Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-133/2025 19.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti, Bakı şəhəri Suraxanı rayonu Zığ bələdiyyəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “maneələrin aradan qaldırılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2 qarşı “qanunsuz müdaxilənin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən iddiaçının evinə edilən qanunsuz müdaxilələrin dayandırılması, məhkəmədən 2008-ci il tarixdə Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti və Zığ bələdiyyəsi tərəfindən İddiaçı, Cavabdeh2 və Cavabdeh1 ayrılmış torpaq sərhədlərinin müəyyən edilməsi və tikinti işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılmasının təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2008-ci il dekabrın 28-də yeni aeroport yolunun çəkilməsi ilə bağlı təcili olaraq onlara Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən evlərinin söküləcəyini bildirmişlər. Demişlər ki, Dədə Qorqud qəsəbəsində onlara yer veriləcək. Təklif etmişlər ki, evi özləri söksün və tikinti materiallarını oraya aparsınlar, onlara da əlavə olaraq tikinti materialları ilə köməklik ediləcəkdir. Belə olan halda onların yaşadıqları ərazidə (aeroport yolunun üstündə yerləşmiş “Min bir gecə” kafesinin ətrafında) olan evlərini sökərək 4-5 gün ərzində halhazırda yaşadıqları əraziyə - Dədə Qorqud qəsəbəsi, məktəbin yaxınlığındakı boş əraziyə köçürmüşlər. O, 1-ci Qarabağ müharibəsi veteranı olduğu üçün ona ümumilikdə 3.5 sot torpaq sahəsi ayrılmışdır. Həmin vaxt ərazidə üç ev sökülmüş, o cümlədən bir ədəd dəmir budkada yaşayan ailə, ər-arvad Zakir və Səbaət də həmin əraziyə köçürülmüşlər. Onlar yaşadıqları yerdən köçərkən həmin ailənin yaşadığı dəmir budkanı ona ayrılan torpaq sahəsinin qonşuluğunda yerləşdirmişlər. Onların budkası aralarında sərhəd kimi müəyyən edildi və onlar budkada yaşamağa başladılar. Həmin butkanın sol tərəfi cavabdehlərin, sağ tərəfi isə onun sahəsi kimi müəyyənləşdirildi. Həmin vaxt o, tikinti işlərinə başladı. Ona ayrılan 3.5 sot torpaq sahəsi çökəklik olduğu üçün ustaların məsləhəti ilə o, dəmir budkadan 3 metr aralıda ev tikməli oldu. Həmin dəmir budka ilə üzbəüz yerdən kürsülü, birmərtəbəli ev tikdirməyə başladı. 1,4 × 0,8 sm ölçüdə həmin 3 metrlik yerindən istifadə üçün kürsüdən qapı yeri qoyulmuş və mütəmadi olaraq oradan istifadə etmişdir. Onun evi tikilən vaxt cavabdehlər orada yaşamışlar və tikinti işləri ilə bağlı hər hansı bir narazılıq və irad bildirməmişlər. Ona Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsinin söz verdiyi kimi hər hansı bir köməklik olmadı. Buna görə o, çox çətinliklə evini tikib köçə bildi. İcra Hakimiyyəti tərəfindən ona bildirildi ki, 3.5 sot torpaq sahəsi sənədləşdirilərkən ona köməklik göstəriləcəkdir. 2010-cu ildə qonşusu Zakirgil oradan köçüb getdilər. Həmin vaxt onlara ayrılmış 1.5 sot torpaq sahəsi tam hasarlanmasa da orada 10 daş qaldırılmış yarımtikili inşa edilmişdir. Onların sahəsi boş qaldığı üçün həmin ərazilər sahibsiz heyvanlarla dolmuşdur. Onların həyətləri arasında daş hasar olmadığı üçün o, məcbur olub kürsüdəki qapını öz təhlükəsizliyini təmin etmək üçün müvəqqəti olaraq bağlamışdır. Həmin qapının üstündə onun evinin pəncərəsi olduğu üçün oradan da həmin budka ilə ona məxsus olan əraziyə baxıb nəzarətdə saxlaya bilmiş və lazım olduqda isə arxa tərəfdən keçərək istifadə etmişdir. Uzun illər münasibətləri yaxşı olmasına baxmayaraq, təxminən 8-9 ay bundan əvvəl evə gələrkən Zakirin həyətdə bir nəfər kişi ilə olduğunu görmüşdür. O, içəri keçib bunlarla salamlaşdıqdan sonra ona məlum olmuşdur ki, qonşu Zakir torpağı satmaq istəyir. O, həmin müştəriyə bildirmişdir ki, ona aid burada üç metrə yaxın torpaq sahəsi var. Ərazini və qapı yerini ona göstərmişdir. Həmin vaxtdan Zakirlə aralarında mübahisə yaranmışdır. Bir neçə gündən sonra o, təkrar həyat yoldaşı Səbahət xanımla gəlmişdir. Yenidən aralarında mübahisə yaranmış və söyləmişlər ki, onlar artıq torpağı satmırlar, özləri tikib yaşayacaqlar. Bir müddət keçdikdən sonra hasarlarına bitişik tikinti işlərinə başlamışlar. 3 metr ara məsafəsi saxlanması ilə bağlı irad bildirsə də buna əhəmiyyət verilməmişdir. Bununla da aralarında mübahisənin yaranmaması üçün o, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müraciət etmişdir. Polis Şöbəsi tərəfindən araşdırma aparılaraq tikintinin dayandırılması qismən təmin edilmiş və ona bidirilmişdir ki, mübahisənin məhkəmə predmeti olması ilə əlaqədar olaraq Suraxanı Rayon Məhkəməsinə müraciət etməsi məqsədəuğundur. Lakin buna baxmayaraq, həmin hissədə əlavə işlər görülür. Onlara həmin yerlər verilərkən Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi Zaur və Zığ Bələdiyyəsinin nümayəndəsi Mübariz adlı məsul şəxslər bölgünü apararaq torpaq sahəsinin koordinatlarını onlara göstərmişlər. Zakirgilin torpaq sahəsi 1.5 sot olmasına baxmayaraq, Zakir 2.5 sot torpaq sahəsi zəbt etmiş və halhazırda 4 sota yaxın torpaq sahəsi istifadələrindədir. Lakin Zakir 4 sotla da qane olmayaraq, ona məxsus olan hissəni də zəbt etmək istəyir ki, bu da tam qanunsuzdur. Bununla da qeyd olunanlar nəzərə alınmaqla, 2008-ci il tarixdə Suraxanı rayon İcra Hakimiyyəti və Zığ Bələdiyyəsi tərəfindən onlara ayrılmış torpaq sahəsinin sərhədləri müəyyən edilməli və qanunvericiliyin tələblərinə uğun olaraq tikinti işlərinin aparılmasına icazə verilməlidir.
İddianın dəyişdirilməsi.
3. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən 2008-ci il tarixdə Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində Suraxanı rayon İcra Hakimiyyəti və Zığ bələdiyyəsi tərəfindən İddiaçı və Cavabdeh1 ayrılmış torpaq sahəsində iddiaçının evinə cavabdeh tərəfindən qanunsuz olaraq bitişik inşa edilmiş hasar və tikilinin cavabdeh tərəfindən sökülməsi və gələcəkdə həmin yerdə hər hansı bir tikinti-inşaat işlərinin aparılmasının cavabdehə qadağan edilməsi və ara məsafənin (sərhədin) müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddiaya etiraz.
4. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 məhkəməyə iddiaya etirazla müraciət edərək, bildirmişdir ki, İddiaçı mübahisəli torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədi yoxdur. Mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində saxlanılmış, digər mülkiyyət növünə keçməmişdir. Bu torpaq sahəsi əvvəllər tam dövlət mülkiyyətli müəssisə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında olmuşdur. Məhz bu səbəbdən müvafiq səlahiyyətli dövlət orqanları olan Azərbaycan Respublikasının Nazirlər Kabineti və Bakı şəhər İcra Hakimiyyəti həmin torpaq sahəsi üzərində sərəncam vermək səlahiyyətinə malikdir.
5. Cavabdehin nümayəndəsi (vəkili) tərəfindən, həmçinin mübahisəyə iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edilmişdir.
Tərəflərin izahatları.
6. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehin nümayəndəsi (vəkili) məhkəməyə ərizə ilə müraciət edərək, tərəflərindən işə baxan hakimə etiraz edildiyini bildirmiş, həmin etirazla bağlı müvafiq qərar qəbul edilənədək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
8. Məhkəmə hakimə etirazla bağlı (baxılmamış saxlanılmışdır) halı məhkəmənin baxış iclasının təxirə salınması üçün üzrlü səbəb hesab etmədiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
10. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, BHQ 393 nömrəli mütəxəssis rəyindən görünür ki, ümumi sahəsi 77.3 m2 olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 167, mənzil 3-ün 2024-cü ilin iyul ayına olan real bazar dəyəri 77000 manat müəyyən edilir.
11. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli hesabat cədvəlindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Dədə Qorqud massivində yerləşən fərdi yaşayış evi Cavabdeh1 adına inventarlaşdırılmışdır.
Yerində müayinə.
12. Mübahisəli ərazidə iki dəfə yerində müayinə keçirilmişdir. Birinci müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evin arxa divarında iki pəncərə yerləşir. Bu pəncərələrdən birinin altında üzəri şiferlə örtülmüş taxta konstruksiya quraşdırılmışdır. Lakin bu konstruksiyanın qarşısı mişar daşı ilə hörülmüş divarla kəsildiyinə görə iddiaçının həyətindən evin arxa divarına tərəf keçib konstruksiyaya baxmaq mümkün olmamışdır. Cavabdehin evinin yerləşdiyi ərazinin yerində müayinəsi zamanı müşahidə edilmişdir ki, həmin konstruksiya üzəri şiferlə örtülmüş çardaqdır. Həmçinin müşahidə edilmişdir ki, bu çardaqdan sonra iddiaçının yaşadığı evin divarı boyunca pəncərənin altına qədər mişar daşı ilə divar hörülmüşdür. Məhkəmə iclasında iddiaçı ərazidə əlavə tikinti işlərinin aparılmasına istinad etdiyindən ərazidə ikinci dəfə yerində müayinə təyin edilmiş, lakin cavabdeh müayinəyə şərait yaratmamışdır.
İşin faktiki halları.
13. İddiaçı və Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış massivində yerləşən qonşu fərdi yaşayış evlərində yaşayırlar.
14. Hər iki tərəfin yaşadığı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış tikililərdir.
15. İddiaçı yaşadığı fərdi yaşayış evinin arxa divarında iki pəncərə yerləşir. Bu pəncərələrdən birinin altında üzəri şiferlə örtülmüş çardaq qurulmuşdur. İddiaçının evindən həmin çardağa keçidin qarşısı mişar daşından hörülmüş divarla kəsilmişdir. İddiaçının evinin arxa divarındakı iki pəncərənin altı divar boyu mişar daşı ilə hörülmüşdür.
Tətbiq edilən hüquq.
16. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 159. Əşyaya sahiblik. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 161. Özgə əşyasının sahibi və öz əşyasının sahibi. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Maddə 164. Sahibliyin müdafiəsi. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 165. Sahibliyin pozulması. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
19. İşin faktiki hallarından göründüyü kimi, tərəflər qonşu torpaq sahələrində tikilmiş fərdi yaşayış evlərində yaşayırlar. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evin arxa divarında iki pəncərə yerləşir. Bu pəncərələrdən birinin altında üzəri şiferlə örtülmüş taxta konstruksiya quraşdırılmışdır. Lakin bu konstruksiyanın qarşısı mişar daşı ilə hörülmüş divarla kəsildiyinə görə iddiaçının həyətindən evin arxa divarına tərəf keçib konstruksiyaya baxmaq mümkün olmamışdır. Cavabdehin evinin yerləşdiyi ərazinin yerində müayinəsi zamanı müşahidə edilmişdir ki, həmin konstruksiya üzəri şiferlə örtülmüş çardaqdır. Həmçinin müşahidə edilmişdir ki, bu çardaqdan sonra iddiaçının yaşadığı evin divarı boyunca pəncərənin altına qədər mişar daşı ilə divar hörülmüşdür. İddiaçının iddiası odur ki, cavabdeh tərəfindən tikilmiş bu tikililər onun öz evinin arxa divarına keçməsinin qarşısını alır. Öz növbəsində cavabdeh isə iddianı qəbul etməmiş, iddiaya etirazın əsasını iddiaçının nə torpaq sahəsi, nə də bu sahədə yerləşən ev üzərində heç bir hüquqmüəyyənedici sənədinin olmaması, dolayısı ilə iddiaçının hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmaması təşkil etmişdir.
20. İşin mübahisəsiz halıdır ki, hər iki tərəfin nə yaşadıqları evlər, nə də bu evlərin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu baxımdan həmin evlər hüquqi statusu etibarilə özbaşına tikili hesab edilir. Lakin nəzərə alınmalıdır ki, özbaşına tikiliyə öz əmlakı qismində sahiblik edən şəxsin üçüncü şəxslərdən müdafiə olunmaq hüququ var. Belə ki, Mülki Məcəllənin özbaşına tikinti və onun nəticələrini müəyyən edən 180-ci maddəsinin tələblərinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Bu baxımdan özbaşına tikilidən istifadə ilə bağlı mübahisələrdə başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması əsas götürülməlidir. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə və ona sahiblik edirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək həmin şəxsə məxsusdur. Əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və s. hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) və sahiblik etməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz.
21. Bu vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçının yaşadığı ev/torpaq sahəsi üzərində mülkiyyət hüququ ilə bağlı heç bir hüquqmüəyyənedici sənədinin olmaması onun hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmadığı mənasına gəlmir. Ona görə ki, hazırkı iddia özbaşına tikili olan fərdi yaşayış evinə sahibliyin pozulması ilə bağlıdır. Hansı ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi özbaşına tikiliyə sahibliyi qadağan etmir, əksinə, sahibliyin müdafiəsinə təminat verir (§ 17).
22. Məsələyə cavabdeh tərəfin istinad etdiyi kimi, iddiaçının hüquqmüəyyənedici sənədinin olmaması səbəbindən hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmadığı mövqeyindən yanaşdıqda, belə nəticəyə gəlmək olar ki, iddiaçı özbaşına tikilidə yaşadığına görə nəinki cavabdeh, istənilən şəxs gəlib hətta onun yaşadığı evi belə sökə bilər və iddiaçı buna heç bir etiraz etməməlidir, çünki onun nə torpaq sahəsi, nə də ev üzərində mülkiyyət hüququ qeydiyyata alınmamışdır. Məhkəmə isə bu cür mövqeyi, təbii olaraq, qəbuledilməz hesab edir. Belə ki, iddiaçının nə bu torpaq sahəsi, nə də torpaq sahəsi üzərində inşa edilmiş hər hansı tikili üzərində dövlət qeydiyyatına alınmış mülkiyyət hüququnun olmaması, bu tikililərin özbaşına tikili olması onsuz da işin mübahisələndirilməyən hallarıdır. Bununla belə bu o mənaya gəlmir ki, cavabdeh buna heç bir səlahiyyəti olmadan, tamamilə özbaşına şəkildə iddiaçının yaşadığı evə özbaşına müdaxilə edə, onun sahibliyində olan evin divarına keçidinin qarşısını ala bilər.
23. Lakin hazırkı iş üzrə mübahisəli ünvanda keçirilmiş yerində müayinə nəticəsində müəyyən edilmişdir ki, iddiaçı öz sahibliyində olan evin arxa divarına, pəncərələrin olduğu hissəyə keçə bilmir. Ona görə ki, iddiaçının evinin yan tərəfindən arxa divara doğru gedən yolun qarşısı mişar daşdan divarla kəsilmiş, bu divara bitiş üzəri şiferlə örtülmüş çardaq quraşdırılmışdır. Həmçinin iddiaçının divarı boyunca mişar daşdan divar hörülmüşdür. Məhkəmə müəyyən etmişdir ki, bu tikililər həqiqətən də iddiaçının evinin arxa tərəfinə keçməsinin, onun pəncərələr üzərində sahibliyini həyata keçirməsinin tam qarşısını alır. Elə bu səbəbdən yerində müayinə zamanı məhkəmə ərazidəki tikililərə iddiaçının həyətindən keçərək baxa bilməmiş, bunun üçün cavabdehin həyətinə keçilmişdir. Hansı ki, cavabdeh bu tikililərin özü tərəfindən inşa edildiyini (qurulduğunu) inkar etməmiş, bununla belə iddiaya etiraz edərək, iddiaçının sözügedən tikililərin olduğu torpaq sahəsi üzərində heç bir mülkiyyət hüququnun olmamasına istinad etmişdir.
24. Məhkəmə isə təkrar qeyd edir ki, iddiaçı bu tikililərin yerləşdiyi torpaq sahəsi üzərində qeydə alınmış heç bir hüquq sahibi olmasa da işin mübahisəsiz halıdır ki, o, arxa divarına keçə bilmədiyi evin sahibidir. Hansı ki, bu divarda onun evinə məxsus iki pəncərə yerləşir. Lakin cavabdeh tərəfindən tikilmiş mübahisəli tikililər onun evinin arxa divarına keçməsinin tam qarşısını alır, bu da iddiaçının ev üzərində sahiblik hüququna müdaxilə təşkil edir. Nəzərə alınmalıdır ki, evin arxa divarı evin tərkib hissəsidir və iddiaçı həmin divara sahiblik həyata keçirə bilmirsə, onun ev üzərində tam sahibliyinin həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, cavabdehin sözügedən tikililər və bu tikililərin yerləşdiyi torpaq sahəsi üzərində heç bir hüququ olmadığından iddiaçının sahibliyinə edilmiş bu müdaxilə qanunsuz, bu tikililərin sökülməsi ilə bağlı iddia tələbi isə əsaslıdır.
25. Mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfin ərizəsinə münasibətdə məhkəmə ilk növbədə qeyd edir ki, müvafiq ərizədə istinad edilən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulmuş daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə altı illik iddia müddətinin ümumiyyətlə hazırkı işə aidiyyəti yoxdur. Hazırkı iş üzrə tətbiq edilə biləcək yeganə müddət Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 165.2-ci maddəsində nəzərdə tutulmuş qadağan edilmiş özbaşınalıq üzrə iddialar üçün tətbiq edilən məhrumetmə və ya pozuntu anından başlayaraq bir illik müddətdir ki, hazırkı işdə də bu müddət keçməmiş, tərəflər arasında mübahisənin iddia ərizəsinin məhkəməyə ünvanlandığı tarixdən 8-9 ay əvvəl başladığı (tikililərin mübahisə başladıqdan bir müddət sonra tikildiyi) iddia ərizəsində qeyd edilmiş, bu tikililərin iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixdən bir ildən uzun müddət əvvəl inşa edilməsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə mübahisəyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdeh tərəfin ərizəsini əsassız hesab edir.
26. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə mübahisəli tikililərin sökülməsi ilə bağlı iddia tələbini əsaslı sayır. Lakin tikililər arasında ara məsafəsi (sərhədin) müəyyən edilməsi hissəsində məhkəmə iddia tələbi ilə razılaşmır. Belə ki, mübahisəli tikililərin sökülməsi ilə bu tikililərlə ara məsafəsinin qoyulmasına dair tələb əhəmiyyətini itirmişdir. Odur ki, iddia qalan hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri.
27. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Lakin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh1 məcburi köçkün statusu var. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə məcburi köçkünlər dövlət rüsumunun ödənilməsindən azad olduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
29. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış massivində yerləşən, İddiaçı yaşadığı fərdi yaşayış evinin arxa divarına iddiaçının həyətindən keçidin qarşısını alan tikililər – mişar daşından hörülmüş divar, ona bitişik inşa edilmiş, üzəri şiferlə örtülmüş çardaq, arxa divar boyunca mişar daşından hörülmüş divar Cavabdeh1 tərəfindən sökülməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
30. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış massivində yerləşən, İddiaçı yaşadığı fərdi yaşayış evinin arxa divarına iddiaçının həyətindən keçidin qarşısını alan tikililər – mişar daşından hörülmüş divar, ona bitişik inşa edilmiş, üzəri şiferlə örtülmüş çardaq, arxa divar boyunca mişar daşından hörülmüş divar Cavabdeh1 tərəfindən sökülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.