Məhkəmə qərarları › İş №e-2(010)-172/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-172/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-172/2023 07.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Birinci tələb üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İkinci tələb üzrə iddiaçı X3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Birinci tələb üzrə İddiaçı cavabdeh X4 qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə və ikinci tələb üzrə iddiaçı X3 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. Birinci tələb üzrə İddiaçı cavabdeh X4 pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14.200 manat əsas məbləğ və 132.6 manat dövlət rüsumu olmaqla cəmi 14332.6 manat pul vəsaitinin tutularaq öna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Birinci tələb üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsi, 14.200 manat əsas məbləğ və 132.6 manat dövlət rüsumu olmaqla cəmi 14332.6 manat pul vəsaitinin cavabdehdən tutularaq öna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İkinci tələb üzrə iddiaçı X5 cavabdeh İddiaçı qarşı pul tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 iyul 2019-cu il tarixli Podrat Müqaviləsi üzrə ödənilməyən 12 800 (on iki min səkkiz yüz) manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

4. Birinci iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 19 iyul 2019-cu il tarixli “Podrat müqaviləsinə” əsasən “Podratçı” Abşeron rayonu, quşçuluq sovxozu ərazisində yerləşən 02,0 ha torpaq sahəsində 50 kv.m sahəli fərdi yaşayış evinin (evin layihəsi əlavə olunur.) təmirli tikintisini həyata keçirməli, “Sifarişçi” isə 27000 (iyirmi min) manat məbləğində vəsaiti hissə-hissə ödəməli idi. “Sifarişçi” faktiki olaraq, xx.xx.2019-cu il tarixindən etibarən Müqavilə üzrə nəzərdə tutulan 27000 (iyirmi yeddi min) manat məbləğin 14200 (on dörd min iki yüz) manat məbləğini yəni 52,6 %-ni ödədiyinə (ödəniş cədvəli və ödəniş qəbzləri əlavə olunur.) baxmayaraq, “Podratçı” “Görüləcək işlərin siyahısFnda (Görüləcək işlərin siyahısı əlavə olunur.) nəzərdə tutulan 2-ci işi hələ də həyata keçirməmişdir. Tikinti işlərinin aparılmamasından, tikinti işlərinin sürətləndirilməsi və ya ödənilmiş məbləğin geri qaytarılması barədə cavabdehə dəfələrlə müraciət etmişdir. İlk öncə cavabdeh tərəfindən ona bildirilmişdir ki, onun maliyyə sıxıntıları var ona görə hələ ki tikintini həyata keçirə bilmir. Daha sonra isə cavabdeh ona aybaay 500 manat geri qaytarmaqla tam məbləği qaytaracağını vəd vermişdir. Verilən vədlər “puça çıxdıqdan” sonra o, 19 iyul 2019-cu il tarixli, “Podrat müqaviləsi”nin ləğv edilməsi və ödənilmiş pulun geri qaytarılması barədə xx.xx.2022-ci il tarixdə cavabdehə yazılı bildiriş (bildirişin surəti və tərəfə çatması barədə qəbz əlavə olunur.) göndərmişdir. Lakin, həmin bildirişin alınmasından 20 gündən və icra üçün tərəfimdən müəyyən edilmiş 1 gündən cəmi 21 gündən artıq keçməsinə baxmayaq, ona heç bir şifahi və ya yazılı cavab göndərilməmişdir. Eyni zamanda, qeyd edir ki, artıq cavabdehin işlərin görülməsinə dair rəftarından məlum olur ki, o işləri həyata keçirmək istəmir və keçirərsə bu işləri “başdan sovdu” yalnız “görünüş” üçün həyata keçirəcəkdir. Bununla yanaşı hesab edir ki, cavabdeh onun tərəfidən ödənilmiş vəsaiti geri qaytarmaqla özünə heç bir ziyan etmir. Belə ki, torpaq bilavasitə onun mülkiyyətindədir və o istədiyi vaxt həm tikiləcək fərdi evi həm də onun altındakı torpaq sahəsini istənilən digər şəxsə sata bilər. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur.

5. İkinci iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 19 iyul 2019-cu il tarixli “Podrat müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən, o evin tikintisini başa çatdırıb İddiaçı təhvil verməli idi. Aralarında müqavilə ilə bağlı ödəniş cədvəli tərtib edilmiş və tikintinin ümumi dəyəri 27.000 manat müəyyən edilmişdir. İddiaçı 800 manat ilkin ödəniş etməklə, sonradan hər ay 48 ay müddətində 500 manatdan aşağı olmamaq şərtilə qalan məbləği ona ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 30 sentyabr 2021-ci ilədək 14.200 manat ödəniş etmiş və bundan sonra ödəniş etməməklə öhdəliyini yerinə yetirməmişdir. O, tikintinin təxminən 70 faizini işləmişdir. Cavabdeh ödəniş etmədiyinə görə də o da tikintini dayandırmışdır. Aralarında olan razılığa görə İddiaçı ona sifariş etdiyi tikili üçün 27.000 manat verməli, həmin məlbəğin 70 faizini, yəni 18.900 manat ödədikdə o ona sifariş etdiyi tikilini təhvil verməli idi. O, İddiaçı ödəniş qabiliyyətinin olmamasını görüb tikilini başa çatdırmamışdır.

Tərəflərin izahatları

6. Məhkəmə iclasında birinci tələb üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin təmin edilməsini və ikinci iş üzrə iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, ekspert rəyində də göründüyü kimi həmin ərazidə tikili inşa edilmişdir. Rəydə həmin tikilinin dəyəri 3074 manat olaraq qeyd edilsə də, lakin iddiaçı cavabdehə 14.200 manat ödəniş etmişdir. Daha sonra cavabdeh tikinti işlərini davam etdirmədiyi üçün iddiaçı ödənişləri dayandırmışdır. Əlavə olaraq onu da qeyd edir ki, cavabdeh həmin torpaq sahəsinin ona aid olduğunu bildirsə də, lakin məlum olmuşdur ki, həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla üçüncü şəxsə mənsubdur.

7. Məhkəmə iclasında ikinci tələb üzrə iddiaçı X3 nümayəndəsi və vəkili Vəkil2 birinci iş üzrə iddia tələbinin rədd edilməsini və ikinci iş üzrə tələbin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, tərəflər arasında podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq iddiaçı X5 öz öhdəliyini yerinə yetirsə də, lakin cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Belə ki, cavabdeh müəyyən dövr ödəniş etsə də, lakin sonradan ödənişləri dayandırmışdır. İddiaçı da cavabdehin ödəniş qabiliyyətinin olmadığını müəyyən etdiyi üçün tikinti işlərini dayandırmışdır. Əlavə olaraq qeyd edir ki, iddiaçı tikinti işlərinin aparıldığı torpaq sahəsinə dair sənədin olmaması barədə cavabdehə əvvəlcədən məlumat vermişdir.

İş materialları

8. AR Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 864 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamının surətindən görünür ki, Abşeron rayonunun X12 Fondunda saxlanılmış torpaqlardan Abşeron rayonunun Abşeron Quşçuluq sovxozunun ərazisindən kənd təsərrüfatı məqsədilə 2.23 hektar torpaq sahəsinin 99 il müddətinə icarə qaydasında X9 ayrılması təsdiq edilmişdir.

9. xx.xx.2019-cu il tarixli Podrat müqaviləsindən görünür ki, podratçı X1 Quşçuluq sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsində ümumi sahəsi müqaviləyə əlavə olunan layihəyə əsasən fərdi yaşayış evinin tikintisini – işin keyfiyyətli şəkildə yerinə yetirilməsini, sifarişçi İddiaçı isə müqavilədə nəzərdə tutulan məbləği podratçıya ödəməyi öhdəsinə götürmüşdür.

10. xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək sifarişçi İddiaçı podratçı X4 ümumilikdə 14.200 manat məbləğində ödəniş etmişdir.

11. xx.xx.2019-cu il tarixli Podrat müqaviləsinə dair bildirişdən görünür ki, İddiaçı müqavilə üzrə ödənilməmiş 12.800 manat pul vəsaitinin 5 gün müddəti ərzində ödənilməsi, əks təqdirdə isə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

12. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/371 nömrəli rəyindən görünür ki, Abşeron rayonu, Quşçuluq sovxozu ərazisində yerləşən, iş üzrə tərəflərin naturada təqdim etdiyi 0.02 ha torpaq sahəsində ölçüləri 5.0 m x 5.0 m olan mişar daşından inşa edilmiş yarımçıq tikilinin mövud olduğu müəyyən edilmişdir (Qərardadın birinci sualı üzrə). Eyni zamanda tədqiq olunan ünvanda aparılan tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 3074 manat məbləğində müəyyən edilmişdir (Qərardadın ikinci sualı üzrə). Eyni zamanda qeyd edilmişdir ki, qərardadın üçüncü və dördüncü suallarının cavablandırılması mümkün olmamışdır. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və rəyə tənqidi yanaşılması üçün əsas görmür.

İşin faktiki halları

13. İşin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, tərəflər arasında Abşeron Quşçuluq sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisi ilə bağlı podrat müqaviləsi imzalanmışdır. Evin tikintisi üçün şərtləndirilmiş müqavilə qiymətinin 14200 manat hissəsi sifarişçi İddiaçı tərəfindən podratçı F.Məmmədova ödənilmişdir. Birinci tələb üzrə iddiaçı müqavilə şərtlərinə cavabdeh tərəfindən əməl edilmədiyini qeyd edərək həmin müqavilənin ləğv edilməklə ödədiyi pul vəsaitinin ona qaytarılmasını tələb edir. Tələbini onunla əsaslandırır ki, cavabdeh tərəfindən aparılan tikinti işləri dayandırılaraq davam etdirilməmişdir. Eyni zamanda, cavabdeh ona həmin torpaq sahəsinin ona aid olduğunu bildirsə də, lakin iddiaçıya sonradan məlum olmuşdur ki, həmin torpaq sahəsi cavabdehə aid deyildir və eyni zamanda kənd təsərrüfatı təyinatlıdır. İkinci tələb üzrə iddiaçı isə müqavilə üzrə qalıq pul məbləğinin cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Tələbini onunla əsaslandırır ki, cavabdeh müqavilə üzrə ödənişləri dayandırdığına və artıq ödəniş qadiliyyətinə malik olmadığına görə o, tikinti işlərini dayandırmışdır. Hesab edir ki, cavabdeh öz öhdəliyini yerinə yetirməməklə ona dəymiş zərərin əvəzini – müqavilə üzrə qalıq pul məbləğini ona ödəməlidir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, evin tikintisi sifariş verilən torpaq sahəsi X11 adlı şəxsə icarə hüququ ilə məxsusdur. Belə ki, AR Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 864 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamına uyğun olaraq Abşeron rayonunun X12 Fondunda saxlanılmış torpaqlardan Abşeron rayonunun Abşeron Quşçuluq sovxozunun ərazisindən kənd təsərrüfatı məqsədilə 2.23 hektar torpaq sahəsinin 99 il müddətinə icarə qaydasında X9 ayrılmışdır.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

15. AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı. Həmin qərarda qeyd edilir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Qərarda vurğulanmışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Həmin qərarda vurğulanmışdır ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli Qərarı. Həmin qeyd edilir ki, Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.

17. Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli Qərardadı. Həmin qərardadda qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.)

Məhkəmənin mövqeyi

18. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən birinci iş üzrə iddia qismən təmin edilməli və ikinci iş üzrə iddia tələbi isə təmin edilməməlidir.

19. Məhkəmə ilk öncə tərəflər arasında bağlanmış müqavilənin etibarlılığına qiymət verməyi zəruri hesab edir. Tərəflər arasında yaşayış evinin tikintisi ilə bağlı podrat müqaviləsi bağlanmışdır. Sifarişçi pulun yarı hissəsini ödəyib, lakin birinci iddia tələbinə əsasən tikinti plan üzrə getmədiyinə görə birinci iddiaçı podratdan imtina edir və müqavilənin ləğvini tələb edir. İkinci iddiaçı da digər tərəfi müqavilə şərtini pozmaqda ittiham edərək faktiki olaraq o da müqavilədən imtina etmiş olur. Məhkəmə qeyd edir ki, müqavilənin ləğvi məsələsinə qiymət vermək üçün ilk növbədə həmin müqavilə etibarlı əqd kimi tanınmalıdır. Çünki, yalnız etibarlı müqavilənin ləğvi məsələsinə baxıla bilər. Ona görə də, məhkəmə ilk öncə tərəflər arasında bağlanmış podrat müqaviləsinin əhəmiyyətli olubolmamasını yoxlamağı zəruri hesab edir. İş materiallarının tədqiqi və tərəflərin izahatı zamanı müəyyən edilmişdir ki, podrat müqaviləsinə əsasən üzərində yaşayış evi tikilməli olan torpaq sahəsi AR Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 864 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamına uyğun olaraq Abşeron rayonunun X12 Fondunda saxlanılmış torpaqlardan Abşeron rayonunun Abşeron Quşçuluq sovxozunun ərazisindən kənd təsərrüfatı məqsədilə 2.23 hektar torpaq sahəsi həcmində 99 il müddətinə icarə qaydasında X9 ayrılmışdır. İş materiallarının tədqiqindən və tərəflərin izahatlarından aydın olur ki, podrat müqaviləsi bağlanan zaman torpağın mülkiyyət hüququ ilə məxsus olduğu subyektdən və ya torpağa məhdud əşya hüququ olan X7 hər hansı bir razılıq alınmamışdır. Faktiki olaraq, həmin əkinçilik təyinatlı torpaq sahəsinin X8 istifadəsində olduğu halda, tərəflər arasında başqa şəxsə məxsus torpaqda fərdi yaşayış evinin tikintisi ilə bağlı podrat müqaviləsi imzalamışlar. İşdən aynıd olur ki, X11 hazırki iş üzrə tərəflər arasında onun istifadəsində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisi ilə bağlı bağlanmış müqavilədə iştirak etməmiş, subyektiv iradəsini ifadə etməmiş, eyni zamanda həmin tikilinin aparılmasına hər hansı bir razılıq ərizəsi verməmişdir. Eyni zamanda, dövlət torpağında tikili aparılması ilə bağlı, torpağa dair sərəncam vermək səlahiyyəti olan müvafiq icra hakimiyyəti orqanı ilə də, hər hansı razılıq və ya sövdələşmə olmamışdır. Deməli, əqd subyekt tərkibinə dair etibarlılıq şərtlərinə cavab vermir. Məhkəmə qeyd edir ki, üçüncü şəxslərə məxsus torpaq sahəsində yaşayış evi tikintisi ilə bağlı podrat müqaviləsinin etibarlı hesab edilməsi mülki qanunvericiliyin yuxarıda qeyd edilmiş tələblərinə zidd olar. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış həmin müqavilə etibarlı (əhəmiyyətli) hesab edilə bilməz. Başqa sözlə, həmin müqavilə etibarsız (əhəmiyyətsiz) hesab edilməlidir. Birinci tələb üzrə İddiaçı tərəfindən birinci tələb üzrə cavabdeh Firutan Məmmədova verilmiş 14200 manatın geri qaytarılması tələbinə münasibətdə isə məhkəmə hesab edir ki, tələb bu hissədə əsaslıdır. Belə ki, 14200 manatın İddiaçı tərəfindən Firutan Məmmədova verilməsi işin mübahisəsiz halıdır. Çünki, bu faktı cavabdeh tərəf də özünün iddia tələbində və izahatlarında təsdiq edir. Həmin pulun Firutan Məmmədovda qalmasını şərtləndirən hüquqi əsaslar isə yoxdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilə əhəmiyyətsiz əqd hesab edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, birinci tələb üzrə İddiaçı tərəfindən birinci tələb üzrə cavabdeh X4 verilmiş 14200 manat məbləğində pul əsassız varlanma hallarını tənzimləyən maddi hüquq normalarına görə geri qaytarılmalıdır. F. Məmmədov tərəfindən inşa edilmiş yarımçıq tikilinin dəyərinə gəldikdə isə, məhkəmə hesab edir ki, həmin tikili İddiaçı istifadəsində olan torpaq sahəsində deyil. Ona görə də, V. Həsənova həmin tikiliyə sahiblənmədiyinə görə hər hansı əmlak əldə etmiş olmur. Bu baxıman məhkəmə hesab edir ki, həmin yarımçıq tikilinin dəyəri İddiaçı tutulmamalıdır. Məhkəmə ikinci iş üzrə iddianın pulun tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, həmin tələb əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ikinci iş üzrə iddiaçı 19 iyul 2019-cu il tarixli Podrat Müqaviləsi üzrə ödənilməyən 12.800 (on iki min səkkiz yüz) manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə yuxarıda sadalanan xüsusatları rəhbər tutaraq təkrarən qeyd edir ki, tərəflər arasında imzalanmış həmin müqavilə etibarsız (əhəmiyyətsiz) hesab edildiyindən iddiaçının etibarsız müqavilə üzrə icra edilməmiş öhdəliyin əvəzinin ödənilməsini tələb etməsi əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə əlavə olaraq qeyd edir ki, hətta müqavilə münasibətləri mövcud olsaydı belə, işin hallarından aydın olur ki, podratçı Firutan Məmmədov üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.

Məhkəmə xərcləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Birinci tələb üzrə İddiaçı cavabdeh X4 qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı ilə X5 arasında bağlanmış 19 iyul 2019-cu il tarixli müqavilə etibarsız (əhəmiyyətsiz) hesab edilsin. birinci tələb üzrə cavabdeh X2 14.200 manat pul və 132.6 manat dövlət rüsumu tutularaq birinci tələb üzrə İddiaçı ödənilsin. İkinci tələb üzrə iddiaçı X3 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ikinci tələb üzrə iddiaçı X4 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar