Məhkəmə qərarları › İş №e-2(009)-909/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-909/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-909/2025 04.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı1 nümayəndəsi Nümayəndə1 və İddiaçı2, İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, X1 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı (Səbail Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) “daşınmaz əmlak barəsində müqavilə üzrə öhdəliklərin icrası, mənzilin təhvil verilməsi və dəymiş zərərə görə kompensasiyanın tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı (Səbail Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) “daşınmaz əmlak barəsində müqavilə üzrə öhdəliklərin icrası, mənzilin təhvil verilməsi və dəymiş zərərə görə kompensasiyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. cavabdehin üzərinə onunla iddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş sanitariya və təhlükəsizlik normalarına cavab verən mənzilin ərizəçilərə təhvil verilməsi vəzifəsi qoyulması, 2. 2021-ci ilin mart ayından hesablanmaqla, məhkəmə qətnaməsi tam icra olunanadək cavabdehdən ərizəçilərin xeyrinə: a. iddia ərizəsi verilən günə qədər yol verilmiş gecikdirilməyə görə 40214,7 (qırx min iki yüz on dörd tam onda yeddi) manat və iddia ərizəsi verilən gündən məhkəmə qətnaməsi tam icra edilənə qədər 200000 (iki yüz min) manat məbləğinə illik 5 (beş) faizə bərabər kompensasiya; b. iddia ərizəsi verilən günə qədər əsassız varlanmaya görə 60162,4 (altmış min bir yüz altmış iki tam onda dörd) manat və iddia ərizəsi verilən gündən 200000 (iki yüz min) manat məbləğinə məhkəmə qətnaməsi çıxarılan gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər faizlərə uyğun kompensasiya; c. iddia ərizəsi verilən tarixə ödənilməmiş kirayə haqqı üçün 9054 (doqquz min əlli dörd) manat kompensasiya və iddia ərizəsi verilən gündən məhkəmə qətnaməsi tam icra edilənə qədər ödənilməmiş kirayə haqqı kompensasiyası (hər aya görə 524 manat) tutulması, 3. 2-ci ərizəçinin çəkdiyi vəkil xərcləri cavabdehdən 2-ci ərizəçinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: 18 fevral 2018-ci il tarixində Cavabdeh ilə ərizəçilərin mərhum anası X7 arasında əvəzləşmə müqaviləsi bağlanılıb. Müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 57 ünvanı üzrə yerləşən və o zaman R.Andinanın xüsusi mülkiyyətində olan, 10 nəfərlik ailənin yaşadığı, ümumi sahəsi 57,3 kv. m olan 1 saylı mənzil kooperativə verilib. Bunun müqabilində kooperativ öz üzərinə həmin ərazidə tikintisi nəzərdə tutulmuş yeni yaşayış binasında ümumi sahəsi 68 kv. m təşkil edən ikiotaqlı təmirli mənzil vermə, tikinti başa çatanadək hər ay 350 manat kirayə haqqı ödəmək öhdəliyi götürüb. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən yeni yaşayış binasının inşası və təmir işləri onun özül işlərinə başlanmasından hesablanmaqla 36 ay ərzində başa çatmalı idi. Yəni bina 2021-ci ilin martında təhvil verilməli olsa da, inşa işləri yubandırılıb, bu da ərizəçilərin ailə üzvlərinin mənəvi-psixoloji, həm də maddi vəziyyətinə çox mənfi təsir göstərib. Ərizəçilərin anası X7 xx.xx.2020-ci il tarixində vəfat edib. Onun qızları olan ərizəçilər birinci növbə vərəsələr kimi analarından qalan mirası qəbul ediblər. 1-ci ərizəçi İ qrup əlildir, müntəzəm müalicə alır, daim kənar şəxsin qulluğuna möhtacdır. 2-ci ərizəçi də 2022-ci ildə beyin qan dövranının pozulması, sol orta beyin arteriyası hövzəsində işemik insult, sağ tərəfli hemiparez, nitqin hissəvi pozulması diaqnozları qoyulub, o, mikroinfarkt da keçirib, ona sakit, rahat həyat tərzi məsləhət görülüb. MTK həmin ünvanda birinci çoxmərtəbəli yaşayış binasını 2021-ci ilin sonu – 2022-ci ilin əvvəlləri inşa edib qurtarmasına baxmayaraq ərizəçilərə həmin binada mənzil təklif etməyib, onlara deyilib ki, inşa etdikləri ikinci çoxmərtəbəli yaşayış binasında mənzil ilə təmin edəcəklər. Lakin 2023-cü ildə həmin binanın 5-ci mərtəbəsində ərizəçilərə bir mənzil göstərilib, həmin mənzil əsasən ərizəçiləri qane etsə də, eyvanı olmayan mənzildə kondisioner və sayğacların harada yerləşdirilməsi ilə bağlı kooperativ rəhbərliyinə suallar veriblər. Sonradan MTKda bildiriblər ki, həmin mənzil artıq satılıb və onlara ikinci binada mənzil veriləcək. 2024-cü ilin iyun ayında ərizəçilərə tikilməkdə olan ikinci binanın üçüncü mərtəbəsində mənzil göstərilib. Lakin binanın nə lift, nə də başqa ümumi kommunikasiya qurğuları hazır olmayıb, mənzilin isə quru divarlarından savayı heç nə olmayıb. Bu mənzil normal yaşayış şəraiti və standartlarına uyğun deyil, belə ki, onun divarları nazikdir, cəmi iki pəncərəsi var, qaranlıq və eyvansızdır, havanın ventilyası problemlidir. Belə mənzil heç bir sanitar normasına uyğun deyildir. Əvvəllər ərizəçilərə mənzil üçün 7000 manata eyvan almaq təklif olunsa da, MTK cavablarını gözləmədən onu qonşulara satıb. Ərizəçilərin çoxsaylı şikayətlərinin nəticəsi yoxdur, müraciətlərin heç bir nəticəsi olmayıb. Müqavilə bağlanan gündən 81 ay keçməsinə baxmayaraq kooperativ müqavilə öhdəliklərinin icrasından yayınır, hətta son dörd ay üzrə kirayə haqqını belə ödəməyib. Ərizəçilər öz haqlı tələblərinə cavab olaraq, hədə-qorxu və təhdidlərlə qarşılaşırlar. Ərizəçilər və ailə üzvlərinin uzun müddət kirayədə yaşaması onların həyat və sağlamlığını dözülməz edir. Təklif olunan mənzil ərizəçilərin ehtiyaclarını ödəmədiyi və yaşayış şəraitinin yaxşılaşdırılması üçün müəyyən edilmiş normalara uyğun olmadığına görə, onlar ən azı 2018-ci ilə qədər yaşadıqları mənzilin şəraitinə uyğun bir mənzilin onlara verilməsini xahiş etsələr də, cavabdeh buna heç əhəmiyyət belə verməyib. Hazırda kooperativ ikinci binada inşa və təmir işlərini davam etdirir. Üçüncü şəxs Səbail rayon İcra Hakimiyyəti öz sərəncamının icrasına tam nəzarət etmədiyindən, ərizəçinin hüquqları təmin olunmur. Ərizəçilərə 2021-ci ilin martında təhvil verilməli olan mənzilin bazar dəyəri ən azı 200000 (iki yüz min) manatdır. Bu iddia ərizəsi verilən tarixə (2021-ci ilin martı – 2024-cü ilin noyabrı) həmin məbləğ 40214,7 (qırx min iki yüz on dörd tam onda yeddi) manata çatıb və mübahisə həllini tapmadığı təqdirdə, arta-arta gedəcək. Onu da əlavə edirlər ki, cavabdeh həm də əsassız varlanan şəxsdir, çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hazırda cavabdeh ərizəçiyə verməli olduğu mənzili verməməklə, sonuncunun hesabına əmlak əldə edib və həmin əmlakdan bəhrələnir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Beləliklə, cavabdeh nəinki müqavilə əsasında ərizəçiyə ödəməli olduğu vəsaitin köçürülməsini təmin etməlidir, o həm də Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi üzrə həmin vəsaitin məbləğindən ərizəçiyə faizlər (hazırda – 7,25 faiz) də ödəməlidir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bu günə həmin faizlər təxminən 60162,4 (altmış min bir yüz altmış iki tam onda dörd) manat təşkil edir. Bundan başqa, cavabdehin inşa etdiyi çoxmənzilli yaşayış binasının ərazisində yerləşən ikiotaqlı mənzillərin aylıq kirayə bazar dəyəri 524 (beş yüz iyirmi dörd) manatdan az deyil. 2021-ci ilin martından ərizəçilərə verilməli olan mənzil onlara təhvil verilmədiyindən, həmin vaxtdan ödənilməli olan kirayə haqqı məhz 524 manatdan hesablanmalıdır. Bu ilin sentyabrına qədər ərizəçilərə ödənilməli olan və faktiki ödənilmiş kirayə haqqının fərqi cəmi 7482 (yeddi min dörd yüz səksən iki) manat edir. Son üç ayda ərizəçilərə kirayə haqqı ümumiyyətlə ödənilməyib – 524*3=1572 (bir min beş yüz yetmiş iki) manat. Beləliklə, cavabdehin ərizəçilərə ödəməli olduğu kirayə haqqı bu günə 9054 (doqquz min əlli dörd) manat təşkil edir. Cavabdeh öz davranışı ilə ərizəçinin İnsan Hüquqları və X4 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsini pozur, üçüncü şəxs isə özünün sərəncamından irəli gələn öhdəliklərin icrası üçün zəruri addımlar atmır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, kirayə haqqı 2024-cü ilin oktyabr ayınadək hər ay 350 manat olmaqla ödənilib, həmin aydan sonra kirayə haqqı ödənilmir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı2 və onun nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh MTK-nın və üçüncü şəxs Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 18 fevral 2018-ci il tarixli müqavilədən görünür ki, "Vətəndaş" (gələcəkdə "Payçı" adlandırılacaq) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, xx.xx.2008-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən ona məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 57.3 kv.metrdən ibarət olan 1 saylı mənzilini Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının 175 saylı, 22 dekabr 2016-cı il tarixli Sərəncamı əsasında nəzərdə tutulmuş layihənin həyata keçirilməsi üçün "Kooperativ"in mülkiyyətinə verir, "Kooperativ" isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yeni layihə tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasında ümumi sahəsi 68 kv.metr təşkil edən 2 otaqdan ibarət mənzili təmirli qaydada "Vətəndaş"ın (gələcəkdə "Payçı" adlandırılacaq) mülkiyyətinə verməyi öz öhdəsinə götürür və "Vətəndaş”a (gələcəkdə "Payçı" adlandırılacaq) müvəqqəti yaşayacağı yer üzrə aylıq 350 (üç yüz əlli) manat kirayə haqqının ödənilməsini təmin edir. Tərəflər tikinti və təmir işlərinin aparılması üçün nəzərdə tutulmuş müddəti, binanın özül işlərinə başlanmasından hesablanmaqla 36 ay olmasını qəbul edirlər. - Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən 193 nömrəli aktla qeydə alınmış AZ-İİ seriyalı, 086541 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. - xx.xx.2020-ci il tarixli 2V-54 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsələri İddiaçı2 və İddiaçı1dır və onların hər biri miras əmlakdan bərabər hissədə hissələrdə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak xx.xx.2008-ci il tarixdə X6 verilmiş çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 57.3 kv.m olan 2 otaqlı mənzildən ibarətdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 57.30 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2021-ci il tarixdə İddiaçı2 və xx.xx.2021-ci il tarixdə İddiaçı1 adına qeydiyyata alınmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 57.30 kv.m olan mənzil X5 mülkiyyətində olmuşdur. Cavabdeh MTK ilə X7 arasında xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. X7 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və onun vərəsələri xx.xx.2020-ci il tarixli 2V-54 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı2 və İddiaçı1dır. Müqavilə şərtlərinə əsasən, "Vətəndaş" (gələcəkdə "Payçı" adlandırılacaq) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, xx.xx.2008-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən ona məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 57.3 kv.metrdən ibarət olan 1 saylı mənzilini Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının 175 saylı, 22 dekabr 2016-cı il tarixli Sərəncamı əsasında nəzərdə tutulmuş layihənin həyata keçirilməsi üçün "Kooperativ"in mülkiyyətinə verir, "Kooperativ" isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yeni layihə tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasında ümumi sahəsi 68 kv.metr təşkil edən 2 otaqdan ibarət mənzili təmirli qaydada "Vətəndaş"ın (gələcəkdə "Payçı" adlandırılacaq) mülkiyyətinə verməyi öz öhdəsinə götürür və "Vətəndaş”a (gələcəkdə "Payçı" adlandırılacaq) müvəqqəti yaşayacağı yer üzrə aylıq 350 (üç yüz əlli) manat kirayə haqqının ödənilməsini təmin edir. Tərəflər tikinti və təmir işlərinin aparılması üçün nəzərdə tutulmuş müddəti, binanın özül işlərinə başlanmasından hesablanmaqla 36 ay olmasını qəbul edirlər. Bağlanmış Müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, cavabdeh "Vətəndaş"ın müvvəqəti yaşayacağı yer üzrə aylıq 350 (üç yüz əlli) manat kirayə haqqının ödənilməsini, 2.1.5-ci bəndinin şərtlərinə əsasən tikinti işləri tam başa çatdıqdan sonra müqavilədə nəzərdə tutulmuş qaydada ümumi sahəsi 68 kv.metr təşkil edən yaşayış sahəsini təmirli şəkildə "Payçı"ya təhviltəslim edilməsini təmin etməlidir. Müəyyən edilmişdir ki, X7 şəraitinin yaxşılaşdırılacağına güman edərək cavabdehlə yuxarıda göstərilən məzmunda müqavilə bağlamış, yaşayış sahəsini boşaltmışlar. Hazırda isə iddiaçılar cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməməsi, onların yaşayış yeri olan yaşayış sahəsini sökərək, yerində çoxmərtəbəli binanın tikintisini başa çatdırsa da, həmin binada iddiaçıları yeni yaşayış sahəsi ilə təmin etmədiyinə istinad edərək mövcud tələblə məhkəməyə müraciət etmişlər. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, qanunvericiliyə əsasən istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. İşdən göründüyü kimi, tərəflər arasında podrat müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə cavabdeh həmin ərazidə tikintisi nəzərdə tutulmuş yeni layihə tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasında ümumi sahəsi 68 kv.metr təşkil edən 2 otaqdan ibarət təmirli qaydada X6 yeni mənzilin və mənzil verilənə qədər kirayə xərclərinin verilməsi kimi öhdəliklərini üzərinə götürmüş, bunun nəticəsində cavabdehlərin iddiaçıdan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, lakin müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Göstərilən öhdəlikləri yerinə yetirməməsinə görə cavabdehin iddiaçılar qarşısında müqavilələrdən irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəliklər icra edilməməsinə görə iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; - 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; - 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçılar və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçıların müqavilə öhdəlikləri ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd edir ki, təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Bu baxımdan cavabdeh MTK həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, iddiaçılara məxsus yaşayış sahəsini müqavilədə göstərilən ünvan üzrə müəyyən edilmiş keyfiyyətdə və müddətdə təhvil verilməsini təmin etməli idi. Lakin, iddiaçılar üzərlərinə götürülmüş öhdəlikləri yerinə yetirmələrinə baxmayaraq, cavabdeh MTK üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, müqavilədə nəzərdə tutulan işləri tam icra etməyərək, müqavilə üzrə müəyyən edilmiş vəzifələrini vicdanla yerinə yetirməmiş, iddiaçılara müqavilədə nəzərdə tutulmamış qaydada yaşayış sahələri təklif etmişdir. Nəticə etibarilə bu cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin məzmununa uyğun gəlmir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən X7 ilə bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin tam yerinə yetirilməməsi nəticəsində iddiaçılar pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Məhkəmə, iddianın iddia ərizəsi verilən tarixə ödənilməmiş kirayə haqqı üçün 9054 (doqquz min əlli dörd) manat kompensasiya və iddia ərizəsi verilən gündən məhkəmə qətnaməsi tam icra edilənə qədər ödənilməmiş kirayə haqqı kompensasiyası (hər aya görə 524 manat) tutulması hissəsi üzrə qeyd edir ki, məhkəmə iclasında iştirak etmiş İddiaçı1 nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, kirayə haqqı 2024-cü ilin oktyabr ayınadək hər ay 350 manat olmaqla ödənilib, həmin aydan sonra kirayə haqqı ödənilmir. Müqavilə şərtlərinə əsasən də cavabdeh aylıq 350 (üç yüz əlli) manat kirayə haqqının ödənilməsini təmin etməlidir. Belə olan halda məhkəmə iddianı həmin hissədə qismən əsaslı hesab edir və belə qənaətə gəlir ki, 2024-cü ilin oktyabr ayından 2025-ci ilin iyun ayınadək hesablanmaqla cəmi 2800 (iki min səkkiz yüz) manat kirayə haqqı Cavabdeh MTK-dan tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməli və 2025-ci ilin iyun ayından başlayaraq mənzil təhvil verilənədək iddiaçılara 350 manat aylıq kirayə haqqı ödənilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Məhkəmə, iddianın “2021-ci ilin mart ayından hesablanmaqla, məhkəmə qətnaməsi tam icra olunanadək cavabdehdən ərizəçilərin xeyrinə iddia ərizəsi verilən günə qədər yol verilmiş gecikdirilməyə görə 40214,7 (qırx min iki yüz on dörd tam onda yeddi) manat və iddia ərizəsi verilən gündən məhkəmə qətnaməsi tam icra edilənə qədər 200000 (iki yüz min) manat məbləğinə illik 5 (beş) faizə bərabər kompensasiya tutulması hissəsini əsassız hesab etməklə təmin edilməsini mümkün hesab etmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7.-ci maddəsinin tələbinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cu il tarixli Qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Məhkəmə, iddianın iddia ərizəsi verilən günə qədər əsassız varlanmaya görə 60162,4 (altmış min bir yüz altmış iki tam onda dörd) manat və iddia ərizəsi verilən gündən 200000 (iki yüz min) manat məbləğinə məhkəmə qətnaməsi çıxarılan gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər faizlərə uyğun kompensasiya tutulması hissəsi üzrə qeyd edir ki, iddiaçı tərəf iddianın qeyd edilən hissəsini kifayət qədər əsaslandırmamış, cavabdeh tərəfin hər hansı bir qaydada iddiaçıların hesabına əsassız varlanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, Mülki Məcəllənin 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırki mübahisə tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir və hazırki qətnamə ilə məhkəmə mənzilin təhvil verilməsi hissəsində iddianın əsaslı olması nəticəsinə gəlmişdir. Odur ki, cavabdehin iddiaçıların hesabına əsassız varlanması halı müəyyən edilmədiyindən iddia bu hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 113.1-ci maddəsinə əsasən, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Qanunun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi ödənilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK-nın üzərinə xx.xx.2018ci il tarixli müqaviləyə əsasən verilməsi nəzərdə tutulmuş sanitariya və təhlükəsizlik normalarına cavab verən mənzilin iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilməsi vəzifəsi qoyulmalı, 2024-cü ilin oktyabr ayından 2025-ci ilin iyun ayınadək hesablanmaqla cəmi 2800 (iki min səkkiz yüz) manat kirayə haqqı Cavabdeh MTK-dan tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməli və 2025-ci ilin iyun ayından başlayaraq mənzil təhvil verilənədək iddiaçılara 350 manat aylıq kirayə haqqı ödənilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulmalı, 100 (bir yüz manat) dövlət rüsumunun əvəzi Cavabdeh MTK-dan tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməli, vəkilə hüquqi yardımla bağlı edilmiş ödənişin əvəzi olaraq 1000 (bir min) manat Cavabdeh MTK-dan tutularaq İddiaçı2 ödənilməli, 700 (yeddi yüz) manat dövlət rüsumunun kəsri iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq dövlət büdcəsinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MTK-nın üzərinə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən verilməsi nəzərdə tutulmuş sanitariya və təhlükəsizlik normalarına cavab verən mənzilin iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilməsi vəzifəsi qoyulsun. 2024-cü ilin oktyabr ayından 2025-ci ilin iyun ayınadək hesablanmaqla cəmi 2800 (iki min səkkiz yüz) manat kirayə haqqı Cavabdeh MTK-dan tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin və 2025-ci ilin iyun ayından başlayaraq mənzil təhvil verilənədək iddiaçılara 350 manat aylıq kirayə haqqı ödənilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulsun. 100 (bir yüz manat) dövlət rüsumunun əvəzi Cavabdeh MTK-dan tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Vəkilə hüquqi yardımla bağlı edilmiş ödənişin əvəzi olaraq 1000 (bir min) manat Cavabdeh MTK-dan tutularaq İddiaçı2 ödənilsin. 700 (yeddi yüz) manat dövlət rüsumunun kəsri iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar