Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2195/2021 22.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hаkim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas kаtibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh (digər cavabdehin nümayəndəsi) Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən 28 saylı evin 68 saylı mənzilinə olan istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi, onun və Cavabdeh1 azyaşlı uşaqları – 02.09.2009-cu il təvəllüdlü X2 və 24.11.2010-cu il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən 28 saylı evin 68 saylı mənzilindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 saylı evin 68 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Cavabdeh2 onun oğlu, digər Cavabdeh1 isə onun oğlunun arvadıdır. Onlar 17 avqust 2009-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və həmin tarixdə də Cavabdeh1 onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 saylı evin 68 saylı mənzilinə gəlin köçərək, öz cehiz əmlakını da ona məxsus mənzilə yığmışdır. Cavabdehlərin birgə nikahlarından olmuş 02 sentyabr 2009-cu il təvəllüdlü X2 və 24 noyabr 2010-cu il təvəllüdlü X1 adlı uşaqları da onlarla birlikdə həmin mənzildə yaşayır. Onun (iddiaçının) üç oğlu olmuş, oğullarından biri İ Qarabağ müharibəsində şəhid olduqdan sonra ona şəhid ailəsi statusu verilmişdir. 2020ci ilin dekabr ayında yaşadıqları mənzildə ailə tərkibinin sıx olması ilə əlaqədar dövlət tərəfindən bir şəhid ailəsi kimi ona Hövsan qəsəbəsində yerləşən Sosial Evlər massivində bir mənzil verilmişdir. Bundan sonra cavabdehlər həmin mənzilə köçüb yaşamaq istəməyərək, Hövsan qəsəbəsinin uzaq olmasını bəhanə gətirmiş və ona təzyiq etməyə başlamışdır ki, özünə məxsus mənzili onlara bağışlasın. O, bundan imtina etdikdə cavabdeh evdə olan ona məxsus bütün sənədləri, o cümlədən onun şəhid ailəsi vəsiqəsini, dövlət tərəfindən şəhid ailəsi kimi verilmiş sosial mənzilin sənədlərini və digər sənədləri evdən götürmüş, həmin sənədləri ona qaytarmaqdan imtina etmişdir. Artıq cavabdehlər ona məxsus mənzildə onu yaşamağa qoymadığına görə o, mənzildən çıxaraq digər oğlunun evinə getmişdir və hal-hazırda özünə məxsus mənzildə yaşaya bilmir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Qanunvericiliyin tələblərindən də görünür ki, Cavabdeh2 onun ailə üzvü sayıldığına görə onun mübahisəli mənzilə istifadə hüququ yaransa da, digər Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. (onunla Cavabdeh1 arasında cavabdehin ona məxsus mənzildə yaşaması barədə heç bir notarial qaydada razılıq olmamışdır.) Cavabdehlərin onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 saylı evin 68 saylı mənzilində yaşamaları və onun həmin mənzildə yaşamasına maneçilik törətmələri, onun həmin mülkiyyət üzərində sərəncam, istifadə və sahiblik hüquqlarını pozmaqla konstitusion hüquqlarını zərbə altında qoyur. Halbuki, dövlət tərəfindən ailəyə sosial mənzil verilmiş, cavabdehlər də həmin yaşayış sahəsindən istifadə hüququ əldə etmişlər. Buna baxmayaraq, cavabdehlər onlara verilmiş mənzilə köçüb yaşamaqdan imtina etmiş, onun mənzilində qalmışlar. Belə olduqda isə cavabdehlərin yaşamaq üçün digər yaşayış sahəsinə malik olduğuna, onların yaşayış sahəsinə ehtiyacı aradan qalxdığına görə onların cavabdehlərin istifadə hüququnun kompensasiya odənilmədən xitamını tələb etmək hüququ yaranmışdır. Daha sonra, iddiaçı Cavabdeh2 kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi hissəsində iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh2 kompensasiya verilməklə, digər cavabdehə kompensasiya verilmədən onların mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsini, cavabdehlərin uşaqları ilə birlikdə mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək əlavə etdi ki, cavabdehlərlə bir mənzildə yaşaya bilmir. Belə ki, cavabdehlər ona baxmır, onunla yola getmirlər. Bu səbəbdən öz mülkiyyətində olan mənzildə yaşaya bilmir. Cavabdehlər isə onun mənzilindən çıxmaq istəmir. Halbuki, onların yaşayışını təmin edəcək başqa mənzil var. Belə ki, şəhid oğluna görə dövlət tərəfindən onlara Hövsan qəsəbəsində üç otaqlı mənzil verilmişdir. Bu mənzil şəhidin anası olduğuna görə onun adına verilsə də mənzil verilərkən cavabdehlərin ailə tərkibi də nəzərə alınmış, bu səbəbdən üç otaqlı mənzil verilmişdir. Yəni, cavabdehlər həmin mənzildə yaşaya bilərlər, lakin onlar nə ona məxsus mənzildən çıxırlar, nə də bu mənzildə onun da yaşamasına imkan verirlər. Bundan əlavə, şəhid ailələrinə verilən 11000 manat məbləğində kompensasiyanı da bütövlükdə cavabdehlərə vermişdir. Buna baxmayaraq o, Cavabdeh2 istifadə hüququna xitam verilməsi qarşılığında 3000 manat məbləğində kompensasiya verməyə də hazırdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, cavabdehlərin hər ikisinin daimi yaşayışı üçün başqa mənzil var. Buna baxmayaraq, onlar iddiaçıya məxsus mənzildən çıxmır. Nəzərə alınmalıdır ki, cavabdehlərdən Cavabdeh1 ümumiyyətlə, bu mənzildən istifadə hüququ yoxdur. Digər cavabdehin isə istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi mümkündür. Cavabdehlərin bu mənzildə mənzilin mülkiyyətçisi olan iddiaçının razılığı olmadan yaşaması və ona öz mənzilində yaşamağa imkan verilməməsi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh, eyni zamanda digər cavabdehin nümayəndəsi Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli mənzil hələ atasının sağlığında onun mülkiyyətində olmuş, o da uşaq vaxtından bu mənzildə yaşamışdır. Atasının ölümündən sonra o, atasından miras qalmış bu evə olan miras payından anasının xeyrinə imtina etmiş, həmin evdə yaşamağa davam etmişdir. 2008-ci ilin avqust ayında hazırkı iş üzrə digər cavabdeh olan Cavabdeh1 ilə ailə qurmuş, o da həmin vaxtdan bu mənzildə yaşamağa başlamışdır. Qardaşı şəhid olduğuna görə keçən il anasının adına dövlət tərəfindən ev verilmiş, lakin ev verilərkən tək anası yox, onun da ailəsi və uşaqları da nəzərə alınmaqla, üç otaqlı ev verilmişdir. Yəni həmin evdə onun və ailəsinin də payı var. Lakin onlar həmin evdə yaşaya bilməz. Çünki bu ev Hövsan qəsəbəsində yerləşir ki, bura xüsusən uşaqların məktəbindən çox uzaq olduğuna görə onlar üçün əlverişli deyil. Həmçinin, həmin evin təmirinə kifayət qədər vəsait xərcləmişdir. Eyni zamanda, bu ev onun ata evidir. Bu səbəblərdən evdən çıxmaq istəmir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********* qeydiyyat nömrəli, 11.03.2021-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən ünvan 1 ünvanında İddiaçı, X1, X2, Cavabdeh2, Cavabdeh1, X3 qeydiyyatda olmuşdurlar. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən məhkəmənin sorğusuna verilmiş 09.06.2021-ci il tarixli cavabdan görünür ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20.06.2014-cü il tarixli, 569 nömrəli sərəncamının icrası çərçivəsində İddiaçı 29.12.2020-ci il tarixində ailə tərkibi nəzərə alınmaqla ünvan 2 ünvanında üçotaqlı 3 nömrəli mənzillə təmin edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 30.08.2021-ci il tarixli, 01/21-430 nömrəli “mənzilin aylıq icarə dəyərinin qiymətləndirilməsi barədə hesabat”dan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən üç otaqlı mənzilin 30.08.2021-ci il tarixinə olan orta aylıq kirayə qiyməti 280 manat təşkil edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh2 iddiaçının oğlu, digər Cavabdeh1 isə iddiaçının gəlinidir. Cavabdeh2 bu mənzildə hələ mənzil iddiaçının xüsusi mülkiyyətinə keçməzdən əvvəl, atasının mülkiyyətində olduğu dövrdən yaşamağa başlamış, bu mənzildə böyümüşüdür. Digər Cavabdeh1 isə 2008-ci ilin avqust ayında Cavabdeh2 ilə ailə qurduqdan sonra həmin mənzilə köçmüşdür. Bu mənzildən əlavə, 2020-ci ilin dekabr ayında tərəflərin şəhid ailəsi olması səbəbindən dövlət tərəfindən onlara ailə tərkiblərinə uyğun olaraq üç otaqlı mənzil verilmişdir. Mənzil şəhidin anası kimi iddiaçının adına verilsə də cavabdehlərin ailə tərkibi nəzərə alınmaqla verilmişdir. Bütün bu qeyd edilən hallar işin mübahisələndirilməyən hallarıdır və hər iki tərəf qəbul edir. Hazırda cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan mənzildən çıxmaq istəmirlər. Onlar bunu dövlət tərəfindən verilmiş mənzilin uşaqlarının məktəbindən kənarda yerləşməsi, hazırda yaşadıqları mənzilin təmirinə xərc çəkmələri ilə izah edirlər. İddiaçı isə şəhid oğluna görə ona verilmiş 11000 manat məbləğində kompensasiyanı bütövlükdə cavabdeh oğluna verdiyini, buna baxmayaraq, evdən istifadə hüququna xitam verilməsi üçün ona əlavə olaraq 3000 manat məbləğində kompensasiya verməyə hazır olduğunu, cavabdehlərin yaşamaq üçün başqa mənzilləri olduğunu, onunla birlikdə yaşamalarının isə mümkün olmadığını bildirərək onların mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün ilk növbədə, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının olub-olmaması məsələsi həll edilməlidir. Nəzərə alınmalıdır ki, Cavabdeh2 mənzilin əvvəlki mülkiyyətçisi olan mərhum atasının sağlığından mübahisəli mənzildə doğulub-böyüdüyündən onun mənzildən istifadə hüququna dair münasibətlər 2000-ci il sentyabr ayına qədər yaranmışdır. Bu səbəbdən onun mənzildən istifadə hüququna dair mübahisələr bu tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. (“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarı). Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Göründüyü kimi, Cavabdeh2 mübahiləli mənzildən istifadə hüququ mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisənin həlli ilə bağlı aydınlaşdırılmalı olan növbəti hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığının müəyyənləşdirilməsidir. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə iddiaçı cavabdehlərə qarşı kompensasiya ödənilməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 mənzildən istifadə hüququnun 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən tanınmış olması və bu Məcəllədə istifadə hüququna kompensasiya verilməklə xitam verilməsini nəzərdə tutulan konkret normanın olmaması Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququna məhz kompensasiya verilməklə xitam verilməsini istisna etmir. Belə ki, Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Həmin maddə qeyri-müəyyən olsa da, yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür. Belə iradə ifadəsi olmadığı bir halda, yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsi məsələsinin həllinin istifadəçinin və ya məhkəmənin mülahizəsinə buraxılması təcrübədə müxtəlif yanaşmalara səbəb ola bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26.09.2007-ci il tarixli Qərarı) Göründüyü kimi, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi ilə bağlı qüvvədən düşmüş Mənzil Məcəlləsində birbaşa norma nəzərdə tutulmasa da Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi mənzil mülkiyyətçilərinin bu hüququnu tanımışdır. Yəni hazırkı iş üzrə Cavabdeh2 mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi mümkündür. Kompensasiya verilməklə istifadə hüququna xitam verilməsinin mümkünlüyü müəyyən edildikdən sonra bunun davamı olaraq kompensasiyanın məbləği müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R. Ağalarovun şikayət üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26.09.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Hazırkı işin xüsusi halı ondan ibarətdir ki, Cavabdeh2 ailəsi ilə birlikdə daimi yaşayışını təmin edəcək başqa mənzil var. Belə ki, tərəflər şəhid ailəsi olduğundan onlar dövlət tərəfindən mənzillə təmin edilmiş, mənzil şəhidin anası olan iddiaçının adına verilsə də onunla birlikdə yaşayan ailə üzvləri – cavabdeh və ailəsi nəzərə alınmaqla, onların birgə yaşayışını təmin etmək üçün verilmişdir. Bu mənzil hazırda cavabdehlərin yaşadığı mübahisəli mənzillə müqayisədə yeni tikilmiş binada yerləşir, hər iki mənzil eyni rayonun ərazisindədir və hər ikisi üç otaqdan ibarətdir. Bu baxımdan bu mənzilləri oxşar şəraitli mənzillər kimi qəbul etmək mümkündür. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Odur ki, kompensasiya məbləği müəyyən edilərkən bu hal mütləq nəzərə alınmalı, cavabdehin bu kompensasiya məbləği ilə müəyyən müddət oxşar şəraitli başqa mənzildə qalmağa real ehtiyacının olmadığı, onun ailəsi ilə birlikdə yaşayışını təmin edəcək oxşar şəraitli mənzilin mövcud olduğu, dolayısı ilə həmin mənzildə yaşamaq yerinə, bu kompensasiya məbləği ilə başqa bir mənzildə müvəqqəti yaşamağı üstün tutarsa, bunun artıq zərurət deyil müstəqil seçim olacağı, bu seçimin maddi risklərini də əsasən cavabdehin daşıyacağı diqqətdə saxlanılmalıdır. Bütün bu qeyd edilənləri nəzərə alan məhkəmə Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququna 3000 manat məbləğində kompensasiya verilməsi yolu ilə xitam verilməsini ağlabatan və ədalətli hesab edir. Üstəlik, bu məbləğ cavabdehin bir ilə yaxın müddət ərzində oxşar yaşayış sahəsində yaşayışını təmin edə biləcək məbləğdir. Belə ki, iş materiallarında olan mütəxəssis rəyindən görünür ki, cavabdehin hazırda yaşadığı mənzilin orta aylıq kirayə haqqı 280 manatdır. Göründüyü kimi, əgər cavabdeh hazırda yaşadığı mənzillə oxşar şəraitli mənzildə yaşamaqdan imtina edib başqa yaşayış sahəsi seçərsə, məhkəmə tərəfindən müəyyən edilmiş kompensasiya məbləği ilə bir ilə yaxın müddət ərzində yaşayışını təmin edə bilər. Məhkəmə təcrübəsində kompensasiya məbləğinin üç il müddətində yaşayışı təmin edəcək məbləğdə müəyyən edilməsinə baxmayaraq, məhkəmə artıq yuxarıda qeyd edilmiş səbəbdən (cavabdehlərin yaşayışlarını təmin edəcək oxşar şəraitli başqa bir mənzilin olması) həm bu müddəti, həm də kompensasiya məbləğini ağlabatan, ədalətli və işin hallarına uyğun hesab edir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh yaşadıqları mənzildən çıxmaq istəməmələrini bu mənzilin uşaqlarının məktəbinə daha yaxın olması ilə izah etmişdir. Lakin nəzərə alınmalıdır ki, cavabdehin yaşadığı mənzildən onun uşaqlarının məktəbinə qədər olan məsafənin uzanması iddiaçının mənzil üzərində mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsası ola bilməz. Çünki bu iki məhrumiyyət arasında ədalətli balans yoxdur. Yəni, cavabdehlərin uşaqlarının məktəbə qədər gediş yolunun uzanması iddiaçının mənzil üzərində mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas vermir. Bu səbəbdən məhkəmə cavabdehin bununla bağlı iddiaya etirazını əsassız sayır. O da qeyd edilməlidir ki, cavabdeh izahatında mübahisəli mənzildən çıxmaq istəməməsini həm də onunla izah etmişdir ki, o, bu mənzildə təmir işləri aparmış, öz hesabına müəyyən yaxşılaşdırmalar etmişdir. Məhkəmə cavabdehin diqqətinə çatdırır ki, əgər həqiqətən mənzil üzərində öz vəsaiti hesabına hər hansı yaxşılaşdırma edibsə o, həmin vəsaiti ayrıca iddia qaldırmaqla mübahisələndirə bilər. Lakin bu xərcləri istifadə hüququna xitam verilməsi qarşılığında verilən kompensasiya məbləğinin hesabına tələb edə bilməz. Odur ki, məhkəmə Cavabdeh2 iddianın təmin edilməməsi ilə bağlı dəlillərini əsassız hesab edir. Digər Cavabdeh1 gəldikdə isə ümumiyyətlə onun bu mənzildən istifadə hüququ yoxdur. Belə ki, Cavabdeh1 hər iki tərəfin təsdiq etdiyi kimi 2008-ci ildə bu mənzilə köçmüşdür. Belə olan halda onun mənzildə istifadə hüququ ilə bağlı mübahisələrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə uyğun olaraq baxılmalıdır. Belə ki, həmin maddəyə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Hazırkı iş üzrə Cavabdeh1 mənzilin mülkiyyətçisi olan iddiaçının onunla birgə yaşayan ailə üzvünün – oğlunun arvadı statusundadır. Belə olan halda Mülki Məcəllənin 228.5-ci maddəsi baxımından onun mənzilə köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilə bilər. Bu razılığın nədən ibarət olmasına isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu tərəfindən şərh verilmişdir. Belə ki, Plenumun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27.05.2008-ci il tarixli qərarında qeyd edilir ki: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur”. Mülki Məcəllənin 228.2-ci maddəsində qeyd edilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir ... Göründüyü kimi, Cavabdeh1 mənzilin mülkiyyətçisi ilə birlikdə yaşayan ailə üzvünün arvadı olduğundan onun bu mənzilə istifadə hüququnun yaranması mülkiyyətçi ilə bağlanan və notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Hazırkı işdə belə bir razılaşma olmadığından Cavabdeh1 mübahiləsi mənzil üzərində heç bir istifadə hüququ yoxdur. Bu baxımdan onun istifadə hüququna xitam verilməsi də mümkün deyil. Belə ki, mövcud olmayan hüquqa xitam verilməsindən söhbət gedə bilməz. Odur ki, iddia bu hissədə təmin edilmir. Hər bir halda nəzərə alınmalıdır ki, Cavabdeh1 hazırda heç bir hüququnun olmadığı mənzildə, üstəlik mənzilin mülkiyyətçisinin razılığı olmadan, mülkiyyətçinin onun mənzildən çıxmasını tələb etməsinə baxmayaraq, onun iradəsi ziddinə yaşayır. Belə olan halda iddiaçı həmin cavabdehin öz mülkiyyətində olan mənzildən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, bu tələb onun mənzil üzərində pozulmuş mülkiyyət hüququnun bərpasına yönəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Odur ki, Cavabdeh1 mənzildən istifadə hüququ olmadığına görə onun mövcud olmayan hüququna xitam verilməsi istisna edilsə də onun mənzildən çıxarılması hissəsində iddia təmin edilməlidir. Lakin digər Cavabdeh2 istifadə hüququna xitam verilməsinin ona 3000 manat məbləğində kompensasiya verilməklə şərtləndirildiyi nəzərə alınmaqla, onun mənzildən çıxarılmasının yalnız bu kompensasiya məbləği ödənildikdən sonra mümkün olduğu diqqətə alınmalıdır. Cavabdehlərin birgə nikahından doğulmuş uşaqlara gəldikdə isə qeyd edilməlidir ki, həmin uşaqların yaşayış yeri onların valideynlərinin yaşayış yeri sayıldığından cavabdehlərin mənzildən çıxarılması ilə uşaqların da mənzildən çıxarılması təmin ediləcəkdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüququna İddiaçı tərəfindən ona 3000 (üç min) manat məbləğində kompensasiya verilməklə xitam verilməli, kompensasiya verildikdən sonra Cavabdeh2 həmin mənzildən çıxarılmalı, Cavabdeh1 və uşaqları ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Son olaraq, məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iş üzrə mütəxəssis tərəfindən qiymətləndirmə keçirilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində xidmət haqqı da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüququna İddiaçı tərəfindən ona 3000 (üç min) manat məbləğində kompensasiya verilməklə xitam verilsin və o, həmin mənzildən çıxarılsın. Cavabdeh1 və uşaqları ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 400 (dörd yüz) manat məbləğində mütəxəssis xidməti haqqı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(010)-2195/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2195/2021
22.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver