Məhkəmə qərarları › İş №e-2(010)-126/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-126/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-126/2023 25.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, Cavabdehlər X3 və Zamin, Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 və Zamin qarşı “borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və yaşayış evindən çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 iyun 2022-ci il tarixinə Əzimova Zoya Fəxrəddin qızının kredit üzrə cəmi borcu 94478.42 ABŞ dolları təşkil edir, bundan 72629.57 ABŞ dolları əsas, 11290.08 ABŞ dolları faiz, 14.72 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10544.05 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 450.61 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dənilmiş 40 manat rüsumunun Əzimova Zoya Fəxrəddin qızının faktiki vərəsəsi olan cavabdehlər Cavabdeh1, Cavabdeh3, X7, Cavabdeh2 və zamini Zamin müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Əzimova Zoya Fəxrəddin qızına məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 54 saylı evin, 11 saylı mənzilinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1, Cavabdeh3, X7, Cavabdeh2 və Zamin tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq LPO İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı ASC-nin Bakıxanov filialı ilə cavabdeh Əzimova Zoya Fəxrəddin qızı arasında bağlanmış 13 iyul 2015-ci il tarixli EK/007/1 saylı əlavə kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 80000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh Əzimova Zoya Fəxrəddin qızına kredit verilərkən Zamin ilə Bank arasında 13 iyul 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 iyul 2006-cı il tarixli MH seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Əzimova Zoya Fəxrəddin qızına məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 54 saylı evin, 11 saylı mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Bank ilə borcalan və ipotekaqoyan Əzimova Zoya Fəxrəddin qızı arasında 17 yanvar 2014-cü il tarixli ipoteka müqaviləsi imzalanmışdır. Bu razılaşma Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 21 yanvar 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit borcunu ödəməmişdir. Əzimova Zoya Fəxrəddin qızı 11 oktyabr 2017-ci il tarixində vəfat etmişdir. Elektron hökümət portalı üzərindən əldə edilmiş məlumatlara əsasən müəyyən olunmuşdur ki, X11 Fəxrəddin qızına məxsus mənzilin faktiki vərəsə kimi idarəçiliyini onunla kredit müqaviləsinin təminatı olan mənzilə dair ipoteka predmetini banka girov qoyularkən notarial qaydada razılıq ərizəsini imzalayarkən rəsmi nikahda olmuş və hal-hazırda həmin mənzilə aid 012 376-91-75 telefon nömrəsinin abunəçisi olan Cavabdeh1 həyata keçirir. Bundan başqa müvafiq ərizə anket məlumatlarına əsasən Əzimova Zoya Fəxrəddin qızının digər vərəsələrindən oğlu Cavabdeh3, X7 və qızı Cavabdeh2 miras əmlakı faktini qəbul etmiş şəxslər hesab olunurlar. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsülü və miras əmlakı faktiki idarə etmək üsulu. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Cavabdehin həyat yoldaşı Cavabdeh1 və övladları Cavabdeh3, X7, Cavabdeh2 miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakındakı paylarına mütənasib sürətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, 08 may 2021-ci il tarixli **********278 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyət arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 08 iyun 2022-ci il tarixinə Əzimova Zoya Fəxrəddin qızının kredit üzrə cəmi borcu 94478.42 ABŞ dolları təşkil edir. Bundan 72629.57 ABŞ dolları əsas, 11290.08 ABŞ dolları faiz, 14.72 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Pelnum qərarına əsasən hesablanmış 10544.05 ABŞ dolları faiz borcu təşkil edir. Beləliklə, cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də kredit ödənişlərini etməmişdir. Cavabdeh sonuncu dəfə 05 oktyabr 2017-ci il tarixində 176 ABŞ dolları məbləğində ödəniş etmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X7 məhkəmə iclasında bildirmişdir ki, Əzimova Zoya Fəxrəddin qızı onun anasıdır və 2017-ci ildə vəfat etmişdir. Cavabdeh3 isə onun qardaşıdır və o hal-hazırda həbsdədir. Hazırda ipoteka qoyulmuş mənzildə Cavabdeh3 ailə üzvləri yaşayır və onların başqa yaşayış sahələri yoxdur. Əzimova Zoya Fəxrəddin qızı bankla müqavilə bağlamış və pulu bankdan götürərək evi ipoteka qoymuşdur. O, banka borcun olmasını etiraf edir, lakin məbləğlə bağlı razı deyil. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Zamin məhkəmə iclasında bildirmişdir ki, Əzimova Zoya Fəxrəddin qızı bankla kredit müqaviləsi bağlayaraq kredit götürmüş və o bankla zaminlik müqaviləsi bağlamışdır. O, 2013-cü ildə bağlanmış zaminlik müqaviləsinə imza etmiş, lakin 2015-ci ildə bağlanmış müqaviləyə isə imza çəkməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Əzimova Zoya Fəxrəddin qızı İddiaçı ASC-nin Bakıxanov filialı ilə 13 iyul 2015-ci il tarixli EK/007/1 saylı əlavə kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 21 daiz dərəcəsi ilə 80000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Əzimova Zoya Fəxrəddin qızı 11 oktyabr 2017-ci il tarixində vəfat etmişdir. Bununla əlaqədar olaraq vərəsəlik işinin açılıb-açılmaması barədə onun tərəfindən sorğu verilmiş və onun adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Hal-hazırda həmin mənzildə faktiki olaraq Cavabdeh3 ailə üzvləri yaşayır. Həmin mənzil notarial qaydada Cavabdeh3 və digər vərəsələr tərəfindən qəbul edilməmişdir. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işə əlavə edilmiş EK/007Ə01 nömrəli xx.xx.2015-ci il tarixli əlavə kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı ASC-nin Bakıxanov filialı ilə borclu Əzimova Zoya Fəxrəddin qızı arasında imzalanmış kredit müqaviləsinə əsasən Bank borcluya illik 21% olmaqla 48 ay müddətə 80000,00 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli EK/007/1/1 saylı zaminlik müqaviləsindən görünür ki, Zamin kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin Bakıxanov filialı, ipotekaverən- Əzimova Zoya Fəxrəddin qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 54 saylı evin, 11 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 54 saylı evin, 11 saylı mənzili Əzimova Zoya Fəxrəddin qızının mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2014-cü il tarixli, seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 54 saylı evin, 11 saylı mənzil İddiaçı ASC-nin Bakıxanov filialının xeyrinə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, İddiaçı ASC ilə Əzimova Zoya Fəxrəddin qızı arasında bağlanmış 13 iyul 2015-ci il tarixli EK/007/01 saylı kredit müqaviləsi üzrə 08 iyun 2022-ci il tarixinə müqavilə üzrə əsas borc 72629,57 ABŞ dolları, müqavilənin müddəti üçün hesablanmış və tələb olunan faizlər 11290,08 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 14,72 ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10544.05 ABŞ dolları faiz borcu, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 94478,42 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2022-ci il tarixli 9/8078 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 13 niyul 2015-ci il tarixli EK/007/01 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq cavabdeh Əzimova Zoya Fəxrəddin qızının İddiaçı ASC-nə sualda soruşulan tarixlərə olan borcu aşağıdakı kimi müəyyən edilir: 11 oktyabr 2017-ci il tarixə (sualda soruşulan tarixə) olan borcu: əsas borc üzrə 72627.54 ABŞ dolları, faiz borcu üzrə 5670.20 ABŞ dolları. 13 iyul 2019-cu il tarixə (müqavilənin bitdiyi) olan borcu: əsas borc üzrə 72627.54 ABŞ dolları, faiz borcu üzrə 11274.45 ABŞ dolları. 08 iyun 2022-ci il tarixə olan borcu (13 iyul 2019-cu il tarixdən illik 5 faiz hesablanmaqla) faiz borcu üzrə 10541.29 ABŞ dolları. Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 13 iyul 2015-ci il tarixli EK/007/01 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əksə etdirən çıxarış) olmadığı üçün sualda soruşulan tarixlərə cavabdeh Əzimova Zoya Fəxrəddin qızına cərimə borcu hesablanmadı. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin Hüquq və Qiymətləndirmə Şirkətinin 23 yanvar 2023-cü il tarixli 01 saylı rəyindən görünür ki, Əzimova Zoya Fəxrəddin qızına məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 54 saylı evin, 11 saylı mənzilinin 23 yanvar 2023-cü il tarixinə bazar qiyməti 140 800 manat, likvid dəyəri 130 000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Əzimova Zoya Fəxrəddin qızına və Zamin ünvanlanmış xx.xx.2021-ci il tarixli bilridişdən görünür ki, İddiaçı ASC cavabdehlərə yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə yönəlmiş ərizədən müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki ev 54, 11 saylı mənzilinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması xahiş olunmuşdur. İşə əlavə edilmiş 121 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışından görünür ki, X11 Fəxrəddin qızına məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 54 nömrəli evin, 11 saylı mənzilində hal-hazırda faktiki olaraq gəlini 15 avqust 1985-ci il təvəllüdlü X8, nəvəsi 04 sentyabr 2012-ci il təvəllüdlü X5, nəvəsi 26 sentyabr 2010-cu il təvəllüdlü X6 yaşayırlar. Göstərilən ünvanda 1985-ci il təvəllüdlü X1 qeydiyyatdadır, lakin yaşamır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş məktubdan görünür ki, “Elektron notariat” informasiya sistemində 19 sentyabr 2022-ci il tarixədək aparılmış araşdırma nəticəsində Z.Əzimovanın adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bu Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi, bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Bu Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Məcəllənin 1309-ci maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair 4 sentyabr 2012-ci il qərarında qeyd olunur ki, gələcəkdə yaranacaq öhdəliyin icrası üzrə bağlanmış zaminlik müqaviləsi ilkin müqavilədən aşağıdakı xüsusiyyətlərinə görə fərqləndirilməlidir: ilkin müqavilədə əsas müqavilənin predmetini, digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Əsas müqavilənin bağlanması tarixi ilkin müqavilə ilə müəyyən edilir. Belə tarix ilkin müqavilədə göstərilmədiyi təqdirdə, müqavilə ilkin müqavilənin bağlandığı gündən bir il müddətində bağlanmalıdır; zaminlik müqaviləsi isə müvafiq şərtlərlə müəyyən edilmiş formada əsas öhdəliyə dair razılığın əldə edildiyi andan qüvvəyə minir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirildikdə zaminliyə müqavilənin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir; ilkin müqavilənin tərəflərindən hər biri öhdəliklərin yerinə yetirilməməsi nəticəsində əmələ gələn ziyanın ödənilməsi şərti ilə əsas müqavilənin imzalanmasından imtina edə bilər. Zaminlik müqaviləsinin tərəfləri əsas müqavilə ilə nəzərdə tutulan hərəkətləri etməkdən boyun qaçıra bilərlər və belə halda mənfi deyil, müsbət maraqları odəyirlər, öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar. Qeyd olunduğu kimi, borclu öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi hallarda borclu və zamin kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki, MM-in 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Subsidiar məsuliyyət nəzərdə tutulduqda kreditor tələbi ilkin olaraq əsas borcluya qarşı sürməlidir. Əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər (MM-in 453-cü maddəsi). Borclunun öhdəliyi bir neçə zamin tərəfindən də təmin edilə bilər: bir neçə şəxs tərəfindən müxtəlif zaminlik müqavilələri əsasında verilən zaminlik; bir müqavilə əsasında zamin qismində bir neçə şəxs tərəfindən verilən zaminlik (zaminlik bir neçə şəxs tərəfindən birgə verilir) ; Birinci halda kreditor müvafiq tələbi istənilən zaminə qarşı irəli sürə bilər. Belə olan halda zaminlər arasında hər hansı hüquqi münasibətlər yaranmır. İkinci halda, yuxarıda qeyd edildiyi kimi, əgər zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zaminlər kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, bir zaminlik müqaviləsi çərçivəsində zamin və ya birgə zaminlər tərəfindən yalnız mövcud konkret öhdəliyin və ya gələcəkdə yaranması ehtimal olunan konkret öhdəliyin təmin edilməsi mümkündür. Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki: - MM-in 470 və 471-ci maddələrinə əsasən zaminlik müqaviləsinin bağlanması üçün borclunun razılığı tələb olunmur. Bununla belə, borclu zaminlik müqaviləsinin olması barədə məlumatlandırılmalıdır. - MM-in 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bu maddənin mənasına görə, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılımış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. - Gələcəkdə yaranacaq əsas öhdəliyi təmin edən zaminlik müqaviləsi üzrə öhdəlik həmin müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Bu halda kreditor zaminə qarşı olan tələblərini yalnız MM-in 472.1-ci maddəsinə müvafiq olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1.-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Həmin Məcəllənin 477.0.4.-ci maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Bakıxanov filialı ilə cavabdeh Əzimova Zoya Fəxrəddin qızı arasında bağlanmış 13 iyul 2015-ci il tarixli EK/007/1 saylı əlavə kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 80000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh Əzimova Zoya Fəxrəddin qızına kredit verilərkən Zamin ilə Bank arasında 13 iyul 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 iyul 2006-cı il tarixli MH seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Əzimova Zoya Fəxrəddin qızına məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 54 saylı evin, 11 saylı mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Bank ilə borcalan və ipotekaqoyan Əzimova Zoya Fəxrəddin qızı arasında 17 yanvar 2014-cü il tarixli ipoteka müqaviləsi imzalanmışdır. Əzimova Zoya Fəxrəddin qızı 11 oktyabr 2017-ci il tarixində vəfat etmişdir. X11 Fəxrəddin qızına məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 54 nömrəli evin, 11 saylı mənzilində hal-hazırda faktiki olaraq gəlini 15 avqust 1985-ci il təvəllüdlü X8, nəvəsi 04 sentyabr 2012-ci il təvəllüdlü X5, nəvəsi 26 sentyabr 2010-cu il təvəllüdlü X6 yaşayırlar. "xxxx" MMC-nin Hüquq və Qiymətləndirmə Şirkətinin 23 yanvar 2023-cü il tarixli 01 saylı rəyindən görünür ki, Əzimova Zoya Fəxrəddin qızına məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 54 saylı evin, 11 saylı mənzilin 23 yanvar 2023-cü il tarixinə bazar qiyməti 140 800 manat, likvid dəyəri 130 000 manat təşkil etmişdir. Məhkəmə tərəfindən sonradan yenidən qiymətləndirmə aparılmasına baxmayaraq mənzildə yaşayan şəxslər mənzilin qapısını açmamışlar. Aparılmış ekspertiza rəyinə əsasən Əzimova Zoya Fəxrəddin qızının İddiaçı ASC-nə sualda soruşulan tarixlərə olan borcu aşağıdakı kimi müəyyən edilir: 11 oktyabr 2017-ci il tarixə (sualda soruşulan tarixə) olan borcu: əsas borc üzrə 72627.54 ABŞ dolları, faiz borcu üzrə 5670.20 ABŞ dolları. 13 iyul 2019-cu il tarixə (müqavilənin bitdiyi) olan borcu: əsas borc üzrə 72627.54 ABŞ dolları, faiz borcu üzrə 11274.45 ABŞ dolları. 08 iyun 2022-ci il tarixə olan borcu (13 iyul 2019-cu il tarixdən illik 5 faiz hesablanmaqla) faiz borcu üzrə 10541.29 ABŞ dolları. Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 13 iyul 2015-ci il tarixli EK/007/01 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əksə etdirən çıxarış) olmadığı üçün sualda soruşulan tarixlərə cavabdeh Əzimova Zoya Fəxrəddin qızına cərimə borcu hesablanmamışdır. Tərəflərin izahatından və təqdim olunmuş sübutlardan müəyyən olunmuşdur ki, bankla kredit müqaviləsi bağlamış və üzərinə öhdəlik götürmüş şəxs Əzimova Zoya Fəxrəddin qızı 11 oktyabr 2017-ci il tarixində vəfat etmişdir. Əzimova Zoya Fəxrəddin qızının adına vərəsəlik işi açılmamış və onun tərəfindən ipoteka qoyulmuş əmlak hazırda yalnız bir vərəsəsi Cavabdeh3 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Məhkəmə hesab edir ki, bank kredit müqaviləsi üzrə yaranmış borcun hamısını vərəsələrdən tam olaraq tələb etməkdə haqlı deyildir. Belə ki, Cavabdeh3 vərəsə kimi faktiki olaraq qəbul etdiyi əmlak dəyərində öhdəlik daşıyır və mənzilin likvid dəyəri 130000 manat təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, həmin mənzil açıq hərracda satılaraq əldə olunmuş mənzilin dəyəri borcun əvəzinə banka ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbinin kredit müqaviləsi üzrə borcun faktiki vərəsə olan cavabdehlərdən müştərək qaydada tutularaq bankın xeyrinə tutulması və ipoteka predmetinin satışından əldə olunmuş vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda qalan borcun tutulması hissəsində iddia tələbi təmin oluna bilməz. Məhkəmə hesab edir ki, kreditin qaytarılma müddəti ilkin olaraq xx.xx.2019-cu il tarixə kimi müəyyən olunduğundan və Zamin ilə zaminlik müqaviləsi xx.xx.2019-cu il tarixə kimi bağlandığından, sonradan kredit müqaviləsinin müddəti uzadılmadığından bankla Zamin arasında imzalanmış xx.xx.2015-ci il tarixli EK/007/1/1№-li zaminlik müqaviləsinə xitam verilməlidir. İddiaçı bankın Zamin əsas, faiz və cərimə borcunun ödənilməsinə dair iddia tələbi əsassızdır. İddia həmin hissədə təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Əzimova Zoya Fəxrəddin qızına məxsus olmuş Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 54 saylı evin, 11 saylı mənzilin likvid dəyəri 130 000 (yüz otuz min) manat müəyyən olunmalı, borcun ödənilməsinə dair tələb ipoteka qoyulmuş Əzimova Zoya Fəxrəddin qızına məxsus olmuş Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 54 saylı evin, 11 saylı mənzilinə yönəldilməli və mənzil açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsait (mənzilin dəyəri) LPO İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Cavabdeh3, onun ailə üzvləri X8 və onların yetkinlik yaşına çatmayan azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 54 saylı evin, 11 saylı mənzili satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılmalı və mənzil boşaldılaraq alıcıya təhvil verilməlidir. Ekspertiza xərci – 200 (iki yüz) manat Cavabdeh3 və LPO İddiaçı ASC-dən birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Əzimova Zoya Fəxrəddin qızına məxsus olmuş Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 54 saylı evin, 11 saylı mənzilin likvid dəyəri 130 000 (yüz otuz min) manat müəyyən olunsun. Borcun ödənilməsinə dair tələb ipoteka qoyulmuş Əzimova Zoya Fəxrəddin qızına məxsus olmuş Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 54 saylı evin, 11 saylı mənzilinə yönəldilsin və mənzil açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsait (mənzilin dəyəri) LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh3, onun ailə üzvləri X8 və onların yetkinlik yaşına çatmayan azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 54 saylı evin, 11 saylı mənzili satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılsınlar və mənzil boşaldılaraq alıcıya təhvil verilsin. xx.xx.2015-ci il tarixli EK/007/1/1№-li zaminlik müqaviləsi üzrə Zamin münasibətdə zaminliyə xitam verilsin. İddia qalan hissədə təmin olunmasın. Ekspertiza xərci – 200 (iki yüz) manat Cavabdeh3 və LPO İddiaçı ASC-dən birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir)ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar