Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1321/2024 26.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1589.94 manat borcun tutularaq **********016 saylı abonent koduna və 35.90 manat dövlət rüsumu üzrə xərclərin ”Azərsu” ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu **********016) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. İstehlakçının istifadə etdiyi su və kanalizasiya xidmətlərinin dəyəri ünvana quraşdırılmış su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana Smart-CSS markalı, 13006102 nömrəli sayğac xx.xx.2020-ci il tarixində quraşdırılmışdır. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2023-cü il tarixinə 1589.94 manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir.
Tərəflərin izahatları.
3. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, sudan istifadəyə görə aylıq hər dəfə 10, 15 və 20 manat məbləğində ödənişlər etmiş və borcu qalmamışdır. Yeni sayğac quraşdırılıqdan sonra da ödənişlər etmişdir. İddia tələbində qeyd olunan məbləğlə razı deyildir və yalnız 300 manat ödəniş etməyə razıdır. İş materialları.
5. Abonent kartından görünür ki, ünvan 1 ünvanında xx.xx.2020-ci il tarixdə quraşdırılmış xidmət tipi su və çirkab olan SMART CSS markalı, 13006102 nömrəli sayğac üzrə Cavabdeh hesabına su sərfiyatına görə 2023-cü il daxil olmaqla qalıq 1589.94 manat borc məbləği hesablanmışdır.
6. İş matariallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh borc məbləğini 7 iş günü ərzində ödəməsi barədə xəbərdarlıq edilmişdir.
7. "xxxx" ASC-nin 06102/034254 nömrəli rəyindən görünür ki, ilkin nəticə olaraq göstərilmişdir ki, S.C-ın Laborator avadanlıq üzrə yoxlaması nəticəsinə əsasən kipliyə davamlığı pozulmuşdur. S.C-ın qapaqaltı platform hissəsi çatlaqdır. S.C-ın daxilinə su sızması aşkar olunmuşdur. Nisbi xətanın təyini üçün yararlı deyildir. S.C təmirə və istismara yararsızdır. Rəyin nəticəsi olaraq göstərilmişdir ki, Suölçən cihaz istismara yararsızdır.
İşin faktiki halları.
8. İddiaçı tərəfindən Cavabdeh ünvanında su sərfiyyatına uyğun olaraq ümumilikdə 2023-cü il daxil olmaqla “Abonent kartına” əsasən 1589.94 manat borc yazılması işin hallarını təşkil edir. Hazırkı iddia tələbində iddiaçı cavabdehdən borc məbləğinin ödənilməsini tələb edir və iddia tələbini onunla əsaslandırır ki, cavabdeh tərəfindən su sərfiyyatı ilə bağlı yaranmış 1589.94 manat borc məbləğindən ödəniş edilməmişdir.Cavabdeh iddia tələbini qəbul etmir və su sərfiyyatına görə mütəmadi ödənişlər etdiyini bildirir və iddia tələbi ilə yalnız 300 manat həddində razı olduğunu bildirir.
Tətbiq edilən hüquq.
9. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu
Maddə 61. Xidmət haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri 61.1 Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Maddə 62. Xidmətlərə görə borcların alınması Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.
10. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin Qərarı.
8. STKM-in vəzifələri 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim edilməlidir.
11. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi. 135.1 Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi.
13. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir.
14. Məhkəmə qeyd edir ki, iş materiallarının araşdırılması və cavabdehin tərəfin izahatı nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında xx.xx.2020-ci il tarixdə quraşdırılmış xidmət tipi su və çirkab olan SMART CSS markalı, 13006102 nömrəli sayğac üzrə Cavabdeh hesabına su sərfiyatına görə 2023-cü il daxil olmaqla qalıq 1589.94 manat borc məbləği hesablanmışdır. Məhkəmə tərəfindən cavabdehin ünvanında quraşdırılmış sayğacın laborator baxışı ilə əlaqədar ekspertiza təyin edilmiş və təqdim edilmiş rəydə göstərilmişdir ki, suölçən cihaz istismara yararsızdır. Məhkəmə qeyd edir ki, göründüyü kimi, laborator baxış zamanı həmin sayğacda nasazlıqların olması və istismara yararsız olması göstərilmişdir. Abonent kartına nəzər saldıqda da görünür ki, sayğacın hesablaması stabil olmamışdır. Belə ki, bəzi aylar üzrə ümumiyyətlə borc hesablanmamış, halbuki, cavabdeh izahatında həmin dövrlərdə də göstərilən ünvanda yaşadığını və sudan istifadə etdiyini bildirmişdir. Bəzi aylar üzrə isə hesablanmış borc məbləği çox yüksək, məsələn 60 manat, 51 manat, 45 manat göstərilmişdir. Bütün bu hallar, eləcə də, labaratoriyanın nəticəsi onu deməyə əsas verir ki, cavabdehin evinə quraşdırılmış su sayğacı istifadəyə yararlı olmamışdır. Belə olduqda, qeyd edilən dövr üzrə sayğac göstəriciləri əsas götürülə bilməz. Bu halda məhkəmə hesab edir ki, həmin sayğac üzrə 2020-2023-cü illər aralığında sudan istifadəyə görə hesablanmış ümumilikdə 1589.94 manat borcun düzgün hesablanması mütləq şəkildə qəbul edilə bilməz. Bununla belə, o da nəzərə alınmalıdır ki, cavabdeh bütün bu dövr ərzində sudan istifadə etmişdir. Eyni zamanda, o da görünür ki, cavabdeh göstərilən dövrlər üzrə 10-20 manat arasında sudan istifadə haqqı kimi ödəniş etmiş, bəzi aylarda isə ödəniş etməmişdir. Məhkəmə iclasında cavabdeh mütəmadi olaraq sudan istifadə müqabilində ödənişlər etdiyini bildirmiş və bununla belə hazırki borc məbləğini yalnız 300 manat məbləğində qəbul etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin etdiyi ödənişlər və ödəniş etmədiyi ayların sayı nəzərə alınmaqla, 300 manat borc məbləğinin cavabdehə aid edilməsi ağılabatan və əsaslıdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə cavabdehdən sudan istifadə müqabilində 300 manat məbləğində pul tutulmalıdır.
Məhkəmə xərcləri.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. İddia qismən təmin edildiyi üçün iş üzrə ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
16. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 300 manat borc tutularaq **********016 saylı abonent koduna ödənilməli və iş üzrə ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir.
17. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 300 manat borc tutularaq **********016 saylı abonent koduna ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov