Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2018/2025 26.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.
1. İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında rəsmi qeydə alınan, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 710,71 (yeddi yüz on manat 71 qəpik) manat əsas borc, 2,16 (iki manat 16 qəpik) manat penya borcu, 712,87 (yeddi yüz on iki manat 87 qəpik) məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Cavabdeh ilə İddiaçı MMC arasında "01" mart 2019-cu il tarixdə mənzilin təhvil-təslim edilməsi və binaların idarəedilməsi barədə Akt imzalanmışdır. Həmin Aktın 4-cü hissəsinin qeydində onun Çoxmənzilli binaların idarəedilməsi haqqında müqavilənin və Yaşayış qaydalarına dair Təlimatın mətni ilə tanış olduğu və şərtlərini qəbul etdiyi qeyd olunmuşdur. İmzalanmış "01" mart 2019-cu il tarixli "Çoxmənzilli binaların idarəedilməsi razılaşdırılmış müqavilə"nin 2.1-ci bəndinə əsasən İdarəedici təşkilat (iddiaçı) , razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, çoxmənzilli yaşayış binasının ümumi əmlakının lazımi saxlanılması, təmiri üzrə xidmətlər göstərir və işlər yerinə yetirir, həmin binanın sahə mülkiyyətçisinə və və binanın sahələrindən istifadə edən şəxslərə kommunal və digər xidmətlər göstərir, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirir. Mülkiyyətçi (cavabdeh) isə bunun müqabilində 4.1.3-cü yarımbəndə uyğun müqavilənin predmetində qeyd olunanların həyata keçirilməsi üçün müəyyən olunmuş məbləğdə İdarəedici təşkilatın xidmətlərinin əvəzini ödəməlidir. Çoxmənzilli binaların idarəedilməsi haqqında müqaviləyə əsasən yaşayış binasının ümumi əmlakının saxlanılması və idarə olunması xərcləri hər kvadratmetr sahə üçün 0,3 manat müəyyən olunmuşdur. Cavabdehin mülkiyyətində ünvan 2 ünvanında yerləşən mənzilin ümumi sahəsi 33,37 kvadratmetr təşkil edir. Bu halda onun tərəfindən hər ay 10,01 manat ödəniş olunmalıdır. Belə ki, müqavilə bağlanıldığı andan hal-hazıradək müqavilə üzrə üzərinə götürdüyü öhdəliklə əlaqədar cavabdeh tərəfindən ödəniş həyata keçirilməmiş və nəticədə müqavilənin 4.1.3-cü yarımbəndi və 5.1-ci bəndinə əsasən xx.xx.2025-ci il tarixə "MİDA” MMC-yə 710,71 manat borcu yaranmışdır. olunmuş, Ona Xəbərdarlıq ünvanlanmış və borcunun ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilənin 3.1.19-cu yarımbəndi və 6.4-cü bəndinə əsasən yaranmış borcun tutulmasının məhkəmə qaydasında tələb olunacağı bildirilmişdir.
İddia tələbinin həcminin artırılması
3. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 730,73 (yeddi yüz otuz mana 73 qəpik) manat məbləğində pul vəsaitinin tutulmasını məhkəmədən xahiş etmişdir.
İddia tələbinə etiraz
4. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək, qeyd edilən Xarici dairəvi yol 8, bina 4, giriş 1, mənzil 19 ünvanındakı əmlak 20 aprel 2022-ci ildə 4Ə-705 reyestr nömrəsi ilə bağışlanma müqaviləsi əsasında başqa şəxsə təhvil verilmişdir. Bu tarixdən etibarən o qeyd edilən əmlakın sahibi olmadığı üçün onunla bağlı hər hansı bir maliyyə öhdəliyini daşımır. O, bu tarixə kimi qeyd olunan əmlakla bağlı kommunal xərclərin ödənilməsi barədə "xxxx" MMC tərəfindən bildiriş aldığı andan etibarən Mənzil Məcəlləsinin müvafiq maddələrinə istinad edərək dəfələrlə JEK işçilərinə və "xxxx" MMCnin baş hüquqşünasının qəbulunda olaraq etiraz etmişdir. Buna baxmayaraq, ona "Müqavilə 4/19" adı altında hökm xarakterli tələb irəli sürülmüş və ödənişə məcbur edildiyi bildirilmişdir. Məlumat üçün qeyd edir ki, sözügedən müqavilənin heç bir nüsxəsi onda yoxdur, onun imzalanması barədə hər hansı bir məlumat verilməmişdir. Belə olduqda, bu müqavilə ya onun imzasını saxtalaşdırmaqla imzalanmış, yaxud da mənzilin təhvil-təslimi zamanı məlumatı olmadan imzalandırılmışdır. Dəfələrlə şifahi qaydada etiraz etməsinə baxmayaraq, heç bir rəsmi cavab verilməmiş və yalnız təkidi nəticəsində "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Mübahisəli müqavilənin tamamilə etibarsız hesab edilməsi və qanunsuz olaraq adına açılmış şəxsi kabinetin və kommunal xidmətlər üzrə bank hesabının qeyd-şərtsiz ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
5. Məhkəmə iclasında İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, bununla əlaqədar cavabdehə xəbərdarlıq məktubu ünvanlanmışdır. Cavabdehin bağışlama müqaviləsi əsasında mənzili anasına verməsi ilə əlaqədar heç bir məlumatları olmamışdır. Hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
6. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, bağışlama müqaviləsinin bağlanması barədə İddiaçı MMC-yə məlumat verilmişdir. Hesab edir ki, onunla iddiaçı arasında bağlanan müqavilə qanunsuz olmuşdur. Odur ki, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi.
İş materialları.
7. 28 sentyabr 2018-ci il tarixli, Mida-052/18 saylı güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Kreditor-İpoteka saxlayan: Bank "xxxx" ASC adından (seriya AZE № 14977219 olan Asan 3 tərəfindən "01" noyabr 2014-cü ildə verilmiş şəxsiyyət vəsiqəsinə əsasən Bakı şəh, Nəsimi ray, Bakıxanov küç, ev.31, m.24 ünvanı üzrə qeydiyyata alınmış) Sənaye filialının X2, Alıcı-İpoteka qoyan: Cavabdeh (seriya AA №0079134, Asan 2 tərəfindən 12 sentyabr 2018-ci ildə verilmiş şəxsiyyət vəsiqəsinə əsasən ünvan 4 ünvanı üzrə qeydiyyata alınmış) müqavilənin tərəfləridir. Satıcı, ünvan 5 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən 27 iyul 2017-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən müəyyən edilən mənzili (bundan sonra - mənzil) Alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Mənzilin satış qiyməti "Azərbaycan Respublikasının Mənzil X4 fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mənzil X4 sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na (bundan sonra - Qayda) uyğun olaraq müəyyən edilir və 31 669 (Otuz bir min altı yüz altmış doqquz) manat məbləğindədir. Mənzilin satış qiymətinin 3 500,00 (Üç min beş yüz) manatməbləğində olan hissəsi Alıcı-ipoteka qoyanın özü tərəfindən, 28 169,00 (İyirmi səkkiz min yüz altmış doqquz) manat məbləğində olan hissəsi isə Kreditor-ipoteka saxlayan və Alıcı-ipoteka qoyan arasında Bakı şəhərində bağlanmış 27 sentyabr 2018-ci iltarixli MİDA-052/18 nömrəli Kredit müqaviləsinə (bundan sonra - Kredit müqaviləsi) əsasən Kreditor-ipoteka saxlayan tərəfindən Alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı-ipoteka qoyan və Kreditor-ipoteka saxlayan mənzilin satış qiymətinin "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mənzilin ilkin satış qiyməti olduğunu qəbul edirlər.
8. Çoxmənzilli binaların idarəedilməsi haqqında xx.xx.2019-cu il tarixli, 4/19 saylı müqavilədən görünür ki, Bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun dövlət qeydiyyatından keçərək Nizamnamə əsasında fəaliyyət göstərən Azərbaycan Respublikasının Mənzil X4 tabeliyində "xxxx" MMC (gələcəkdə İdarəedici təşkilat adlanacaq) və digər tərəfdən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu "8" ünvanında yerləşən çoxmənzilli binanınn 33.37 kv.metr sahəsi olan 19 nömrəli mənzilin mülkiyyətçisi Cavabdeh qeyd olunan müqaviləni bağlamışılar. Bu müqaviləyə əsasən İdarəedici təşkilat razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, Bakı şəhəri, Yasamal rayonu Xarici dairəvi yolu "8" ünvanında yerləşən müvafiq çoxmənzilli yaşayış binasının ümumi əmlakının lazımi saxlanılması, təmir üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçisinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal və digər xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür. Mülkiyyətçi çoxmənzilli yaşayış binasının ümumi əmlakının saxlanılması və təmiri üzrə xidmətlər göstərmək və ya işlər yerinə yetirmək üçün İdarəedici təşkilatın özü və ya üçüncü şəxsləri cəlb edərək müqavilə bağlanması üçün razılıq verir. Bu müqavilə üzrə (5.1) xidmət haqqı hər kvadrat metr üçün (m2) 0.30 manat təşkil etmişdir.
9. Mənzilin təhvil-təslim edilməsi və binaların idarə edilməsi barədə 01 mart 2019-cu il tarixli aktdan görünür ki, bir tərəfdən "Satıcı" adlanan və Nizamnamə əsasında fəaliyyət göstərən Azərbaycan Respublikasının Mənzil X4 tabeliyində İddiaçı Təsərrüfat şöbəsinin müdir müavini Quliyev llham Kamil oğlu, Texniki nəzarət şöbəsinin baş texniki nəzarət mühəndisi X3 və digər tərəfdən "Alıcı" adlanan Cavabdeh (ş/v AZE N 0079134, ASAN 2 tərəfindən verilib) bu Aktı tərtib etmişlər ondan ötrü ki, həqiqətən "28" sentyabr 2018 il tarixli, MİDA-052/18 nömrəli alqı-satqı (alqı-satqı və ipoteka müqavilə) müqaviləsinin icra olunması məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanda inşa olunan 4 nömrəli binanın 5-ci mərtəbəsində yerləşən, 19 nömrəli mənzili təhvil-təslim etmişlər.
10. Azərbaycan Respublikasının mənzil X4 çoxmənzilli binaların idarə edilməsi haqqında 01 mart 2019-cu il tarixli, 05 nömrəli qərarından görünür ki, mənzilin hər kvadrat metri üçün kommunal xidmət haqqı 0,3 manat müəyyən edilməsi və ödənişin bank köçürməsi ilə həyata keçirilməsi qərara alınmışdır.
11. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən Cavabdeh ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 33.3 kv.metr olan mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissə (33.4 kv.metr) anasıhədiyyə alan X1 verir.
12. İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdə Mənzilin təhvil-təslim edilməsi və binaların idarəedilməsi barədə Akt imzalanmışdır. Həmin Aktın 4-cü hissəsinin birinci qeydində Çoxmənzilli binaların idarəedilməsi haqqında müqavilənin və Yaşayış qaydalarına dair Təlimatın mətni ilə tanış olduğu və şərtlərini qəbul etdiyi qeyd olunmuşdur. Sonradan xx.xx.2019-cu il tarixdə imzalanmış "Çoxmənzilli binaların idarəedilməsi haqqında müqavilə"nin 2.1-ci bəndinə əsasən İdarəedici təşkilat ("xxxx" MMC) razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, çoxmənzilli yaşayış binasının ümumi əmlakının lazımi saxlanılması, təmiri üzrə xidmətlər göstərir və işlər yerinə yetirir, həmin binanın sahə mülkiyyətçisinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal və digər xidmətlər göstərir, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirir. Mülkiyyətçi isə bunun müqabilində 4.1.3-cü yarımbəndə uyğun müqavilənin predmetində qeyd olunanların həyata keçirilməsi üçün müəyyən olunmuş məbləğde İdarəedici təşkilatın xidmətlərinin əvəzini ödəməlidir. Belə ki, o, müqavilə bağlandığı andan hal-hazıradək müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri layiqincə icra etməmişdir. Belə ki, 5 il 11 aydır ki, ödənişləri icra etmir və nəticədə müqavilənin 4.1.3-cü yarımbəndi və 5.1-ci bəndinə əsasən xx.xx.2025-ci il tarixə "xxxx" MMC-yə 710,71 manat borcuyaranmışdır. Odur ki, yaranmış borcun ləngimədən ödənilməsi ondan xahiş olunur. Əks təqdirdə müqavilənin 3.1.19-cu yarımbəndi və yaranmış borcun (o cümlədən 6.4-cü bənddə nəzərdə tutulan penyanın - bugünkü tarixə 2,16 manat), belə ki, 712,87 manat borcun tutulması- məhkəmə qaydasında tələb ediləcək.
13. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışından görünür ki, ünvan 9 ünvanında yerləşən, sahəsi 33.30 kv.metr olan mənzil xüsusi mülkiyyət hüququ ilə X1 məxsusdur.
İşin faktiki halları.
14. İşin faktiki halları ondan ibarətdir ki, 28 sentyabr 2018-ci il tarixli güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi ilə qeyd olunan mənzil iddiaçının mülkiyyətinə keçmişdir. Həmçinin iddiaçı ilə cavabdeh arasında çoxmənzilli binaların idarəedilməsi haqqında xx.xx.2019-cu il tarixli müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən iddiaçı vaxtaşırı ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmış və nəticədə iddiaçı Cavabdeh ünvan 9 ünvanında yerləşən mənzili anası X1 bağışlamışdır. İddiaçı cavabdehin müqavilədə nəzərdə tutulan vaxtaşırı ödənişləri etmədiyini bildirir. Cavabdeh iddia tələbini qəbul etmir və etirazını onunla əsaslandırır ki, iddiaçı ilə arasında bağlanan müqavilənin nüsxəsinin onda olmamasını, həmçinin müqavilənin ondan xəbərsiz bağlanmasını bildirir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 18. Yaşayış fondunun istifadəsi və saxlanılmasına, yaşayış sahələrinin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. Maddə 42. Kommunal mənzilin ümumi əmlakının saxlanması 42.1. Kommunal mənzilin ümumi əmlakının saxlanması xərcləri həmin mənzildəki otaq mülkiyyətçilərinin hesabına ödənilir. 42.2. Kommunal mənzildə otaq mülkiyyətçisinin hesabına ödənilən mənzilin ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun mənzilin ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; Maddə 137. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir.
17. AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı.
Həmin qərarda qeyd edilir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Qərarda vurğulanmışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Həmin qərarda vurğulanmışdır ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi
19. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir.
20. İddiaçı tərəf cavabdehlə aralarında bağlanmış müqaviləyə istinad edərək əmlakın saxlanılmasına görə cavabdeh tərəfindən ödənilməmiş borcun tutulmasını xahiş edir. Cavabdeh iddia tələbinə etirazında bildirir ki, müqaviləyə imza edib-etməməyini xatırlamır. Bundan başqa, cavabdeh hesab edir ki, müqavilə qanuni deyildir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə həll edilərkən ilk öncə tərəflər arasında bağlanmış müqavilənin əhəmiyətli olub-olmamasına hüquqi qiymət verilməlidir. Qanunvericiliyin tələbindən görünür ki, əqd etibarlı olması üçün dörd kateqoriyaya cavab verməlidir. Bunlar əqdin subyekt tərkibi, məzmununa dair şərtlər, tərəflərin iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi və əqdin formasına dair şərtlərdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə bu şərtlərə cavab verir. Cavabdehin imzanın ona aid olub-olmaması barədə bildirdikləri isə ehtimala əsaslanan fikirlərdir. Belə ki, cavabdeh məhkəmə iclaslarındakı izahatlarında bu fikirinin üzərində qalmamış, etirazını məsələnin mahiyyəti üzərində qurmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, bu halın yoxlanılması zərurəti yoxdur. Yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, qanunvericilik çoxmənzilli yaşayış sahələrinin saxlanılması və idarəedilməsinə görə ödənişlərin edilməsini zəruri hesab etmişdir. Bu ödənişlərin əsası müqavilə və ya qanuni əsaslara dayanır. Hazırkı işdə də, tərəflər arasında ödənişlərlə bağlı müvafiq müqavilə imzalanmışdır. Deməli, iddiaçı hazırkı tələbi qaldırmaqda haqlı olmuşdur. Tələb edilən məbləğə münasibətdə isə qeyd edilməlidir ki, çoxmənzilli binaların idrə edilməsi haqqında müqavilə xx.xx.2019-cu ildə bağlanmış, cavabdeh xx.xx.2022-ci il tarixdə bağışlama müqaviləsi əsasında ona məxsus mənzili anası - X1 bağışlamışdır. Göründüyü kimi, xx.xx.2022-ci il tarixindən sonra mənzil artıq başqa şəxsin istifadə və sahibliyinə keçmiş, həmin mənzildən yararlanan şəxs cavabdeh olmamışdır. Deməli, iddia tərəfinin tələb etdiyi ödənişlər həmin mənzilə münasibətdə bağışlama müqaviləsi bağlanana qədər cavabdehdən tələb oluna bilər. Həmin tarixdən etibarən mənzil cavabdehin mülkiyyətindən çıxdığına görə ona qarşı hər hansı tələb irəli sürülə bilməz. İşdən göründüyü kimi, xidmət haqqı hər kvadrat metr üçün 0,30 manat müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək qeyd eidlən məbləğdən xidmət haqqı hesablandıqda 270.37 manat təşkil edir. Belə olan halda, iddia tələbi də bu həddə əsaslıdır.
Məhkəmə xərcləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
22. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. İddia qismən təmin edildiyi üçün iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
24. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 370.37 manat məbləğində pul vəsaiti tutulmalı, iş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
25. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi :
İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 370.37 manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov