Məhkəmə qərarları › İş №e-2(010)-171/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-171/2024

26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-171/2024 26.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə İddiaçı Yaşar qızının cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20) qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən dəyəri ödənilmiş mənzilin təhvil verilməməsinə görə ödənilmiş 31521 manat vəsait və bu vəsaitin qanunsuz saxlanılmasına görə 35855 manat faiz borcu, cəmi 67376 (altmış yeddi min üç yüz yetmiş altı) manat vəsaitin tutularaq İddiaçı Yaşar qızına ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı Cəfərova X25 Federasiyasının vətəndaşıdır. 2007-ci ildə cavabdeh "xxxx" Mənzil tikinti Koperativi ilə İddiaçı Yaşar qızı arasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivinin şərq hissəsində tikilməkdə olan yaşayış binasında 4-cü girişdə 8-ci mərtəbədə olan 71,6 kv.m-dən ibarət olan 1 otaqlı 295 saylı mənzilə 42.000 ABŞ dolları ödəməklə, lakin azərbaycan manatı ilə 21054 (iyirmi bir min əlli dörd) manata alqı-satqı müqaviləsi bağlanılmışdır. Razılaşdırılmış vaxtda mənzil iddiaçıya təhvil verilməmiş və bunu da cavabdeh MTK-nın sədri kimi özünü təqdim edən X6 təsisçilər arasındakı problemlərlə izah etmişdir. Özünü cavabdeh MTK-nın sədri kimi təqdim edən X7 iddiaçıya problemi həll etmək üçün əlavə 5000 (beş min) ABŞ dolları vəsait lazım olduğunu bildirmiş, iddiaçı bu tələbi yerinə yetirmişdir. Cavabdeh adından müqaviləni MTK-nın sədri kimi X7 imzalamaqla cavabdeh və iddiaçı arasında 2007-ci ildə bağlanılmış yaşayış binasında mənzil tikintisi haqqında müqavilə 57 saylı 04 iyun 2014-cü il tarixli yeni müqavilə ilə əvəzləşdirilmişdir. Yeni bağlanılmış müqavilə əsasında cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində İV giriş, 12-ci mərtəbə, 300 saylı, 1 (bir) otaqlı, ümumi sahəsi 73 kvm olan mənzili 32388 (otuz iki min üç yüz səksən səkkiz) manat ödəniş əvəzində iddiaçıya təhvil verməyi öhdəsinə götürür. Müqavilə üzrə mənzilin dəyəri əvvəlki, yəni 2007-ci ildə bağlanılmış müqavilə üzrə cavabdehə iddiaçı tərəfindən ödənilmiş məbləğlərlə əvəzləşdirilməsi razılaşdırılmışdır. Lakin keçən müddət ərzində dəfələrlə cavabdehə müraciət olunsa da cavabdeh mənzilin iddiaçıya təhvil verilməsindən yayınmış, hətta kooperativin sədri kimi özünü təqdim edən X6 əlavə 5000 (beş min) ABŞ dolları vəsaiti də mənzilin təhvil verilməsi işini sürətləndirmək və əlavə kv.m sahə üçün iddiaçının həyat yoldaşından nəğd şəkildə almasına baxmayaraq mənzil iddiaçıya təhvil verilməmişdir. 2023-cü ilin iyul ayında iddiaçı vətəndaşı olduğu Rusiyadan Azərbaycana valideynlərini ziyarətə gələndə cavabdehin 57 saylı 04 iyun 2014-cü il tarixli müqavilə üzrə ona satdığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində İV giriş, 12-ci mərtəbə, 300 saylı, 1 (bir) otaqlı, ümumi sahəsi 73 kv.m olan mənzildə Pərvin adlı (telefon № ***-***-**-**) şəxsin yaşadığını bilmişdir. Pərvin adlı şəxs həmin mənzilin ona cavabdeh MTK-nın sədri kimi özünü təqdim edən X6 tərəfindən satıldığını bildirmişdir. İddiaçının dəfələrlə cavabdehə müraciəti nəticəsiz qalmışdır. Mənzildə yaşayan həmin şəxsin kimliyi və onunla bağlanılmış müqavilə haqqında cavabdeh iddiaçıya heç bir məlumat vermədiyindən iddia ərizəsində yalnız həmin şəxsin yaşadığı mənzilin ünvanı göstərilmişdir. Məhkəmənin hazırlıq iclasında 300 saylı mənzilin sahibi X10 nümayəndəsi Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu ildə qanuni qüvvəyə minmiş 2(010)-3717/2019 saylı xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsini təqdim etmiş və bildirmişdir ki, həmin mənzilə sahiblik və istifadə hüququ X13 məxsus olduğundan mənzilin iddiaçıya təhvil verilməsi haqqında iddia tələbi təmin edilə bilməz. İddiaçı cavabdehə ödəmiş olduğu və cavabdehin veridiyi maliyyə arayışları ilə təsdiq edilən 31521 manat vəsaitin və MM-nin 449.1 maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqa, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə cavabdehin əsassız varlanmış şəxs hesab olunduğunu və onun belə faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməli olduğunu nəzərə alaraq 2007-2023-cü illər ərzində qanunsuz olaraq cavabdehin istifadəsində qalan iddiaçının 31521 manat vəsaitinə görə Mərkəzi Bankın həmin illər üzrə uçot dərəcəsini nəzərə alaraq 35855 manat, cəmi olaraq 67376 (altmış yeddi min üç yüz yetmiş altı) manat vəsaitin cavabdehdən tutulub iddiaçıya ödənilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edir. MM-nin 449.1 maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqa, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə cavabdeh əsassız varlanmış şəxs hesab olunur və belə faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. 2007-2023 cü illər ərzində Mərkəzi Bankın uçot dərəcəsi illər üzrə müxtəlif olmuşdur və bu məlumatlar mərkəzi Bankın saytında yerləşdirilmişdir. Göstərilən uçot dərəcələrini illər üzrə nəzərə almaqla faizlər 38855 manat təşkil edəcəkdir. Maliyyə arayışları ilə təsdiq edilən cavadehə ödənilən məbləğ 31521, faiz borcu 38855 manat və beləliklə cavabdehin cəmi borcu 67376 manat təşkil edir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 nümayəndəsi (vəkili) Vəkil2 izahatında göstərdi ki, "xxxx" MTK-nın sədri Elektron Sistemə məhkəmə hökmünü və qətnamənin 1-ci səhifəsini yerləşdirmişdir. Eyni zamanda da Fərziyev Rahibin müqaviləsini yerləşdirmişdir. 2020-ci ilin mart ayının 17-də Fərziyev X4 mənzili satmışdır və "xxxx" MTK-nın ümümi iclas protokolunun çıxarışı var. Həmin alqısatqı sənədləşdirilib. 2021-ci ilin mart ayının 19-da isə X24 X3 mənzili satmışdır və sonda 2021-ci ilin aprel ayında, yəni bir ay sonra mənzili onlara satmışdır. İddiaçı və "xxxx" MTK arasında 2014-cü ilin iyun ayının 4-də müqavilə bağlanmışdır. Fərziyev Rahib ilə isə 2009cu ilin dekabr ayının 9-da müqavilə bağlanmışdır. Məhkəmə müqavilə üzrə MTK-nın öhdəliklərini tanıyır və MTK da həmin vəzifəni icra edir. İş materialları "xxxx" MTK-da yaşayış binasında mənzil tikintisi haqqında 57 saylı xx.xx.2014-ci il tarixli müqaviləsindən görünür ki, "xxxx" MTK-na ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində, "xxxx" yaşayış massivində, MTK-nın üzvləri və “Payçı”ların İddiaçı Yaşar qızının vəsaiti hesabına inşa edilən yaşayış binasında məlum səbəblərə, Nəsib Əİiyevin xx.xx.2012-ci il tarixli ərizəsinə, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin xx.xx.2014-ci il tarixli tövsiyə məktubuna və qərarına əsasən, formal olaraq rəsmiləşdirilmiş, dəyəri və əlavə dəyər vergisi MTK-nə ödənilməyən, yaşayış və qeyri-yaşayış sahələrinin ləgvi hesabına, zərərçəkmiş şəxslərə dəymiş ziyan ödəniİir. "xxxx" MTK-a yuxarıda qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi və bu binanın İV giriş 12 mərtəbə 300 saylı mənzili İddiaçı Yaşar qızına təhvil verməyi öhdəsinə götürür. Mənzil 1 otaqdan ibarətdir, mənzilin ümumi sahəsi 73,0 kv.m mənzilin ümmi dəyəri 32388 AZN-dir. "xxxx" MTK-nın xx.xx.2007-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" Massivinin ində tikilməkdə olan yaşayış binası "xxxx" Mənzil Tikinti Kooperativinə məxsusdur. Bu binanın 4 girişi, 8 mərtəbəsində ümumi sahəsi 71.6 kv.m.olan 1 otaqlı 295 saylı mənzilin pay dəyərindən 21 054 (iyirmi bir min əlli dörd) AZN payçı İddiaçı Yaşar qızı tərəfindən ödəndi. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" Massivinin ində tikilməkdə olan yaşayış binası "xxxx" Mənzil Tikinti Kooperativinə məxsusdur. Bu binanın 4 girişi, 8 mərtəbəsində ümumi sahəsi 71.6 kv.m.olan 1 otaqlı 295 saylı mənzilin pay dəyərindən 21 054 (iyirmi bir min əlli dörd) AZN payçı İddiaçı Yaşar qızı tərəfindən ödəndi. Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdi verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X14 ilə X8 arasında nikah xx.xx.2004-cü il tarixdə bağlanmışdır. "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli Suraxanı Rayon Məhkəməsinə ünvanladığı məktubundan görünür ki, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsində inşa edilmiş 13M saylı yaşayış binasının 4 giriş, 12-ci mərtəbə, 300 saylı mənzil hal-hazırda 4 cü sahibi X1. Əlavə olaraq bildirilmişdir ki, 300 saylı mənzilin 1-ci sahibi X21 olmuşdur və onun bu mənzilə sahiblik hüququ barədə məhkəmə qərarı vardir. X34 bu mənzili X16, Aygün Əliyeva bu mənzili X30 Muradovicə, Qurban Soyekov isə öz növbəsində Pərviz Bayramova satmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə zərərçəkmiş kimi tanınmış İddiaçı bu mənzilin dəyəri Nəsib Əliyev və Zaur Cabbarov tərəfindən qaytarılmalıdır. "xxxx" MTK-də yaşayış binasında mənzil tikintisi haqqında xx.xx.2009-cu il tarixli «yaşayış binasında mənzil tikintisi haqqında» müqavilədən görünür ki, "xxxx" MTK-ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində, MTK-nın təsisçiləri və «Alıcı» X10 vəsaiti hesabına inşa edilən yaşayış binasında 300 saylı mənzil təklif edir. Mənzil 1 otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi 73,0 kv.m. mənzilin ümumi dəyəri 40.000 manatdır. "xxxx" MTK-nın xx.xx.2010-cu il tarixli «mənzilin dəyərinin tam ödənilməsi barədə» maliyyə arayışından görünür ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı evin İV giriş, 12 mərtəbə 300 saylı 1 otaqlı 73,0 kv.m mənzilinin dəyəri X17 tərəfindən tam ödənilmişdir. R.Fərziyevin kooperativə borcu yoxdur. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-3717/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X10 cavabdeh "xxxx" MTK-nə qarşı mənzildən istifadə maneələrinin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi və mənzilə sahiblik və istifadə hüququnun tanınması tələbi barədə iddiası təmin edilmiş, cavabdeh "xxxx" MTK tərəfindən Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "xxxx" Yaşayış sahəsi 13 M ünvanında inşa edilən yaşayış binasının 4-cü giriş 12-ci mərtəbəsində yerləşən sahəsi 73.0 kv.m olan, 1 otaqdan ibarət 300 saylı mənzilin üzərində X2 və istifadə hüququnun tanınmaqla, həmin mənzilin cavabdeh tərəfindən X13 verilməsi və mənzildən sərbəst istifadə edilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Maddə 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Maddə 452.1. Fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Maddə 752.2. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.1.3. İddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, hazırkı iddia tələbi «Badu Kubə Mənzil tikinti Koperativindən dəyəri ödənilmiş mənzilin təhvil verilməməsinə görə ödənilmiş 31521 manat vəsait və bu vəsaitin qanunsuz saxlanılmasına görə 35855 manat faiz borcu, cəmi 67376 (altmış yeddi min üç yüz yetmiş altı) manat vəsaitin tutularaq İddiaçı Yaşar qızına ödənilməsidir.. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Yaşar qızı ilə "xxxx" MTK arasında 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən sonuncu ilkin olaraq 21054 manat, sonrakı dövrlərdə isə hissə-hissə 10467 manat olmaqla, cəmi 31521 manat ödəmək şərti ilə Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sashəsində tikilməkdə olan yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsində 1 otaqlı 295 saylı mənzili almışdır. Lakin sonradan həmin mənzil bir neçə şəxsə satıldığından İddiaçı Yaşar qızının və digərlərinin zərərçəkmiş şəxs qismində tanındığı 1(101)-69/2014 saylı cinayət işi üzrə qəbul edilmiş xx.xx.2014-cü il tarixli hökmlə ödənilmiş məbləğin təqsirləndirilən şəxslər X27 və X9 tutulması qərara alınmışdır. Sözügedən hökmlə hazırki iş üzrə İddiaçı vurulan zərərin məbləği 31768,92 manat müəyyən edilmişdir. Bundan sonra təqsirləndirilən şəxslər X27 və X12 iddiaçıya 31768,92 manat məbləğində vurduğu zərərə görə yaranmış olan öhdəliyini cavabdeh Mənzil Tikinti Kooperativi icra etməyi öz üzərinə götürmüşdür. Cavab MTK həmin öhdəliyi iddiaçıya Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yaşayış binasının 4cü giriş, 12-ci mərtəbəsində 1 otaqlı 300 saylı mənzili tikib təhvil verməklə icra etməklə öhdəsinə götürmüşdür. Lakin sonradan müəyyən edilmişdir ki, cavabdeh təşkilat qeyd edilən mənzili də başqasına satdığından hazırda iddiaçı ilə bağladığı müqavilə üzrə öhdəliyini icra etməkdən boyun qaçırmaqdadır. Cavabdeh MTK isə iddia tələbinə etiraz edərək bildirir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsində inşa edilmiş 13M saylı yaşayış binasının 4 giriş, 12-ci mərtəbə, 300 saylı mənzil hal-hazırda 4-cü sahibi X1. Əlavə olaraq bildirilmişdir ki, 300 saylı mənzilin 1-ci sahibi X21 olmuşdur və onun bu mənzilə sahiblik hüququ barədə məhkəmə qərarı vardir. X34 bu mənzili X16, Aygün Əliyeva bu mənzili X30 Muradovicə, Qurban Soyekov isə öz növbəsində Pərviz Bayramova satmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə zərərçəkmiş kimi tanınmış İddiaçı bu mənzilin dəyəri Nəsib Əliyev və Zaur Cabbarov tərəfindən qaytarılmalıdır. Göründüyü kimi təqsirləndirilən şəxslər X27 və X12 təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi zərər vurulmuş və məhkəmə hökmü əsasında həmin zərərin qeyd edilən şəxslərdən tutulması qərara alınmışdır. Qeyd edilən məhkəmə qərarı qəbul edildikdən sonra cavabdeh MTK təqsirləndirilən şəxslər X27 və X12 vurulmuş zərərin ödənilməsi üzrə öhdəliyini öz üzərinə götürmüş, lakin bugünə kimi öhdəlik icra olunmamışdır. Bu səbəblə məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş 31521 manat məbləğində pulun tutulması hissəsində tam əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin vəsaitin qanunsuz saxlanılmasına görə pul tələbiə dair hissəsinə münasibətdə hesab edir ki, həmin hissədə iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddiaçı tələbində MM-nin 449.1-ci maddəsinə istinad etsə də, məhkəmə qeyd edir ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, “qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. MM-nin 445.7-ci maddəsi pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində kreditorun düşdüyü zərərin əvəzləşdirilməsini, MM-nin 449.1-ci maddəsi isə pul öhdəliyi icra edilmədikdə ondan faydalanmağa görə borcluya maliyyə sanksiyasının tətbiq edilməsini nəzərdə tutmuşdur. Hər iki halda borcludan müəyyən faizdə pul məbləği tutulur, ancaq birinci halda əgər kreditor daha böyük məbləğ tələb edə bilmirsə gecikdirilmiş vaxt üçün illik beş faizin tutulması, ikinci halda isə bu məbləğin bank uçot dərəcəsi əsas götürülərək müəyyənləşdirilməklə tutulması müəyyən olunmuşdur. Borc məhkəmə qaydasında tutulduqda isə məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, işin müəyyən edilmiş hallarına əsasən cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir, lakin hazırki iş üzrə cavabdehin mübahisələndirilən pul vəsaitindən faydalanması halı sübuta yetirilmir və iş materiallarından müəyyən edilmir, belə olan halda MM-nin 449-cu maddəsinin dispozisiya şərtləri daxilində cavabdeh MTK-dan bank uçot dərəcəsinə uyğun olaraq pulun tutulması yolverilməzdir. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Hazırki iş üzrə isə cavabdeh MTK X27 və X12 pul öhdəliyini üzərinə götürmüş, lakin icrasını gecikdirmişdir, belə olan halda, o, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə iddia tələbinin qeyd olunan hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və cavabdeh Nəsib Əliyev və Zaur Cabbarovun öhdəliyinin icrasını üzərinə götürdüyü tarixdən (xx.xx.2014-cü il) hazırkı iddia ilə müraciət olunduğu (xx.xx.2023-ci i)l tarixədək olan dövr, yəni 9 il 66 gün üçün illik 5% hesablanmaqla 14473.39 manat məbləğində pul cavabdeh MTK-dan tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh zərərin əvəzinin ödənilməsi öhdəliyinin icrasını öz üzərinə götürdüyündən və kreditor iddiaçı da buna razı olduğundan artıq iddiaçı öhdəliyin X27 və X22 tərəfindən icrasını gələcəkdə tələb edə bilməz. Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə İddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən vurulmuş zərərə görə 31521 (otuz bir min beş yüz iyirmi bir) manat, həmin məbləğə illik 5 faizlə hesablanmış 14473.39 (on dörd min dörd yüz yetmiş üç manat otuz doqquz qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Yaşar qızına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən vurulmuş zərərə görə 31521 (otuz bir min beş yüz iyirmi bir) manat, həmin məbləğə illik 5 faizlə hesablanmış 14473.39 (on dörd min dörd yüz yetmiş üç manat otuz doqquz qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Yaşar qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar