Məhkəmə qərarları › İş №e-2(009)-936/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-936/2023

04.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-936/2023 04.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı – Cavabdeh qarşı “mənzilin açıq hərracdan satılması və satış pulunun bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı – Cavabdeh qarşı “mənzilin açıq hərracdan satılması və satış pulunun bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracda satılması və satışdan əldə ediləcək pul vəsaitinin iddiaçı ilə cavabdeh arasında paylarına mütənasib nisbətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli və **********60-05101-093003 reyestr nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzil üzərində hissədə İddiaçı xüsusi mülkiyyət hüququ tanınmışdır. Bununla bağlı olaraq mübahisənin məhkəmədənkənar həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən mənzilin real bazar qiymətinin 4/5 hissəsinin əvəzi kimi 200000 (iki yüz min) manat pulun iddiaçıya ödənilməsi və bununla da mənzilin cavabdehin mülkiyyətinə keçməsi təklif edilmişdir. Lakin bu təklifə cavabdeh hər hansı münasibət bildirməmişdir. Həmçinin iddiaçı tərəfindən həmin mənzilin mülkiyyətçilər arasında naturada bölünməsinə dair Səbail rayon Məhkəməsinə müraciət edilmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)724/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və bununla da mənzilin naturada bölünməsinin mümkün olmaması öz təsdiqini tapmışdır. Hazırda həm əmlakın naturada bölünməsi mümkün olmadığına, həm də cavabdeh tərəfindən hər hansı təklif olmadığına görə hesab edir ki, mənzilin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri (tərəflər) arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi zəruridir. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Beləliklə mənzilin naturada bölünməsi mümkün olmadığından, ayrılan mülkiyyətçi (iddiaçı) öz payının dəyərini digər mülkiyyətçi (cavabdeh) tərəfindən ödənilməsini tələb etsə də, cavabdeh kompensasiyanı vermək istəmədiyindən mənzilin açıq hərracda satılması və satışdan əldə edlən pul vəsaitinin tərəflər arasında bölünməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinə uyğun məzmunda izahat verərək, Əlavə olaraq bildirmişdir ki, iddiaçı cavabdehin ona həmin ərazidə yaşayış sahəsi alınması ilə bağlı şərtləri ilə razılaşmır, iddiaçının payının əvəzinin ödənilməsini cavabdeh tərəf qəbul etmədiyi halda iddianın təmin edilməsini xahiş edir. Etirazın dəlilləri: Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı ona qarşı “mənzilin açıq hərracda satılması və satış pulunun bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. O həmin iddia üzrə cavabdehdir, iddianı qəbul etmir və tamamilə əsassız hesab edir. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən sahə 3 ayrı-ayrı mənzildən ibarətdir. O hazırda həmin mənzilin bir hissəsindən istifadə edir. Qeyd olunan sahədən istifadə etməyi iddiaçının istifadəsində olan mənzildən sərbəst və tam istifadə etməsinə hər hansı bir maneə yaratmır, yarada da bilməz. Çünki onun istifadə etdiyi sahənin girişi tamamilə başqadır. Həmin yaşayış sahəsinə 5 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan da göründüyü kimi 8 saylı mənzil 3 hissədən ibarət olmaqla 76,7 kv.metr ümumi sahəyə malikdir. Mənzildə 3 ailə yaşayır. Belə ki, qardaşı X1 14,4 kv.metr sahəyə malik bir otaqda ailəsi ilə yaşayır, ayrıca girişi mövcuddur. İddiaçı həmin mənzilin 2 otağında (9,0 və 9,9 kv.metr sahəyə malik) tək yaşayır, ayrıca girişi mövcuddur. O yəni, Cavabdeh isə həmin mənzilin 9,6 kv.metr sahəyə malik yaşayış sahəsinə daxil edilməyən texniki pasportda göstərilən sahə də qızı ilə birlikdə yaşayır, həmin sahənin ayrıca girişi mövcuddur. Göründüyü kimi bütün yaşayış sahələrinin ayrıca girişləri mövcud olduğundan onun iddiaçıya heç bir maneçiliyi yoxdur. Bu səbəbdən də o iddianı tamamilə əsassız sayır və rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh əlavə olaraq bildirmişdir ki, onun iddiaçının payına düşən hissəni almaq üçün maddi imkanı yoxdur. Onun başqa yaşayış yeri yoxdur, iddiaçı onun payına uyğun ölçüdə həmin ərazidə ona yaşayış sahəsi alıb versə, o da hazırki əmlakdakı payından imtina edə bilər. Başqa şəkildə razılıq əldə edilməsi mümkün deyil. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövləty qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 6, 8 saylı mənzilin 1/5 hissəsinin hüquqi sahibi Cavabdehdır, 4/5 hissəsinin İddiaçıdur. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-248/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə Cavabdeh qarşı yaşayış evinin mülkiyyətçilər arasında naturada bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. - xx.xx.2023-cü il tarixli təklifdən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli və **********60-05101-093003 reyestr nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzil üzərində 4/5 hissədə İddiaçı xüsusi mülkiyyət hüququ tanınmışdır. Qeyd olunanları nəzərə alaraq mübahisənin məhkəmədənkənar həll edilməsi məqsədi ilə ünvan 2 ünvanında yerləşən mənzilin real bazar qiymətinin 4/5 hissəsinin əvəzi kimi 200000 (iki yüz min) manat pulun İddiaçı ödənilməsini və bununla da mənzilin mülkiyyətinə keçməsini təklif etmişdir. 5 gün ərzində qeyd edilən təklifin tərəfindən qəbul edilib-edilməməsi barədə məlumat verilməsi xahiş olunmuşdur. - Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1659/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsini müstəqil tələb irəli sürməyən şəxs qismində göstərildiyi Cavabdeh qarşı “kompensasiya verilməklə mənzilə istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1659/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Əsaslandırıcı hissə: İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli və **********60-05101-093003 reyestr nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzil 4/5 hissədə İddiaçı, 1/4 hissədə Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçı tərəfindən həmin mənzilin mülkiyyətçilər arasında naturada bölünməsinə dair Səbail Rayon Məhkəməsinə müraciət edilmiş, Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)724/2019 nömrəli qətnaməsi ilə mənzilin naturada bölünməsi mümkün olmadığından iddia təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Bundan sonra mübahisənin məhkəmədənkənar həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən mənzilin real bazar qiymətinin 4/5 hissəsinin əvəzi kimi 200000 (iki yüz min) manat pulun iddiaçıya ödənilməsi və bununla da mənzilin cavabdehin mülkiyyətinə keçməsi təklif edilmiş, lakin bu təklifə cavabdeh hər hansı münasibət bildirməmişdir. Hazırda cavabdeh tərəf iddiaçının qeyd edilən təklifinə hər hansı formada cavab vermədiyindən iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracda satılması və satışdan əldə ediləcək pul vəsaitinin iddiaçı ilə cavabdeh arasında paylarına mütənasib olaraq bölünməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1 və 213.2-ci maddələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; - 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; - 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; - 220.4-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Qeyd olunan Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi Plenumunun 04 аprel 2014-cü il tаrixli Qərаrındа deyilir ki, "Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir." Qərаrdа dаhа sоnrа deyilir ki, "Nəzərə аlınmаlıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz." Qərаrın nəticə hissəsinin 2-ci bəndində deyilir ki, "Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür." İşin araşdırılmış hallarına əsasən hazırkı mübahisə predmeti olan mənzil tərəflərin paylı mülkiyyətindədir, mənzilin naturada bölünməsi mümkün olmamaqla, mülkiyyətçilər arasında mənzilin bölünməsinə dair razılaşmaları olmamışdır. Belə ki, işin materiallarından görünür ki, iddiaçı tərəf cavabdeh tərəfə mübahisəli mənzilin naturada bölünməsi mümkün olmadığı üçün öz payını bazar qiymətinə uyğun olaraq almağı və mənzil barədə məsələyə 5 gün ərzində cavab verməyi təklif etmiş, buna cavab almadıqda isə qanunvericiliyə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının ayrılması üçün mənzilin açıq hərrac yolu ilə satılması qaydasında satış pulunun payına nisbətdə ona verilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçının təklifinə münasibət bildirərək, onun iddiaçının payına düşən hissəni almaq üçün maddi imkanının olmadığını, başqa yaşayış yerinin olmadığını, iddiaçının onun payına uyğun ölçüdə həmin ərazidə ona yaşayış sahəsi alıb verdiyi halda, hazırki mənzildəki payından imtina edə biləcəyini, başqa şəkildə razılıq əldə edilməsinin mümkün olmadığını qeyd etmişdir. Məhkəmə cavabdeh tərəfin iddiaya olan etirazının dəlillərinə də qiymət verilməsini zəruri sayaraq hesab edir ki, bu dəlillər əsassızdır. Belə ki, paylı mülkiyyətçi olan cavabdehin digər paylı mülkiyyətçi olan iddiaçının paylı mülkiyyətdə olan əmlakının satılması ilə bağlı iddiasına göstərilən formada mövqe sərgiləməsi ilk növbədə iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırması deməkdir və məhkəmə cavabdehin bu mövqeyini hüquqdan sui-istifadə kimi qiymətləndirir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Məhkəmə, işin faktiki hallarını, tərəflərin hər birinin mənafeyini, mübahisəli mənzilin naturada bölünməsinin və ya ondan payın ayrılmasının mümkün olmadığını, eləcə də tərəflər arasında hər hansı bir razılaşmanın əldə edilmədiyini, başqa sözlə Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsini nəzərə alaraq, paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi qaydasını nəzərdən keçirərək hesab edir ki, Mülki Məcəllənin 220.6-cı maddəsinin tələbləri baxımından Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi, ev 6, 8 saylı mənzil açıq hərracda satılmalı və əldə edilmiş vəsait Cavabdeh (1/5 hissə) və İddiaçı (4/5 hissə) arasında paylara mütənasib olaraq bölünməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh və İddiaçı paylı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi, ev 6, 8 saylı mənzil açıq hərracda satılmalı və əldə olunmuş vəsait Cavabdeh (1/5 hissə) və İddiaçı (4/5 hissə) arasında paylarına mütənasib olaraq bölünməlidir. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2, 88, 217.3, 217.4, 218.1-ci maddələrinə əsasən, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh və İddiaçı paylı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi, ev 6, 8 saylı mənzil açıq hərracda satılsın və əldə olunmuş vəsait Cavabdeh (1/5 hissə) və İddiaçı (4/5 hissə) arasında onların paylarına mütənasib olaraq bölünsün. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar