Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1598/2024 20.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X5 iclas katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və X13) “mirasın qəbulu faktının müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı cavabdeh 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və X13) “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2021-ci il tarixədək mərhum Gürcüstan Respublikasının Rustavi şəhərində doğulmuş, xx.xx.1973-cü il təvəllüdlü X6 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 16.59 kv.metrdən ibarət, 1 otaqlı, xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış mənzilin İddiaçı ilə mərhum X4 ümumi birgə mülkiyyəti sayılması, həmin mənzilin üzərində İddiaçı tam pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı mərhum əri Gürcüstan Respublikasının Rustavi şəhərində doğulmuş, xx.xx.1973-cü il təvəllüdlü X10 xx.xx.2021ci il tarixdə “ürəyin hipertenziv xəstəliyi” səbəbindən Bakı şəhərində vəfat etmişdir. Bundan sonra mərhumdan miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin vərəsəlik qaydasında qəbul edilməsinə zərurət yaranmışdır. Bununla əlaqədar 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində yerləşən Notariat ofisində V-634/2023 saylı vərəsəlik işi açılmış, lakin mirasın qəbulu müddətinin uzadılması məqsədilə məhkəməyə müraciət edilməsi barədə tövsiyə xarakterli məktub ünvanlanmışdır. Müddətlə bağlı “Azərbaycan Respublikası Mülki Məcəllləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtlərini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsə də, mərhumun doğum şəhadətnaməsi, atası X11 və anası X12 nikahı və ölümü barəsində məlumatları əldə edə bilmədiklərindən vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Miras qoyan X10 xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. xx.xx.1994-cü il tarixdə X14 ilə nikaha daxil olmuş, nikahdan sonra qadına da Sadıxova soyadı verilmişdir. ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə qeydiyyatda olmuşdur. xx.xx.2021-ci il tarixdə “ürəyin hipertenziv xəstəliyi” səbəbindən vəfat etmişdir. Vəfat etdiyi tarixə onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 16.59 kv.metrdən ibarət, 1 otaqlı. xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış mənzil olmuşdur. Qeyd edilən mənzil tərəflərin birgə nikahı dövründə əldə edildiyindən ümumi birgə mülkiyyətidir. Miras qoyanın vəfatından sonra onun həyat yoldaşı İddiaçı istifadəsində və sahibliyində olmuşdur. Mirası faktiki idarə etməklə qəbul etmişdir. Lakin hüquqi savadsızlıqdan və səhhətindəki problemlərlə əlaqədar bunu rəsmiləşdirməmişdir. Hazırda notariat ofisinə müraciət etdikdə, müddətin ötürülməsini əsas göstərməklə onların sənədlərini götürməkdən imtina edilmişdir. Müddətlə bağlı qadağalar götürülsə də, miras qoyanın doğumu, valideynlərinin nikahı və ölümü barəsində şəhadətnamələri əldə edə bilmədiyindən vərəsəlik işinin açılması üçün notariat ofislərində süründürməçiliyə məruz qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Verilmiş sorğulara cavab məktublarından aydın olmuşdur ki, doğum, ölüm və nikah haqqında məlumatlar şəxsi məlumatlar hesab edildiyindən cavab verilməyəcək. Ancaq həmin şəxslərin özlərinə və etibarnamə üzrə nümayəndələrinə, eləcə də, məhkəmə və hüquq-mühafizə orqanlarının sorğuları əsasında götürülə bilər. Miras qoyan xəstə olduğu dövrlərdə onun qayğısına iddiaçı qalmış, onun vəfatından sonra dəfn və məzar daşı xərclərini də, o ödəmişdir. Onun vəfatından sonra miras əmlak iddiaçının ümumi istifadəsində olmuşdur. Beləliklə, iddiaçı miras əmlakı birgə nikah dövründə əldə etdiklərindən və miras qalan əmlaka onun miras qoyanın sağlığından, eləcə də onun vəfat etməsindən hazıradək istifadə edərək mirasa faktiki sahiblik və idarəçilik etdiyindən həmin mənzilin mülkiyyətçisi sayılır.
İddia tələbinin dəqiqləşdirilməsi.
3. İddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iş üzrə zərurət yarandığından iddiaçının mərhum ərinin anası X8 üçüncü şəxs qismində cəlb edilməsi, DƏDRX-nin maraqlı şəxs qismində çıxarılması və iddia ərizəsinin xahiş hissəsinin “miras əmlak – vəfat etdiyi xx.xx.2021-ci il tarixədək mərhum X6 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 16.59 kv.metrdən ibarət, 1 otaqlı, xx.xx.2002ci il tarixdə dövlət qeydiyyatına alınmış mənzilin İddiaçı ilə mərhum X4 ümumi birgə mülkiyyəti sayılması, həmin miras əmlak üzrə mirasın faktiki qəbul edilməsinin və bununla bağlı ötürülmüş müddətin iddiaçıya münasibətdə üzrlü hesab edilməsi” kimi oxunması və qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında iddiaçı Sadıxova Nəbi qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontoru məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər.
İş materialları.
8. Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş, V- JQ seriyalı, 376138 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X10 və X14 arasında xx.xx.1994-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 24 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Sadıxova soyadı verilmişdir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “İstanbul NS” Klinikası tərəfindən verilmiş ******* nömrəli ölüm epikrizinin surətindən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə klinikaya qəbul edilmiş və xx.xx.2021-ci il tarixdə “kəskin ürək-ağ ciyər çatışmazlığı” xəstəliyindən vəfat etmişdir.
10. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 108531 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 13-cü sahil küçəsi, 8 saylı evin 16.59 kv.metr yaşayış sahəsindən ibarət 1 otaqlı, 19 saylı mənzili X4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2002-ci il tarixdə 422 saylı reyestr kitabının 60901 səhifəsində 30/7469 nömrə ilə qeydiyyat aparılmışdır.
11. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 103 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 13 nömrəli arayışın surətindən görünür ki, mərhum X2 rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, ev 8, mənzil 19 ünvanında yerləşən mənzildə vəfat etdiyi günədək həyat yoldaşı İddiaçı ilə birgə yaşamışlar.
12. 6 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 222903 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 204 nömrə ilə qeyd edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət” X15 tərəfindən Bakı şəhəri 39 saylı Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 nömrəli cavab məktubunun surətindən görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatların ailə həyatına dair məlumatlar hesab olunduğu, onların əldə edilməsinə məhdudiyyət qoyulduğu üçün X4 doğum, atası X11 və anası X8 nikah və ölüm haqqında məlumatlarının istənilməsi ilə bağlı xahişin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3130 nömrəli cavab məktubunun surətindən görünür ki, müraciət üzrə xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 adına V-634/2023 saylı vərəsəlik işinin açıldığı bildirilmiş və mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət ötürüldüyü üçün vaxtında müraciət edilmədiyinə görə mirasın qəbulu müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
İşin faktiki halları.
15 İddiaçı X10 iləxx.xx.1994-cü il tarixdə rəsmi nikaha girməklə evlənmişlər.
16. Tərəflərin birgə nikah dövründə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 13-cü sahil küçəsi, 8 saylı evin 16.59 kv.metr yaşayış sahəsindən ibarət 1 otaqlı mənzil iddiaçının əri X4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.
17. İddiaçının əri X10 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Tətbiq edilən hüquq.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1.Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1247. Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir.
19. “Azərbaycan Respublikası Mülki Məcəllləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı
- Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir; - Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir; - mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir.
20. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarı.
10. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”.
99. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
23. İşin faktiki hallarından görünür ki, İddiaçı X9 ilə xx.xx.1994-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Tərəflər birgə nikah dövründə Suraxanı rayonu, Hövsan qəsəbəsi, 13-cü sahil küçəsi, 8 saylı mənzili əldə etmiş və həmin mənzil iddiaçının əri X4 adına xüsusi mülkiyyət kimi xx.xx.2002-ci il tarixdə hüquqi qeydiyyatdan keçmişdir. X10 xx.xx.2021-2021-ci il tarixdə vəfat etmiş və 2023-cü il tarixdə miras qalmış əmlakla bağlı vəsəlik işi açılmışdır. Mərhumun arvadı İddiaçı 1994-cü il tarixdən hazırki vaxta kimi həmin ünvanda yerləşən evdə yaşamağa davam etmiş, bununla da ərindən miras qalmış evə sahiblik etməyə və əmlakı idarə etməyə başlamaqla mirası qəbul etmişdir.
24. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mərhum əri X3 miras qalmış əmlakı qəbul etməsi faktı müəyyən edilməlidir.
25. Nəzərə alınmalıdır ki, mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı).
26. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş sübutlar əsasında məhkəmə, müvafiq miras əmlakın iddiaçı tərəfindən faktiki qəbul edildiyi nəticəsinə gəlir.
27. Son olaraq, məhkəmə «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü tarixli qərarına istinadla onu qeyd edir ki, ərarvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31- 37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır.
Məhkəmənin gəldiyi nəticə.
28. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X1 miras qalmş qalmış ünvan 1 ünvanında yerləşən mənzilin İddiaçı tərəfindən qədul edilməsi faktı müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir.
29. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. X1 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 13-cü sahil küçəsi, ev 8, mənzil ünvanında yerləşən mənzilin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva