Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2178/2025 12.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" X4 Cəmiyyətinin Cavabdeh qarşı “əsassız varlanma” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı "xxxx" X4 Cəmiyyəti Cavabdeh qarşı “əsassız varlanma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 200 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin iddiaçı "xxxx" Bank ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-2178/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" X4 Cəmiyyəti Cavabdeh qarşı “əsassız varlanma” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı "xxxx" X4 Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə "xxxx" ASC (bundan sonra Təşkilat) arasında bağlanmış xx.xx.2019-cu il tarixli SD-720 nömrəli “Təşkilatın işçiləri üçün ASC "xxxx" Bankının beynəlxalq plastik kartlarının buraxılması və onlara xidmət göstərilməsi qaydası haqqında” Müqaviləyə (bundan sonra Müqavilə) əsasən Bank, Təşkilatın işçiləri üçün Azərbaycan manatında kart hesabları açır, Kart saxlayıcıları üçün əmək haqqı kartlarını buraxır və kartlar üzrə kart saxlayıcılarının hesablaşma əməliyyatlarına xidmət göstərilməsini təmin edir. Müqaviləyə uyğun olaraq Təşkilatın işçisi Cavabdeh plastik kartın sifariş olunması barədə ərizəsi əsasında ona müvafiq kart hesabı (AZ90HAJCFPRAZN**********2001) açılmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən Bank Təşkilatın tapşırıqları ilə Təşkilatın işçilərinin kart hesablarına pul vəsaitini (əmək haqqını, mükafatları, maddi yardımı və s.) köçürür. Təşkilat isə ödəniş sənədlərinin lazımi qaydada rəsmiləşdirilməsini həyata keçirir. Müqavilənin qeyd olunan şərtinə uyğun olaraq Təşkilatın xx.xx.2023-cü il tarixli 500 nömrəli ödəniş tapşırığı əsasında xx.xx.2023-cü il tarixində Bank tərəfindən 249,76 manat məbləğində pul vəsaiti cavabdeh C.N .Hacəliyevin kart hesabına köçürülmüş və bununla da cavabdehin kart hesabındakı qalıq vəsaiti də nəzərə alınmaqla həmin hesabdakı vəsaitlərin ümumi məbləği 250,70 manat təşkil etmişdir. Bundan sonra kart hesabından çıxarış məlumatlarından da göründüyü kimi Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində hesab üzrə mövcud balansdan artıq məbləğdə - 500 manat məbləğində məxaric əməliyyatı aparılmış, bu səbəbdən texniki overdraft (Kart saxlayıcısına overdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda, Kart hesabının qalığından artıq məbləğdə əməliyyatın aparılması) halı baş vermiş və bunun nəticəsində Cavabdeh iddiaçının 249,30 manat məbləğində vəsaiti hesabına əsassız olaraq varlanmışdır. Daha sonra cavabdehin kart hesabına müxtəlif tarixlərdə ümumilikdə 49,50 manat məbləğində pul vəsaiti daxil olmuş və həmin vəsaitlərin 49,30 manat hissəsi cavabdehin texniki overdraft nəticəsində yaranmış pul öhdəliyinin bir qisminin silinməsinə yönəlmişdir. Nəticədə, Cavabdeh iddiaçı qarşısında 200 manat məbləğində ödənilməmiş pul öhdəliyi qalmışdır ki, həmin öhdəliyin icra edilməsi ilə əlaqədar olaraq isə cavabdeh ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona öhdəliyin icra edilməsinə dair xx.xx.2024-cü il tarixli BŞ-XO-8.4.2024-011 nömrəli Xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, tərəfindən öhdəliyin icra edilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçı "xxxx" Bank ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, maaş oturana qədər cavabdehin kartında 0,94 manat pulun olduğunu, 249,76 manat ona maaşın oturduğunu, texniki səhv olduğundan 500 manat kimi göstərildiyini, cavabdehin də həmin 500 manatı çıxardığını, debetin həmin 500 manat olduğunu, sonra cavabdehin kartdan karta 1 manat pul köçürdüyünü, 20 qəpik komissiyanın tutulduğunu, 80 qəpiyin də borca silindiyini, karta yenidən 48,50 manat pulun oturduğunu və onun da borca silindiyini bildirmişdir. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. "xxxx" Bank ASC – “Bank”, "xxxx" ASC – “Təşkilat” olmaqla bağlanmış xx.xx.2019-cu il tarixli SD-720 nömrəli “Təşkilatın işçiləri üçün ASC "xxxx" Bankının beynəlxalq plastik kartlarının buraxılması və onlara xidmət göstərilməsi qaydası haqqında” Müqavilənin 2.1-ci bəndindən görünür ki, Bank Təşkilatın işçiləri üçün Azərbaycan manatında kart hesabları açır, kart saxlayıcıları üçün əmək haqqı kartlarını buraxır və kartlar üzrə kart saxlayıcılarının hesablaşma əməliyyatlarına xidmət göstərilməsini təmin edir. Müqavilənin 2.2-ci bəndi: Bank Təşkilatın tapşırıqları ilə Təşkilatın işçilərinin kart hesablarına pul vəsaitini (əmək haqqını, mükafatları, maddi yardımı və s.) köçürür. Təşkilat isə ödəniş sənədlərinin lazımi qaydada rəsmiləşdirilməsini həyata keçirir. xx.xx.2023-cü il tarixli 500 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh hesabına "xxxx" Bank ASC tərəfindən 249,76 manat manat pul vəsaiti köçürülmüşdür. SD-720 nömrəli müqavilənin 1 nömrəli əlavəsi olan Təşkilatın işçiləri üçün ASC "xxxx" Bankının beynəlxalq plastik kartlarının buraxılması üçün işçilərinin siyahısında Cavabdeh adı qeyd olunmuşdur. İş materiallarına əlavə edilən hesabdan çıxarışdan görünür ki, Cavabdeh hesabına xx.xx.2023-cü il tarixində 249.76 manat mədaxil və 500 manat məxaric olunmuşdur. xx.xx.2023-cü il tarixində 1 manat, xx.xx.2023-cü il tarixində isə 48.5 manat mədaxil olunmuşdur. xx.xx.2019-cu il tarixli SD-720 nömrəli müqaviləyə 7 nömrəli əlavə olan xx.xx.2021-ci il tarixli plastik kartın sifariş olunması üçün ərizədən görünür ki, Cavabdeh barədə məlumatlar plastik kartın sifariş olunması üçün təqdim olunmuşdur. xx.xx.2024-cü il tarixli BŞ-XO-8.4.2024-011 saylı bildirişdən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli SD-720 nömrəli müqavilə və xx.xx.2021-ci il tarixli ərizəyə əsasən açılmış kart hesabı üzrə yaranmış borc barədə məlumat verilmiş, borcu 3 iş günü müddətində ödəməyəcəyi təqdirdə həmin borcun ödənilməsi üçün zəruri tədbirlərin həyata keçiriləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1000 manatadək olduqda - 30 manat. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı "xxxx" X4 Cəmiyyəti ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli SD-720 nömrəli “Təşkilatın işçiləri üçün ASC "xxxx" Bankının beynəlxalq plastik kartlarının buraxılması və onlara xidmət göstərilməsi qaydası haqqında” Müqavilə bağlanmış və Cavabdeh plastik kartın sifariş olunması ərizəsi əsasında kart hesabı açılmış, xx.xx.2023-cü il tarixində 249.76 manat mədaxil edilmiş, Cavabdeh isə mövcud balansdan artıq məbləğdə 500 manat məxaric əməliyyatı aparmış və nəticədə overdraft borcu yaranmışdır. xx.xx.2023-cü il tarixində 1 manat, xx.xx.2023-cü il tarixində isə 48.5 manat hesaba mədaxil olunmuşdur. Bu vəsait hesabına overdraft borcundan qismən silinmə aparılmışdır. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh kart hesabının qalığından artıq məbləğlərdə əməliyyatlar aparmaqla (texniki overdraft), hesabında olmayan vəsaitdən istifadə etmiş və bununla da hüquqi əsası olmadan iddiaçı-bankın vəsaiti hesabına əsassız varlanmış və banka maddi ziyan vurmuşdur. Texniki overdraftın (mövcud balansdan artıq məbləğdə pulun məxaric edilməsi) baş verməsi halı iddiaçı-bank tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq edilir. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazlarını və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh əsassız varlanmışdır və iddiaçı-bank əsassız varlanma nəticəsində cavabdeh tərəfindən ona dəyilən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Cavabdeh sözügedən məbləği iddiaçı - banka qaytarmalı olduğu halda bunu etməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 200 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Bank ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri. İddiaçı-bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 200 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-2178/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2178/2025
12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver