Məhkəmə qərarları › İş №e-2(010)-1774/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1774/2022

20.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1774/2022 20.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X2 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh1 və qeyrisinə qarşı “mənzildən çıxarma və mənzilin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti (bundan sonra mətndə "xxxx" BOKT MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hal-hazırda da olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəsbəsi, H.Aslanov küçəsi, mülkiyyətində olan 0.02584 ha torpaq sahəsi və üzərində yerləşən 150.4 kv.m. ümumi sahəsi, 84.2 kv.m. yaşayış sahəsi, 66.2 kv.m. köməkçi sahəsindən ibarət olan olan 2 mərtəbəli 4 otaqlı 24C nömrəli fərdi yaşayış evindən əşyaları ilə birlikdə 1 (bir) ay ərzində çıxarılmalarına, fərdi yaşayış evinin boşaldılmasına və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə mübahisələndirilən fərdi yaşayış evi Kəpəz BOKT MMC-nin mülkiyyətinə keçmişdir və xx.xx.2021-ci il tarixdə hərracın yekunları ilə bağlı verilən müqavilə və hərrac protokolu olmasına baxmayaraq faktiki olaraq iddiaçının evdən istifadə hüquqları yoxdur. Hazırda mülkiyyətçi iddiaçıdır və bu səbəbdən cavabdehlərin mənzildən çıxarılmalarını və əmlakın boşaldılmasını tələb etmək hüququna malikdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil bildirdi ki, cavabdehlə danışıqlar aparmışdır və onun tərəfindən hər ay 500 manat ödəniş olunması mümkündür və razılığa gəlmək istəyirlər. Belə ki, cavabdeh əvvəlcə 300 manat ödəyə biləcəyini demiş, lakin o, bu məbləğ az olduğu üçün cavabdehi razı salaraq ödəniş məbləğini 500 manata qaldırmışdır, lakin iddiaçı tərəf ödəniş olunması ilə razılaşmayaraq yalnız evin boşaldılmasını tələb edir. Buna görə də qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə "xxxx" BOKT MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə müqavilənin surətindən görünür ki, "xxxx" BOKT MMC Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Aslanov küçəsində yerləşən 24C saylı fərdi yaşayış evini 44.625 manata almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Aslanov küçəsi, ev 24C xüsusi mülkiyyət hüququ üzrə "xxxx" BOKT MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" BOKT MMC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki; yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 146.2ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; c) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərizində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs-yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır. İş materiallarından göründüyü kimi, iddiaçı evi qanuni əsasla əldə etmişdir və ev onun xüsusi mülkiyyətindədir. İddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehlərin mübahisəli mənzildə yaşamaları və həmin mənzildən istifadə etmələri mülkiyyətçi kimi onun iradəsinə ziddir. Məhkəmə hesab edir ki, yeni mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin mənzildə yaşamaları yeni mülkiyyətçiyə mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, "xxxx" BOKT MMC-nin mülkiyyətində olan 0.0258 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 150.4 kv.m olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Aslanov küçəsində yerləşən 24C saylı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ən geci 1 (bir) ay ərzində əşyaları ilə birlikdə çıxarılmalı və mənzil boşaldılmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119 və 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin mülkiyyətində olan 0.0258 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 150.4 kv.m olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Aslanov küçəsində yerləşən 24C saylı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ən geci 1 (bir) ay ərzində əşyaları ilə birlikdə çıxarılsın və mənzil boşaldılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar