Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1540/2025 23.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə3, 3-cü şəxsin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdehnə qarşı “pul” tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərilənləri nəzərə alaraq, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Avtomobil təhvil verilməsi xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən ödənilmiş vəsait üzrə hesablanmış vergi borcu olan 3455,60 manat pul, 300 manat vəkilə ödənilən xidmət haqqı və mənəvi zərərə görə 1000 manat olmaqla, cəmi 4755,6 manat pulun cavabdehdən alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-1540/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbi barədə kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin nümayəndəsi olan Sənan Əsədzadə adlı şəxsi sosial media səhifələrində haqq müqabilində Çin Xalq Respublikasından Azərbaycan Respublikasına avtomobil alıb gətirən şəxs kimi tanımışdır. Bu barədə onun çoxlu sayda video müraciətləri vardır (videoların bəzilərinin linkləri qeyd edilib). Həmin video müraciətlərində Sənan Əsədzadə avtomobillərin, o cümlədən, “Changan A06” markalı avtomobilin Çindən alınıb ölkəyə gətirilməsi xərcləri kimi ancaq çatdırılması da daxil olmaqla avtomobilin qiyməti, gömrük rüsumu və özünə 200 dollar xidmət haqqı olduğunu bildirmiş, vətəndaşları, o cümlədən iddiaçını əmin etmişdir ki, sifarişçinin başqa hər hansı xərci olmayacaqdır. O da bu şərtlər daxilində avtomobil sahibi olmaq üçün onunla razılaşıb, bu barədə xx.xx.2024-cü il tarixli “Avtomobil təhvil verilməsi xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağladı. Seçdiyi “Changan A06” markalı avtomobilin qiyməti olan 18000 ABŞ dolları (30600 manat) pulu cavabdehin təlimatı üzrə xx.xx.2024-cü il tarixdə “X4 GROUP CO LİMİTED” sirkətinin adına həmin şirkətin DBS BANK (HONG KONG) LİMİTED-dəki bank hesabına köçürdü. Avtomobil iddiaçıya Bakı şəhərində təhvil verildikdən sonra, xx.xx.2024-cü il tarixdə həmin avtomobili adına qeydiyyata aldırdı. Bir neçə ay sonra ona məlum oldu ki, bu əməliyyat cavabdehin seçdiyi Honq-Konq şəhərindəki bank üzrə həyata keçirildiyindən və Honq Konq şəhəri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”-na daxil olduğundan, AR Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən cavabdehin hesabına köçürdüyü 30600 manat ödənişə görə ona 10% dərəcə ilə 3.060 manat ödəmə mənbəyində vergi hesablanmışdır. Bu barədə inzibati orqanın xx.xx.2024-cü il tarixli qərarı qəbul olunmuşdur. Bunu bilən kimi cavabdehin nümayəndəsi Sənan Əsədzadəyə məlumat verərək, həmin pulun ödənilməsini tələb etdi, lakin o, imtina etdi. Həmin əməliyyat üzrə yaranmış borc olan 3455,60 manat pulu o, xx.xx.2024-cü il tarixdə ödəmək məcburiyyətdə qaldı, çünki Sənan Əsədzadə ilə apardığı danışıqlar müsbət nəticə vermədi və borcun üzərinə faiz hesablanması artırdı. Bu məbləğdən əlavə olaraq, 300 manat vəkilə ödənilən xidmət haqqı və mənəvi zərərə görə 1000 manat pul olmaqla, cəmi 4755,6 manat pulun 5 gün müddətində ona ödənilməsi barədə pretenziyanı cavabdehə xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsilə, eləcə də, hüquqi və faktiki ünvanlarına poçt göndərişləri ilə və mobil nömrəsinə WhatsApp tətbiqi üzərindən göndərmişdir. Lakin, bu günədək həmin pul ona ödənilməmişdir. xx.xx.2024-cü il tarixli “Avtomobil təhvil verilməsi xidmətlərinin göstərilməsi haqqında” müqavilənin 3-cü bəndində icraçının (cavabdehin) müəyyən olumuş vəzifələrindən biri də məhz xidmətin göstərilməsi ilə əlaqədar ona məlumat verməkdir (3.2.3). Lakin, cavabdeh nə onunla müqavilənin şərtləri razılaşdırılarkən, nə də sonrakı proseslərdə onun vergi ödənişi etməli olduğuna dair hər hansı məlumat verməmişdir. Əgər belə bir məlumatı vermiş olsaydı, o, cavabdehdən maşın alıb gətirilməsini sifariş etməzdi, çünki, Bakı şəhərində olan avtomobili almayıb, cavabdehdən Çindən gətirilməsini sifariş verdikdə, onsuz da 3000-4000 manat qazanclı ola bilərdi ki, onun da 3000 manatını vergiyə ödədikdən sonra, xaricdən maşın sifariş etmək qazanclı sayılmazdı, əksinə, həm müddət, həm də riskli olması baxımından əlverişsizdir. Cavabdehin etirazı. Cavabdeh X2 məhkəməyə xx.xx.2025-ci il tarixli etiraz ərizəsi ilə müraciət edərək, iddiaçının təqdim etdiyi iddia tələbləri əsassız və hüquqi cəhətdən sübutsuz olduğundan, cavabdeh tərəfin məsuliyyət daşıdığı heç bir hüquqi və maddi əsas mövcud olmadığından, tətbiq edilən vergi cəriməsinin səbəbi iddiaçının özünün hüquqi şəxs statusu ilə ofşor zonaya birbaşa ödəniş etməsi ilə bağlı olduğundan, iddianın tam həcmdə rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək bildirmişdir ki, tərəflər arasında avtomobilin gətirilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında iddiaçının seçdiyi avtomobilin gətirilməsini Sənan Asadzadə təmin edir. Xərclər kimi ancaq avtomobilin qiyməti, gömrük rüsumu və özünə 200 dollar xidmət haqqı olduğunu bildirilmişdir. Avtomobilin qiyməti olan 30600 manat pulu iddiaçı cavabdehin təlimatı üzrə xx.xx.2024-cü il tarixdə Honq-Konqdakı bank hesabına köçürmüşdür. İddiaçının hesabı şəxsi hesabdır. Avtomobil iddiaçıya təhvil verilib və iddiaçı avtomobili öz mülkiyyətinə keçirmişdir. Daha sonra iddiaçıya məlum olmuşdur ki, Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən cavabdehin hesabına köçürdüyü 30600 manat ödənişə görə ona 10% dərəcə ilə 3060 manat ödəmə mənbəyində vergi hesablanmışdır. Hazırda tələb həmin məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsindən ibarətdir. Bunu da onunla əsaslandırmışdır ki, cavabdeh xərclər barədə iddiaçıya əvvəlcədən xəbər verməyib, belə bir xərclərin olacağını deməyib. Həmin xərcləri bildirsəydi, iddiaçı bu avtomobili sifariş verməzdi. Bu xərclər qədər qabağa düşmüş olacaqdı. Kütləvi informasiya vasitələrində də bu şirkətin avtomobillərin gətirilməməsi, pulların mənimsənməsi barədə iddialar var. İddiaçı vergi hesablanacağını bilsəydi müqavilə bağlamazdı. Bildirir ki, videomüraciətlər var ki, həmin markalı maşınlar stokda var, Sənan Asadzade də onların qabağında video çəkirdi. Vergi orqanın qərarını təqdim etmişdi, istinad olunan maddələrdən biri 13.2.16.14-1 maddəsidir. Həmin maddəyə əsasən, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank və digər ödəniş hesablarına rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər qeyd edilir. Yəni, VÖEN olsun ya olmasın pul köçürürən zaman həmin ödənişin mənbəyindən vergi hesablanır. Əsas şərt pulun güzəştli vergi tutulan ölkə olan Honq Konqa köçürülməsidir. Çinin başqa sahələrinə ödəniş olsa idi, bu vəsaitdən vergi tutulmazdı. İddiaçı maşın seçir, hardan gətirilməsi barədə məsələni cavabdeh həll edir. Bank hesabının seçilməsi cavabdeh tərəfindən olduğuna görə və xərclər barədə tam məlumat vermədiyinə görə iddiaçı zərərə düşmüşdür. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 bildirmişdir ki, avtomobilin çatdırılmaması halı baş verməmişdir. Əsassız məlumatlar vermək lazım deyildir, gecikmə halları olur, bu da Çində baş verən hallar ilə bağlıdır. Onlar vasitəçi şirkət olaraq xidmət göstərmişdirlər. 2 maşın və artıq avtomobil gətizdirəndə cərimə tətbiq olunur. İddiaçı ilə də fiziki şəxs kimi müqavilə bağlamışdırlar. Ödəniş edəndə iddiaçı VÖEN-i təqdim etmişdir, invoice-da VÖEN qeyd olunmuşdur. Vergi Xidməti də bunu araşdırıb, vergi hesabatını düzgün vermədiyinə görə ona vergi hesablanmışdır. Qeyd edir ki, bu məlumatları onlar deməli deyildirlər. Honq Konqdan daha öncə də maşınlar gətizdirmişdirlər, belə bir hal baş verməyib. Bank əməkdaşları məlumat verməli idi. VÖEN olduğuna görə bu vergi hesablanıb. Bildirir ki, vergi xərcləri barədə məlumat vermək kimi məsuliyyətləri yoxdur. Onlar iddiaçı ilə fiziki şəxs kimi müqavilə bağlamışdılar. Onlar maşın təklif etmişdirlər, o isə özü seçmişdir. Sifariş verdiyi şirkətin hesabıdır, maşını müştəri seçir, onlar da ona uyğun maşın gətizidirirlər. Müştərinin seçdiyi avtomobil Honq Konqda olub, onlar da ora yönəltmişdirlər. Qeyd edir ki, onların stokda, yolda olan avtomobilləri var, müştəriyə avtomobillər təklif olunur, seçimi müştəri edir. Şirkət Sənana aid deyil, avtomobili istehsal edən şirkətin adıdır, orada işləyib, eyni adla şirkət açıb. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə4 bildirmişdir ki, vergi ödəyicisi olan İddiaçı offshore zonaya ödəniş etdiyi məbləğə görə vergi hesablanmışdır. Kameral vergi yoxlanılması zamanı mübasibət bildirməsi üçün ona məktub təqdim olunmuşdu, 29 avqustda da kameral vergi yoxlanmasının keçirilməsi barədə qərar qəbul olunmuşdur. Müqavifiq ödənişin edilməsi offshore zonaya olduğuna görə ona vergi hesablandığı barədə məlumat verilmişdi. Qərar üzrə vergi ödənilib, həmin qərar mübahisələndirilməyib. Qeyd edir ki, onun VÖEN-i var, vergi ödəyicisidir. Bütün banklar Vergi Xidmətinə məlumat verirlər. Hesaba bağlı olması mütləq deyil, vergi ödəyicisinin bütün bank əməliyyatları inteqrasiya olunur. Vergi Məcəlləsində rezidentlər qeyd olunur, vergi ödəyicisi olmayanlara münasibətdə tətbiq olunacağı barədə dəqiq məlumat verə bilmir, vergi ödəyicisi olanlar offshore zonaya pul çıxarırsa ona vergi tətbiq olunur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İş materialları. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (sonraki ad Cavabdeh MMC) və İddiaçı arasında bağlanılmış “Avtomobilin təhvil verilməsi xidmətlərinin göstərilməsi haqqında” xx.xx.2024-cü il tarixli Müqavilənin 1-ci bəndinə əsasən, Sifarişçi - İddiaçı “Changan Qiyuan A06 135 km max model” avtomobil gətirilməsi xidmətlərinin göstərilməsini sifariş verib, İcraçı - "xxxx" MMC-ya razılaşdırılmış xidmət haqqı ödəməyi, İcraçı isə Sifarişçinin müəyyən etdiyi qaydada agent xidmətləri göstərməyi öhdəsinə götürür. Müqavilənin 3.2-ci və 3.2.1-ci bəndinə əsasən, Sifarişçinin istəyi ilə 2023 model “Changan Qiyuan A06 135 km max” markalı yaşıl rəng avtomobili saz vəziyyətdə təhvil vermək İcraçının vəzifələrindəndir. Qeyd olunan avtomobil daşıma müddəti üçün sığortalanır və avtomobil təhvil verilərkən, avtomobildə qüsur aşkar edilərsə, İcraçı tərəfindən həmin qüsur aradan qaldırılır və ya kompensasiya edilir. Əgər avtomobilə dəymiş zərər avtomobili yararsız hala salmışsa, avtomobilə ödənilmiş məbləğ tam olaraq Sifarişçiyə geri ödənilir ( 14 iş günü ərzində) və ya yeni avtomobil ilə əvəz edilir. Müqavilənin 4.1-ci bəndi: Sifarişçi avtomobilin dəyərini əvvəlcədən tam formada avtomobilin ixracını həyata keçirən xarici şirkətə, İcraçıya isə bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş xidmət haqqı ödənilir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli xarici valyutada köçürmə orderindən görünür ki, “Changan A06” markalı avtomobilin qiyməti olan 18000 ABŞ dollar İddiaçı Amirbala oğlunun şəxsi hesabından “X4 Group Co Limited” şirkətinin adına həmin şirkətin DBS Bank (Hong Kong) Limited-dəki bank hesabına köçürülmüşdür. AR İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin hesablanmış vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən İddiaçı Amirbala oğluna hesablanmış vergi və ya sığorta haqqı – 3060 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik – 6120 manat olaraq qeyd edilmişdir. Ödəyiciyə göndərilən uyğunsuzluq məktubundan görünür ki, 2024-cü ilin 2-ci rübü üzrə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına 30600 manat vəsait köçürmələri edilməsinə baxmayaraq, ÖMV bəyannaməsinin təqdim olunmaması kənarlaşmaların yaranmasına səbəb olmuşdur. Qərarda qeyd edilmişdir ki, qərardan onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, 30 gün müddətinə məhkəməyə və ya Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay müddətində bir başa və ya qərarı göndərmiş vergi orqanı vasitəsilə yuxarı vergi orqanına şikayət verilə bilər. İş materiallarına əlavə edilmiş İddiaçı Amirbala oğlu tərəfindən Cavabdeh MMC-ə ünvanlanmış pul tələbinə dair xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh MMC-dən cəmi 4755.6 manat pulun 5 gün müddətində ona ödənilməsinin təmin edilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş whatsapp yazışmalarından görünür ki, avtomobilin alınması və verginin ödənilməsi barədə yazışmalar qeyd olunmuşdur. AR İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında olan vergi ödəyicisinin tarixçəsindən görünür ki, ********** saylı VÖEN-ə məxsus kommersiya qurumunun adı əvvəl "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, sonra isə Cavabdeh olmuşdur. İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı Amirbala oğluna ünvanlanmış kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların, bəyannamələrin) təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ondan kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 gün ərzində müvafiq hesabat dövrü üzrə cari ödəmə mənbəyində tutulan vergi bəyannaməsi; təsdiqedici sənədlər əlavə edilməklə müvafiq izahat məktubu; araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin təqdim olunması tələb olunmuşdur. İddiaçı Amirbala oğluna bildirilmişdir ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərini yenidən hesablama hüququ vardır. İş materiallarına əlavə edilmiş daxili köçürmə orderindən görünür ki, İddiaçı Amirbala oğlunun AccessBank-da olan manat (AZN) valyutalı hesabından ABŞ dolları valyutalı hesabına 30779.48 manat məbləğində köçürmə edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Amirbala oğluna məxsus şəxsi hesabdan çıxarışdan görünür ki, 30780 manat mədaxil və 30779.48 manat məxaric edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Amirbala oğluna məxsus şəxsi hesabdan çıxarışdan görünür ki, 18079 dollar mədaxil və 18079 manat dollar məxaric edilmişdir. "xxxx" QSC tərəfindən ünvanlanmış cavab məktubundan görünür ki, İddiaçı adına "xxxx" QSC-də AZN valyutasında olan AZ81ACAB******************** saylı və ABŞ Dolları valyutasında olan AZ40ACAB******************** olan hesablar şəxsi cari hesablardır. Sözügedən hesablar VÖEN-ə bağlı olmayan şəxsi istifadə üçün nəzərdə tutulmuş hesablardır, ödəmə mənbəyindən tutulan vergilər üzrə ödənişlər yalnız biznes hesabların vasitəsi ilə həyata keçirilir. İddiaçı adına "xxxx" QSC-də olan AZ81ACAB******************** saylı və AZ40ACAB******************** saylı hesablar üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə aparılmış əməliyyatları əks etdirən Çıxarışlar Qoşmada məhkəməyə göndərilir. İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, kommersiya banklarından əldə olunmuş məlumatlara əsasən vergi ödəyicisi İddiaçı (VÖEN **********) tərəfindən 2024-cü ilin 2-ci rübü ərzində güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə qeydiyyatdan keçmiş subyektlərə (X4 GROUP CO LİMİTED, Honkonq) 30600 manat məbləğində ödəniş edildiyi halda müvafiq dövr üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1608.5-ci “Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyrirezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər” sətrində məbləğ əks etdirilməmiş və ya kənarlaşma ilə əks etdirilmişdir. Qeyd olunan kənarlaşma ilə bağlı vergi orqanı tərəfindən vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********971500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş və xx.xx.2024-cü il tarixli **********524900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş məlumat daşıyıcıdan (fleş-kart) görünür ki, whatsapp yazışmaları və X1 reklam xarakterli çarxları əks olunmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə 850. Yük daşınması müqaviləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 850.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Maddə 852. Ekspeditor. Nəqliyyat komisyonçusu 852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. 852.2. Daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. 852.3. Ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. Əgər bir neçə yük göndərinin əşyalarının aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qruplaşdıraraq yığma nəqliyyat təşkil edə bilər. Bütün hallarda o, yük göndərənin mənafelərini qorumalı və göstərişlərinə əməl etməlidir. O, qarşıya çıxan bütün çətinliklər barəsində yük göndərənə məlumat verməlidir. 852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); 852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd. 852.5. Ekspeditor yük göndərənin göstərişlərindən bütün kənaraçıxmalar üçün onun qarşısında məsuliyyət daşıyır. Ekspeditor daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir. Maddə 779. Vəkalət alanın məsuliyyəti 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi ...124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır... M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmiş hüquqi mövqe. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (sonraki ad Cavabdeh MMC) arasında xx.xx.2024-cü il tarixli “Avtomobil təhvil verilməsi xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən, “Changan Qiyuan A06 135 km max model” avtomobilin gətirilməsi nəzərdə tutulmuşdur. Avtomobilin qiyməti olan 18000 ABŞ dollar (30600 manat) xx.xx.2024-cü il tarixdə "xxxx"-da İddiaçı Amirbala oğluna məxsus dollar valyutalı şəxsi hesabından “X4 Group Co Limited” şirkətinin adına həmin şirkətin DBS Bank (Hong Kong) Limited-dəki bank hesabına köçürülmüşdür. Avtomobilin Azərbaycana gətirilməsi və iddiaçıya təhvil verilməsi hazırda işin mübahisəsiz halıdır. Eyni zamanda, İddiaçı Amirbala oğlunun vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) mövcuddur, o, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən vergi orqanlarında vergi ödəyicisi qismində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Dövlət Vergi Xidməti tərəfindən iddiaçıya kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların, bəyannamələrin) təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Həmin məktuba hər hansı bir cavab verilməmişdir. Daha sonra vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilmiş və xx.xx.2024-cü il tarixli qərar qəbul edilərək 2024-cü ilin 2-ci rübü üzrə, iddiaçı tərəfindən bəyannamə və hesabat təqdim edilməməsinə görə vergi borcu hesablanmış, eyni zamanda həmin qərardan 30 gün müddətində məhkəməyə və ya 3 ay müddətində bir başa və ya qərarı göndərmiş vergi orqanı vasitəsilə yuxarı vergi orqanına şikayət hüququ izah edilmişdir. Hazırda iddiaçı cavabdehlə müqavilə bağlanan zaman ona bu vergi barədə məlumat verilməməsi əsasından çıxış edərək, sözügedən müqaviləyə əsasən ödənilmiş vəsait üzrə vergi orqanı tərəfindən hesablanmış vergi borcu olan 3455,60 manat pul, 300 manat vəkilə ödənilən xidmət haqqı və mənəvi zərərə görə 1000 manat olmaqla, cəmi 4755,6 manat pulun cavabdehdən tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hesablanmış vergi borcunu cavabdehdən tələb etməklə bağlı subyektiv hüququ olmamışdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanan müqaviləyə əsasən, iddiaçı – fiziki şəxs kimi agent xidmətlərini sifariş etmiş, icraçı-cavabdeh isə avtomobilin gətirilməsini öz üzərinə götürmüşdür. Müqavilə ilə avtomobilin birbaşa digər şəxsdən (şirkətdən) alınması və pulun həmin şəxsə ödənilməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanılmış müqavilə tapşırıq müqaviləsinin müddəaları tətbiq edilməklə ekspeditor (yük daşınması) müqaviləsidir. Yuxarıda qeyd edilmiş qanunvericiliyin müddəalarında həmin növ müqavilələr üçün vəkalət alanın (cavabdeh-icraçının) məsuliyyəti müəyyən edilmişdir. Müqavilənin etibarsız hesab edilməsi üçün əsas mövcud deyildir. İddiaçı xx.xx.2024-cü il tarixli “Avtomobilin təhvil verilməsi xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsaslanaraq, vergi orqanı tərəfindən hesablanmış vergi borcunun cavabdeh tərəfindən ona vurulmuş maddi ziyan kimi geri ödənilməsini tələb etmişdir. Lakin, sözügedən müqavilə üzrə malların iddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti məqsədilə alınması nəticəsində yaranan vergi öhdəlikləri barədə məlumat vermək cavabdehin vəzifəsinə (öhdəliyinə/məsuliyyət dairəsinə) daxil deyildir. Cavabdeh müqavilə üzrə öz öhdəliklərini tam və lazımi qaydada yerinə yetirmiş, avtomobili Bakı şəhərinə gətirərək, gömrük rəsmiləşdirilməsini həyata keçirmiş və avtomobil iddiaçıya təhvil verilmişdir. Müqavilədən də göründüyü kimi, iddiaçının avtomobilə görə ödənişi birbaşa icraçıya deyil, satıcı qismində çıxış edən başqa şirkətə etməsi nəzərdə tutulmuş və iddiaçı bu ödənişi şüurlu şəkildə həyata keçirmişdir. Bu ödənişə görə İddiaçı (hazırki iş üzrə iddiaçı fiziki şəxs kimi yox, VÖEN ilə vergi ödəyicisi kimi) vergi orqanları tərəfindən vergi borcu hesablanmışdır. Lakin, vergi orqanı tərəfindən iddiaçıya göndərilən xx.xx.2024-cü il tarixli məktuba və orqanın vergi borcunun hesablanmasına dair xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçının məhz vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) mövcud olduqdan, fərdi sahibkar kimi bəyannamə və hesabatın təqdim edilməməsinə görə vergi hesablanmışdır. Bununla yanaşı, sözügedən qərarda ona şikayət etmək hüququnun izah edilməsinə baxmayaraq, o, qərardan şikayət etməmişdir. Halbuki öz ifadələrində o, avtomobili sahibkarlıq fəaliyyəti ilə bağlı olaraq deyil, şəxsi məqsədlər üçün aldığını bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hesablanmış vergi borcunun mübahisələndirilməsi cavabdehə qarşı deyil, ilk öncə qərarı qəbul etmiş vergi orqana qarşı olmalı idi. Lakin, qeyd edildiyi kimi, iddiaçı həmin qərardan şikayət verməyərək, hesablanmış borcun maddi ziyan olaraq qəbul edilməsini və cavabdehdən tutulmasını tələb etmişdir. Vergi borcunun maddi ziyan kimi qəbul edilərək cavabdehdən tutulması tələbi isə, mülki qanunvericiliyə əsasən, müqavilədən və ya digər öhdəliklərdən (delikt, əsassız varlanma) irəli gəlmədikdən, əsassız hesab edilir. Tələbin vəkilə ödənilən xidmət haqqının cavabdehdən tutulması hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, iddia tələbi yuxarıda qeyd edilən hissədə təmin edilmədikdən, bu hissədə də əsassızdır və təmin edilməməlidir. Tələbin mənəvi zərərə görə 1000 manat məbləğində pulun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona dəymiş mənəvi zərərlə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etmədikdən, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı “tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Avtomobil təhvil verilməsi xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən ödənilmiş vəsait üzrə hesablanmış vergi borcu olan 3455,60 manat pul, 300 manat vəkilə ödənilən xidmət haqqı və mənəvi zərərə görə 1000 manat olmaqla, cəmi 4755,6 manat pulun cavabdehdən alınaraq, ona ödənilməsi”-nə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia rədd edildikdən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Avtomobil təhvil verilməsi xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən ödənilmiş vəsait üzrə hesablanmış vergi borcu olan 3455,60 manat pul, 300 manat vəkilə ödənilən xidmət haqqı və mənəvi zərərə görə 1000 manat olmaqla, cəmi 4755,6 manat pulun cavabdehdən alınaraq, ona ödənilməsi”-nə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-1540/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1540/2025
23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver