Məhkəmə qərarları › İş №e-2(010)-1158/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1158/2023

26.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1158/2023 26.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X20 qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin boşaldılması və təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları.

1. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X15 arasında Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ bağları yaşayış sahəsində yerləşən 117 kv.m torpaq sahəsində yerləşən 64 kv.m sahəsi olan tikilinin alqı-satqısına dair şifahi qaydada müqavilə bağlanmışdır. Müqaviləyə əsasən sözügedən əmlak 30000 manata İddiaçı satılmışdır. X1 tərəfindən 27 iyul 2022-ci il tarixində Suraxanı rayonu, Zığ Bələdiyyəsinin sədri E.H.Quliyevə ərizə ilə müraciət edilmiş, ərizədə Zığ Bağları yaşayış massivində yerləşən 0,2 ha. torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən 90 kv. metr əmlakın əmlak və torpaq vergisinin ödənilməsinə dair vergi ödəyicisi kimi İddiaçı qeydiyyata alınmasını xahiş etmişdir. Bu barədə Bakı şəhəri, Suraxanı rayonu, Zığ Bələdiyyəsinə sorğu göndərilmiş, xx.xx.2022-ci il tarixli, 101 nömrəli cavabla bu hal təsdiq edilmişdir. Həmçinin "xxxx" MMC-nin fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaq sahəsinin inventarlaşdırılmasına dair hesabat cədvəlində Suraxanı rayonu, Zığ bağları yaşayış massivində yerləşən 117 kv.m torpaq sahəsində yerləşən 64 kv.m sahəsi olan tikilinin sahibi və mülkiyyətçisi olaraq İddiaçı qeyd olunmuşdur. Bundan başqa, İddiaçı ilə “Azəriqaz” İB arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AKX-04863xx/xx-2022 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə görə sözügedən əmlak üzrə qaza dair istehlakçı olaraq tanınmış, şəxs abonent kodu ilə qeydə alınmışdır. Adları çəkilən bütün sənədlər İddiaçı sözügedən əmlaka dair gözlənilən mülkiyyət hüququnun olduğunu təsdiq edir. Lakin aparılan bütün sənədləşmə işləri sözügedən əmlakın İddiaçı məxsus olduğunu təsdiq etdiyi halda, cavabdeh Məmmədov X10 rayonu, Zığ qəsəbəsi, Zığ bağlan yaşayış massivində yerləşən iddiaçının gözlənilən mülkiyyət hüququ ilə ona aid olan həmin tikilini zəbt edərək özbaşına məskunlaşmışdır. Bu barədə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə xx.xx.2022-ci il tarixli, 1/29 saylı cavab məktubu ilə cavabdehin 4 nəfər ailə üzvü ilə birlikdə həmin yaşayış yerində hal-hazırda faktiki olaraq yaşadığı təsdiq edilmişdir. Bu hal İddiaçı mənzil hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Belə ki, İddiaçı sözügedən yaşayış sahəsinin mülkiyyətçisi və sahibi olduğu halda, həmin əmlakdan istifadə və ona dair sərəncam vermək hüququndan məhrum olmuşdur.

İddiaçının tələbi.

2. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ bağları yaşayış sahəsində 117 kv.m torpaq sahəsində yerləşən 64 kv.m sahəsi olan tikilinin cavabdeh tərəfindən istifadə edilən yaşayış sahəsinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi.

4. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ bağları yaşayış sahəsində 117 kv.m torpaq sahəsində yerləşən 64 kv.m sahəsi olan tikili özbaşına tikilidir, rəsmi sənədi yoxdur, Arzu adlı şəxsin adına və faktiki sahibliyndə olub və vergi ödəyicisi kimi Arzu qeydiyyata alınıb. İddiaçı və Arzu arasında şifahi qaydada evin alqı-satqısı ilə bağlı münasibət yaranıb, X13 ərizə yazaraq vergi ödəyicisi kimi iddiaçı Mirheydərin qeydiyyata alınmasını xahiş edib. Mirheydər evi 15 iyun 2022-ci il tarixdə alıb, ona evin başqasının adına olduğu deyilməyib, Arzu evi öz evi kimi təqdim edib, Mirheydər evi aldıqdan sonra Asan Kommunal Xidmətdə qaz təchizatı haqqında müqavilə bağlanıb, işıq abunə kodu Mirheydərin adına qeydə alınıb. Ev alındıqdan 15 gün sonra məlum olub ki, evdə Fariz adlı şəxs yaşayır. Amma, əslində, Fariz Şuşa qəsəbəsində yaşayıb, Arzu öz səs-yazısında bildirir ki, qardaşı yol nəqliyyat hadisəsi törədib, pis vəziyyətdədirlər. Məhz bu hadisədən sonra Fariz Şuşa qəsəbəsindəki evi satıb Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ bağları ünvanında yerləşən evdə öz ailəsi ilə yaşamağa başlayır. Onlar Zığ bələdiyyəsinə gələrək Zığ bağları ünvanında yerləşən evi satmaq istədiklərini bildirdikdə, onlara bildirilir ki, həmin ev başqasına satılıb. Arzu hal-hazırda Rusiya Federasiyasındadır. Evin alınmasında iddiaçı və Arzu arasında vasitəçilik edən və Mirheydərin qaynatasının qohumu olan Elvin adlı şəxs Arzu barəsində polis orqanına şikayət etmişdir və Arzu Xətai rayon Polis İdarəsində verdiyi izahatında 86000 manat pul vəsaiti aldığını-borcu olduğunu qeyd edib, hansı ki o 86000 manat pulun içində Mirheydərin evi almaq üçün verdiyi 30000 manat da var. Elvin Xətai rayon Polis İdarəsinin qərarında şikayət vermiş və Xətai Rayon Məhkəməsi şikayəti təmin etmiş, yalnız qərarla cavab verilməli olduğu öhdəliyini Polis İdarəsinin üzərinə öhdəlik kimi qoymuşdur, hal-hazırda cinayət işinin başlanması haqqında qərar yoxdur, araşdırma aparılır. Mülki Məcəllənin 180.1-ci maddəsinə görə məhkəmə əgər digər şəxslərin hüquqularını pozmursa qanunsuz tikilini tanıya bilər, təcrübədə birgə nikah dövründə tikilən qanunsuz tikiliyə köçürülmə tələbi barədə işlərə baxılıb və təmin edilib. Keçən iclaslarda cavabdehin nümayəndəsi bildirdi ki, daşınmaz əmlak reyestrdə qeydə alınmalıdır. Lakin qanunsuz tikili ilə bağlı münasibətin həyata keçirilməsini tənzimləyən maddi hüquq norması yoxdur. Mülki Məcəllənin 11.4-cü maddəsinə əsasən gər hər hansı bir münasibəti tənzimləyən maddi hüquq norması yoxdursa, məhkəmə işə baxmalıdır. Bu münasibətdə qanunun analogiyasını tətbiq edə bilmirik, hüquqda daşınar əşyalarla bağlı əşyaya sahiblik edənin onun mülkiyyətçisi olması prezumpsiyası mövcuddur. Bu münasibətdə Mülki Məcəllənin 157.6-cı maddəsi tətbiq oluna bilməz, çünki mahiyyət etibarilə bu münasibətə ziddir. Mülki Məcəllənin 11.2-ci maddəsi hüququn analogiyası, yəni hüququn prinsiplərinin tətbiq edilməsini nəzərdə tutur ki, bu prinsiplər insaf, ədalət, mənəviyyat prinsipləridir. Türkiyəyə qarşı “Öner Yıldız” işində Türkiyə Cümhuriyyətinin gecəkondu, yəni qanunsuz tikiliyə təzminat ödəməyəcəyini bildirmiş, öz mövqeyini isə həmin tikilinin reyestrdə qeydiyyata alınmadığı ilə əsaslandırmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi bu münasibətə dair “X16” qarşı işində öz mövqeyini belə əsaslandırmışdır ki, əgər daşınmaz tikiliyə qaz, su, işıq verilmişsə, buna illərdir şərait yaradılmışsa, deməli dövlət dolayı yolla həmin tikilini tanıyır. O tikilidə iş materialları və işçilik haqqı olduğuna görə onun sahibinin mülkiyyət hüququ vardır. Ali Məhkəmənin də mövqeyi bu yöndədir, belə ki, Ali Məhkəmənin hakimləri bir çox qərarlarında yuxarıda adı çəkilən işə istinad edərək, bu tipli iddia ərizələrinin geri qaytarılmaması, əgər tikili birgə nikah dövründə tikilibsə belə ½ hissədə ər-arvad arasında bölünməli olduğu mövqeyindən çıxış edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X17” qarşı işindən də görünür ki, dövlətin qanunvericiliyində hər-hansı hala dair norma olmaması, şəxsi həmin hüquqdan məhrum etmir. Dövlət burada bələdiyyə funksiyasında çıxış edir. Əgər bələdiyyə ərazisində olan hər-hansı daşınmaz əmlaka hər-hansı şəxsi vergi ödəyicisi kimi qeydiyyata almışsa, həmin şəxs daşınmaz əşyanın mülkiyyətçisidir. Formalaşmış praktika da bu yöndədir, istər daşınmaz əmlak qanuni, istərsə də qanunsuz tikili olsun. Bələdiyyə normativ hüquqi aktlara istinad edərək vergini alırsa, ümumi hüquq normasına istinad edərək və öz iradə ifadəsini ifadə edərək Arzu adlı şəxsi tikilinin sahibi və mülkiyyətçisi kimi tanıyıb. Sual yaranır ki, Fariz və ailə üzvləri burda kimlərdir, dövlət isə bu şəxsləri tanımır. O, sorğu vermişdir və sorğuya cavab gəlmişdir ki, Fariz vergi ödəyicisi kimi Sabunçu rayonunda qeydiyyatdadır. Onlar evə gedəndə evdə heç kim olmayıb. Arzu adlı şəxs evi satmaq istəyib, öz hüququndan istifadə edib. Bu iş üzrə də satıcı pulu alıb, bunu təkzib edən yoxdur, sübut isə ərizəçinin vergi ödəyicisi kimi qeydiyyata alınmasıdır. Mirheydər evi aldıqdan sonra satıcının qardaşı gəlir. Deməli, kimsə hüququndan suiistifadə edir, bilir ki, özbaşına tikilidir, heç kim ona müdaxilə etməyəcək, bu öz hüququndan başqasına bilərəkdən ziyan vuracaq sui-istifadədir. Mirheydərə ziyan vurulub, belə ki, bələdiyyənin razılığı ilə alqı-satqı təsdiq edilib, qaz, işıq, su Mirheydərin adına keçib, sonradan başqasının adına keçirilib ki, bununla bağlı Korrupsiya ilə Mübarizə İdarəsinə və DİN-ə məlumat veriləcək. Bütün hallar sübut edir ki, Arzu adlı şəxs yuxarıda adı çəkilən Avropa İnsan Hüquqları Məhkəməsinin Türkiyə işi ilə bağlı mövqeyini də əsas gətirərək qanunsuz tikilinin mülkiyyətçisidir. Qarşı tərəf bildirir ki, bu münasibətə dair alqı-satqı müqaviləsi bağlana bilməz. Onlar (iddiaçı) nəzərdə tutmur ki, ev Mirheydərə satılıb, o nəzərdə tutur ki, Arzu daşınmaz əmlakı Mirheydərə verib. Mirheydər hüququndan istifadə edərək tikilinin boşaldılmasını istəyir. Tikili qanunsuz tikilidir, Məhkəmə “heç kəs buna hüquq tanıya bilməz, iddia rədd olunmalıdır” mövqeyindən çıxış etməməlidir. Mülki Məcəllənin 11.5-ci maddəsi bizə qanunun, hüququn analogiyasından istifadə etməklə üç seçim haqqı verir. Ali Məhkəmə və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları də bu yöndədir, əks halda xaos yaranardı. Hüquq bəzən ədaləti təmin edə bilmir. Hüququn təməl məqsədi nizam-intizamı yaratmaqdır. Məsələn, iddia müddəti keçən işlərdə hüquq ədaləti təmin edə bilmir. Mülki Məcəllənin 11.2-ci maddəsi nizam-intizamı təmin etmək prinsipindən çıxış edir. Sırf bu mövqeyə görə iddia tələbi haqlıdır. Çox adam evi özünün tikdiyini, həmin evdə yaşadığını deyə bilər. Bu iş üzrə sübut iddiaçının vergi ödəyicisi kimi qeydiyyata alınmasıdır. O, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etdi.

5. Məhkəmə iclasında Cavabdeh iddiaya etiraz edərək izahatında göstərdi ki, o Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ bağları yaşayış sahəsində yerləşən evdə ailəsi ilə birlikdə 2014cü ildən yaşayır. Evi anası tikmişdir, qardaşı bəzən gəlib evdə qalıb. O, işıq, qaz Mirheydərin adına kedikdən sonra evin satıldığından xəbərdar olmuş, bundan sonra bələdiyyəyə getmişdir. Bələdiyyə Mirheydərin ərizə verdiyini, evdə 4 nəfərin yaşadığını ona bildirmişdir. Qardaşı Arzu evə gələndə, o və ailəsi də evdə olmayanda iddiaçı həyətin və hasarın video görünütülərini çəkmişdir, evin içini çəkməmişdir. Sabunçu rayonu, Şuşa qəsəbəsindəki evi qaynatası nəvəsinə hədiyyə kimi vermişdir. O ev hazır olmayıb və yaşayış olmayıb, ev 2-3 ay sonra satılmışdır. Şuşa qəsəbəsində yerləşən evdə vergi ödəyicisi kimi qeydə alınmışdır. O, göstərilənlərə əsasən iddianın təmin olunmamasını xahiş etdi.

6. İddiaçının nümayəndəsinin vəsatəti əsasında işə cəlb eilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon Zığ Bələdiyyəsinin nümayəndəsi X6 xx.xx.2023-cü il tarixdə olan məhkəmənin hazırlıq iclasında izahatında göstərmişdir ki, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ bağları yaşayış sahəsində yerləşən ev bələdiyyənin inzibati ərazisindədir. 2022-ci ildə Mirheydər və Arzu bələdiyyə gələrək alqı-satqı etmək istədiklərini bildirmişdir. Tərəfindən mübahisəli evə baxış keçirilmişdir, baxış keçiriləndə evdə balaca uşaq olmuşdur. Arzu adlı şəxs Bələdiyyəyə ərizə yazaraq Zığ qəsəbəsi, Zığ bağları yaşayış sahəsində yerləşən evə vergi ödəyicisi kimi Mirheydərin qeydiyyata alınmasını xahiş etmişdir. Bələdiyyə tərəfindən kod dəyişdirilmiş, Mirheydər həmin evə vergi ödəyicisi kimi qeydiyyata alınmış, Mirheydər vergini ödəmiş və çeki də almışdır. Bu hadisələrdən sonra Fariz adlı şəxs bələdiyyəyə gələrək evi satmaq istədiyini bildirdikdə evə yenidən baxış üçün getdikdə evin Mirheydərə satılan eyni ev olduğu məlum olmuş və o, Farizə evin başqasına satıldığını demişdir.

İş materialları.

7. xx.xx.2022-ci il tarixli, Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən təsdiq edilən "xxxx" MMC-nin fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaq sahəsinin inventarlaşdırılmasına dair hesabat cədvəlindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları yaşayış massivində 117.00 m2 torpaq sahəsində yerləşən 64.00 m2 sahəsi olan tikilinin sahibi İddiaçıdur.

8. İddiaçı ilə “Azəriqaz” İB arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AKX- 04863xx/xx-2022 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə görə İddiaçı sözügedən əmlak üzrə qaza dair istehlakçı olaraq tanınmış, şəxs **********00680 nörməli abonent kodu ilə qeydə alınmışdır.

9. X15 tərəfindən Suraxanı rayonu Zığ Bələdiyyəsinə ünvanlanan 27 iyul 2022-ci il tarixli ərizədən müəyyən olunur ki, Zığ bağları yaşayış massivində yerləşən 2 sot torpaq sahəsi və üzərindəki 90 kv.m ölçülü əmlakın əmlak və torpaq vergisinin ödənilməsi üçün vergi ödəyicisi kimi İddiaçı qeydiyyata alınmağını xahiş etmişdir.

10. Zığ Bələdiyyəsinin tədiyyə bildirişindən müəyyən olunur ki, Bakı şəhəri, Zığ bağları yaşayış sahəsi ünvanı üzrə İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmış, ona 190615AXST67 nömrəli yerli vergi ödəyicisi kodu verilmişdir.

11. Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin Vəkil1 sorğusuna xx.xx.2022-ci il tarixli cavabından müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları yaşayış sahəsində yerləşən 117 m2 torpaq sahəsində yerləşən 64 m2 sahəsi olan tikiliyə aid olan vergi kodu vətəndaş X7 adından İddiaçı adına keçməsi üçün X15 xx.xx.2022-ci il tarixində Zığ bələdiyyəsinə ərizə ilə müraciət etmiş və Zığ bələdiyyəsi ərizəyə əsasən vergi ödəyicisi kimi vətəndaş X7 adından İddiaçı adına keçməsini təmin etmişdir.

12. X5, X3 tərəfindən yazılan, notarial təsdiq edilmi ərizədən görünür ki, Cavabdeh 2014cü il tarixdən bugünə qədər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ bağları ünvanında yerləşən özəl tikilidəki evdə hal-hazırda faktiki yaşayırlar.

13. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh 2014-cü il tarixdən bugünə qədər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ bağları ünvanında yerləşən özəl tikilidəki evdə yaşayırlar.

14. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh 4 nəfər ailə üzvləri ilə birgə Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ bağları ünvanında yerləşən özəl tikili evdə hal-hazırda faktiki yaşayırlar.

15. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “X19” X24 3 nömrəli Doğum Evi tərəfindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun sorğusuna 13 aprel 2023-cü il tarixli cavabdan müəyyən olunur ki, X4 xx.xx.1993-cü il təvəllüdlü 3 nömrəli doğum evində həqiqətən xx.xx.2016 və xx.xx.2018-ci il tarixlərdə doğum etmişdir. Yaşayış ünvanını Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ bağları kimi göstərmişdir.

16. Bakı şəhəri üzrə Təhsil İdarəsi M.Mehdiyev adına 280 №-li tam orta məktəb tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, 2016-cı il təvəllüdlü X8 Bakı şəhəri M.Mehdiyev adına 280 №-li tam orta məktəbin 1-ci sinfində oxuyur.

17. Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavabından müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci ildən vətəndaşın yazılı müraciətinə əsasən Ramana Bələdiyyəsindən vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir.

18. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirdi ki, Mirheydər onun yeznəsinin qardaşı oğludur, bir həyətdə böyüyüblər. Xəyyam adlı şəxs dostunun şirkətində işləyir. Xəyyam ondan pul verməsini istəmiş, o da Xəyyamın uşağında asma xəstəliyi olduğu üçün pulu vermişdir. Xəyyam pulu qaytarmağa gələndə Xəyal adlı şəxsin kolbasa işi ilə məşğul olduğunu ona demişdir. Əslində onun adı Xəyal deyil, Arzu olmuş, özünü Xəyal kimi tanıtmışdır. O, kolbasa işi üçün Arzuya pul vermiş, sonradan Arzu yenə pul istəmişdir, o isə pulunun olmadığını bildirmişdir. Arzu isə bildirmişdir ki, onun evi var və o evi qiyməti 40000 manat olsa da, 35000 manata satır, çünki ona təcili pul lazımdır. Onlar birlikdə Zığ Bələdiyyəsinə getmiş, sonra evə baxmaq üçün getmişlər. Qiymətləndirmədən mütəxəssis gəlmiş və evin qiymətinin 30000 manat olduğunu bildirmişdir. Sonradan Kadastrdan nümayəndə çağırılmış, video-çəkiliş edilmişdir. Evə 1 həftə gediş-gəliş olmuşdur, Mirheydərə evi göstərəndə bəyənmiş və nəhayət evi 30000 manat qiymətə almışlar. Mirheydər vergi ödəyicisi kimi həmin evdə qeydiyyata alınmış və o, rüsum ödəmişdir. Evi aldıqdan sonra Xəyal demişdir ki ona 1 ay vaxt versinlər ki, ev boşaldılsın, 15 gün sonra məlum olmuşdur ki, o evdə Fariz adlı şəxs yaşamağa başlayıb, bu halı ona bildirdikdə Fariz evdən çıxmağa razı olmuşdur. Sonradan onlara məlum olub ki, Farizin qardaşı maşınla kimisə vuraraq öldürmüşdür və evdən alınan pullar ora xərclənir. Farizin Ramanada evi olduğu üçün X2 evdə vergi ödəyicisi olması ilə bağlı sorğu verilmişdir. Farizin qayınatası səs yazısında Farizin onun kürəkəni olduğunu, Ramanada evinin olduğunu deyir, qayınanası isə müdaxilə edərək Ramanada yox, Suraxanıda evinin olduğunu deyir. Qardaşı isə səs yazısında qardaşının adam vurduğunu, vəziyyətlətinin pis olduğunu deyir. O ərazidəki bütün evlər sənədsizdir. Mirheydər, o və Mehman adlı şəxs evə baxmaq üçün birlikdə getmişlər. Ev zalda sağda bir otaq, mətbəx və yataq otağından ibarətdir. İşıq, su, qaz Mirheydərin adınadır, ev alındıqdan sonra çeklər üzrə Mirheydər müəyyən ödənişlər etmişdir, sonradan Farizin adına keçirilmişdir. Mirheydərin atası rəhmətə gedib və Mirheydər onun vasitəçiliyi ilə həmin evi almış, o, 30000 manat pulu Mirheydərin gözü önündə Arzuya təqdim etmişdir. Sonradan evə vəkil və polislə birlikdə getdikdə onları evdən qovmuşlar. Arzu müəyyən xammal alaraq kolbasa zavoduna verir və ona sosiska verilir, o da paylayırdı. Arzudan yuxarı vəzifəli Azər adlı şəxs Arzuya deyib ki, Suraxanı rayonu böyük ərazidir, gəl mənə kömək et. Azər Arzuya 50000 manatlıq mal verir, amma Arzu 45000 qaytarır, hissə-hissə qaytardığı üçün 5000 manatlıq zərər hiss olunmur. Hal-hazırda Arzunun ona 91400 manat məbləğində borcu vardır. Evlə bağlı Farizin adında heç nə olmamış, həmin ev üzrə vergi ödəyicisi kimi kimin qeydiyyatda olması ilə bağlı sorğu göndərilmiş və sorğuya cavabda Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ bağları yaşayış sahəsində 117 kv.m torpaq sahəsində yerləşən 64 kv.m sahəsi olan tikilidə vergi ödəyicisi kimi Mirheydərin qeydə alındığı bildirilmişdir.

Tətbiq edilən hüquq.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

20. Azərbaycan Respublikası Torpaq Məcəlləsi. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi.

22. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia əsassızdır.

23. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır.

24. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

25. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

26. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. (MM-nin 139.3.,178.1.,178.2.-ci mad.)

27. İmperativ xarakterli normaların məzmunundan müəyyən olunur ki, torpaq sahəsi üzərində hüquqlar yalnız torpağın qanunla müəyyən olunmuş qaydada ayrılmasından və bu hüquqların dövlət qeydiyyatına alınmasından sonra yaranır, belə qeydiyyatın aparılmadığı halda isə dövlət bu hüquqların müdafiəsinə təminat vermir.

28. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 nömrəli qərarının 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir.

29. Həmin qərarın 6-cı bəndinə əsasən Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq, torpaq sahələri üzrə hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ) habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır... Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsdiq edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir.

30. İstinad olunan hüquq normalarının dispozisiyasından göründüyü kimi qanunverici torpaq sahəsi üzərində hüquqların yaranmasını onun müvafiq qaydada qeydiyyata alınması ilə şərtləndirir. Bu normaların mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqular, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

31. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçını hazırki iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki mübahisəli özbaşına tikili üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada qanuni istifadəsinə verilməmişdir.

32. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmə xərcləri.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

34. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə.

35. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməməlidir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ bağları yaşayış sahəsində 117 kv.m torpaq sahəsində yerləşən 64 kv.m sahəsi olan tikilinin cavabdeh tərəfindən istifadə edilən yaşayış sahəsinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar