Məhkəmə qərarları › İş №e-2(009)-942/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-942/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-942/2022 06.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X3 Azərbaycan” QSC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1606,50 manat məbləğində maddi zərərin və 36,06 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 06.03.2013-cü il tarixində “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh X1 arasında imzalanmış 213-010 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən, kreditalan Cavabdeh bank tərəfindən illik 16% dərəcəsi olmaqla, 36 ay müddətinə hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən, geri ödəmək şərti ilə 27.000 ABŞ dolları məbləğində kredit ayrılmışdır. 213-010 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin edilməsi məqsədilə 06.03.2013-cü il tarixində bankla cavabdeh arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən, mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan “Mercedes Benz-E63” minik markalı, ban WDB 2110771B085478, 2008-ci il buraxılışlı, ağ rəngli avtomobil “X3 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən 06.03.2013-cü il tarixli yüklülük barədə AA seriyalı 077448 № li müvafiq çıxarış təqdim edilmişdir. Azərbaycan Respublikası mülki qanunvericiliyinə, həmçinin borcalanla, ipoteka qoyanla və zaminlə bağlanmış müqavilələrə əsasən borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə borcverən borcalan, zamin həmçinin öhdəliklərin təminatı kimi yüklü edilmiş əmlaka tutma yönəltməklə onun satılmasını, əldə edilmiş pul vəsaiti hesabına kredit üzrə əsas məbləğ borcunun, əsas məbləğə hesablanmış faizlərin və cərimələrin, habelə çəkilmiş bütün xərclərin ödənilməsini tələb edə bilər. İddiaçı“X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə verərək iddia tələbinin həcminin artırılmasını, Cavabdeh 23430.47 ABŞ dolları əsas, 3248.86 ABŞ dolları faiz, 1532.58 ABŞ dolları cərimə borcu, 9.50 manat poçt xərcləri və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17.09.2014-cü il tarixli, 2(009)-2408/2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 23430.47 ABŞ dolları əsas kredit borcu, 3248.86 ABŞ dolları hesablanmış faiz borcu, 200 ABŞ dolları cərimə borcu olmaqla (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və həmçinin iddianın qaldırılması ilə əlaqədar 2.50 manat poçt xərcləri və 30 manat dövlət rüsumunun alınaraq “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 mart 2013-cü il tarixli 213-010 №li ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş “Mercedes Benz-E 63" minik markalı, ban nömrəsi WDB2110771B085478, 2008-ci il buraxışlı ağ rəngli avtonəqliyyat vasitəsinə yönəldilməsi və “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas kredit borcu, kredit faizi, cərimə, poçt xərcləri və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması qət edilmişdir.Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Səbail Rayon İcra Şöbəsinə yönəldilmişdir.Səbail Rayon Məhkəməsinin 2(009)-2408/2014 nömrəli, 17.09.2014-cü il tarixli icra vərəqəsinin və Səbail Rayon İcra Şöbəsinin 14.01.2016-cı il tarixli məktubunun icrasına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41,42 və 43-cü maddələrinə istinad edərək hərrac təşkil olunmuşdur. Hərracın təşkilini "xxxx" MMC həyata keçirmişdir.“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.7-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracı başa çatdırmışdır. Hərracın yekunları barədə 16 may 2016-cı il tarixli 40/09 nömrəli protokola əsasən alıcı (hazırkı iddia üzrə iddiaçı) “X3 Azərbaycan” QSC “Mercedes Benz E63” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 13387.50 manata (on üç min üç yüz səksən yeddi yüz manat əlli qəpik) almışdır.“X3 Azərbaycan QSC tərəfindən 03.05.2016-cı il tarixlil 606.50 (min altı yüz altı manat əlli qəpik) xidmət haqqının "xxxx" MMC-yə ödənilməsinə dair 232 saylı ödəniş tapşırığı verilmiş və həmin tarixli bank köçürmə sənədi ilə qeyd edilən məbləğ sonuncunun bank hesabına ödənilmişdir. İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Səbail rayon Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə 23430,47 ABŞ dolları əsas borc, 3248,86 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları cərimə borcunun Cavabdeh tutulması, tutmanın ipoteka predmeti olan “Mercedes Benz E 63” minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi qət edilmişdir. 40/09 nömrəli Hərracın yekunları barədə protokolun surətindən görünür ki, Cavabdeh məxsus “Mercedes Benz E 63” markalı, ** VJ *** dövlət nömrə nişanlı avtomobil keçirilmiş hərracda 13387,50 manat qiymətə “X3 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir. 232 nömrəli 03 may 2016-cı il tarixli Ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" MMC-nin hesabına X3 Azərbaycan” QSC tərəfindən 1606,50 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 06 mart 2013-cü il tarixdə kredit müqaviləsi bağlanmış və müqavilənin təminatı olaraq “Mercedes Benz E 63” markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. Daha sonra məhkəmə qətanməsi ilə həmin kredit müqaviləsindən yaranmış borcun cavabdehdən tutulması və tutmanın ipoteka predmeti olan əşyaya yönəldilməsi qət edilmişdir. Keçirilmiş hərracda avtomobil iddiaçı tərəfindən dəyəri ödənilməklə əldə edilmişdir. Keçirilmiş hərracın xərci kimi iddiaçı 1606,50 manat məbləğində hərrac təşkilatının hesabına pul ödəmişdir. “İpoteka haqqında” Qanunun 4.1.4-cü bəndinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. Həmin Qanunun 47.2.2-ci bəndinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə bölüşdürülür. Məhkəmə iş materiallarında olan sübutlara və istinad olunan hüquq normalarına istinadən qeyd edir ki, ipoteka predmetinin hərracdan satılması ilə bağlı hərrac təşkilatçısının xərcləri iddiaçı tərəfindən qarşılandığından həmin pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi təmin olduğu halda isə, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 36,06 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1606,50 manat məbləğində pul vəsaiti və ödənilmiş 36,06 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh “X3 Azərbaycan” QSC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar