Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1922/2022 20.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "mənzilə məcburi köçürülmə, mənzildən istifadə qaydasının müəyyən edilməsi və iddiaçının mənzildən istifadəsinə maneələrin cavabdehə qadağan olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı "mənzilə məcburi köçürülmə, mənzildən istifadə qaydasının müəyyən edilməsi və iddiaçının mənzildən istifadəsinə maneələrin cavabdehə qadağan olunması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, onun qeydiyyatda olduğu ünvan 2, 24 saylı mənzilə köçürülmə, mənzildən istifadə qaydasının müəyyən edilməsi və iddiaçının mənzildən istifadəsinə maaneələrin cavabdehə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlliləri İddiaçı X2 ilə 2008-ci il tarixinə qədər ünvan 1 ünvanında yaşamışdır. 2008-ci il tarixdə həmin mənzili sataraq, ünvan 2, 24 saylı mənzili almış və iddiaçı da ünvan 2, mənzil 24-də qeydiyyata düşərək X2 ilə birlikdə yaşamışdır. X2 xx.xx.2021-ci il tarixdə rəhmətə getmişdir. Bundan sonra iddiaçı tərəfindən vərəsəlik işinin açılması üçün aidiyyəti notariat orqanına müraciət edilmiş, məlum olmuşdur ki, vəsiyyətnaməyə əsasən miras əmlak Cavabdeh vəsiyyət edilmişdir. İddiaçının bacısı rəhmətə gedəndən sonra Cavabdeh iddiaçını evə heç bir əsası olmadan buraxmaqdan imtina edir. Halbuki o, qeyd edilən mənzilə istifadə hüququ olmaqla mənzildə pasport qeydiyyatındadır. Cavabdeh iddiaçının həmin ünvanda yaşamasına imkan vermir, hal-hazırda yaşamağa başqa yeri yoxdur və ailəsi ilə birlikdə kirayədə yaşayır. Buna görə də iddiaçının 13 ildən artıq qeydiyyatda olduğu mübahisəli mənzilə məhkəmə qaydasında məcburi köçürülməsinə zərurət yarandığından məhkəməyə müraciət etmək məcburiyyətindədir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. O, izahatında bildirdi ki, iddiaçı 20 ildən çoxdur ki, evlidir və yataqxanada qalır. Lakin iddiaçı mütəmadi olaraq bacısının yanına gələrək onunla qalmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında göstərmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğundan onu qəbul etmir. İddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəs, ev 4A mənzil 24-də yaşamasını təsdiq edən heç bir sübutu yoxdur. İddiaçı həmin ünvanda qeydiyyatda olsa da, qeydiyyatı formal xarakter daşıyır. Qeyd edilən ünvanda yaşamaması barədə 104 saylı MKİS-dən arayışı və qonşuların iştirakı ilə tərtib edilən 104 saylı MKİS tərəfindən təsdiq olunmuş arayışı məhkəməyə təqdim etmişlər. İddiaçının mübahisəli ünvanda yaşamamasını şahidlər də təsdiq edə bilər. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli qonşuların iştirakı ilə yazılmış və 104 saylı MKİS-si tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi, ev 4a, mən.24-də İddiaçı qeydiyyatda olduğu gündən bu günə qədər bu ünvanda yaşamayıb və hal-hazırda da yaşamır. 104 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, Hövsan qəsəbəsi, Elçin Məmmədov ev 4a mənzil 24-də İddiaçı qeydiyyatda olduğu gündən bu günə kimi bu ünvanda yaşamayıb və hal-hazırda da yaşamır. xx.xx.2022-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2, 24 saylı mənzili Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. 10 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli iddiaçıya ünvanladığı məktub ilə müəyyən olunmuşdur ki, X1 xx.xx.2009-cu ildə 2V-56 saylı reyestrlə Bakı şəhəri 35 saylı Dövlət notariat kontorunda rəsmiləşdirilmiş vəsiyyətnamə ilə özünə məxsus olan ünvan 2 ünvanında yerləşən iki otaqlı 24 saylı xüsusi mənzilini Cavabdeh qızma vəsiyyət etmişdir. X3 ölümündən sonra vəsiyyət edilən Cavabdeh xx.xx.2021-ci il tarixdə ərizə ilə Bakı şəhəri 10 saylı notariat ofisinə müraciət etmiş və onun ərizəsi əsasında həmin gün V/l05/21 saylı vərəsəlik işı açılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan aslı olmayaraq mirasda məcburi payı vardır. Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddianın və tərəflərin iddiaya olan əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, iddia ərizəsi üzrə mübahisənin məğzini İddiaçı mübahisəli evə köçürülməsi üçün əsasların mövcud olub-olmaması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı mərhum X3 qardaşıdır. Mərhum özünə məxsus olan ünvan 3 ünvanında yerləşən 24 nömrəli mənzili xx.xx.2009-cu il tarixdə Cavabdeh vəsiyyət etmiş, X3 vəfat etməsindən sonra vəsiyyətnamə əsasında qeyd edilən mənzil cavabdehin mülkiyyətinə keçmişdir. İddiaçı hazırda mübahisəli mənzildə qeydiyyatdadır və həmin mənzilin bacısı ilə birlikdə atalarına məxsus mənzilin satılması nəticəsində alındığını, onun mübahisəli mənzildə yaşamasına cavabdeh tərəfindən icazə verilmədiyini bildirir və evə köçürülməsini xahiş edir. Cavabdeh iddiaçının mübahisəli mənzildə heç vaxt yaşamadığını, onun həmin mənzilə istifadə hüququnun yaranmadığını əsas gətirir və iddia tələbinin rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respblikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan müasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırkı mübahisə ilə bağlı hüquq münasibətləri 2008-ci ildə yarandığına görə məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarına əsasən mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından qiymət verir. Mülki Məcəllənin 228.1.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi, Mülki Məcəllənin 228-ci maddəsinin müddəalarında mülkiyyətçinin ailə üzvlərinin yəni ərinin, arvadının, valideynlərinin, uşaqlarının mülkiyyətçiyə məxsus yaşayış sahəsindən istifadə etmək üçün onun razılığının alınması tələb olunmadığı halda, digər ailə üzvlərinin (mülkiyyətçinin ailə üzvünün əri və ya arvadı) yaşayış sahəsinə istifadə hüququ yalnız mülkiyyətçi ilə hüquq verilən şəxs arasında notarial razılığın olması yolu ilə yaranır. Hazırkı işin halları ondan ibarətdir ki, İddiaçı iddia edir ki, o, bacısı mərhum X4 ilə birlikdə 2008-ci il tarixdə atalarına məxsus mənzili sataraq hazırda köçürülməsini tələb etdiyi mənzili almış və cavabdehin adına rəsmiləşdirmişlər. Mərhum 2009-cu il tarixdə mübahisəli mənzili cavabdehə vəsiyyət etmiş və onun vəfat etməsindən sonra vəsiyyətnamə əsasında mübahisələndirilən mənzil cavabdehin adına qeydiyyata alınmışdır. İddiaçının mərhum bacısının sağlığında mübahisələndirilən mənzilə istifadə hüququnun yaranmasına mərhumun notarial qaydada verilmiş yazılı razılığı yoxdur. Eyni zamanda iddiaçı iddia ərizəsində mübahisəli mənzildə yaşadığını bildirsə də, məhkəmə iclaslarında 20 ildən çoxdur evli olduğunu və ailəsi ilə birlikdə yataqxanada yaşadığını bildirir ki, bu da onun mübahisəli mənzildə yaşamamasını sübut edir. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Bu hüquqi mövqelərə əsaslanaraq, qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarından) Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli mənzilin mərhum bacısı ilə birlikdə atalarına məxsus mənzilin satılması nəticəsində alınmasını iddia etsə də, məhkəmədə bu halı sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdm etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzilə məcburi köçürülmə, mənzildən istifadə qaydasının müəyyən edilməsi və iddiaçının mənzildən istifadəsinə maneələrin cavabdehə qadağan olunması” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-1922/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1922/2022
20.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver