Məhkəmə qərarları › İş №e-2(010)-1283/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1283/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1283/2022 10.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (“X1 Azərbaycan” QSC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən müqavilə üzrə 49.20 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" Azərbaycan QSC arasında 13.10.2014-cü il tarixli “bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” qarışıq müqavilə bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, 03.02.2021-ci il tarixli, e-2(010)-1111/2021 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış 18.01.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh 09.12.2021-ci il tarixindəki 328 manat məbləğindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 49.20 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən 18.01.2021-ci il tarixli “hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh tərəfindən "xxxx" QSC-yə ödənilmiş məbləğin 15%-i həcmində, yəni ümumilikdə 49.20 manat məbləğində xidmət haqqı ödəmişdir. “X1 Azərbaycan” QSC ilə cavabdeh arasında bağlanmış 03.10.2014-cü il tarixli müqavilənin 4.19-cu bəndində qeyd edilmişdir ki, “bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmamasına görə Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa, kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/hüquqi xidmətlə bağlı xərclər daxil olmaqla) banka ödənilməsini təsdiq edir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: “X1 Azərbaycan” QSC və "xxxx" MMC arasında bağlanmış 01.08.2016-cı il tarixli “hüquqi xidmət haqqında” müqavilədən görünür ki, bu müqavilə istehlak kreditləri, kredit kartları və/və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquqi xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. “X1 Azərbaycan” QSC tərəfindən təsdiq edilmiş maliyyə arayışından görünür ki, “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış 18.01.2021-ci il tarixli hüquqi xidmət haqqənda müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən 09.12.2021-ci il tarixindəki 328 manat məbləğindəki vəsait "xxxx" MMC tərəfindən təmin edilmişdir və bu ödənişlərə görə də “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 49.20 manat məbləğində xidmət haqqı ödənilmişdir. 25.10.2020-ci il tarixli bildiriş (pretenziyadan) görünür ki, “X1 Azərbaycan” QSC tərəfindən Cavabdeh Bank tərəfindən "xxxx" MMC-yə köçürülmüş 49.20 manat məbləğində xidmət haqqının Banka ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. “X1 Azərbaycan” QSC və Cavabdeh arasında bağlanmış “bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə”dən görünür ki, bu müqaviləyə əsasənn Bank Müştəriyə cari hesab açmağı, açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair Müştərinin sərəncamlarını yerinə yetirməyi, Müştəri isə Bank tərəfindən aparılan bu əməliyyatlara görə şərtləşdirilmiş qaydada və məbləğdə haqq(ları) ödəməyi öhdəsinə götürür. Bu müqavilənin “məhkəmə və s. xərclərin ödənilməsi” adlanan 4.19-cu bəndində qeyd edilmişdir ki: “Bu müqavilədən yaranan (irəli gələn) borcların “kart/əlavə kart sahibi” tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmamasına görə Bank kart/əlavə kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa, “kart/əlavə kart” sahibi bununla bağlı Bankın çəkəcək hər cür xərclərinin (vəkil/hüquqi xidmətlə bağlı xərclər daxil olmaqla) Banka ödənilməsini qəbul, bəyan və təsdiq edir”. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, hazırda iddiaçı Bank tərəfindən cavabdehdən tələb edilən pul tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh tərəfindən vaxtında icra edilməmiş öhdəliyə görə yaranmış borc məbləği deyil. Belə ki, iddia ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh iddiaçı “X1 Azərbaycan” QSC-yə aralarında bağlanmış 13.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcu olsa da 328 manat məbləğində olan bu borc artıq ödənilmişdir. Hətta iddia ərizəsində qeyd edilmişdir ki, bu borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və bu barədə qətnamə də qəbul edilmişdir (Həmin qətnamə iddia ərizəsinə əlavə edilməmişdir). Hazırda iddiaçı Bank tərəfindən cavabdehdən tələb edilən 49.20 manat məbləğində pul isə iddiaçı “X1 Azərbaycan” QSC-nin "xxxx" MMC-yə ödədiyini iddia etdiyi xidmət haqqıdır. İddiaçı Bank bu tələbini belə əsaslandırmışdır ki, “X1 Azərbaycan” QSC və "xxxx" MMC arasında hüquqi xidmət haqqında müqavilə bağlanmışdır və bu müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun ödənilməsinin təmin edilməsi "xxxx" MMC-yə sifariş edilmişdir. “X1 Azərbaycan” QSC və Cavabdeh arasında bağlanmış müqavilədə Borcalan tərəfindən bu müqavilənin lazımınca icra edilməməsinə görə məhkəmədə iddia qaldırılacağı halda, eləcə də “icra tətbiqi” həyata keçiriləcəyi halda bununla bağlı bütün xərclərin Borcalan tərəfindən ödənilməsinin müəyyən edilməsinə istinad edən iddiaçı Bank məhkəmə qətnaməsinin icra edilməsi üçün "xxxx" MMC-yə ödədiyi 49.20 manat məbləğində xidmət haqqını cavabdehdən tələb etmişdir. Məhkəmə isə iddia tələbi ilə razılaşmır. Ona görə ki: İlk növbədə, iddiaçı Bank tərəfindən iddia ərizəsində qeyd edilən və Cavabdeh iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə pul tutulmasının qət edildiyi 03.02.2021-ci il tarixli qətnamə iddia ərizəsinə əlavə edilməmişdir. Digər tərəfdən, iddia ərizəsinə “X1 Azərbaycan” QSC və "xxxx" MMC arasında bağlanmış hər hansı hüquqi xidmət haqqında müqavilə də əlavə edilməmişdir. İddia ərizəsinə yalnız 01.08.2016-cı il tarixli hüquqi xidmət haqqında müqavilə əlavə edilmişdir ki, bu müqavilə də "xxxx" QSC və "xxxx" MMC arasında yox, "xxxx" QSC və "xxxx" MMC arasında bağlanmışdır. Bundan başqa, Cavabdeh məhkəmə qətnaməsi üzrə borcun tutulması məqsədilə “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 49.20 manat məbləğində xidmət haqqının ödənildiyi təsdiq edən sənəd də iddia ərizəsinə əlavə edilməmişdir. Nəzərə alınsa ki, iddiaçı Bank məhz həmin qətnamənin icrası məqsədilə, məhz "xxxx" MMC-yə, məhz 49.20 manat məbləğində xidmət haqqı ödədiyi iddia edir və ödədiyi xidmət haqqını cavabdehdən tələb edir, bütün bu sənədlərin iddia ərizəsinə əlavə edilməsi zəruri idi. Bununla belə məhkəmə hesab edir ki, bütün bu sənədlər iddia ərizəsinə əlavə edilmiş və bu sənədlər əsasında yuxarıda qeyd edilmiş bütün hallar müəyyən edilmiş olsaydı belə (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan həqiqətən Cavabdeh olduğu e-2(010)-1111/2021 nömrəli iş üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul edildiyi görünür) bu iddianın əsaslı olması nəticəsinə gəlmək mümkün olmazdı. Belə ki, iddiaçı Bank 49.20 manat məbləğində pulu cavabdehdən icra xərci kimi tələb edir və bu zaman cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinin 4.19-cu bəndində borcalan tərəfindən öhdəliklərin lazımınca icra edilməməsi halında “icra tətbiqi”nin həyata keçirilməsi ilə bağlı xərclərin borcalan tərəfindən ödənilməsinin müəyyən edilməsinə istinad edir. Bununla bağlı məhkəmə ilk növbədə, müqavilənin 4.19-cu bəndinin mətnini olduğu kimi qeyd etməyi zəruri hesab edir: “Bu müqavilədən yaranan (irəli gələn) borcların “kart/əlavə kart sahibi” tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmamasına görə Bank kart/əlavə kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa, “kart/əlavə kart” sahibi bununla bağlı Bankın çəkəcək hər cür xərclərinin (vəkil/hüquqi xidmətlə bağlı xərclər daxil olmaqla) Banka ödənilməsini qəbul, bəyan və təsdiq edir”. Göründüyü kimi, müqavilədə həqiqətən “icra tətbiqini həyata keçirmək”dən bəhs edilmiş, bu halda Bank tərəfindən çəkiləcək bütün xərclərin kart sahibi (borcalan) tərəfindən ödənilməsi müəyyən edilmişdir. Halbuki, Azərbaycan Respublikası qanunvericiliyində ümumiyyətlə, “icra tətbiqi” anlayışı yoxdur. Qanunvericilikdə yalnız məhkəmə qərarlarının məcburi icrası müəyyən edilmişdir ki, bunu da icra məmurları həyata keçirir. Belə ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir (“İcra haqqında” Azərbaycan Respublikasının qanunu, mad.2.1). Yəni, əgər həqiqətən iddia ərizəsində qeyd edildiyi Cavabdeh iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə hansısa məbləğdə pul tutulmasına dair məhkəmə qətnaməsi qəbul edilmiş və bu qətnamə qanuni qüvvəsini almışdırsa, həmin qətnamənin icra edilməsi üçün aidiyyəti icra qurumuna yönəldilməsi və icra məmuru tərəfindən qətnamənin məcburi qaydada icra edilməsi üçün müəyyən tədbirlər görülməsi qanunla müəyyən edilmişdir. Bunun üçün tələbkar tərəfindən hansısa xidmət haqqı ödənilməsi tələb edilmir. Bununla belə, nəzərə alınmalıdır ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (Azərbaycan Respublikasının Mülki Məcəlləsi, mad. 390.1). Bu baxımdan iddiaçı “X1 Azərbaycan” QSC-nin "xxxx" MMC ilə bağladığını iddia etdiyi (hər nə qədər iddia ərizəsinə bununla bağlı sübut əlavə edilməsə də) müqavilə qanuna zidd deyil. Yəni, “X1 Azərbaycan” QSC məhkəmə qətnaməsinin icra edilməsi üçün başqa bir hüquqi şəxslə xidməti müqavilə bağlamağı və bunun üçün müəyyən xidmət haqqı ödəməyi öz mənafeyinə uyğun hesab edirsə, bu cür müqavilə bağlamaqda sərbəstdir. Lakin bu müqavilə üçüncü şəxslərin (eləcə də hazırkı iş üzrə cavabdehin) mənafeyini pozmamalıdır. Nəzərə alınmalıdır ki, qanuni qüvvəyə minmiş istənilən məhkəmə qətnaməsi icraya yönəldilir, icra məmuru tərəfindən qətnamənin məcburi icrası üçün icra hərəkətləri həyata keçirilir. Bu zaman icra sənədi üzrə borcludan müəyyən icra xərci tutulması istisna edilməsə də hansısa hüquqi şəxsin xeyrinə xidmət haqqı tutulmur. Bu mənada əgər iddiaçı Bank heç bir xidmət haqqı ödəmədən icra məmuru tərəfindən məcburi icrasına nail ola biləcəyi qətnamənin hansısa hüquqi şəxsə xidmət haqqı ödəməklə icrasına nail olubsa, bu iddiaçı Bankın daxili məsələsidir. İddiaçı Bank heç bir zərurət olmadan, tamamilə könüllü şəkildə bağladığı müqavilə üzrə ödədiyi xidmət haqqını çəkilmiş zəruri icra xərci kimi cavabdehdən tələb edə bilməz. Belə ki, iddiaçı Bankın kredit müqaviləsi üzrə ödənilməmiş borcun cavabdehdən tutulması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək, qəbul edilmiş məhkəmə qətnaməsinin icrasını tələbkar kimi tələb etmək hüququ olduğu kimi icra sənədi üzrə borclunun da müəyyən hüquqları (məsələn, icra sənədini könüllü icra müddəti ərzində icra edərək icra xərclərindən azad olmaq) var. Bu baxımdan iddiaçı Bankın bağladığı hüquqi xidmət müqaviləsi üzrə çəkdiyi xərclər cavabdehin bu hüquqdan məhrum edilməsi ilə nəticələnməməlidir. Ümumiyyətlə, iddiaçı nəzərə almalıdır ki, qanunla məhkəmə xərclərinin ödənilmiş tələbin məbləğinə mütənasib olaraq tərəflərdən tutulmasının müəyyən edilməsinin məqsədi cavabdeh tərəfindən hüquqlarının pozulması nəticəsində məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və müəyyən xərc çəkmiş iddiaçının ən azından tələbinin təmin edilmiş hissəsinə mütənasib xərclərinin kompensasiya edilməsidir. Yəni, cavabdeh iddiaçının hüquqlarını pozmasaydı, iddiaçı məhkəməyə müraciət etməyə, bu zaman müəyyən xərc çəkməyə məcbur olmazdı. Göründüyü kimi, burada iddiaçı tərəfindən çəkilmiş xərc müəyyən zərurətdən, qanunla müəyyən edilmiş məcburiyyətdən irəli gəlir. Yalnız bu halda qanunvericilik həmin xərclərin digər tərəfin hesabına kompensasiyasına təminat verir. Hazırkı işdə isə bu “məcburilik” müəyyən edilmir. Əksinə, iddiaçı Bank iddia edir ki, cavabdehdən Bankın xeyrinə pul tutulmasına dair məhkəmə qətnaməsi qəbul edilmişdir. Məlumdur ki, qanuni qüvvəsini almış istənilən qətnamə icraya göndərilir və məcburi icrası üçün icra məmuru tərəfindən icra hərəkətləri həyata keçirilir. Buna baxmayaraq, əgər iddiaçı Bank bununla kifayətlənməyib, qətnamənin icrasına xidməti müqavilə əsasında nail olmuşdursa və bunun üçün müəyyən xidmət haqqı ödəmişdirsə, bu halda hansısa məcburiyyətdən söhbət gedə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" QSC-nin "xxxx" MMC-yə ödədiyini iddia etdiyi 49.20 manat məbləğində pul nə zəruri məhkəmə (icra) xərci, nə də iddiaçı Banka dəymiş ziyandır. Bu baxımdan iddiaçı Bankın həmin pulu cavabdehdən tələb etməsi əsassızdır. Tərəflər arasında bağlanmış müqavilədə “icra tətbiqi xərclərinin borcludan tutulması”nın müəyyən edilməsi isə əhəmiyyətsizdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 420.2-ci maddəsinə əsasən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-2. Kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2. Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar