Məhkəmə qərarları › İş №e-2(010)-1431/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-1431/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-1431/2024 29.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızının sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi

1. İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq

2. Azərbaycan Republikasının Mülki-Prosessual Məcəlləsi Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: Maddə 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: Maddə 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Maddə 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: Maddə 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa;

Məhkəmənin mövqeyi

3. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

4. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir.

5. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir.

6. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına dair sənəd ərizəyə əlavə olunsa da bu iddiaçı tərəfindən pretenziya qaydasına riayət edilməsi mənasını kəsb etmir. Belə ki, həmin sənədin cavabdehə çatdırılması, cavabdeh tərəfindən qəbul edilməsi və ya qəbul etməkdən imtina etməsinə dair məlumat xəbərdarlıq məktubunda öz əksini tapmamış, həmin xanalar boş saxlanılmışdır.

Məhkəmənin gəldiyi nəticə

7. Beləliklə, qeyd edilən prosessual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəməyə qədər (pretenziya) nizama salınma qaydalarına riayət edilmədiyi üçün geri qaytarılmalıdır.

8. Həmçinin, İddiaçı ASC-nin iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumu iddiaçıya tam qaytarılmalıdır.

9. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı ASC-nin iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya tam qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar