Məhkəmə qərarları › İş №e-2(010)-1649/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1649/2023

12.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1649/2023 12.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X8 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili, eyni zamanda digər Cavabdeh1 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:

1. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, iddiaçı qismində cavabdehlər X6 və Qocayeva Gülnar Ziyəddin qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus olan mənzildən çıxarılmaları, mülkiyyət hüququnun bərpası və bu günə kimi kirayə haqqı kimi ödənilməli olan 5000 manat vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq, ona ödənilməsinə dair iddia ərizəsi ilə Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Suraxanı rayon Məhkəməsi tərəfindən iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8836/2021 saylı mülki iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə onun tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla, iddia tələbinin qismən cavabdeh Qocayeva Gülnar Ziyəddin qızının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması hissəsində təmin olunması qət edilmişdir. Sonradan cavabdeh tərəfindən Ali Məhkəməyə kassasiya şikayəti verilmiş, xx.xx.2022-ci il tarixli qərarla cavabdeh Qocayeva Gülnar Ziyəddin qızının kassasiya şikayəti təmin edilməmişdir. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8836/2021 nömrəli 27 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar icrada olarkən bilinmişdir ki, Ali Məhkəmənin 31 may 2022-ci il tarixli qərarından sonra xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh2 və xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh1 xx.xx.2022-ci il tarixdən mübahisəli mənzilə qeydiyyata düşmüşlər. Bakı İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli e-2-1(112)-3764/2023 saylı qərarı ilə İddiaçı məxsus olan ünvan 1 ünvana pasport qeydiyyatından xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh2 və xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh1 çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulmasına dair tələbi təmin edilmişdir. Hazırda iddiaçı ona məxsus Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi, ev 189 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılaraq boş vəziyyətdə ona təhvil verilməsində haqlı olmaqla yanaşı pozulmuş hüquqlarının bərpasını məhkəmədən xahiş edir. İddiaçının tələbi.

2. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı məxsus Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi, ev 189-dan çıxardılaraq həmin mənzilin boşaldılmasına və boş vəziyyətdə təhvil verilməsinə, dövlət rüsumu kimi ödənilmiş 100 manat vəsaitin cavabdehlərdən alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi.

4. Cavabdeh2 nümayəndəsi və vəkili, eyni zamanda digər Cavabdeh1 vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi.

İş materialları.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8836/2021 saylı mülki iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(010)- 2223/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi, Qocayeva Gülnar Ziyəddin qızının ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 2715/2022 nömrəli qərarına əsasən cavabdeh Qocayeva Gülnar Ziyəddin qızının kassasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8836/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-3764/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı məxsus ünvan 3 ünvana pasport qeydiyyatından xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh2 və xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh1 çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

8. Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin-42-də qeydiyyatdadırlar.

Tətbiq edilən hüquq.

9. Azərbaycan Respublikası Konstitusiyası.

Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi nəzərdə tutulmuşdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi.

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

12. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

13. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8836/2021 saylı mülki iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, ... məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunur ki, ünvan 4 ünvanda yerləşən ev özbaşına tikili olmaqla, İddiaçı tərəfindən inşa edilmiş, kommunal xidmət onun adına olmaqla, cavabdeh X5 vasitəçiliyi ilə digər cavabdeh X1 verilmişdir. Cavabdeh X4 tərəfindən bir müddət sonra kirayə haqları ödənilmədiyindən, iddiaçı həmin evdən cavabdehlərin çıxarılmalarını tələb edir... Göründüyü kimi, özbaşına tikili olan mübahisəli ev iddiaçı tərəfindən tikilməklə, onun sahibliyindən olduğundan, X1 verildiyindən, sonuncunun həmin mənzildən çıxarılması hissəsində iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 2715/2022 nömrəli qərarından görünür ki, ...kollegiya ilk növbədə onu qeyd edir ki, mübahisə predmetinin özbaşına inşa edilmiş ev, tikili olması özlüyündə həmin tikiliyə, evə ümumiyyətlə hüququn olmaması kimi qəbul edilməməlidir. Bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məs: maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Müasir dünyada hüququn inkişafı bu istiqamətdə inkişaf edir. Ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır... Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli tikili iddiaçıya məxsusdur, onun tərəfindən inşa edilmişdir. AR DİN-nin MAPS şöbəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən müəyyən edilmişdir ki, cavabdeh Qocayeva Gülnar Ziyəddin qızı xx.xx.1973-cü ildə Ermənistan SSR, Amasiya rayonunda anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Balandin-42-də pasport qeydiyyatındadır.

15. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 54206631 nömrəli xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında xx.xx.2022-ci il tarixdən qeydiyyatdadır.

16. Həmin qərarla İddiaçı məxsus ünvan 3 ünvana pasport qeydiyyatından xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh2 və xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh1 çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

17. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

18. Həmin Məcəllənin 233.3.-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

19. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd edilən məhkəmə qərarları işdə iştirak edən şəxslərə aid olduğundan, göstərilən hallar yenidən sübut edilməməlidir.

20. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlər iddiaçıya məxsus mübahisəli yaşayış evində hər hansı bir qanuni və müqavilə əsası olmadan yaşadığından, iddiaçı mənzilin boşaldılmasını və cavabdehlərin həmin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia təmin edilərək, cavabdehlər mübahisəli fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

21. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmə xərcləri.

22. İş materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir.

23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

25. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh2 və xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi, 189 nömrəli fərdi yaşayış evindən çıxarılmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi, 189 nömrəli fərdi yaşayış evi boşaldılaraq İddiaçı təhvil verilməli, cavabdehlərdən müştərək qaydada iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir.

26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. Cavabdeh2 və Cavabdeh1 tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi boşaldılaraq İddiaçı təhvil verilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar