Məhkəmə qərarları › İş №e-2(010)-197/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-197/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-197/2023 17.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “öhdəliklərin yerinə yetirilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı Cavabdeh qarşı “öhdəliklərin yerinə yetirilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ilə imzaladıqları ikitərəfli xx.xx.2019-cu il tarixli podrat müqaviləsinə əsasən Podratçı tərəfindən Abşeron quşçuluq sovxozu ərazisində 0.03 ha torpaq sahəsində inşası başlanılmış və başa çatdırılmış fərdi yaşayış evinin qanunvericiliyin tələblərin uyğun olaraq hazırlanmış layihə smeta sənədlərinin və tikintinin yerləşdiyi 0.03 ha torpaq sahəsinin plan və ölçüsünün ona təhvil verilməsini, eyni zamanda fərdi yaşayış evinin və 0.03 ha torpaq sahəsinin 2 ay ərzində faktiki təhvil-təsliminin aparılmasının bir vəzifə kimi Cavabdeh üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mən İddiaçı bildirirəm ki, mənzil şəraitimizin yaxşılaşdırılmasına ehtiyacımız olduğundan 2019-cu ilin iyun ayında Hövsan qəsəbəsində ev tikintisi ilə məşğul olan Cavabdeh adlı şəxslə tanış oldum. Söhbət əsnasında Cavabdeh bildirdi ki, həqiqətən o, Hövsan qəsəbəsində özünə məxsus torpaq sahəsində müştərinin istəyinə və vəsaitinə uyğun evlərin tikintisi və satışı ilə məşğuldur. Mənim hesabıma evin tikintisi və göstərdiyi ev şəkillərinə uyğun layihə ilə bağlı Cavabdehla razılığa gəldikdən sonra onunla xx.xx.2019-cu il tarixli podrat müqaviləsi imzalamışıq. Müqavilənin 1.2-ci bəndinə görə Podratçı adlanacaq Cavabdeh özünə məxsus 0.03 ha torpaq sahəsində gələcəkdə inşa edərək mənə təhvil verməli olacağı fərdi yaşayış evinin təmirsiz tikintisini öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.8-ci bəndinə görə Podratçı tikintini xx.xx.2020-ci il tarixinə təhvil verməli idi. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə görə mənim üçün tikiləcək ev iki mərtəbədən və 72x72 m2 ölçülərdən ibarət olmalı idi. Tikintinin ümumi qiymətini isə 32000 manat həddində razılaşmışdıq. Ödəniş cədvəlinə görə hər ay mən 583 manat məbləğindən az olmayaraq ödəniş etməli və bütün ödənişlərimi 48 ay müddətində xx.xx.2023-cü ilə qədər tamamlamalı idim. Bununla belə ilk iki ayda 4000 manat, sonrakı aylarda isə hər ay 583 manat əvəzinə 1000 manat ödəməklə xx.xx.2020-ci il tarixinə qədər ümumilikdə 13000 manat ödəniş etsəm də, cavabdeh üzərinə düşən öhdəliklərə məsuliyyətsiz yanaşmış və tikinti işlərini çox zəif aparmışdır. Bu səbəbdən aramızda narazılıq yaranmış, oturub məsələni yenidən müzakirə edərkən belə razılığa gəldik ki, ona məxsus torpaqda aparılan tikintinin qalan hissəsini Cavabdeh nəzarəti altında mən özüm, öz işçi qüvvəm və vəsaitim hesabına aparıram. Bunun üçün cavabdehə ümumlikdə 32000 manat yox, əvvəl ödədiyim 13000 manatdan əlavə 4500 manat pul ödəyirəm. Beləliklə, gəldiyimiz razılığın şərtlərinə uyğun olaraq mən Cavabdeh ümumilikdə 17500 manat məbləğində pul ödəyir, mənim üçün öz torpağında inşa etdiyi fərdi yaşayış sahəsinin tikintisini öz vəsaitim hesabına davam etdirir, tikintini başa çatdırdıqdan sonra həmin tikintini və tikintinin yerləşdiyi 0.03 ha torpaq sahəsini hüquqi cəhətdən mənim istifadəmə verir ki, mən sonrakı mərhələlərdə mənzilə və torpaq sahəsinə hüquqlarımı dövlət qeydiyyatından keçirərək həmin əmlaklara hüquqlar əldə edə bilim. Bu razılıqdan sonra ödəniş cədvəlində dəyişikliklər edilmiş, əvvəllər 13000 manat ödəniş etdiyim nəzərə alınmaqla geridə ödəməli olacağım 4500 manat pul xx.xx.2020xx.xx.2021-ci il tarixləri arası dövrlərə bölünmüşdür ki, həmin məbləğlər də qrafikə uyğun olaraq tərəfimdən tam ödənilmişdir. Bununla belə paralel olaraq tərəfimdən mənzilin tikintisi davam etdirilmiş, 2021-ci ilin sonlarına yaxın tikinti başa çatdırılmış, daha sonra isə tikdiyim evin təmir işlərinə başlamışam. Tikintini başa çatdırıb təmir işlərinə başladığımı cavabdehin nəzərinə çatdırıb, evin və 0.03 ha torpaq sahəsinin rəsmi sənədlər əsasında mənim istifadəmə verilməsini ondan xahiş etsəm də, Cavabdeh narahat olmamağımı, təmir işlərini davam etdirməyimi, özünün inşasını apardığı başqa tikililərin də olduğunu, həmin tikililərin də az bir vaxtda başa çatdırılaraq təhvil-təslim ediləcəyini, o səbəbdən sənədlərin təhvil-təslim işlərinin birlikdə eyni vaxtda aparılacağını bildirmişdir. Lakin 2022ci ilin əvvəllərindən başlayaraq mənə məlum oldu ki, tikintisi aparılan digər yaşayış sahələrinin sahibləri ilə Cavabdeh arasında narazılıq yaranıb və narazılıqların sayı artmaqdadır. Belə ki, həmin şəxslər tikintinin pulunu ödəsələr də, tikinti işləri getmir. Bu səbəbdən 2022-ci ilin avqust ayına qədər bir neçə dəfə Cavabdeh müraciətlər etdik ki, tikintini başa çatdırdığımı nəzərə alaraq tikib başa çatdırdığım evi və torpaq sahəsini sənədlər əsasında adıma keçirsin. Lakin o, müxtəlif bəhanələr gətirərək bunu etməkdən yayınmış, son zamanlar isə hətta kobud davranışlara və hədə-qorxulara yol vermişdir. Aramızda bağlanılmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsinin 1.2-ci bəndinə görə podratçı Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.03 ha torpaq sahəsində ümumi sahəsi müqaviləyə əlavə olunan lahiyəyə əsasən fərdi yaşayış evinin təmirsiz tikintisini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.5-ci bəndinə görə işin təhvil verilmə öhdəliyi podratçının vəzifələrinə aid edilmişdir. Həmin müqavilənin 4.2-ci bəndinə görə tikinti başa çatdıqdan sonra tərəflər arasında işlərin təhvil-qəbulu aparılır və bu barədə akt tərtib olunur. İşin faktiki hallarından görünür ki, Cavabdeh qanunun və müqavilənin yuxarıda göstərdiyim tələblərini pozmuşdur. Belə ki, tikinti başa çatsa da, tikintiyə və torpaq sahəsinə dair texniki sənədlərin (Tikinti və Şəhərsalma Məcəlləsinin tələblərinə uyğun olaraq tikintinin məlumatlandırılma icraatı qaydasında tərtib edilmiş layihə sənədlərini, tikintinin yerləşdiyi 0.03 ha torpaq sahəsinin plan-ölçüsünü və s.) təhvil verilməsindən, eyni zamanda tikintinin və torpaq sahəsinin fiziki cəhətdən faktiki təhviltəslimindən yayınır. Müqavilə öhdəliklərinin yerinə yetirilməsinə dair pretenziya qaydasında göndərdiyim xəbərdarlıq məktubunu da qəbul etməkdən imtina etmişdir. Hesab edirəm ki, cavabdehin bu hərəkətləri tam qanunsuzdur, o səbəbdən cavabdehi yuxarıda göstərdiyim müqavilə öhdəliklərinin yerinə yetirilməsinə məcbur etməyə dair qətnamə qəbul edilməlidir”.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, tərəflər arasında podrat müqaviləsi imzalanmışdır. İddiaçı podrat müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi lazımınca icra etmiş, cavabdehə ev tikintisi üçün hər ay 1000 manat məbləğində pul ödəmişdir. Lakin cavabdeh tərəfindən evin birinci mərtəbəsi tikildikdən sonra iddiaçı görmüşdür ki, cavabdeh evin tikilməsi üçün həyətə yığılmış tikinti materiallarını götürüb başqa evin tikintisində istifadə edir. Bundan sonra iddiaçı cavabdeh tərəfindən evin tikilməsinə etiraz etmiş və aralarında razılığa gəlmişlər ki, tikintini iddiaçı özü başa çatdırsın. İddiaçı hazırda cavabdehdən həm torpaq sahəsinin, həm də evin təhvil-təslim edilməsini tələb edir. Ona görə ki, tərəflər arasında bağlanmış podrat müqaviləsində ödənilməsi nəzərdə tutulan məbləğə həm də torpağın pulu daxil olmuşdur. Həmçinin, podrat müqaviləsinin 2.2.5-ci bəndində göstərilmişdir ki, podratçı işi təhvil verməlidir. Lakin hazırda torpaq sahəsi iddiaçıya təhvil verilməmişdir, plan-ölçü sənədi iddiaçıda yoxdur. Nə qədər ki, torpaq sahəsi cavabdehə məxsus hesab olunur, cavabdeh həmin torpaq sahəsinin plan-ölçüsünü iddiaçıya təqdim etməlidir. İddiaçının torpaqla bağlı heç bir rəsmi sənədi olmadığından cavabdeh istənilən zaman onu həmin torpaq sahəsindən çıxara bilər. Lakin qəbul edir ki, torpaq sənədinin layihə sənədi artıq təqdim olunmuşdur. Həmçinin hesab edir ki, cavabdeh barəsində xüsusi qərardad çıxarılmalıdır. Ona görə ki, o, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində özbaşına tikinti işləri ilə məşğuldur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Həmçinin, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək bildirdi ki, cavabdehin nümayəndəsi Vəkil bir vərəqdən ibarət layihə sənədini məhkəməyə təqdim etmişdir. Sənəd "xxxx" MMC tərəfindən İddiaçı adına tərtib edilmişdir. Həmin sənədin əslini qəbul etmişdir.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək bildirdi ki, cavabdeh evin birinci mərtəbəsini tikmiş, sonra tərəflər razılığa gəlmişlər ki, evin geri qalan hissəsini iddiaçı özü tiksin və cəmi 32500 manat yox, 17500 manat məbləğində pul ödəsin. Bundan sonra tərəflər yeni ödəniş cədvəli tərtib etmiş, iddiaçının ödədiyi 13500 manat məbləğində pul çıxıldıqdan sonra qalan 4500 manat məbləğində pulun aylar üzrə hissə-hissə iddiaçı tərəfindən ödənilməsi müəyyən edilmişdir. Həmin vaxt ev artıq iddiaçıya təhvil verilmişdi. Hətta bununla bağlı əvvəl cavabdeh iddiaçını məhkəməyə verərək, təhvil verdiyi evə görə ondan 18000 manat ödənilməmiş pul tələb etmiş, lakin sonra tərəflər aralarında razılığa gəldiklərindən cavabdeh ərizəsini geri götürmüşdür. İddiaçının hazırda cavabdehdən tələb etdiyi layihə sənədi artıq onun vəkilinə təqdim edilmişdir. Torpağın və onun plan-ölçü sənədinin təhvil verilməsi ilə bağlı isə qeyd edir ki, evin tikildiyi torpaq sahəsi bildiyinə görə kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və cavabdehə məxsus deyil. Cavabdeh yalnız notariusa getmiş və notariusda torpaq sahəsinin sahibi etibarnamə alaraq iddiaçıya vermişdir. Həmçinin, podrat müqaviləsində torpağın da iddiaçıya verilməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən, həm torpağa, həm evə görə iddiaçının bu qədər az pul ödəməsi ağlabatan da deyil. Bu baxımdan cavabdehin torpaq sahəsinin plan-ölçü sənədlərinin verilməsi kimi bir öhdəliyi olmamışdır. Ümumiyyətlə, cavabdeh podrat müqaviləsi əsasında yaşayış evlərinin tikintisi ilə məşğul olur. İddiaçının məhkəmədə cavabdehə qarşı hazırkı iddianı qaldırmasının səbəbi odur ki, cavabdehin işdən çıxardığı iki nəfər şəxs cavabdeh tərəfindən inşa edilmiş evlərin sifarişçilərinin yaşadığı evlərə gedərək tikilmiş bu evlərin sənədsiz olduğunu və cavabdeh tərəfindən sifarişçilərin həmin evdən istənilən vaxt çıxarıla biləcəklərini demişdir. Halbuki, cavabdehin öhdəliyi yalnız fərdi yaşayış evinin tikilib təhvil verilməsi olmuşdur ki, cavabdeh də bunu etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

6. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsindən görünür ki, Podratçı (Cavabdeh) Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.03 ha torpaq sahəsində ümumi sahəsi müqaviləyə əlavə olunan layihəyə əsasən fərdi yaşayış evinin təmirsiz tikintisini öhdəsinə götürür. Tikintidə görülən işlər müqaviləyə əlavə olunan “Görüləcək işlərin siyahısı”nda göstəriləcək. Podratçı qarşılıqlı razılaşmaya əsasən Sifarişçinin (İddiaçı) sifarişi ilə əvvəlcədən yerinə yetiriləcək işin haqqını bu müqaviləyə əsasən müəyyən edir. Hər iki tərəf yerinə yetiriləcək işlərin haqqının ödənilməsi ilə razılaşdıqdan sonra podratçı bu müqavilədə müəyyən olunmuş müddətə işləri keyfiyyətli yerinə yetirib Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə müqavilədə göstərilən məbləği Podratçıya ödəməyi öz öhdəsinə götürür. Görüləcək işlər müəyyən edilmiş tikinti qaydalarına uyğun olmalıdır. Sifarişçi əlavə işlər gördürərsə, görülən işin siyahısı və məbləği təyin olunub sifarişçiyə təqdim olunur və sifarişçi pulu nağd ödəməlidir.

7. Təhvil aktının surətindən görünür ki, Podratçı Cavabdeh ilə Sifarişçi İddiaçı arasında bağlanmış podrat müqaviləsi əsasında 3 sot torpaqda beton təməl, evin birinci mərtəbə tikintisi və beton manalit işləri, beton balkon və hasar işi görülmüşdür. Qalan ikinci mərtəbənin inşası, plastik pəncərələr, dam örtüyü, dəmir darvaza və seyf qapı işlərini Sifarişçi öz üzərinə götürür. Ödəniləcək məbləğ 17500 manat təşkil edir. xx.xx.2020-ci ilə qədər 13000 manat ödəmişdir. Qalan 4500 manat məbləğin xx.xx.2020 -xx.xx.2021-ci il tarixləri arasında ödənilməsi müəyyən olunmuşdur.

8. xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixdə 2700 manat, xx.xx.2019-cu il tarixdə 1300 manat məbləğində ilkin ödəniş etməklə, aylıq 583 manatdan aşağı olmayaraq 48 ay müddətinə xx.xx.2019 - xx.xx.2023-cü il tarixləri arasında ödənilməsi müəyyən edilmişdir.

9. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli, 1/2238 saylı məktubun surətindən görünür ki təqdim edilmiş coğrafi koordinatlara əsasən (1.x-424573; y-470002. 2.x-424552; y-4470004. 3.x-424554; y-4470019.) sözügedən torpaq sahəsi Suraxanı rayonunun inzibati ərazisində yerləşməklə Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan Hövsan quşçuluq sovxozu ərazisində (kateqoriyası: kənd təsərrüfatı təyinatlı), dövlət mülkiyyətində olan ərazidə yerləşdiyi və həmin torpaq sahəsində yerləşən mövcud tikilinin uzun illər öncə özbaşına (hüququ yüklü edilən şəxs olan Abşeron RİH tərəfindən icazə sənədi verilmədən) inşa edildiyi müəyyən edilmişdir.

İşin faktiki halları.

10. İddiaçı və Cavabdeh arasında xx.xx.2019-cu il tarixli podrat müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən podratçı (Cavabdeh) sifarişçinin (İddiaçı) sifarişi əsasında Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.03 ha torpaq sahəsində müqaviləyə əlavə olunan layihəyə əsasən təmirsiz fərdi yaşayış yaşayış evi tikməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, sifarişçi İddiaçı podratçı Cavabdeh tərəfindən ona 72x72 m2 ölçüsü olan ikimərtəbəli fərdi yaşayış evinin təmirsiz şəkildə tikilməsi üçün 4000 manat məbləğində ilkin ödəniş etmiş, qalan 28000 manat pulu isə 48 ay, xx.xx.2019 – xx.xx.2023-cü il tarixləri arasında hər ay 583 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, müqaviləyə əsasən podratçı tərəfindən evin tikintisi üçün sifarişçinin ödəməli olduğu ümumi məbləğ 32000 manat məbləğində müəyyən edilmişdir.

11. Lakin iş materiallarından, eləcə də tərəflərin nümayəndələrinin (vəkillərinin) məhkəmə iclasında verdiyi izahatlardan məlum olur ki, sifarişçi evin tikintisi üçün 13000 manat məbləğində pul ödədikdən sonra tərəflər razılığa gəlmişlər ki, evin qalan tikinti işlərini sifarişçi özü görsün. Tərəflərin hər ikisinin imzaladığı “təhvil aktı” adlı sənəddə qeyd edilmişdir ki, podratçı Cavabdeh evin beton təməlinin qoyulması, birinci mərtəbəsinin tikintisi, beton monolit, beton balkon və hasar işlərini görmüş, qalan ikinci mərtəbənin inşası, plastik pəncərələr, dam örtüyü, dəmir darvaza və seyf qapı qoyulması kimi işlərin görülməsini isə sifarişçi İddiaçı öz üzərinə götürmüşdür. Bunun qarşılığında sifarişçinin podratçıya ödəməli olduğu pulun 32000 manatdan 17500 manata endirilməsi, sifarişçinin ödədiyi 13000 manat pul çıxılmaqla, qalan 4500 manat pulun xx.xx.2020 – xx.xx.2020-ci il tarixləri arasında ödənilməsi barədə razılığa gəlmişlər. Həmin pul sifarişçi tərəfindən tam ödənilmişdir.

12. Hazırda müqavilə üzrə sifarişçi olan İddiaçı iddia edir ki, aralarında bağlanmış müqaviləyə əsasən Cavabdeh 0.03 ha torpaq sahəsi üzərində onun sifarişi üzrə tikdiyi evi, eləcə də evin yerləşdiyi torpaq sahəsini ona təhvil verməli idi. Bu səbəbdən o, cavabdehdən evin həm layihə-smeta sənədlərini, həm də torpaq sahəsinin plan-ölçüsünü tələb etmişdir. Eyni zamanda, cavabdehin üzərinə fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin təhvil-təsliminin aparılması vəzifəsinin qoyulmasını xahiş etmişdir.

13. İş üzrə məhkəmə araşdırması gedişində cavabdehin nümayəndəsi (vəkili) tərəfindən evin layihə sənədi iddiaçının nümayəndəsinə (vəkilinə) təqdim edilmiş, iddiaçının nümayəndəsi (vəkili) bununla bağlı məhkəməyə ərizə verərək həmin sənədi qəbul etmişdir.

14. İddiaçının nümayəndəsi (vəkili) cavabdehdən tələb edilən torpaq sahəsinin planölçü sənədi ilə bağlı bildirmişdir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən podratçı Cavabdeh həm evi, həm də evin yerləşdiyi torpaq sahəsini plan-ölçü sənədləri ilə birlikdə müqavilə üzrə sifarişçi olan İddiaçı təqdim etməli olsa da, bunu etməmişdir.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) isə iddianı qəbul etməmiş, müvafiq layihə sənədinin iddiaçının nümayəndəsinə (vəkilinə) təqdim edildiyini, tikintinin aparıldığı torpaq sahəsinin cavabdeh tərəfindən iddiaçıya verilməsi kimi bir öhdəliyin tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmadığını, ümumiyyətlə torpaq sahəsi cavabdehin mülkiyyətində olmadığından cavabdehin iddiaçıya həmin sahə ilə bağlı hansısa sənəd verməsinin mümkün olmadığını bildirmişdir.

Tətbiq edilən hüquq.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390. Müqavilə azadlığı. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 427. Öhdəliyin icrası müddəti. 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 527. Öhdəliklərə xitam verilməsi əsasları. 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Maddə 528. Öhdəliyə kreditorun xeyrinə icra nəticəsində xitam verilməsi. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529. Öhdəliyin icrasının qəbulu. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Maddə 752. Podrat müqaviləsi. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

18. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı (ifarişçi) və Cavabdeh (podratçı) arasında bağlanmış podrat müqaviləsinə əsasən Podratçı Sifarişçinin sifarişi əsasında Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.03 ha torpaq sahəsində təmirsiz fərdi yaşayış evi tikməyi öhdəsinə götürmüşdür. İş materiallarından və tərəflərin vəkillərinin (nümayəndələrinin) izahatlarından görünür ki, həmin ev artıq tikilmiş və evin tikintisi üçün ödənilməli pul Sifarişçi tərəfindən Podratçıya tam ödənilmişdir. Tərəflər arasında bununla bağlı heç bir mübahisə yoxdur.

19. Bununla belə, İddiaçı iddia edir ki, aralarında bağlanmış müqaviləyə əsasən Cavabdeh evlə birlikdə evin yerləşdiyi 0.03 ha torpaq sahəsini, eləcə də torpaq sahəsinin plan-ölçü sənədlərini ona verməlidir. Cavabdeh isə iddia edir ki, evin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətində deyil, həmçinin onun müqavilə üzrə torpaq sahəsi vermək kimi bir öhdəliyi yoxdur.

20. Tərəflər arasında bağlanmış podrat müqaviləsinin şərtlərindən görünür ki, həqiqətən də podratçı Cavabdeh yalnız Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.03 ha torpaq sahəsində təmirsiz fərdi yaşayış evi tikmək vəzifəsini öhdəsinə götürmüş, evin yerləşdiyi torpaq sahəsinin sifarişçi İddiaçı verilməsinə dair müqavilədə heç bir bənd nəzərdə tutulmamışdır.

21. Məhkəmə hesab edir ki, belə bir bəndin müqavilədə nəzərdə tutulması qanuni də olmazdı. Ona görə ki, bu torpaq sahəsi Cavabdeh mülkiyyətində deyil. Bunu iş üzrə hər iki tərəf mübahisələndirmədən qəbul edir. Həmçinin, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının nümayəndəsinin (vəkilinin) sorğusuna verilmiş cavabda qeyd edilmişdir ki, torpaq sahəsi dövlət mülkiyyətində olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsidir və bu torpaq üzərində olan tikili özbaşına tikilidir.

22. Nəzərə alınmalıdır ki, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir (§ 16). Özgəsinin mülkiyyətində olan torpaq sahəsində tikinti aparmaq şəxsə nə torpaq sahəsi, nə də onun üzərində inşa edilmiş tikili üzərində heç bir mülkiyyət hüququ vermir. Əksinə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (§ 16). Bu baxımdan məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin hansısa bəndində podratçının tikintinin aparıldığı torpaq sahəsini iddiaçıya vermək kimi bir öhdəliyi nəzərdə tutulsa idi belə, müqavilənin həmin bəndi əhəmiyyətsiz olardı.

23. Öz növbəsində iddiaçı da torpaq sahəsinin cavabdehin mülkiyyətində olduğunu iddia etməmişdir. Hətta iddiaçının nümayəndəsi (vəkili) cavabdehin dövlət mülkiyyətində olan torpaqda özbaşına tikinti apardığını bildirərək, onun barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Bununla belə iddiaçı həm torpaq sahəsinin “faktiki təhviltəsliminin aparılmasını”, həm də torpaq sahəsinin plan-ölçü sənədlərini cavabdehdən tələb etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) bu tələbini tərəflər arasında bağlanmış podrat müqaviləsinin 2.2.5-ci maddəsinə istinadla əsaslandırmışdır. Hansı ki, həmin maddədə podratçının öhdəliklərindən biri kimi qeyd edilir: “”Sifarişçi” tərəfindən verilmiş işi vaxtında və keyfiyyətli təhvil vermək. (Tikinti normativlərinə və görülən işlər siyahısına uyğun).

24. Göründüyü kimi bu maddədə sifarişin təhvil verilməsindən söhbət gedir ki, sifariş dedikdə yalnız fərdi yaşayış evinin tikintisinin nəzərdə tutulduğunu müqavilənin şərtləri əsasında mübahisəsiz müəyyən etmək mümkündür. Digər tərəfdən, müqavilədə sifariş dedikdə torpaq sahəsinin də nəzərdə tutulmasının qanuni olmadığı artıq yuxarıda əsaslandırılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsi və onun plan-ölçü sənədlərinə dair tələbi əsassızdır.

25. Məhkəmə bu cür nəticəyə gələrkən onu da nəzərə alır ki, tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərə artıq xitam verilmişdir. Ona görə ki, hər iki müqavilə tərəfi öhdəliklərini tam icra etmiş, podratçı evin bir hissəsini tikib sifarişçiyə təhvil vermiş, sifarişçi isə tikilmiş hissə üçün razılaşdırılmış muzdu ödəmişdir. Nəzərə alınmalıdır ki, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. O da nəzərə alınmalıdır ki, öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir (§ 16).

26. Hazırkı işdən isə görünür ki, iddiaçı sifarişi qəbul etməsinə, bunun üçün razılaşdırılmış muzdu ödəməsinə baxmayaraq, podratçının müqavilə öhdəliklərini lazımınca icra etmədiyini iddia etmişdir. Bununla belə o, bu iddialarını təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

27. Tələbin digər hissəsi tikilmiş fərdi yaşayış evinin “faktiki təhvil-təsliminin aparılması” vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Bu tələbə münasibətdə məhkəmə ilk növbədə qeyd edir ki, işin mübahisəsiz halı odur ki, tərəflər arasında bağlanmış podrat müqaviləsində tikilməsi nəzərdə tutulmuş fərdi yaşayış evi tikilmiş, sifarişçi evin tikintisi üçün podratçı ilə aralarında razılaşdırılmış muzdu tam ödəmiş və sifarişi (fərdi yaşayış evini) təhvil almışdır. Hətta sifarişin sifarişçiyə təhvil verilməsi muzdun tam ödənilməsindən də əvvəl baş vermişdir. Belə ki, podratçı Cavabdeh evin birinci mərtəbəsində müəyyən tikinti işləri apardıqdan sonra tərəflər razılığa gəlmişlər ki, evin ikinci mərtəbəsini və qalan bütün tikinti işlərini sifarişçi İddiaçı özü həyata keçirsin. Bu razılığa uyğun olaraq tərəflər arasında yeni ödəniş cədvəli də təsdiq edilmişdir. Məhkəmə iclasında iştirak edən hər iki tərəfin nümayəndəsi (vəkili) işin bu halını, yəni evin tikintisinin podratçı olan cavabdeh tərəfindən yox, sifarişçi olan iddiaçı tərəfindən başa çatdırıldığını təsdiq etmişlər. Aydındır ki, tikinti cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsə idi, iddiaçının tikintini davam etdirməsi mümkün olmazdı. Elə bu səbəbdəndir ki, evin tikintisinin qalan hissəsinin iddiaçı tərəfindən həyata keçirilməsinə dair tərəflərin razılaşmasını təsdiq edən sənəd də məhz “təhvil aktı” adlandırılmışdır.

28. Maraqlısı budur ki, iddiaçı da həmin evin özünə təhvil verilmədiyini iddia etmir, bununla belə evin “faktiki təhvil-təsliminin aparılması” vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin (vəkilinin) verdiyi izahatdan məlum olur ki, iddiaçının bunu tələb etməkdə məqsədi evin, eləcə də evin yerləşdiyi torpaq sahəsinin üzərində “hüquqlarını” rəsmiləşdirmək, bununla da Cavabdeh həmin ev və torpaq sahəsi ilə bağlı gələcək “iddiaları”ndan özünü sığortalamaqdır. Halbuki, bu ev özbaşına tikilidir və bu tikilinin hansı qaydada “təhvil-təslim” edilməsindən asılı olmayaraq, hazırkı vəziyyətdə nə bu tikintini tikmiş podratçı, nə də bu tikintini tikməyi sifariş vermiş sifarişçi tikinti və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə edə bilməz. Bu baxımdan belə bir tələbin heç bir hüququ əsası yoxdur və təmin edilməsi mümkün deyil.

29. İddiaçı cavabdehdən həm də fərdi yaşayış evinin layihə sənədini tələb etmişdir. Həmin sənəd işin məhkəmənin icraatında olduğu dövrdə cavabdehin nümayəndəsi (vəkili) tərəfindən iddiaçının nümayəndəsinə (vəkilinə) təqdim edilmiş, cavabdehin nümayəndəsi (vəkili) sənədi qəbul etmiş, bununla bağlı məhkəməyə ərizə vermişdir. Odur ki, tələbin bu hissəsi üzrə tərəflər arasındakı mübahisə artıq həll olunduğundan tələb bu hissədə də təmin edilməməlidir.

Məhkəmə xərcləri.

30. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsi ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

31. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

32. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.

33. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddiаçı İddiaçı Cavabdeh qarşı “öhdəliklərin yerinə yetirilməsi” tələbinə dаir iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar