Məhkəmə qərarları › İş №e-2(010)-1524/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1524/2023

05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1524/2023 05.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızı- İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi 44.45 manat məbləğində borcun və 30.40 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri.

2. İddiaçı “Expressbank» Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Expressbank” ASC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli Bank hesabı müqaviləsinə əsasən onun adına plastik kart hesabı açılmış və əməliyyatların aparılması üçün istifadə müddəti 4 il olan bank kartı verilmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan Cavabdeh açılmış AZ49AZEN******************** saylı plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. Həmin müqavilənin 4.11-ci bəndinə əsasən, hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsait həcmindən artıq istifadə edildikdə texniki overdraft yaranır və hesab sahibi Bankın ilk tələbi ilə müvafiq vəsaiti Banka dərhal qaytarmalıdır. Cavabdeh tərəfindən plastik kart hesabında olan vəsitin həcmindən artıq məbləğdə vəsait istifadə edilib və vaxtında banka ödəniş edilməmiş, yəni öhdəlik yarandığı tarixdən bu günədək öhdəliyi icra etməyərək müqavilənin 4.11-ci və 4.13-cü bəndlərini pozmuşdur. Belə ki. xx.xx.2019-cu il tarixdə Cavabdeh cari hesabında 1807.16 manat məbləğində pul vəsaiti var idi. Eyni gündə kart vasitəsi ilə müəyyən əməliyyatlar aparılmışdır. Həmin əməliyyatlar nəticəsində onun hesabından offline qaydada (şəbəkədən xaric) internet vasitəsi ilə 1851.61 manat məbləğində pul vəsaiti silinmişdir. Silinmə aparılan zaman onun kart hesabında kifayət qədər pul vəsaiti mövcud olmamışdır. Odur ki, hər hansı şirkətlərin internet səhifəsində qeydiyyatdan keçildiyi zaman ödənişlərin aparılması üçün müştərilər öz bank hesabı məlumatlarını təqdim edir və həmin məlumatlar onların online bazasında saxlanılır. Həmin şirkətlərə internet vasitəsi iə ödəniş edilərkən kart balansında yetərincə pul vəsaiti olmasa da, lazım olan ödəniş civarında pul vəsaiti offline qaydada kart hesabından silinir və daha sonra kart hesabı olan banka məlumat göndərilir. Məlumat daxil olduqdan sonra kartda kifayət qədər pul vəsaiti olmadığına görə silinmə bank hesabından aparılır və bu səbəbdən də 44.45 manat məbləğində overdraft yaranmışdır. Cavabdeh onun kart hesabında kifayət qədər pul vəsaitinin mövcud olmaması barədə məlumatı olmasına baxmayaraq bu ödənişləri etmişdir. Odur ki, Bank hesabı müqaviləsinin 5.4.1-ci və 5.4.10cu bəndlərinə əsasən, bankın qüvvədə olan tarifləri əsasında müəyyən edilmiş limitləri qəbul etmək, bu limitlərə riayət etmək, göstərilən xidmətlərə görə müvafiq xidmət haqqı ödəmək və limitdən artıq pul vəsaitini istifadə edərsə, yaranmış overdraftı dərhal ödəmək, bank kartı ilə aparılan əməliyyatlarının uçotunu aparmaq, etdiyi əməliyyatları daima nəzarətdə saxlamaq (ayda bir dəfədən az olmamaq şərti ilə hesabdan çıxarışla tanış olmaq) və şübhəli əməliyyatlar haqqında Bankı məlumatlandırmaq vəzifələrini müştəri öz öhdəsinə götürür. Həmin müqavilənin 5.1.9-cu bəndinə əsasən, hesab üzrə əməliyyatın baş verdiyi tarixdən 30 təqvim günü ərzində Banka yazılı qaydada pretenziya təqdim edilmirsə, Müştəri tərəfindən əməliyyat qəbul olunmuş hesab edilir. Cavabdehə xəbərdarlıq məktubu təqdim edilərək ona mübahisənin məhkəməyə qədər nizama saılnması təklif edilmişdir. Həmçinin, cavabdehə dəfələrlə edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq üzərinə düşdüyü öhdəlikləri icra etməmişdir. 13 yanvar 2023-cü il tarixinə borclunun Bank hesabı müqaviləsinə əsasən yaranmış overdraft üzrə 44.45 manat məbləğində əsas borcu yaranmışdır. Bank hesabı müqaviləsin şərtlərinə əsasən hesab sahibi müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada hesabda olan qalıq vəsaitdən artıq miqdarda istifadə etdiyi məbləği və banka dəymiş ziyan üzrə ödənişləri Banka ödənilməsini öhdəsinə götürür.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

3. Cavabdeh məlum olan ünvanı üzrə lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçının tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir.

İş materialları.

4. İddiaçı ASC ilə Cavabdeh аrаsındа bаğlаnmış xx.xx.2018-ci il tarixli 592704/20181029 nömrəli bank hesabı müqаviləsindən görünür ki, həmin müqavilənin 1.1. bəndinə əsasən Müqaviləyə görə "Bank" "Hesab sahibi"nə hesab açmağı, açılmış hesaba daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair "Hesab sahibi"nin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.

5. Həmin müqavilənin 4.11. bəndinə əsasən hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsait həcmindən artıq istifadə edildikdə texniki overdraft yaranır və "Hesab sahibi" "Bank"ın ilk tələbi ilə müvafiq vəsaiti "Bank"a dərhal qaytarmalıdır. Hesab üzrə overdraft yarandıqda və həmin hesabda kifayət qədər pul vəsait olduqda, yaranmış borc məbləği "Bank" tərəfindən "Hesab sahibi"nin hesabından akseptsiz qaydada silinir. "Bank", yaranmış overdraft üzrə borc məbləğini "Hesab sahibi "nin ”Bank"da olan digər hesablarından da akseptsiz qaydada silə bilər. 4.13. bəndinə əsasən Overdraft baş verdiyi hallarda, "Hesab sahibi"nin sərəncamı olmadan akseptsiz qaydada silmək üçün onun hesabında və/və ya ya sığorta depozitində pul vəsaiti kifayət qədər olmadıqda, yaranmış borcu Hesab sahibi 30 təqvim günü müddətində banka qaytarılmalıdır.

5. İddiaçı ASC tərəfindən tərtib edilmiş 13 yanvar 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli bank hesabı müqaviləsi üzrə 44.45 manat məbləğində borcu mövcuddur.

6. xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun (overdraft) ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur.

7. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə ərizə verilərkən 30.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları.

8. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli bank hesabı müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

9.Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 960.1. Bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Maddə 960.2. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

10. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

11. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.

12. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı müqavilə üzrə öhdəlyini yerinə yetirərək cavabdehə bank hesabı açmışdır, habelə müqavilə üzrə digər öhdəliklərini yerinə yetirmişdir.

13. Lakin cavabdeh öhdəliyini pozaraq, hesabına iddia ərizəsində göstərilən məbləğdə pul vəsaitini qoymadan, əslində isə iddiaçıya məxsus olan pul vəsaitini hesabdan məxaric edərək iddiaçıya maddi ziyan vurmuşdur. İş materiallarından da görünür ki, cavabdeh tərəfindən kart hesabından 44,45 manat pul vəsaiti çıxarılmışdır.

14. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh hesabında olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmağı öhdəsinə götürsə də, buna əməl etməmiş nəticədə yol verdiyi texniki overdraft nəticəsində banka borcu yaranmışdır. Ona görə də iddia tələbi əsaslıdır və təmin olunur.

Məhkəmə xərcləri.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. İddia təmin edildiyindən idda ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

18. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 44.45 manat manat məbləğində pul tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia təmin edilsin. Cavabdeh 44.45 (qırx dörd manat qırx beş qəpik) manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 (otuz manat qırx qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar