Məhkəmə qərarları › İş №e-2(010)-2196/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-2196/2023

14.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-2196/2023 14.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızı – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə köçürülmə tələbi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, hazırki iş üzrə mübahisə Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin təsir dairəsinə düşür. İddiaçının mövcud iddia tələbi Suraxanı Rayon Məhkəməsində baxılmalı olan iddia tələbi olmayıb, müstəsna aidiyyətə görə mübahisəli daşınmaz əmlakın yerləşdiyi ərazi üzrə mübahisəli əmlakın Abşeron rayonu ərazisində yerləşməsi əsasına görə Abşeron Rayon Məhkəməsində baxılmalı olan iddia tələbidir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Hazırki işdən görünür ki, iddiaçı mənzilə köçürülmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Novxanı kəndi, Aşıq Pənah küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsini xahiş edir. Məhkəmə qeyd edir ki, prosessual qanunvericiliyə görə, ərazi aidiyyətinin müəyyən edilməsi, iddia ərizəsinin mahiyyəti ilə deyil, tələb ilə bağlılığı müəyyən edilir və işin təfərrüatı araşdırılmadan tələbin mahiyyətin müəyyən edilməsi şəxsin məhkəmə müdafiə hüquqların pozulmasına şərait yaradan amil kimi yolverilməzdir. Mülki prosessual qanunvericiliyin müstəsna aidiyyətlə bağlı müddəalarının bilavasitə olaraq hazırki tələblə bağlılığı müəyyən edilir. İddia ərizəsindən də görünür ki, iddiaçının köçüb yaşamaq istədiyi fərdi yaşayış evi Abşeron rayonu ərazisində yerləşir və iddiaçı mübahisəli fərdi yaşayış evində yaşamaq hüququnun pozulmasının aradan qaldırılmasını istəyir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3.-cü maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə geri qaytarmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə köçürülmə tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar