Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1698/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması barədə ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi. İddia tələbi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehdən iddiaçının xeyrinə hüquqi əsas olmadan əldə olunan vəsaitə görə qalıq borc üzrə 234.53 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları Tərəflər arasında xx.xx.2022-ci il tarixli, “Tam kart” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, bank tərəfindən cavabdehə 15000 manatadək məbləğdə kredit limiti təyin edilməklə istifadə müddəti 5 il olan plastik kart təqdim edilmişdir. Hazırda iddiaçı cavabdehin texniki overdrafta yol verdiyini, nəticədə hesabında qalıqdan artıq məbləğdə əməliyyat aparmaqla əsassız varlandığını əsas gətirərək, əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb edir. İddia ərizəsi və ona etirazın dəlilləri a)iddia ərizəsinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Sabunçu fillialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********55 saylı “Tam Kart” müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Texniki overdraft - müştəriyə overdraftın təqdim edilməsi barədə müştərinin müraciəti olmadığı halda ödəniş kartı/əlavə kart vasitəsilə kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılmasıdır. Müştəri texniki overdraft baş verdiyi təqdirdə yaranmış borcu və faizləri banka ödəməyi öhdəsinə götürür. Sabunçu filialının müştərisi olan Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 234.53 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, hesabdan çıxarışdan da göründüyü kimi müştəri xx.xx.2024-cü il tarixində hesabında 9 manat olmasına baxmayaraq, 180 manat məxaric edərək hesabından 171 manat artıq istifadə etmişdir. Daha sonra müştəri müxtəlif vaxtlarda hesabından vəsaitlər məxaric edərək ümumilikdə 2063 manat vəsaitdən artıq istifadə etmişdir. Hesabdan artıq çıxarılmış vəsaitin bərpası üçün borcdan 1843.28 manat ödəniş edilmişdir. Əlavə olaraq, cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 14.81 manat borcu mövcuddur. Bankın Sabunçu filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh banka hazırkı dövr üçün qalıq borc üzrə 234.53 manat borcu olmuşdur. Hal-hazırda Cavabdeh hüquqi əsas olmadan əldə olunmuş vəsaitə görə cəmi 234.53 manat borcu mövcuddur. Eyni zamanda, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Tam kart müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2025-cü il tarixində 6-2-22/2-1222/2025 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin iddia tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər "xxxx" ASC (Bank) və Cavabdeh (Müştəri) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış BPM**********55 nömrəli “Tam kart” müqaviləsindən müəyyən olunur ki, müqavilə tərəflər arasında “Müştəri”nin adına “Bank” tərəfindən ikitərəfli ödəniş kartının buraxılmasına, “Müştəri”nin adına bank hesablarının, kredit xəttinin açılmasına, “Müştəri” tərəfindən “Tam kart” vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən “Tam kart”dan istifadəyə görə bank xidmətlərinin haqlarının ödənilməsinə, “Bank” tərəfindən ayrılmış kreditdən şəxsi ehtiyacların ödənilməsi (istehlak) məqsədilə istifadə edilməsinə, o cümlədən müqavilədən nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditin qaytarılmasına və ona hesablanmış faizlərin “Bank”a ödənilməsinə dair xüsusi şərtləri tənzimləyir. Tam kartın istifadə müddəti – 5 il; Tam kart üzrə kredit limitinin məbləği – 15000 manat. xx.xx.2025-ci il tarixli əsassız varlanmanı əks etdirən arayışdan müəyyən olunur ki, borcalan Cavabdeh əsassız varlanmaya səbəb olan 2063 manat məbləğdən 1843.28 manat məbləği ödəmiş, sonuncunun xx.xx.2022-ci il tarixli, BPM**********55 nömrəli müqavilə üzrə "xxxx" ASC-yə xx.xx.2025-ci il tarixə 219.72 manat əsassız varlanmaya səbəb olan qalıq məbləğ və 14.81 manat gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış faiz məbləği olmaqla, ümumilikdə 234.53 manat məbləğində borcu qalmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, "xxxx" ASC tərəfindən borcalan Cavabdeh əsassız varlanmaya səbəb olan borc məbləği barədə məlumat verilmiş və həmin borcun 3 (üç) gün ərzində qaytarılmadığı təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Müvafiq xəbərdarlığın qəbul edilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda – 30 manat. Məhkəmənin mövqeyi Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməldir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisənin hüquqi həll ilə bağlı iddiaçının irəli sürdüyü tələbin qanuni əsası müəyyən edilməli və iddiaçının gətirdiyi dəlillərin və məhkəməyə bildirilən faktiki halların həmin qanuni əsasa uyğun olması yoxlanılmalıdır. Məhz buna görə də əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar iddianın qanuni əsasının şərtləri ilə uzlaşmırsa qiymətləndirmə məhkəmə üçün başa çatmalıdır. Qeyd edilən müddəalarla bağlı məhkəmə qeyd edir ki, öhdəliyin 1) zərər vurulması, 2) əsassız varlanma və ya 3) Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qanunvericiliyin müəyyən etdiyi ümumi qayda bundan ibarətdir ki, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür ki, məhz hazırkı mübahisə üzrə əmələ gələn öhdəliklər müqavilədən kənar öhdəliklərə aid edilməlidir. Belə ki, cavabdeh heç bir hüquqi və ya müqavilə əsası – iddiaçı ilə aralarında hazırda tələb edilən pul məbləği barədə müqavilə, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsas olmadan 219.72 manat məbləğində pul vəsaiti əldə etmişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixində hesabında 9 manat olduğu təqdirdə 180 manat məxaric etmişdir. İş materiallarından görünür ki, cavabdeh iddiaçı bank tərəfindən ona müqavilə əsasında verilmiş plastik kart vasitəsilə özünə aid olmayan ümumilikdə 2063 manat məbləğində vəsaitdən istifadə edərək iddiaçı bankın vəsaiti hesabına əsassız varlanmışdır. Nəzərə alınmalıdır ki, kartın sahibi cavabdeh olduğuna görə həmin kartın hesabında nə qədər vəsait olduğunu cavabdeh bilirdi (bilməli idi). Bu baxımdan o, həmin kartdan istifadə edərkən bunun limitdən kənar, artıq köçürülmüş vəsait olduğunu da bilirdi (bilməli idi). Buna baxmayaraq cavabdeh özünə məxsus olmadığını bildiyi vəsaiti istifadə edərək əsassız varlanmış, bununla da iddiaçı banka zərər vurmuşdur. Borcalan Cavabdeh iddiaçı bankın vəsaiti hesabına əsassız olaraq varlandığı məbləğdən 1843.28 manat məbləği müqavilə üzrə ona təhvil verilən plastik kart hesabına mədaxil etmiş və onun hazırda iddiaçı banka 219.72 manat məbləğində əsas və 14.81 manat faiz borcunun olması iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş arayışa əsasən öz təsdiqini tapmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə dair etirazını və həmin etirazın əsası kimi istinad edilən fakt və halları təsdiq edən sübutları məhkəməyə təqdim etməsi ilə bağlı məlumatlandırılan cavabdeh, qeyd edilənlərin əksini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə təqdim edilmiş sübutlar əsasında iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 219.72 (iki yüz on doqquz manat yetmiş iki qəpik) manat əsas və 14.81 (on dörd manat səksən bir qəpik) manat faiz olmaqla, cəmi 234.53 (iki yüz otuz dörd manat əlli üç qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat məbləğində xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-1698/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1698/2025
12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver