Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2150/2023 16.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən və həyətyanı torpaq sahəsindən istifadə qaydasının müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi ünvan 1 ünvanda yerləşən iki mərtəbədən, 6 (altı) otaqdan ibarət mübahisəli yaşayış sahəsindən və həyətyanı torpaq sahəsindən istifadə qaydasının müəyyən olunması, mübahisəli yaşayış sahəsinin birinci mərtəbəsindən 3 otaq, ikinci mərtəbədən isə iki otağın iddiaçının istifadəsinə, evin birinci mərtəbəsində yerləşən iki otağın isə cavabdehlərin istifadəsinə verilməsi və bu bölgüyə müvafiq həyətyanı torpaq sahəsinin istifadə qaydasının müəyyən olunması. İddia tələbinin dəlilləri ünvan 1 ünvanda yerləşən ev iki mərtəbədən ibarətdir. Mübahisəli yaşayış sahəsində iddiaçılar yaşayır, cavabdehlərin başqa yerdə yaşayış sahələri olduğu üçün hərdən bir mübahisəli mənzilə gəlirlər. Cavabdehlərdən Cavabdeh1 hər dəfə mübahisəli mənzilə gələrkən mübahisəli mənzildən və həyətyanı torpaq sahəsindən istifadə etmək barədə mənasız mübahisələr yaradır və buna artıq dözmək olmadığında məcbur olub hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mübahisəli yaşayış sahəsinin və həyətyanı torpaq sahəsinin plan sxeminin tərtib olunması üçün Vəkil1 tərəfindən Suraxanı RİHB-nın Əmircan qəsəbə inzibati dairəsi üzrə nümayəndəsinə sorğu göndərilmiş və nümayəndəlikdən verilən 5-20/2-2-58/2023 saylı xx.xx.2023-cü il tarixli arayışda göstərilir ki, Cavabdeh1 tərəfindən şərait yaradılmadığından evin plan sxeminin çəkilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Döxlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən vəkil sorğusuna verilmiş xx.xx.2023 il tarixli 3-21-3-30/2-8621/2023 saylı məktubundan görünür ki, mübahisəli ünvan olan fərdi yaşayış evinin ilkin olaraq qeydiyyatdan keçməsi barədə məlumat aşkar olunmamışdır. Tərəflərin izahatları İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O, bildirdi ki, iddiaçının ailə üzvlərinin 9 nəfərdən, cavabdehlərin ailə üzvlərinin 5 nəfərdən ibarət olması nəzərə alınaraq məhkəmə tərəfindən istifadə qaydası müəyyən edilərkən iddiaçının istifadəsinə birinci mərtəbədən 3 otaq, ikinci mərtəbədən isə iki otağın verilməsi doğrudur. Cavabdehlərin istifadəsinə isə evin birinci mərtəbəsində yerləşən iki otaq verilə bilər. Nigar və Ruslan Cavabdeh1 övladlarıdır. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 izahatında bildirdi ki, iddianı qəbul etmir. O, bildirdi ki mübahisəli evin texniki pasportu var. Həmin ev cavabdehin atasına Orkanikidze rayon ZDS İK-nin xx.xx.1954-cü il tarixli qərarı ilə verilmişdir. Doğulandan həmin evdə yaşamışdır. Hüquqmüəyyənedici sənədlər əldə edildikdən sonra mirasla bağlı müvafiq quruma müraciət ediləcək. İddiaçının bu iddianı qaldırmaqda heç bir subyektiv və üstün hüququ yoxdur. Cavabdeh həmin ünvanda qeydiyyatda olmaqla orada yaşayır. Cavabdeh iddiaçının evdən istifadəsinə heç bir maneə törətmir, əksinə iddiaçı cavabdehin həmin evə giriş çıxışına mütəmadi olaraq çətinliklər yaradır. İddiaçı belə bir tələb irəli sürməklə həmin fərdi yaşayış evi üzərində cavabdehdən üstün hüquqlar əldə etməyə çalışır. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X4 barəsində keçmiş Orcanikidze rayon ZDS İK-nın (indiki Suraxanı RİH) arxiv fondu üzrə xx.xx.1954-cü il tarixli 60 saylı protokolu Dövlət Arxivinin Bakı Filialında mövcuddur. İş materiallarına əlavə edilmiş Orcanikidze rayon ZDS İK-nın xx.xx.1954-cü il tarixli 60 saylı sərəncamından görünür ki, X17 Ağa kişi oğluna Əmircan qəsəbəsi, Bakıxanov küçəsi,. 14 saylı (20x20=400 kv.m. ölçülü) sahədə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X4 barəsində keçmiş Orcanikidze rayon ZDS İK-nın (indiki Suraxanı RİH) arxiv fondu üzrə xx.xx.1970-ci il tarixli 36 saylı protokolu Dövlət Arxivinin Bakı Filialında mövcuddur. İş materiallarına əlavə edilmiş Orcanikidze rayon ZDS İK-nın xx.xx.1970-ci il tarixli 36 saylı sərəncamından görünür ki, X17 Ağa kişi oğlunun ərizəsinə əsasən Rayonun məişət komissiyasının təklifi təsdiqlənərək, İddiaçı4 ikinci mərtəbədə 4,5x4,2=18k.v. otaq və 4,5x2,2=9,9 kv.m. mətbəx tikilməsinə icazə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Bakıxanov küçəsi, 22 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olanlar barədə məlumat təqdim olunur: İddiaçı2, xx.xx.1957-cü il təvəllüdlü; İddiaçı1 Tahiq oğlu, xx.xx.1977-ci il təvəllüdlü; X1, xx.xx.1973-cü il təvəllüdlü; X9, xx.xx.2000-ci il təvəllüdlü; İddiaçı4, xx.xx.20001-ci il təvəllüdlü; X5, xx.xx.2011-ci il təvəllüdlü; İddiaçı6, xx.xx.1979-cu il təvəllüdlü; X7, xx.xx.2000-ci il təvəllüdlü; İddiaçı7, xx.xx.2002-ci il təvəllüdlü; Cavabdeh1, xx.xx.1973-cü il təvəllüdlü; Cavabdeh2, xx.xx.2004cü il təvəllüdlü; Cavabdeh3, xx.xx.1992-ci il təvəllüdlü; X6, xx.xx.2012-ci il təvəllüdlü; X10, xx.xx.2014-cü il təvəllüdlü. Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, keçmiş SSRİ Nazirlər Sovetinin Memarlıq işlər üzrə Komitəsinin xx.xx.1948-ci il tarixli, 119 №-li əmri ilə təsdiq olunmuş layihəyə əsasən X3 Bakı şəhəri, Orcanikidze (indiki Suraxanı) rayonu, Əmircan qəsəbəsi ərazisində 28/a saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaş sahəsindəki mülkə Əmircan qəsəbəsi, A.Bakıxanov küçəsi, ev 22 ünvanı ilə X2 adına evin texniki pasportu verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 22 saylı fərdi yaşayış evinin X2 adına dövlət reyestrində qeydiyyata alınması, həmin evə dair onun adına texniki pasportun tərtib edilməsi, torpaq sahəsinin ayrılması ilə bağlı məlumat (sənəd) idarənin arxivində aşkar edilməmişdir. İşin faktiki halları Hazırki mülki iş üzrə iddiaçı ailə üzvlərinin 9 nəfərdən, cavabdehlərin ailə üzvlərinin beş nəfərdən ibarət olması nəzərə alınaraq məhkəmə tərəfindən istifadə qaydası müəyyən edilərkən iddiaçının istifadəsinə birinci mərtəbədən üç otaq, ikinci mərtəbədən isə iki otağın, cavabdehlərin istifadəsinə isə evin birinci mərtəbəsində yerləşən iki otağın verilməsini istəyir. Cavabdeh1 isə evin texniki pasportunun olduğunu, hüquqmüəyyənedici sənədlər əldə edildikdən sonra mirasla bağlı müvafiq quruma müraciət ediləcəyini, iddiaçıya hazırki vaxtda yaşadığı evdən istifadə ilə bağlı onun və ailə üzvləri tərəfindən hər hansı bir maneənin törədilmədiyini, iddiaçının hazırki iddianı qaldırmaqda niyyətinin həmin ev üzərində üstün hüquqlar əldə etmək olmasını əsas gətirərək iddia tələbinin təmin edilməməsini istəyir. Mübahisəli yaşayış evi tərəflərin öz vəsaitləri hesabına tikilməmiş, hər iki tərəf həmin evdə doğulub yaşamış, hazırda həmin evdə pasport qeydiyyatındadırlar. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Bakıxanov küçəsi ünvanında yerləşən 22 saylı fərdi yaşayış sahəsi və həyətyanı torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsini, evin birinci mərtəbəsindən üç otağın, ikinci mərtəbəsindən iki otağın onun və ailə üzvlərinin, həmin evin birinci mərtəbəsində yerləşən iki otağın isə cavabdehlərin istifadəsinə verilməsini istəsə də, məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının yaşadığı evdən istifadəsinə cavabdehlər tərəfindən maneə törədilməsi müəyyən edilmir. Məhkəmə iclasında həm iddiaçı, həm də cavabdeh tərəf mübahisəli evin onların öz vəsaitləri hesabına tikilmədiyini, həmin evdə doğulub böyüdüklərini təsdiq etmişlər və bu işin mübahisəsiz halıdır. Bu məntiqlə yanaşsaq, mübahisə predmeti ilə bağlı tərəflərdən birinin digərindən üstün hüquqa malik olması istisna olunur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının təklif etdiyi istifadə qaydası tərəflərin əmlakla bağlı hüquqlarının bərabər nisbətdə təmin olunmasına imkan vermir. Məhkəmə xərcləri İş materiallarından görünür ki, iddiaçı qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən və həyətyanı torpaq sahəsindən istifadə qaydasının müəyyən olunması” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-2150/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2150/2023
16.08.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver