Məhkəmə qərarları › İş №e-2(010)-1126/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1126/2025

26.05.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1126/2025 26.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, iddia tələblərinin təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsində Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının 30 iyul 1997-ci il tarixli 1015 saylı Sərəncamına əsasən 0,015 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yaşayış sahəsinin 1-ci mərtəbəsinin İddiaçı şəxsi istifadəsində, həmin fərdi yaşayış evinin yaşayış sahəsinin 2-ci mərtəbəsi cavabdeh X2 və ailəsinin şəxsi istifadəsində saxlanılmaqla, 1-ci mərtəbədə yerləşən hamam və sanitar qovşağının ümumi istifadədə olmaqla evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının 30 iyul 1997-ci il tarixli 1015 saylı Sərəncamına və Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0,015 hektar torpaq sahəsi İddiaçı İlderım oğluna fərdi yaşayış evi tikintisi üçün verilmişdir. 2007-ci ildə həmin torpaq sahəsində həyət evi tikməyi qərarlaşdırdı. Bu məqsədlə, ilk növbədə ona məxsus “Qazel” markalı minik maşınını 5000 manata satıb, evdə olan pul ehtiyatlarından da istifadə edib daş, qum, sement və sair alaraq ilkin işlərə xəclədi. Həmin vaxtlarda cavabdeh – oğlu Anar, xalası Sara xanımdan 5000 ABŞ dollar (manatın kursuna görə 4000 manat) borc aldı. Həmin pul da evin tikintisinə xərcləndi, 5000 ABŞ dollar borcun 1250 dollarını o qaytarmalı oldu. 2010-cu ildə ev tikilib tamamlandı. 2011-ci ilin sentyabr ayının sonuna kimi birinci mərtəbə tam təmir edildi. Anar evlənəndən sonra həmin il evin birinci mərtəbəsinə köçdü. Həmin dövrdə anası Kubra Mehdizadə yataq xəstəsi olduğundan ona kömək lazım idi və o, ata evində qaldı ki, anasına kömək olsun. 2019-cu ildə anası Kubra Mehdizadə rəhmətə gedəndən sonra oğlunun ailəsi ilə bir yerdə təzə tikilən evdə bir müddət yaşadılar. Sonra qərara gəldilər ki, evin ikinci mərtəbəsi təmir olunduqdan sonra həyat yoldaşı Zenfira Nəsrullayeva ilə təzə evə köçsünlər. Evin ikinci mərtəbəsi təmir olunmadığına görə və səhhətində nasazlıqlar olan həyat yoldaşı Zenfira Nəsrullayevanın yanında qalmaq lazım olduğundan böyük oğlunun evində həyat yoldaşının tək olmaması üçün qalırdı. Həmin vaxtlarda cavabdehlə danışdılar ki, ikinci mərtəbəni təmir edib qurtarmaq lazımdır ki, o ikinci mərtəbəyə köçsün və daha rahat yaşama şəraiti olsun. Təxminən 2021-ci ildə ikinci mərtəbəyə pilləkən qoyulması işini başa çatdırdı. Belə ki, ikinci mərtəbənin qapı, pəncərə, döşəməsi var idi, rəngsaz və sairə işlər edilməmişdir. Həmin vaxt pilləkəni tikib başa çatdırmaq üçün 1200 manat o xərcləmişdi, həmin xərcdən 600 manatını cavabdeh Anar ona hissə-hissə ödəmişdir. Bundan başqa, 2018-ci ildə Cavabdeh “Şevrolet Aveo” avtomaşınını almaq üçün ondan 7250 manat pul almışdır və aldığı pulları hissə - hissə qaytaracağını bildirmişdir. Bir neçə ay sonra Anar işdən çıxdı və pulu indi qaytara bilməyəcəyini və imkan yarandıqca ödəyəcəyini bildirdi. Daha sonra 2022-ci ilin əvvəllərində dostu Emil ilə “Toyota Prius” markalı avtomaşın alıb icarəyə vermək üçün ondan 6000 manat borc pul və 2022-ci ilin noyabr-dekabr aylarında “Toyota Yaris” avtomaşınını almaq üçün də 3000 manat borc almışdır. Həmin borclardan indiyə qədər cəmi 2600 manatının “Birkart” kartına göndərməklə, bir hissəsini isə nağd qaytarmışdı. 2024-cü ilin may ayında anası rəhmətə gedəndə iddiaçı cavabdeh Anara dedi ki, anasının “40” mərasiminə kimi “Toyota Prius” avtomaşınını alarkən ondan aldığı pulu qaytarsın. O dedi ki, maşını satıb pulu qaytaracaqdır. Lakin o sözünə əməl etmədi. Anası vəfat edəndən sonra cümə axşamlarında iştirak etməməsi səbəbindən münasibətləri daha da gərginləşdi. Həmin vaxtdan birgə yaşayışlarının mümkün olmayacağını görüb təzə evdə istifadə qaydalarının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəldi. Beləliklə, evin 2007-ci ildən 2011-ci ilə qədər inşa və təmir olunmasına həmin dövrün alıcılıq səviyyəsinə uyğun cəmi 31000 manat və 800 ABŞ dolları xərc çəkmişdir. Bundan başqa evin həm arxitektoru, həm prorabı və lazım olanda fəhləsi olmuşdur. İkinci mərtəbəyə 4000 ədəd daşı özü qaldırmış, birinci və ikinci mərtəbənin taxta döşəməsini əmisinin oğlu Rəfail ilə birlikdə vurmuşdur. Beton işlərinin görülməsi, evin kəmərinin betonla tökülməsini də əmisinin oğlu ilə birlikdə görmüşdürlər. İkinci mərtəbənin damının taxtadan vurulması da onunla əmisinin oğlu tərəfindən edilmişdir. Hələ tikinti başa çatana qədər evin kommunal xidmətlərə (su, işıq və qaz) qoşulması da onun adına rəsmləşdirilmişdir. Halhazırda həmin evdə birgə ümumi istifadə edərək yaşamalarını mümkün hesab etmir. Bu səbəbdən, evdən isitifadə qaydaları müəyyən edilməlidir. Bidirir ki, ev iki mərtəbədən ibarətdir. Torpaq sahəsi və evin tikintisinin əsas xərcləri onun tərəfindən aparıldığından, həmçinin yaşı nəzərə alınaraq hesab edir ki, evin birinci mərtəbəsi onun istifadəsinə, ikinci mərtəbəsi isə Cavabdeh ailəsinin istifadəsinə verilməli, birinci mərtəbədə yerləşən hamam və sanitar qovşağı ümumi istifadədə saxlanılmalıdır. Evdən istifadə qaydalarının müəyyən edilməsi iddiaçıya öz evində normal yaşayışına şərait yaradacaq. İddiaçı ilə cavabdeh arasında istifadə hüququnun müəyyən edilməsi ilə əlaqədar yaranmış mübahisə əslində borc verilmiş məbləğlərin qaytarılmamasından və anasının cümə axşamları mərasimlərində nə özü, nə həyat yoldaşının iştirak etməməsi səbəbindən yaranmışdır. Belə ki, iddiada göstərildiyi kimi anasının yas mərasiminə sərf olunacaq məbləğ cavabdehdən tələb ediləndə onun imtinası münasibətlərin pozulmasına və faktiki olaraq qarşıdurmaya səbəb olmuşdur. İddia ərizəsinin Suraxanı rayon Məhkəməsinə verilməsini onunla əsaslandırılır ki, evdən istifadə qaydalarının müəyyən edilməsi barədə iddia Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi, Şəhadətnaməyə əsasən 0,015 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə aiddir. Tərəflərin izahatları. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, iddia tələbi Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsində Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının 30 iyul 1997-ci il tarixli 1015 saylı Sərəncamına əsasən 0,015 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yaşayış sahəsinin 1-ci mərtəbəsi İddiaçı İlderım oğlunun şəxsi istifadəsində, həmin fərdi yaşayış evinin yaşayış sahəsinin 2-ci mərtəbəsi Cavabdeh və ailəsinin şəxsi istifadəsində saxlanılmaqla, 1-ci mərtəbədə yerləşən hamam və sanitar qovşağı ümumi istifadədə olmaqla evdən istifadə qaydalarının müəyyən edilməsi ilə bağlıdır. Cavabdeh tərəf evin tikintisinin bütün xərclərinin onun tərəfindən edildiyini məhkəmədə bildirmişdir. Şahidlərin dindirilməsi zamanı da bu mövqeyi təsdiq etmək istəmişdir. Lakin, bunu təkzib edən sübutlar var. Torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə var. Həmin şəhadətnamədə həm iddiaçıya, həm də cavabdehə ¼ hissədə mülkiyyət hüququnun verilməsi qeyd olunmuşdur. X5 vərəsəliyi açılmışdır. Həyat yoldaşı kimi 50% iddiaçıya keçmiş, 50% də tərəflər arasında bölünmüşdür. Bu da həmin torpağın paylı olduğunu təsdiq edir. Eyni zamanda, qeyd edir ki, Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının sərəncamı olmasaydı mülkiyyətə verilmə barədə şəhadətnamə olmazdı. Həmin sərəncamdan da görünür ki, 30 iyul 1997-ci ildə İddiaçı ev tikmək üçün 6 sot torpaq ayrılmışdır. 6 sotdan hazırda 1,5 sot qalmışdır. Qalan hissəni iddiaçı satmışdır, uşaqlarına toy etmişdir, qalıq məbləğ də özündə qalmışdı. Həmçinin, iddiaçının Qazel markalı maşını olmuşdu, onu da satıb, əldə olunan vəsaiti evin tikintisinə xərcləmişdir. Növbəti sübut kimi qeyd dəftərini təqdim etmişdirlər. Orada hansı işlərin görüldüyü, hansı ustaların cəlb olunduğu və nə qədər pul xərcləndiyi göstərilmişdir. Cavabdehin də həmin dəftərdən xəbəri var idi. Hətta həmin dəftərdə Anara 100 manat verdiyi qeyd olunub. Əgər tikintini Anar maliyyələşdirirdisə, atasından pul almazdı. İddiaçının baldızının məhkəməyə ünvanladığı məktub var. İddia ərizəsində də göstərmişdirlər ki, o, evin tikintisinə 4000 manat vermişdi. 1250 dolların qaytarılmasını təkzib edir. Lakin, iddiaçı pulu qaytarmaq üçün cavabdehə vermişdi, cavabdehin qaytarıb-qaytarmadığı onlara məlum deyil. Cavabdeh o mövqeyində dayanır ki, guya iddiaçı pul xərcləməmişdir, lakin iddiaçı layihəni hazırlayıb, kəmərin tökülməsində iştirak edib, ustaları tapıb, materiallar alıb, beton işlərini Rəfael ilə birgə görüb, taxta döşəmələrin vurulmasında, darvazanın sifarişində iştirak edib. Bunu ifadəsində Rəfael də təsdiq etmişdir. Ağababa adında usta da beton işlərini görmüşdür, malanı vurmuşdu, darvazanı yerləşdirmişdi. Cavabdeh ustalara iddiaçının pul verdiyini təsdiq edir. Ustalar da təsdiq etdilər ki, inşaat materiallarının alınması üçün pulu iddiaçı vermişdi. Cavabdeh deyir ki, iddiaçıya pulu özü verib, lakin cavabdehin dediyini təsdiq edən hal yoxdur. Şahid kimi bir xalası gəlmişdi, o da cavabdehin sözünü təsdiq etmədi. İsveçdə yaşadığı bacısından pul istədiyi və ya onun yanında cavabdehdən pul götürdüyü barədə iddiaçı soruşanda şahid “yox” cavabı vermişdi. İddiaçı 4000 manat məsələsini özü təsdiq edir. Bunu deməyə də bilərdi. Cavabdehin 100-150 manat verdiyini də qəbul edir. İddiaçının işləməsi ilə bağlı da əmək kitabçasını təqdim etmişdirlər. İddiaçı torpaq sahəsini, maşını satmışdı. Özü və həyat yoldaşı da həmişə işləyiblər. Həmin məbləğ onda ola bilərdi. Cavabdeh isə 2006-cı ildə universiteti bitirmişdi, evin tikintisi də 2007-ci ildə başlamışdı. Universiteti təzə bitirən adamda maliyyə ehtiyyatlarının olması ehtimalı azdır. Mübahisəli evin sənədi yoxdur, lakin Ali Məhkəmənin Plenum Qərarına əsasən evin sənədi olmasa belə torpağa sənəd varsa, onlar bir əmlak kimi gedir. Torpağın sənədi olduğu zaman ev torpağın mülkiyyətçisinə məxsus hesab edilir. İddiaçının evə olan hüququ təsdiq edilir. Cavabdeh tərəfindən gələn şahid evin tikintisində işləməyib, 2-ci mərtəbədə təmir işləri görülməsində köməklik edib. İddiaçı cavabdehə mərtəbələrdən birini seçməyi təklif etmişdi, cavabdeh razı olmadı. İddiaçı böyük oğlunun yanında qalır , böyük oğlunun adı şəhadətnamədə var, o da ¼ paya sahibdir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, onun 25 il iş stajı var. 2000-2004-cü illərdə işləməməyinin səbəbi o olmuşdur ki, Qazel markalı maşınını arendaya verib, pul alırdı. 2005-ci ildə də həmin maşını satmışdır. Baş etibarnamə vermişdir, ona görə alqı-satqı olmamışdır. Yoldaşı da 1977-ci ildən işləyib. Qeyd edir ki, onun imkanı olmasaydı, oğullarını ödənişli əsaslarla oxuda bilməzdi. 2007-2011-ci ilər arası 30000 manat qazandığını demir. Onun vəsaiti olub. Cavabdeh özü də rəsmi iş yeri barədə sənəd təqdim etməyib. Ev də torpağa bağlıdır və eyni əşya sayılır. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, iddiaçı 31800 manat xərclədiyini deyir və evin 1-ci mərtəbəsini tələb edir, indi də torpağa mülkiyyət hüququndan danışır. Əsas sübut ağırlığı iddiaçının üzərinə düşür, sübut da yoxdur. 2 usta dindirilən zaman sualına cavab olaraq bildirmişdilər ki, biri dalbadal 25 gün tikintidə işləyib, digəri isə 5 gündən bir 3 ay ərzində işləyib. Həmin müddət ərzində də iddiaçı həmişə onların yanında olub. Belə olan halda, işə getməyə vaxtı olmamış və maaş almamışdır. Qazelin də nə vaxt satılması barədə alqı-satqı müqaviləsi təqdim olunmamışdır. Kommunal xidmətlərdən də qaz və işıq cavabdehin adınadır, ancaq su iddiaçının adınadır. Amma onun da ödənişini cavabdeh edir. O ailə qurub, həmin evə köçmüşdür, 13 ildir orada yaşayır. İddiaçı isə sübut olaraq ancaq əl yazmasını təqdim edir. Qeyd edir ki, mobil telefonu da, nömrəni də iddiaçıya 2008-ci ildə o almışdır. O vaxta qədər onun mobil telefonu olmayıb. İddianın rədd olunmasını xahiş edir. Şahid ifadələri. Məhkəmə iclasında Şahid4 bildirmişdir ki, iddiaçı onun əmisi oğludur. O əvvəl ev tikdirmişdi. Ondan məsləhət istədi. Həmin ustalar bu evin tikintisində də iştirak etdi. 2007- 2008-ci illər idi. Beton, hamam-tualet işlərində iştirak etmişdir. Pul almışdır, bəzi işlər üçün almırdı, pulu Nərimandan almışdır, məbləğ yadında deyil. Beton, suvax üçün pul almışdır, mənbəyini bilmirdi. Qeyd edir ki, materialları Nəriman alıb gətirirdi. Bərabər də getmişdirlər, usta ilə də gedib. Usta pulları barədə özü qərar verirdi. Pul asılılığını hiss etməmişdir. Ağababanın vaxtında da işləmişdir. Hamısını Nəriman verirdi. Qazel markalı maşını olub, sonra satıldı. Satıldığı vaxt yadında deyil. İmkanı olan şəxs kimi tanıyır, kömək də olub. Anarın da mənfi cəhətini görməmişdir. Polu 3 aya vurmuşdur. Hər gün işləmirdi. 1 gündən, 2 gündən bir işləyirdi, dalbadal 2 gün işlədiyi olub. Məhkəmə iclasında Şahid3 bildirmişdir ki, ev məsələsi ilə bağlı gəlmişdir. O həmin evdə usta olmuşdur. Ştukaturka işlərini görmüşdür. Zığ kəndinə yerləşir. Dəqiq ünvanı bilmir. İşləyib gedirdi. Məktəbin yanında yerləşir. Piyada gedirdi, yaxın yerdə, İ.Süleymanov küçəsində yaşayır. Bünövrənin qoyulmasında, 1-ci mərtəbənin tikintisində, hasarın çəkilməsində iştirak etmiş, sonra suvax da vurmuşdur. 2007-ci ildə olub, məbləğ yadında deyil. Pulu Nəriman verirdi, onu kənd adamı kimi tanımışdır. Pulun mənbəyini bilmirdi. Özü ilə danışıb, haqqını ödəyirdi, materiallarla bağlı özü qərar verirdi. Başqa şəxslə danışdığını görməmişdir. Evi kimin üçün tikdiyini bilmir, ona ev tikmək istədiyini dedi. Bünövrənin qoyulmasında, 1-ci mərtəbənin tikintisində, hasarın çəkilməsində iştirak etmiş, sonra suvax vurmuşdur. Məhkəmə iclasında Şahid2 bildirmişdir ki, o, Anara görə gəlmişdir, onun xalasıdır. Anarın evlənən vaxtı idi, onun üçün ev tikmək lazım idi, həyətin içində yarımtikili var idi, Anar oranı istəmədi, yeni evin tikilməsi və təməli üçün 4000 manat pul lazım idi. Şahidin kiçik bacısı onun evində 5000 dollar məbləğində pulu Anara verdi. Daha sonra, Anar pulu qaytardı. Anarla torpağa baxdılar, yarımtikili atasının evinin yanında idi. Tikinti başlayandan sonra zəng vururdu, pul istəyirdi. Evdə tək şahid idi, Anar işdə olurdu. Tikilin altında olan torpağın sotu dəqiq bilmir, 1 sotdan çox ola bilər. Anar işləyirdi, amma o (atası) işləmirdi. Maşını oğlunun toyunda satmışdı. Toyda yığılan pul barədə məlumatı yoxdur, Anar işləyirdi, pulu da yanında qoyurdu. Məhkəmə iclasında Şahid1 bildirmişdir ki, o, mübahisəli evdə usta işləmişdir. Anar onu şahid kimi dəvət edib, 2-ci mərtəbənin təmiri ilə bağlı gəlmişdir. İddiaçı ona pul verməyib, arada axşamlar gəlirdi, lakin təmirə baxmaq üçün gəlməyib. Qeyd edir ki, o, Anarın həyat yoldaşının qohumudur. O, dindar olduğuna görə içki məclislərində iştirak etmir, toya da getməmişdir. Evlənəndə evi görməmişdir. 2-ci mərtəbədə işləmişdir, ev bina idi, 1-ci mərtəbə, dam var idi, bina hazır idi. Bildirir ki, alçıpan, şpaklovka işlərində kömək etmişdir. Şlifovka, mala etməmişdir. İş materialları. Suraxanı rayon icra hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1015 saylı sərəncamına əsasən, İddiaçı fərdi yaşayış evi tikmək üçün Zığ qəsəbəsinin şimal-şərq hissəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan xx.xx.2002-ci il tarixli aktdan görünür ki, Suraxanı rayon icra hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1015 saylı sərəncamına əsasən Zığ qəsəbəsinin şimal-şərq hissəsində, 600 kv.m. torpaq sahəsinin ölçülərinin naturada ifadəsi ilə pay bölgüsü aparılmışdır. Torpaq sahəsi İddiaçı verilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2003-cü il tarixli, JN- 9740D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Bakı şəhəri 24 saylı Dövlət Notariat Kontorunun 07 noyabr 2003-cü il tarixli 4Ə/7-1006 və 4Ə/7-1007 saylı alqı-satqı müqavilələri ilə 0.015 hektar torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı İldırım oğlunun və ailə üzvləri olan X1, X4 və Cavabdeh mülkiyyətinə verilmişdir. Şəhadətnaməyə həyətyanı sahənin qaiməsi və torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü, torpaq sahəsinin yerləşdiyi yerin sxemi əlavə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin məlumatın və müvafiq sənədlərin surətlərinin təqdim edilməsi barədə 3 aprel 2025 -cü il tarixli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Bakı şəhəri, Zığ qəsəbəsi, şimal-şərq hissəsində yerləşən 0,015 ha torpaq sahəsinə dair ümumi birgə əsaslarla (X3, X6, Cavabdeh) İddiaçı İldırım oğlunun adına xx.xx.2003-cü il tarixli, JN-9740D nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. (Şəhadətnamə əlavə edilir) İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən məhkəməyə təqdim edilən xərcləri yazılan dəftərindən görünür ki, evin tikintisi ilə bağlı işlərin görülməsi və xərclənən pul vəsaitləri qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 17 mart 2025-ci il tarixli yerində müayinə protokolundan görünür ki, sözügedən fərdi yaşayış evinə baxış zamanı müəyyən edilir ki, ev 2 mərtəbədən ibarətdir. İkinci mərtəbəyə evin içindən pilləkan yoxdur, yalnız həyətdən qalxmaq mümkündür. Birinci mərtəbə hamam, tualet, mətbəx otağı və əlavə 2 otaq mövcuddur. İkinci mərtəbədə isə 4 otaq var, onlardan biri təmirsizdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.... 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 154. Fiziki və hüquqi şəxslərin mülkiyyət hüququ 154.1. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər... 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Maddə 222. Birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Maddə 223. Birgə mülkiyyət hüququna xitam verilməsi, birgə mülkiyyətdə olan əşyanın bölünməsi və ondan pay ayrılması 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Maddə 238. Torpaq mülkiyyət hüququnun obyekti kimi 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.... Maddə 240. Torpaq sahəsində tikinti 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. 240.3. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 10. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələri 10.0. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir: 10.0.13. yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək; Maddə 12. Mənzil hüququnun obyektləri 12.1. Yaşayış sahələri mənzil hüququnun obyektidir. 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. 12.3. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir.... Maddə 15. Yaşayış sahəsindən istifadə Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Maddə 16. Yaşayış sahələri üzərində hüquqların dövlət qeydiyyatı Yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi ...124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İşin faktiki hallarından görünür ki, Suraxanı rayon icra hakimiyyəti başçısının xx.xx.1997ci il tarixli 1015 saylı sərəncamına əsasən Zığ qəsəbəsinin şimal-şərq hissəsində 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı ayrılmışdır. xx.xx.2003-cü il tarixli, JN- 9740D nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”-yə əsasən, 0.015 hektar torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı İldırım oğlunun və onun ailə üzvləri olan X1, X4 və Cavabdeh ümumi birgə mülkiyyətindədir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həmin torpaq sahəsi üzərində ucaldılmış mübahisəli ev – dövlət reyestrində qeydiyyata alınmamış özbaşına tikilidir. Ev 2 mərtəbədən ibarətdir, ikinci mərtəbəyə evin içindən pilləkan yoxdur, yalnız həyətdən qalxmaq mümkündür, birinci mərtəbə hamam, sanitar qovşağı, mətbəx otağı və əlavə 2 otaq mövcuddur. İkinci mərtəbədə isə 4 otaq vardır və onlardan biri təmirsizdir. Hazırki iddia tələbi Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin şimal-şərq hissəsində yerləşən 0,015 hektar torpaq sahəsində yerləşən həmin özbaşına tikilidən istifadə qaydalarının müəyyən edilməsindən ibarətdir. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin şimal-şərq hissəsində yerləşən, iddiaçının, cavabdehin və digər şəxslərin ümumi birgə mülkiyyətində olan 0,015 hektar torpaq sahəsi üzərində özbaşına tikilinin tikintisi üçün müvafiq dövlət qurumlardan lazımi icazələrin alınıb-alınmaması, həmçinin onun şəhərsalma və tikinti normaları və qaydalarına uyğun olubolmaması barədə məlumat yoxdur. Bununla yanaşı, həmin tikili daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınmamışdır. İddiaçı tikilinin Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsində yerləşdiyini qeyd etsə də, bununla bağlı hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd olunan mülki qanunvericiliyin tələbləri baxımından, sözügedən torpaq sahəsində onun mülkiyyətçləri yalnız şəhərsalma və tikinti normalarını və qaydalarını, torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə tikili ucalda və həmin tikiliyə mülkiyyət hüququ əldə edə bilərdi. Həmçinin, yuxarıda qeyd olunan mənzil qanunvericiliyinə əsasən, mübahisəli evin yaşayış sahəsi hesab edilməsi üçün o, AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilməli və vətəndaşların daimi yaşaması üçün yararlı olan müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verməli idi. Lakin, həmin tikili sanitariya və texniki norma və qaydalarına, qanunvericiliyin digər tələblərinə cavab verib-verməməsi barədə müvafiq qurumların rəyi olmadıqdan və tikili dövlət reyestrində qeydiyyata alınmadıqdan, həmçinin daşınmaz əmlak hesab edilən yaşayış sahəsi statusu əldə etmədikdən, bu tikili üzrə istifadə qaydasının müəyyən edilməsi də əsassızdır. Bununla yanaşı, tərəflər tikilidən istifadə qaydasının müəyyən edilib-edilməsi məqsədilə, evin kimin əməyi və kimin hesabına tikilməsini sübuta yetirməyə çalışmış, bununla bağlı şahidlər dindirilməsi üçün vəsatətlər qaldırılmış və onlar cəlb olunaraq ifadələri dinlənilmiş, məhkəməyə bununla bağlı bir sıra sənədlər (əmək kitabçası, təmiri əks etdirən xərclər dəftəri və s.) təqdim edilmişdir. Lakin, tikilinin kim tərəfindən, kimin əməyi və hesabına tikilməsinə dair məhkəməyə təqdim edilən sübutlar mötəbər hesab edilməmişdir. Belə ki, mülki qanunvericiliyinə əsasən, birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləri hesab edilir və bu zaman mülkiyyətçilərin əmlak üzərində dəqiq paylar müəyyənləşdirilmir. Payların müəyyənləşdirilməsi və bölünməsi mülkiyyətçilərin razılığı və ya tələbi ilə mümkündür, lakin iddiaçı bununla bağlı tələb irəli sürməmişdir. Nəticə olaraq, tərəflər tikilinin kim tərəfindən, kimin əməyi və hesabına tikilməsinin sübut edilməsinə çalışsalar da, torpaq sahəsi ümumi birgə mülkiyyət hesab edildikdən, onun üzərində ucaldılmış tikili hazırda daşınmaz əmlak kimi yox, lakin əmlak məcmusu kimi də tərəflərin ümumi mülkiyyəti kimi qəbul edilməlidir. Eyni zamanda, iddiaçı həmin evdə daimi əsaslarla yaşamasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə, öz ifadələri ilə digər evdə yaşamasını təsdiq etmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçının tələbi mübahisəli evə köçürülmə ilə bağlı olmamışdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi (şimal-şərq hissəsində yerləşən), İdris Süleymanov küçəsində Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının 30 iyul 1997-ci il tarixli 1015 saylı Sərəncamına əsasən 0,015 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yaşayış sahəsinin 1-ci mərtəbəsinin İddiaçı şəxsi istifadəsində, həmin fərdi yaşayış evinin yaşayış sahəsinin 2-ci mərtəbəsi cavabdeh X2 və ailəsinin şəxsi istifadəsində saxlanılmaqla, 1-ci mərtəbədə yerləşən hamam və sanitar qovşağının ümumi istifadədə olmaqla evdən istifadə qaydalarının müəyyən edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərci. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia rədd edildikdən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi (şimal-şərq hissəsində yerləşən), İdris Süleymanov küçəsində Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının 30 iyul 1997-ci il tarixli 1015 saylı Sərəncamına əsasən 0,015 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yaşayış sahəsinin 1-ci mərtəbəsinin İddiaçı şəxsi istifadəsində, həmin fərdi yaşayış evinin yaşayış sahəsinin 2-ci mərtəbəsi cavabdeh X2 və ailəsinin şəxsi istifadəsində saxlanılmaqla, 1-ci mərtəbədə yerləşən hamam və sanitar qovşağının ümumi istifadədə olmaqla evdən istifadə qaydalarının müəyyən edilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar