Məhkəmə qərarları › İş №e-2(010)-1767/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1767/2024

06.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1767/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi, bildirişin altsistemə daxil edilməsi və əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi” tələbinə dаir iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. MÜƏYYƏN ETDİ: İddia tələbi

1. İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi, bildirişin altsistemə daxil edilməsi və əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilməsi, həmin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi və xx.xx.2023-cü il tarixdən hazırki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə mindiyi günədək olan əmək haqqının Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-də mühasib vəzifəsinə işə qəbul olunmuşdur. İşəgötürənlə rəsmiləşdirilmiş əmək Müqaviləsi müddətsiz bağlanmışdır. Aylıq əmək haqqının məbləği 669.80 (altı yüz altmış doqquz manat səksən qəpik) manat müəyyən edilmişdir. Əmək münasibətlərinə, qanun qaydalara ciddi riayət edərək fəaliyyət göstərmiş və vicdanla davranaraq heç bir qüsur və çatışmamazlıqlara yol verməmişdir. İşə qəbul olunduqdan təxminən 3 ay sonra iş yerinə getdikdə qapıların bağlı olduğunu, heç kimin orada olmadığının şahidi olmuşdur. Nə qədər əlaqə saxlasa da, müəssisənin direktorunu və ya hər hansı işçini tapa bilməmişdir. Bildirir ki, işə qəbul olunduğu vaxtdan hazırki vaxtadək əmək haqqı almamışdır. Həmçinin bildirir ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi X2 olmasına baxmayaraq, MMC-nin qanunsuz olaraq faktiki rəhbəri və idarəedicisi oğlu Vəliyev Seymur olmuşdur. Cavabdeh MMC tərəfindən qanunsuz olaraq heç bir əmək haqqı verilmədən əməyi istismar edilmişdir. Habelə bu da azmış kimi MMC-nin fəaliyyət göstərdiyi ünvanı bağlayaraq çıxıb getmişdir. Hazırki vaxtadək axtarılmasına baxmayaraq tapılmamışdır. O, və digər işçilərin konstitusion hüquqları kobud şəkildə pozulmuşdur. Ona qarşı edilmiş bu qanunsuzluğun nəticəsində, adına sistemdə qüvvədə əmək müqaviləsi olduğu üçün onu heç bir yerdə işə götürmürlər. Ona qarşı edilmiş qanunsuzluqlarla bağlı dəfələrlə X5 Xidmətinə müraciət etmişdir. X5 Xidmətinin Bakı şəhər İdarəsinin 23 oktyabr 2023-cü il tarixli məktubu ilə əmək haqqı bank çıxarışı təqdim olunması bildirilmişdir. Hazırki vaxtadək əmək haqqı almadığı üçün bank çıxarışının təqdim edilməsi mümkün olmamışdır. Bundan başqa, X5 Xidmətinin Bakı şəhər İdarəsinin 30 noyabr 2023-cü il tarixli məktubu ilə bank çıxarışı təqdim edilmədiyindən, habelə Cavabdeh MMC-dən sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin məktub ünvanda yoxdur qeydi ilə geri qaytarıldığından müraciətin araşdırılmasının başa catdırmağın mümkün olmadığı bildirilmişdir. Ona qarşı edilmiş haqsızlığa və qanunsuzluğa dözməyərək Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Şikayətlər etməyinə baxmayaraq heç bir nəticə olmamış, onun kontitusion hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdehin etdiyi kobud qanunsuzluq nəticəsində “Əmək və məşğullq” altsistemində adına qüvvədə olan əmək müqaviləsi mövcud olduğu üçün heç yerdə onu işə götürmürlər. Artıq neçə aylardır bu problemlə mücadilə etsə də, hüquqlarının bərpası istiqamətində bir tədbir görülməmişdir. Məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət edir və hüquqlarının bərpa olunmasına böyük inam və ümid bəsləyir. xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə xitam veriləcək tarixə qədər ödənilməyən əmək haqqının ödənilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və məşğullq” altsisteminə daxil edilməsi tələbi ilə qarşı tərəf Cavabdeh MMC-yə mediasiya təklifi göndərilmiş, cavab verilmədiyi üçün mediasiya təşkilatına ərizə ilə müraciət olunmuşdur. Bakı 16 saylı Mediasiya Təşkilatının mediatoru X3 tərəfindən xx.xx.2024-cü il tarixdə həmin tarixli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. Tərəfindən 60 (altmış) manat məbləğində mediasiya xərci ödənilmişdir.

Tərəflərin izahatları

3. İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, o xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-də mühasib vəzifəsinə işə qəbul olunmuşdur. İşəgötürənlə rəsmiləşdirilmiş əmək Müqaviləsi müddətsiz bağlanmışdır. Aylıq əmək haqqının məbləği 669.80 (altı yüz altmış doqquz manat səksən qəpik) manat müəyyən edilmişdir. Lakin xx.xx.2023-cü il tarixdə işə gedərkən qapının bağlı olduğunu görmüş və işəgötürəni o gündən tapa bilməmişdir. Bununla bağlı əmək müfəttişliyinə müraciət etmiş, lakin Əmək Müfəttişliyi tərəfindən araşdırılma aparılmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

İş materialları

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-17-5/2 -0-42158/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, müraciətində qeyd olunan məsələlərə aydınlıq gətirmək məqsədi ilə izahata ehtiyac olduğunu, əmək haqqı bank çıxarışını və səlahiyyətlərini təsdiq edən etibarnamənin təqdim edilməsini nəzərə alaraq 7 iş günü ərzində şəxsiyyət vəsiqəsi ilə yaxın DOST Mərkəzinə dəvət olunur.

6. Bakı 16 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli “mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” dan görünür ki, Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixdə keçirələcək mediasiya sessiyasında iştirak etməsi üçün xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmiş, lakin mediasiya sessiyasında iştirak etməmişdir.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-17-5/2-0-48676/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, müraciəti ilə əlaqədar ətraflı məlumat verməsi ilə bağlı qeyd etdiyi ünvana (ünvan 2 mənzil 90) 3-17-5/2-C-42158/2023 nömrəli 23 oktyabr 2023-cü il tarixli məktub göndərilmiş, lakin o, araşdırmaya dair izahatı və əmək haqqı bank hesabından çıxarışı təqdim etməmişdir. Həmçinin araşdırmaya dair müvafiq sənədlərin təqdim edilməsi məqsədilə Cavabdeh MMC-yə 3-17-5/2-42157/2023 nömrəli 23 noyabr 2023-cü il tarixli məktubla müraciət olunaraq ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında) Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb edilmiş və lakin poçt xidmətinə məxsus F-20 formasında “bu ünvanda yoxdur” qeyd edilərək məktub geri qaytarılmışdır. Bu səbəbdən də müraciətin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır.

8. 15 may 2013-cü il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı məcburi köçkündür.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərəfindən verilmiş iş yerinə arayışdan görünür ki, İddiaçı Cavabdeh MMC-də 31 iyul 2023-cü ildən müddətsiz olaraq mühasib vəzifəsində çalışmış və əmək haqqısı 669.80 manat təşkil etmişdir.

10. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 08 dekabr 2023-cü il məktubdan görünür ki, göstərilən xüsusatların mülki xarakterli olmasını nəzərə alaraq, ona Azərbaycan Respublikası MPMnin 6 və 24.1-ci maddəsinə əsasən mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 16 may 2024-cü il tarixli məktubdan görünür ki, sorğuda qeyd edilən məlumatların təqdim edilməsi əlavə araşdırma tələb etdiyindən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sorğunun icra müddət 23 may 2024-cü il tarixinədək (7 iş günü) uzadılmışdır.

12. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquqi İdarəsi tərəfindən verilmiş 20 may 2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı Cavabdeh MMC-də əmək hüquqlarının pozulması ilə bağlı X5 Xidmətinə ünvanladığı müraciəti ilə əlaqədar ərtaflı məlumat əldə etmək üçün ərizəçiyə məktub göndərilsə də, onun tərəfindən araşdırmaya dair izahat və bank hesabından çıxarış təqdim edilməmişdir. Həmçinin araşdırmaya dair müvafiq sənədlərin təqdim edilməsi ilə bağlı X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Cavabdeh MMC-yə göndərilən məktub geri qaytarılmışdır. Bununla əlaqədar olaraq, aparılmış araşdırma baş tutmadığından İddiaçı müraciəti baxılmamış saxlanılmışdır.

13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 27 may 2024-cü il tarixli məktubdan görünür ki, sorğuda qeyd edilən məlumatların təqdim edilməsi əlavə araşdırma tələb etdiyindən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sorğunun icra müddəti əlavə 7 iş günü (10 iyun 2024-cü il tarixinədək) uzadılmışdır.

14. İddiaçı adına Cavabdeh MMC tərəfindən “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 31 iyul 2023-cü ildə işə başlamış, 21 sentyabr 2023-cü ildə işdən çıxarılmışdır.

15. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 05 iyun 2024-cü il tarixli məktubundan görünür ki, nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınmış İddiaçı **********321 saylı fərdi şəxsi hesabında sığortaedən Cavabdeh MMC-yə (SUN: **********1; VÖEN: **********) dair məlumat (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirin, ona nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları) aşkar edilməmişdir. Cavabdeh MMC tərəfindən 2022-ci ilin İV və 2023-cü ilin İİ rübləri üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə “Arayış” tipli (fəaliyyətin olmaması barədə) məcburi dövlət sosial sığortası üzrə hesabatlar təqdim olunmuş, həmçinin sığortaedənin digər illərə dair hesabat və ödəniş məlumatları aşkar edilməmişdir. İddiaçı hansı tarixdə işə qəbul olunması və hansı vəzifədə işləməsi barədə məlumatlarının araşdırılması Fondun səlahiyyətləri xaricində olduğundan “İnformasiya əldə etmək haqqında” Qanunun 23-cü maddəsinə uyğun olaraq sorğunun aidiyyəti hissəsi araşdırılması və cavablandırılması üçün 03 iyun 2024-cü il tarixində 3-171/3-1-42415/2024 nömrəli məktubla Nazirliyin yanında X5 Xidmətinə göndərilmişdir. İddiaçı sosial sığorta ayırmaları və digər tutulmalar aparıldıqdan sonra əmək haqqının nə qədər təşkil etməsi ilə əlaqədar məlumatın təqdim edilməsi üçün Cavabdeh MMC-yə müraciət edə bilər.

16. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən verilmiş 25 iyul 2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 173-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) işəgötürən tərtib edir. Həmin maddənin 3-cü hissəsinə əsasən haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir. Həmin Məcəllənin 175-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr; b) qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ; c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği; ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu; d) xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği; e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər; ə) təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği; f) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ; g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları. Qeyd edilənlərə əsasən bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti haqqında Əsasnamə”də Xidmətin əmək haqqı ilə bağlı müvafiq tutulmalar aparıldıqdan sonra ödənilməli olan aylıq əmək haqqı barədə mütəxəssis rəyi vermək səlahiyyəti müəyyən edilməmişdir.

17. Məhkəmə Ekspertiza Mərkəzinin 13 avqust 2024-cü il tarixli 3-16-16/2- 9/6488/2024 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən bildirilir ki, İddiaçı Cavabdeh MMC ilə bağladığı müqavilə üzrə aylıq 669,80 manat əmək haqqından tutulmalar hesablandıqdan sonra iddiaçıya ödənilməli olan bir aylıq NETT əmək haqqının məbləği 600,00 manat təşkil edir. İddiaçı Cavabdeh MMC ilə bağladığı müqavilənin başlanğıc tarixi 31 iyul 2024-cü il tarixdən, 21 sentyabr 2024-cü il tarixədək olan dövr ərzində aylıq 669,80 manat miqdarında olan əmək haqqından tutulmalar hesablandıqdan sonra iddiaçıya ödənilməli olan NETT əmək haqqının məbləği 1028,55 manat təşkil edir. İddiaçı Cavabdeh MMC ilə bağladığı müqavilənin başlanğıc tarixi 31 iyul 2024-cü il tarixdən, 04 oktyabr 2024-cü il tarixədək olan dövr ərzində aylıq 669,80 manat miqdarında olan əmək haqqından tutulmalar hesablandıqdan sonra iddiaçıya ödənilməli NETT əmək haqqının məbləği 1281,81 manat təşkil edir.

İşin faktiki halları

18. İddiaçı adına Cavabdeh MMC tərəfindən “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 31 iyul 2023-cü ildə işə başlamış, 21 sentyabr 2023-cü il tarixdə işdən çıxarılma tarixi qeyd olunsa da, bildiriş imzalanmamışdır. İddiaçı xx.xx.2023-cü ilə kimi Cavabdeh MMC-də işlədiyini qeyd etsə də, cavabdeh tərəf əksini sübut etməmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 35. Əmək hüququ

İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

20. Azərbaycan Respublikası Əmək Məcəlləsi

Maddə 287. Fərdi əmək mübahisələri anlayışı Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Maddə 288. Fərdi əmək mübahisələrinin predmeti Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; k) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi. Maddə 292. İşçinin pozulmuş hüquqlarının bərpasını iddia etmək hüququ

1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək; q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq; o) elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək. Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; h) əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla).

2. İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi

1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

21. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı” Qaydalar

3. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi 3.1. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə əmək müqaviləsi bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilir. 3.2. Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. 3.3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 315-ci maddəsini nəzərə alaraq, bu Məcəllə qüvvəyə minənədək mövcud olan əmək qanunvericiliyi əsasında işçilərlə şifahi formada bağlanılmış və yazılı formada tərtib edilməmiş əmək müqavilələri, onlarda şifahi formada dəyişikliklərin edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulan müvafiq əmək müqaviləsi bildirişi formasında daxil edilir. 3.4. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. 3.5. İşəgötürən xidmətə daxil olduqda, sistem tərəfindən onun təkmil sertifikatına əsasən soyadı, adı, atasının adı, gücləndirilmiş elektron imza (dövlət orqanları və ya hüquqi şəxslərlə münasibətdə möhür vurmaq səlahiyyəti olan) kartının nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) müəyyən edilir. İşəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxiletmə səlahiyyətini etibar etdiyi şəxsin (şəxslərin) gücləndirilmiş elektron imza kartının nömrəsini, fərdi identifikasiya nömrəsini (FİN), səlahiyyətin etibar edilmə müddətini müəyyən edilmiş formada sistemə daxil edərək təsdiqləməlidir. 3.6. Bir şəxsə bir neçə işəgötürən tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi səlahiyyəti verildikdə, səlahiyyət verilən şəxsə sistem vasitəsilə müəyyən edilmiş siyahıda müvafiq işəgötürəni seçdikdən sonra əmək müqaviləsi bildirişinin qeydiyyatını aparmaq imkanı veriləcəkdir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

23. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

24. Belə ki, İddiaçı Cavabdeh MMC-yə qarşı iddia qaldıraraq aralarında olan əmək müqaviləsinə xitam verilməsini və həmin əmək müqaviləsi bildirişlərinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-də mühasib vəzifəsinə işə qəbul olunmuşdur. İşəgötürənlə rəsmiləşdirilmiş əmək Müqaviləsi müddətsiz bağlanmışdır. Aylıq əmək haqqının məbləği 669.80 (altı yüz altmış doqquz manat səksən qəpik) manat müəyyən edilmişdir. Lakin xx.xx.2023-cü il tarixdə işə gedərkən qapının bağlı olduğunu görmüş və işəgötürəni o gündən tapa bilməmişdir. Bununla bağlı əmək müfəttişliyinə müraciət etmiş, lakin Əmək Müfəttişliyi tərəfindən araşdırılma aparılmamışdır.

25. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquqi İdarəsi tərəfindən verilmiş 20 may 2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı Cavabdeh MMC-də əmək hüquqlarının pozulması ilə bağlı X5 Xidmətinə ünvanladığı müraciəti ilə əlaqədar ərtaflı məlumat əldə etmək üçün ərizəçiyə məktub göndərilsə də, onun tərəfindən araşdırmaya dair izahat və bank hesabından çıxarış təqdim edilməmişdir. Həmçinin araşdırmaya dair müvafiq sənədlərin təqdim edilməsi ilə bağlı X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Cavabdeh MMC-yə göndərilən məktub geri qaytarılmışdır. Bununla əlaqədar olaraq, aparılmış araşdırma baş tutmadığından İddiaçı müraciəti baxılmamış saxlanılmışdır.

26. Beləliklə, mülki işdə olan sübutlardan və iddiaçının izahatından müəyyən edilmişdir ki, İddiaçı adına Cavabdeh MMC tərəfindən “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 31 iyul 2023-cü ildə işə başlamış, 21 sentyabr 2023-cü il tarixdə işdən çıxarılma tarixi qeyd olunsa da, bildiriş imzalanmamışdır. İddiaçı xx.xx.2023-cü ilə kimi Cavabdeh MMC-də işlədiyini qeyd etsə də, cavabdeh tərəf bunun əksini sübut etməmişdir. Bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı iddiaçı tərəfindən cavabehə dəfələrlə müraciət edilsə də, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sistemində qeydiyyata alınmamışdır. Beləliklə iddiaçı cavabdeh təşkilatla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etdiyindən, həmçinin onun başqa bir işəgötürənlə əmək müqaviləsi bağlamaq hüququ olduğundan, iddiaçının konstitusion hüquqları pozulmuşdur.

27. Bundan əlavə iddiaçı yekun məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək əmək haqqının Cavabdeh MMC-dən tutulmasını xahiş etsə də, məhkəmə hesab edir ki, iddiaçı özünün etiraf etdiyi günə, yəni xx.xx.2023-cü ilə kimi Cavabdeh MMC-də işlədiyini, lakin həmin dövrdən sonra həmin MMC-də işləmədiyini və əmək vəzifələrini icra etmədiyini qeyd etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 21 sentyabr 2023-cü il tarixdə işdən çıxarılma tarixi qeyd olunsa da, bildiriş imzalanmadığından və iddiaçı xx.xx.2023-cü ilə kimi Cavabdeh MMC-də işlədiyindən iddia tələbi qismən təmin olunmalıdır.

Məhkəmə xərcləri.

28. İş materiallarından görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı 50 manat mediasiya xərci ödəmişdir.

Məhkəmənin gəldiyi nəticə

29. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə (müqavilənin başlanğıc tarixi 31 iyul 2023-cü il) xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilməli, Cavabdeh MMC-dən 1281,81 manat pul vəsaiti tutularaq İddiaçı verilməlidir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə (müqavilənin başlanğıc tarixi 31 iyul 2023-cü il) xitam verilsin və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilsin. Cavabdeh MMC-dən 1281,81 (bir min iki yüz səksən bir manat, səksən bir qəpik) manat pul vəsaiti tutularaq İddiaçı verilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq ümumilikdə 50 (əlli) manat məbləğində pul Cavabdeh MMC-dən alınaraq dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** X7 41 NABZ******************** SFİFT BİK CTREAZ 22) köçürülsün. İş üzrə ödənilməmiş - 32.81 (otuz iki manat, səksən bir qəpik) manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar