Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-937/2023 08.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “təhsil haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “SABİS Sun Beynəlxalq Məktəbi" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “təhsil haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2864 manat ödənilməyən xidmət haqqının və ödənilmiş 48.64 manat dövlət rüsumunun tutularaq iddiaçı “SABİS Sun Beynəlxalq Məktəbi" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra “Məktəb”) ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 1166/970 AY22/23 saylı “Ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında” müqavilə (bundan sonra “Müqavilə”) bağlanmışdır. Həmin Müqaviləyə əsasən iddiaçı cavabdehin qanuni nümayəndəsi olduğu X4 Azərbaycan Respublikasının qanunvericiliyinə və Məktəbin Nizamnaməsinə uyğun olaraq ümumi təhsil xidmətləri göstərməyi, cavabdeh isə xidmətlərin müqabilində Məktəbə Müqavilələrə və onun Əlavələrinə uyğun olaraq dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Müqavilələr üzrə üzərinə düşən öhdəliyini tam şəkildə icra edərək, cavabdehə 2022-2023-cü tədris ilində 13 Yanvar tarixinədək ümumi dəyəri 8.876,33 manat təşkil edən təhsil xidmətləri göstərmişdir. Lakin cavabdeh tərəfindən Müqavilələrin şərtləri pozulmuşdur. Belə ki, cavabdeh iddiaçının göstərdiyi xidmətlərin dəyərini qismən ödəmiş və nəticədə onun məktəbə 2864 manat (Müqavilənin 1 saylı Əlavəsinin 1-ci bəndində əks olunan 2-ci dönəm üçün təhsil haqqı - 4283,33 manatın 2/3 hissəsi + 10 manat uniforma xərci) məbləğində təhsil haqqı borcu yaranmışdır. Müqavilələr üzrə öhdəliyinin yerinə yetirilməsi, yəni iddiaçıya olan xidmət haqqı borcunun ödənilməsi məqsədilə, cavabdehə pretenziya məktubu göndərilsə də, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Odur ki, iddiaçı hüquqlarının məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış Müqavilənin 5.1-ci bəndinə görə, ödəməni Müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən qaydada və müddətdə aparmaq cavabdehin öhdəlikləyidir. Müqavilənin 1 saylı Əlavəsinin 1-ci bəndində əks olunan cədvəldə ödəniş tarixi və məbləğləri qeyd edilmişdir. Məktəb administrasiyası tərəfindən cavabdehə 20 Dekabrda ikinci dönəm üçün müqavilədə müəyyənləşdirilmiş 4283.33 manat məbləğində ödənişin ödənilməsi tələbi ilə müraciət edilmiş, lakin cavabdeh 13 Yanvar 2023-cü il tarixində Müqaviləyə xitam verəcəyi barədə geri dönüş etmişdir. Nəticədə cavabdehin faktiki olaraq Məktəbə 13 Yanvar tarixinədək ikinci dönəm üçün 2864 manat borcu yaranmışdır. 7. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən hesab edirik ki, cavabdehdən Məktəbin xeyrinə 2864 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddia ərizəsində göstərilənləri müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 bildirmişdir ki, cavabdeh sentyabr-dekabr aylarında ümumi xəstəliyi ilə əlaqədar dərslərin əksəriyyətində iştirak etməmişdir. İddiaçının tələb etdiyi ödəniş dönəmi semestr dönəmini deyil, qış tətili olan dövrü əhatə edir. Bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “SABİS Sun Beynəlxalq Məktəbi" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Ödənişli təhsil xidməti haqqında 1166/970 AY22/23 saylı müqavilə bağlanmışdır. İş materiallarında olan 1166/970 AY22/23 saylı müqaviləyə əlavədən görünür ki, 2022-2023-cü tədris ili üçün təhsil haqqı 14350 manat təşkil edir. Müqavilənin 2.8-ci bəndinə əsasən məktəbin şagirdin xəstələnməsi, müalicəsi, karantin, valideynlərinin məzuniyyəti, tətil və digər üzürlü səbəblərdən dərslərdə iştirak etmədikdə (müqavilənin 1ci bəndində göstərilən Xidmət haqqı ödənildiyi halda) ona ayrılmış yeri saxlamaq öhdəliyi vardır. Müqavilənin 6.8-ci bəndinə əsasən valideyn şagirdi məktəbdən çıxarmaq və bu müqaviləyə xitam vermək istədikdə və onun tərəfindən bu müqavilənin müvafiq əlavələrində müəyyən edilmiş xidmət haqqı və eləcə də tərəflər arasında imzalanan və bu müqavilənin tərkib hissəsi olan digər əlavələrdə göstərilən ödənişlər lazımi qaydada və vaxtında ödənilmədikdə, məktəb, müvafiq xidmət haqqı və ödənişlər edilənədək, şagirdin digər təhsil müəssisəsinə keçirilməsi üçün tələb olunan sənədləri təqdim etməkdən və bununla bağlı müvafiq təhsil portalı üzərində əməliyyatlar aparmaqdan imtina etmək hüququna malikdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında Cavabdeh uşağı təhsil alması məqsədi ilə 2022-2023-cü tədris ili üçün xx.xx.2022-ci il tarixdə tam orta təhsil xidməti haqqında müqavilə bağlamışdır və həmin müqaviləyə əsasən cavabdeh 14350 manat məbləğində təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə ilk növbədə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Tərəflər arasında bağlanılmış müqavilənin 2.1.12-ci bəndindən göründüyü kimi iddiaçı baş verən fors major hallara görə hər hansı məsuliyyət daşımır. Müqavilənin bu bəndinə şərh verərək məhkəmə qeyd edir ki, respublikada baş verən pandemiya fors major hal hesab edilir və belə halın baş verməsi məlum olduğu kimi nə iddiaçının, nə də cavabdehin iradəsindən asılı deyil. Bununla belə müqavilə şərtlərinə əsasən iddiaçı xidmət göstərən şəxs kimi fors major hallara görə məsuliyyət daşımadığı üçün, cavabdehin həmin halı əsas tutaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etməsi, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən imtina kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 430.2-ci maddəsinə əssən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Qeyd edilən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz(maddə 488.2). Beləliklə cavabdehin müqavilə üzrə ödənilməmiş qalmış məbləğin ödənilməsindən birtərəfli qaydada imtina etməsi öhdəliyin pozulması kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 2864 manat məbləğində ödənilməmiş təhsil haqqının tutulması hissəsində əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat+1000 manatdan yuxarı olan iddia qiymətinin 1% dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 48.64 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2864 (iki min səkkiz yüz altmış dörd) manat ödənilməyən xidmət haqqı və ödənilmiş 48.64 (qırx səkkiz manat, altmış dörd qəpik) manat dövlət rüsumu iddiaçı “SABİS Sun Beynəlxalq Məktəbi" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-937/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-937/2023
08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver