Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2226/2024 30.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 335 manat əsas borc, gecikdirilmiş dövr üçün 8 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən 300 manat məbləğin, cəmi 673 manat tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 2226/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında, borc verən tərəfindən borc alana tərəflər arasında müəyyən edilmiş borc məbləğinin faizsiz olaraq verilməsini və borc alan tərəfindən borc məbləğinin borc verənə əvvəlcədən müəyyən edilmiş dövr ərzində geri qaytarmalı olduğunu nəzərdə tutan xx.xx.2022-ci il tarixli, **********10 saylı 12 aylıq ödəmə müddəti ilə borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, müvafiq müqavilə borcun borc verən tərəfindən borc alana verildiyi gündən qüvvəyə minir və tərəflərin öhdəliklərini tamamilə yerinə yetirdiyi günə qədər qüvvədə qalır. Belə ki, hazırkı müqavilə üzrə İddiaçı QSC 12 ay müddətinə ödəmə şərti ilə, **********10 saylı müqaviləyə əsasən 1000 manat məbləğində cavabdehə borc vermişdir. Mövcud müqavilə üzrə, ödənilməli olan ödənişlərin sayı, məbləği və tarixləri, o cümlədən, müqavilə üzrə borc alanın ümumilikdə 1000 manat həcmində borc məbləğini hissələrlə 12 ay müddətində borc verənə ödəməli olmasına dair müddəalar, müvafiq müqaviləyə əlavə olunan ödəniş qrafikində əks olunmuşdur. Lakin ödənişlər borc alan tərəfindən ödəniş qrafikinə əsasən həyata keçirilməmiş və buna görə də borc alanın borc verən qarşısında borc öhdəliyi yaranmışdır. Belə ki, xx.xx.2024-cü il tarixli, 249 nömrəli maliyyə arayışına əsasən, Cavabdeh tərəfindən mövcud borcdan ümumilikdə 665 manat ödənilmiş, geriyə qalan 335 manat arayışın verildiyi günə kimi ödənilməmişdir. Cavabdeh tərəfindən İddiaçı QSC-yə sonuncu ödəniş xx.xx.2023-cü il tarixində həyata keçirilmişdir. Beləliklə, Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli, **********10 saylı müqavilə ilə götürmüş olduğu 1000 manat məbləğində borcdan 665 manat ödəniş etdikdən sonra əsas borc məbləği 335 manat təşkil etmişdir. Kreditor olaraq, İddiaçı QSC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli pretenziya məktubu ünvanlanmışdır. Lakin borclu tərəfindən borcdan heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh İddiaçı QSC qarşısında öhdəliyi aşağıdakı məbləğdə müəyyən edilir:
1. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən borc məbləği – 335 manat; 2. Gecikdirilmiş dövr üçün illik 5 faiz əsasında hesablanmış borc məbləği – 8 manat; 3. Dövlət rüsumunun ödənilməsi üzrə xərc – 30 manat; 4. Məhkəmə xərci (hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən haqq) – 300 manat.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmədən işə iştirakları olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
6. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
7. İddiaçı QSC (Borc verən) və Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********10 nömrəli borc müqaviləsindən görünür ki, “Borc verən” “Borc alan”a faizsiz olaraq 1000 manat məbləğində borc verir. Hazırkı müqavilə borcun “Borc verən” tərəfindən “Borc alan”a verildiyi gündən etibarən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tamamı ilə yerinə yetirdiyi günədək qüvvədə qalır. “Borc alan” “Borc verən”ə aldığı borcu (1000 manat) tam olaraq ödəməyə məcburdur.
8. xx.xx.2022-ci il tarixli, **********10 nömrəli borc müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, müqavilə üzrə ödəniş cədvəli təsdiq edilmiş və ödənişlərin xx.xx.2022 – xx.xx.2023-cü il tarixləri arasında hər ay 83 manat (sonuncu ay 87 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.
9. xx.xx.2024-cü il tarixli, 249 nömrəli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh xx.xx.2022-ci il tarixli, **********10 nömrəli borc müqaviləsi üzrə borcundan 665 manat ödəmiş və 335 manat məbləğində borcu qalmışdır.
10. xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı QSC-nin kassasından borcalan Cavabdeh 1000 manat məbləğində pul vəsaiti verilmişdir.
11. İddiaçı QSC və “Sirius” Vəkil Bürosunun vəkili Vəkil arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 36 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, bu müqaviləyə görə vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür.
12. xx.xx.2024-cü il tarixli, 791377 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, “Sirius” Vəkil Bürosu tərəfindən İddiaçı QSC-yə hüquqi xidmətlərin göstərilməsi üçün müvafiq xidmətlərin dəyəri 300 manat məbləğində müəyyən edilmişdir.
13. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı QSC tərəfindən “Sirius” Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
İşin faktiki halları.
14. İddiaçı QSC və Cavabdeh arasında xx.xx.2022-ci il tarixli borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı tərəfindən 1000 manat məbləğində pul vəsaiti 12 ay müddətinə, faizsiz olaraq borcalan Cavabdeh verilmiş, sonuncu, götürdüyü borcu qaytarmağı öhdəsinə götürmüşdür.
15. Cavabdeh xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə borcundan 665 manat ödəmişdir.
Tətbiq edilən hüquq.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
18. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
19. Belə ki, iddiaçı ilə aralarında bağlanmış borc müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış borc müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə pul vəsaitini borcluya vermişdir. Borclu isə bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq borc müqaviləsi üzrə ödənilməmiş borcu tələb etməkdə haqlı olmuşdur.
20. Bundan başqa, iddia tələbinin gecikdirilmiş vaxt üçün illik 5%-lə tələb edilən faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə 12 ay müddətinə bağlanmış müqavilənin müddəti bitmiş, buna baxmayaraq müqavilə üzrə öhdəlik icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış faiz borcunun - 8 manat ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri.
21. İş materiallarından göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bundan başqa, iş materiallarından görünür ki, İddiaçı QSC və “Sirius” Vəkil Bürosunun vəkili Vəkil arasında xx.xx.2024-cü il tarixli, 36 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən, hüquqi yardıma görə haqq 300 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli elektron qaimə-faktura (əsas müqavilə № 36) və həmin tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı QSC tərəfindən “Sirius” Vəkil Bürosuna 300 manat məbləğində ödəniş edilmişdir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 300 manat məbləğində vəkil xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 335 manat əsas borc, 8 manat gecikdirilmiş vaxta görə faiz borcu, 300 manat vəkil xərci və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir.
25. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 335 (üç yüz otuz beş) manat əsas borc, 8 (səkkiz) manat gecikdirilmiş vaxta görə faiz borcu, 300 (üç yüz) manat vəkil xərci və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva