci il tarixdə imzalanmış “Hamiləliyə və Doğuşa görə Tibbi Xidmət Müqaviləsi” nin 3.1.1-ci bəndinə əsasən "X1" MMC peşəkar həkim və tibb heyəti vasitəsi ilə “X3” çərçivəsində və proqramın seçilən növü üzrə doğuşa qədər, doğuş və doğuş sonrası bütün mərhələlərdə lazımi tibbi xidmət göstərməyi öhdəsinə götürür. Həmin Müqavilənin 3.2.6-cı bəndinə əsasən xəstə və ya xəstə yaxını “X3” çərçivəsində tətbiq olunacaq proqram növünün paket qiymətini Müqaviləyə əlavə sayılan “Ödəmə Planı”na əsasən vaxtında və əksiksiz olaraq Xəstəxanaya ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 3.2.7-ci bəndinə əsasən xəstə və ya xəstə yaxını hazırki müqavilə ilə nəzərdə tutulmayan yanaşı xidmət göstərilməsi, fəsad çıxması, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə hallarında göstəriləcək xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği “Qiymət Cədvəli”nə əsasən müqavilənin 5.1-ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən planlaşdırılan xidmətin dəyəri ana üçün 1,000 manat məbləğindədir. Epikrizin surətindən görünür ki, Cavabdeh Amil qızına "X1" MMC tərəfindən vaxtından əvvəl doğulma diaqnozu qoyulmuşdur. "X1" MMC tərəfindən təqdim olunmuş hesab-fakturanın surətindən görünür ki, Cavabdeh Amil qızı xəstəxanada 14-17 noyabr 2022-ci il tarixləri aralığında müxtəlif yoxlanışlardan və müayinələrdən keçmiş və nəticədə 1125,27 manat məbləğində borcu yaranmışdır. Hesab-fakturadan həmçinin görünür ki, Cavabdeh Amil qızı və ya xəstə yaxını X2 tərəfindən xəstəxanaya göstərilmiş tibbi yardım müqabilində qeyd olunan məbləğdən heç bir ödəniş edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Xidmət Müqaviləsi bağlanılmış, həmin Müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarına və iş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, tərəflər arasında tibbi xidmət göstərilməsi ilə bağlı razılaşma əldə edilmişdir. Həmin razılaşmaya əsasən iddiaçı cavabdehə aralarında imzalanmış 14 noyabr 2022-ci il tarixli Müqaviləyə uyğun olaraq zəruri tibbi xidmətləri göstərməyi, cavabdeh isə həmin xidmətlərin müqabilində razılaşdırılmış məbləği iddiaçıya ödəməyi öhdəsinə götürmüşlər. İddiaçı üzərinə götürmüş olduğu öhdəliyini yerinə yetirərək cavabdehə zəruri tibbi xidmətləri göstərmiş, cavabdeh isə həmin xidmətlərin müqabilində razılaşdırılmış məbləği ödəməmiş və bununla da həmin Sazişdən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Ona görə də, iddia təmin edilərək, iddiaçı tərəfindən cavabdehə göstərilmiş tibbi xidmətin əvəzi kimi 1125,27 manat məbləğində pul vəsaiti cavabdehdən ümumi qaydada tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azər. Resp. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 32 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 284.5.3-cü və 238-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1125,27 manat məbləğində pul vəsaiti, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 32 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh Amil qızından tutulub İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar