Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1561/2023 19.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin Cavabdeh qarşı öhdəliyin icrası və pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:
1. Cavabdeh ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 24 aprel 2019-cu il tarixli, 3M-212 reyestr nömrəli Kompensasiya Müqaviləsinə əsasən sifarişçiyə, yəni cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 56.6 kv.m. olan 3 saylı mənzilin mülkiyyət hüquqlarından icraçının yəni, MTK-nın xeyrinə imtina edilmiş, icraçı isə əvəzində ünvan 2 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış kompleksində 1-ci binanın, 1-ci blokunun, 13-cü mərtəbəsində, ümumi sahəsi 107.2 kv.m. olan tam təmirli, 3 otaqlı, 71 saylı mənzili təqdim etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, sifarişçi əlavə 13.85 kv.m sahə üçün 14400 AZN ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 1-ci hissəsinin 4-cü bəndinə əsasən, müqavilə imzalanarkən alıcı müqavilənin 4200 AZN-ni ödəyir. Müqavilənin 1-ci hissəsinin 5-ci bəndinə əsasən, alıcı müqavilənin qiymətinin qalan 10200 AZN-ni 2019-cu ilin iyunun 1-dən başlayaraq hər ay 1700 manat olmaqla, 6 ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh müxtəlif vaxtlarda: xx.xx.2019-cu il tarixində 4200 manat; xx.xx.2019-cu il tarixində 2570 manat; xx.xx.2020-ci il tarixində 3000 manat olmaqla müqavilə öhdəlikləri üzrə MTK-ya cəmi 9770 manat məbləğində pul ödənişi etmişdir. Beləliklə, yuxarıda qeyd edilən ödəniş məbləğlərini nəzərə alınsa Cavabdeh tərəfindən müqavilənin tələbləri qəsdən yerinə yetirilməmiş və MTK qarşında 4.630 manat məbləğində ödənilməli olduğu borcu yaranmışdır. Cavabdehə müxtəlif vaxtlarda dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilmişdir. Belə ki, cavabdehə göndərilmiş rəsmi xəbərdarlıq məktubu 27 noyabr 2022-ci il tarixində imzalanaraq qəbul edilmişdir. Lakin o, müqavilə öhdəliyini qəsdən yerinə yetirməyərək, son ödənişindən 2 il 7 ay keçməsinə baxmayaraq bu müddət ərzində heç bir ödəniş etməməklə MTK-ya maddi ziyan vurmuşdur. Bu günə kimi öhdəliyin icra edilməməsi MTK-nın hüquqlarını əhəmiyyətli dərəcədə pozur ki, bu da Mülki Məcəllənin müddəalarına ziddir.
İddia tələbi.
2. "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3M-212 reyestr nömrəli kompensasiya müqaviləsinə əsasən Cavabdeh iddiaçının xeyrinə 4630 manat məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş 67 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
3. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir, belə ki, ona deyilən kimi tam təmirli mənzil verilməmişdir. İstilik sistemi 40 kv.metr az qoyulmuş, pəncərələr pis vəziyyətdə olmuş, alçipanı özü almış, hər otağa 340 manat dəyərində qapı quraşdırmışdır. Döşəmə laminatdır, lakin laminat betonun üstünə vurulmuş və artıq yarasızdır. Qarajının sənədini iddiaçı vermir. Qaz xəttini özü çəkdirmişdir. İddiaçıya müqavilə üzrə pulun 70 faizini ödəmişdir, pulu ödəmək istəməsə heç ödəməzdi. Borcu var, lakin mənzil pis vəziyyətdə təhvil verildiyindən qalan pulu ödəmək istəmir.
İş materialları.
5. Şifarişçi Cavabdeh ilə icraçı Etibarlı MTK arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin 1-ci bəndindən müəyyən olunur ki, şifarişçi ona məxsus olan ünvan 3 ünvanında yerləşən 3 otaqlı ümumi sahəsi 56,6 m2 olan mənzilə mülkiyyət hüququndan icraçının xeyrinə imtina etmiş, icraçı isə əvəzində ünvan 4 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış kompleksinin 1-ci binasının 1-ci blokunda, 13-cü mərtəbəsindəki ümumi sahəsi 107,2 m2 olan tam təmirli 3 otaqlı 71 saylı mənzili bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun sifarişçiyə təqdim etməyi öhdəsinə götürmüşdür.
6. Müqavilənin 2-ci bəndinə əsasən mənzilin ümumi sahəsinə yaşayış, yardımçı sahələr daxildir.
7. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilənin pozulması və icra olunmaması nəticəsində tərəflər bir-birinə vurduqları zərərə (dəymiş ziyanın və ziyan dəymiş tərəfin əldən çıxmış gəlirlərinin əvəzi) görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə uyğun olaraq mülki hüquqi məsuliyyət daşıyırlar.
8. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə üzrə hər hansı bir öhdəliyin pozulması tərəflərə müqavilənin digər şərtlərinin pozulması və həmin pozuntulara görə nəzərdə tutulmuş məsuliyyətin yaranmaması üçün əsas vermir.
9. Müqavilənin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, sifarişçi əlavə 13.85 kv.m sahə üçün 14400 manat ödəməyi öz öhdəsinə götürmüşdür.
10. Müqavilənin 1-ci hissəsinin 4-cü bəndinə əsasən, müqavilə imzalanarkən alıcı müqavilənin 4200 manatını ödəyir.
11. Müqavilənin 1-ci hissəsinin 5-ci bəndinə əsasən, alıcı müqavilənin qiymətinin qalan 10200 manatını 2019-cu ilin iyunun 1-dən başlayaraq hər ay 1700 manat ödəməklə, 6 ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür.
12. Müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilə imzalandığı və notarial qaydada təsdiq edildiyi tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini yerinə yetirənə qədər qüvvədədir.
13. "xxxx" MTK tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2019-cu iİ tarixli kompensasiya müqaviləsi üzrə Cavabdeh 9770 manat məbləğində ödəniş etmiş, onun 4630 manat borcu qalmışdır.
14. Cavabdeh tərəfindən təqdim edilən 6805 nömrəli xx.xx.2022-ci il tarixli qaimədən görünür ki, 7,71x64,80 ölçüdə plastik qapı və pəncərə üçün 500 manat məbləğində ödəniş etmişdir.
15. "xxxx" MTK-nin Cavabdeh ünvanladığı xəbərdarlıqdan müəyyən olunur ki, "xxxx" MTK borcluya borc qaytarılmadığı halda borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Xəbərnamədən görünür ki, Cavabdeh xəbərdarlığı xx.xx.2022-ci il tarixdə almışdır.
16. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən məhkəməyə ərizə verilərkən 66,70 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları.
17. İddiaçı "xxxx" MTK ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli kompensasiya müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
20. Məhkəmə tərəflərin izahatını dinləyib iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
21. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı 24 aprel 2019-cu il tarixli müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam və vaxtında yerinə yetirilməmişdir.
22. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kompensasiya müqaviləsi əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, lakin öhdəliyini lazımınca icra etməmişdir.
23. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur.
24. Həmçinin, həm məhkəmə araşdırılması zamanı, həm də məhkəməyə təqdim edilmiş müqavilədən müəyyən olunmuşdur ki, iddiaçı tam təmirli mənzil təhvil verəcəyi barədə öhdəlik götürmüşdür, lakin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 500 manat məbləğində qapı-pəncərə üçün pul vəsaiti ödənilmişdir. Buna görə də iddia tələbi qismən təmin edilməli və cavabdehdən müqavilə üzrə 4130 manat məbləğində pul vəsaiti tutulmalıdır.
25. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.
26. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh xx.xx.2019-cu iİ tarixli 3M-212 reyestr nömrəli müqavilə üzrə 4130 manat ödənilməmiş borc "xxxx" MTK-nin xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri.
27. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 66,70 manat dövlət rüsumu ödəmişdir.
28. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MTK-nın iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 66,70 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
30. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, cavabdehdən 4130 manat məbləğində borc və ödənilmiş 66,70 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə ödənilməlidir.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 3M-212 reyestr nömrəli müqavilə üzrə 4130 (dörd min yüz otuz) manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə 66,70 manat məbləğində pul vəsaiti "xxxx" Mənzil-Tikinti Kooperativinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.