Məhkəmə qərarları › İş №e-2(010)-1140/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1140/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1140/2024 08.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun alınması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddia tələbi. 1.İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsassız varlanması nəticəsində yaranmış və İddiaçı ASC-nə olan 894,05 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. 2.İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, ”Azər-Türk Bank” ASC ilə Cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi’’nə dair 18 oktyabr 2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Bank, ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, Müştəri isə Müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən Bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. Cavabdeh məxsus debet kart hesabı üzərindən xx.xx.2021-ci il tarixində xarici bankın müştərisini aldadaraq pul mənimsəmişdir. Qarşı bank bu əməliyyat üçün charge back sorğusu yaratmış və udmuşdur. Bunun nəticəsində Banka 894.05 (səkkiz yüz doxsan dörd manat, 05 qəpik) manat həcmində ziyan dəymişdir. Belə ki, Cavabdeh Bankın hesabına 894.05 (səkkiz yüz doxsan dörd manat, 05 qəpik) manat məbləğində əsassız varlanmışdır. Müqavilənin 2.7-ci bəndinə əsasən, borcluya ödənilmiş vəsait geri qaytarıldıqda, borclunun hesabında kifayət qədər vəsait olmadığı halda borclunun ödəniş kartına bağlı olan hesabda borc məbləği yaradılır və bu məbləğ sonradan borclu tərəfindən qeyd-şərtsiz ödənilməlidir. Göründüyü kimi, cavabdeh ilə Bank arasında olan 18 oktyabr 2021-ci il tarixli, ******************** saylı Müqavilə ödəniş kartının verilməsi və ondan istifadə münasibətlərini tənzimləyir. Borcun yaranmasına səbəb olan hadisə zamanı cavabdehin əldə etdiyi vəsait onun müqaviləyə əsasən əldə etməli olduğu əmlak (vəsait) deyildir və cavabdehin əsassız varlanması kimi şərh edilməlidir. Borcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh onun istifadəsində olan ödəniş kartına bağlı olan hesabına köçürülən vəsaitin qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Borcluya göndərilmiş 14 avqust 2023-cü il tarixli pretenziya (xəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Hal-hazırda borclunun, Müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 894.05 (səkkiz yüz doxsan dörd manat, 05 qəpik) manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları.

3. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə onun iştirakı olmadan baxaraq tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir.

İş materialları.

5. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18 oktyabr 2021-ci il tarixli, ******************** saylı fiziki şəxslərə ödəniş kartının (debet kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinə İddiaçı ASC cavabdehə müqaviləyə əsasən 3 il müddətinə müvafiq bank xidmətlərinin göstərilməsi ilə bağlı Bank ödəniş kartı verilmiş, Cavabdeh isə onu qəbul edərək Müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür.

6. Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubdan görünür ki, İddiaçı ASC Cavabdeh mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir.

7. Suraxanı RPİ-si tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır.

8. xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 18 oktyabr 2021-ci il tarixli müqaviləsi üzrə Cavabdeh məxsus debet kartı hesabı üzrə xx.xx.2021-ci il tarixdə xarici bankın müştərisini aldadaraq pul mənimsəmiş və qarşı bank bu əməliyyat üçün charge back sorğusu yaratmış və udmuşdur. Bununla əlaqədar olaraq Banka Cavabdeh tərəfindən 894,05 manat məbləğində ziyan dəymişdir.

İşin faktiki halları.

9. ”Azər-Türk Bank” ASC ilə Cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi’’nə dair 18 oktyabr 2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Bank, ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, Müştəri isə Müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən Bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. Cavabdeh məxsus debet kart hesabı üzərindən xx.xx.2021-ci il tarixində xarici bankın müştərisini aldadaraq pul mənimsəmişdir. Qarşı bank bu əməliyyat üçün charge back sorğusu yaratmış və udmuşdur. Bunun nəticəsində Banka 894.05 (səkkiz yüz doxsan dörd manat, 05 qəpik) manat həcmində ziyan dəymişdir. Belə ki, Cavabdeh Bankın hesabına 894.05 (səkkiz yüz doxsan dörd manat, 05 qəpik) manat məbləğində əsassız varlanmışdır.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 439. Pul öhdəliklərinin icrası 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda -30 manat.

Məhkəmənin mövqeyi.

13. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, tərəflər arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi’’nə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən Bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. Sonradan Cavabdeh məxsus debet kart hesabı üzərindən xx.xx.2021-ci il tarixində xarici bankın müştərisini aldadaraq pul mənimsəmişdir. Qarşı bank bu əməliyyat üçün charge back sorğusu yaratmış və udmuşdur. Bunun nəticəsində Banka 894.05 (səkkiz yüz doxsan dörd manat, 05 qəpik) manat həcmində ziyan dəymişdir.

14. İngilis dilindən “charge back” sözü “geri ödəmə” kimi tərcümə olunur. Chargeback – kart istifadəçisinin razılaşmadığı kart əməliyyatı üzrə ödənişə etiraz etmək prosedurudur. Ödənişə etiraz, adətən kart sahibinin xəbəri olmadan hər hansı bir əməliyyat aparılması zamanı anlaşılmazlıq yarandığı hallarda baş verir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən bank tərəfindən cavabdehə kart təqdim olunmuş və həmin kart cavabdehin istifadəsində olmuşdur. Cavabdehin həmin kartdan istifadəsi nəticəsində qarşı bank bu əməliyyat üçün charge back sorğusu vermiş və nəticədə həmin məbləğ qarşı banka iddiaçı bank tərəfindən geri qaytarılmışdır. Bunun nəticəsində isə cavabdeh əsassız olaraq varlanmış və iddiaçı bank isə öhdəlikdən kənar ödənilmiş pul vəsaitini geri tələb etmək məcburiyyətində qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən əsassız varlanması nəticəsində pul vəsaitini tələb etməkdə haqlı olmuşdur.

15. Odur ki, Cavabdeh 894,05 manat pul vəsaiti tutularaq iddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

Məhkəmə xərcləri.

16. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

17. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

18. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 894,05 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır.

19. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 18 oktyabr 2021-ci il tarixli, ******************** saylı fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi əsasında verilmiş kart üzrə yaranmış 894,05 (səkkiz yüz doxsan dörd manat, beş qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar