Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2258/2023 13.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X6 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:
1. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 343,5 kv/m olan mənzildə yaşayır. Həmin mənzil **********7 nömrəli qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdən onun qanuni mülkiyyətindədir. xx.xx.2022-ci il tarixdə oğlu X4 ilə rəsmi nikaha daxil olan İsmayılova Hicran İltifat qızı həmin tarixdən ona məxsus adıçəkilən mənzildə yaşayır. Həmin mənzildə İsmayılova Hicran İltifat qızına məxsus olan heç bir əşya yoxdur. Bu baxımdan İsmayılova Hicran İltifat qızının onun mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməsi zərurəti vardır.
İddiaçının tələbi.
2. İsmayılova Hicran İltifat qızının tam mülkiyyət hüququ üzrə X2 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 343,5 kv/m olan mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı xx.xx.2023-cü il tarixdə “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə dəqiqləşdirmə ərizəsi ünvanlayaraq, ərizəsində qeyd etmişdir ki, İsmayılova Hicran İltifat qızının tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 343,5 kv/m olan mənzildən istifadə hüquqlarına xitam verilməsi və İsmayılova Hicran İltifat qızının həmin mənzildən çıxarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında qeyd etdi ki, cavabdeh hal-hazırda mübahisəli evin ikinci mərtəbəsində yaşayır, amma başqa yerdə - iddiaçının qızının evində qeydiyyatdadır, həmin evdən qeydiyyatdan çıxarılmaqla bağlı İnzibati Məhkəməyə müraciət edilmişdir. İddiaçının oğlu və cavabdeh arasında ailə münasibətləri faktiki olaraq pozulub, onlar eyni evdə yaşasalar da, bir-birlərini görmürlər. Nikahın pozulması ilə bağlı məhkəməyə qanunvericiliyin tələbinə görə müraciət edilməmişdir, belə ki, cavabdeh hamilədir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etdi.
5. Cavabdeh iddia tələbinə etiraz edərək, izahatında qeyd etdi ki, iddiaçının oğlu Tural Abbasov ilə ailə qurduqdan sonra mübahisəli evə gəlin köçüb yaşamışdır. Baxmayaraq ki, baldızının evində qeydiyyatdadır, gəlin köçən vaxtdan bugünə kimi də həmin evdə yaşayır. Ona məxsus bütün əmlak o evdədir. Hazırda hamilədir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi.
6. Cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, izahatında qeyd etdi ki, Cavabdeh onun qızıdır. Qızı həmin evə gəlin köçmüşdür, buna görə də həmin evdə yaşamalıdır, hamilədir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi.
İş materialları.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib olunan 04/2870 nömrəli Texniki Pasportdan görünür ki, **********69-10301 reyestr nömrəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur.
8. İşə əlavə edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 0,029 hektar torpaq sahəsində yerləşən ünvan 1 ünvanında yerləşən 343,5 kvadrat metr sahəsi olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsusdur. (Daşınmaz əmlakın reyestr nömrəsi - **********69-10301; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2021)
9. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh (doğulduğu yer və tarix: Tərtər, Səhləbad kəndi, xx.xx.1985) 14 noyabr 2022-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır.
10. AZ-İİ seriyalı 529315 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 və İsmayılova Hicran İltifat qızı xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada “Abbasova” soyadı verilmişdir.
11. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X9 “Bakı Baş Səhiyyə Mərkəzi” X9 43 nömrəli Şəhər Poliklinikası tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 20-21 həftəlik hamilədir.
Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikası Konstitusiyası.
Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
14. Azərbaycan Respublikası Mənzil Məcəlləsi.
Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
15. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi.
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
16. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
17. Belə ki, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi xx.xx.2021-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmış və ona müvafiq çıxarış verilmişdir. İddiaçının oğlu ilə cavabdeh arasında olan nikah xx.xx.2022-ci il tarixdə bağlanmış və cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan evə gəlin köçmüş və hazırda həmin evdə yaşayır və ddiaçının oğlu ilə cavabdeh arasında olan nikah pozulmamışdır.
18. Göründüyü kimi, qeyd edilən mənzillə bağlı tərəflər arasında hüquq münasibəti 2022-ci ildən yarandığından hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayından qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır.
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
20. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının ailə üzvü olmadığından, habelə Cavabdeh iddiaçıdan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən iddiaçının digər qohumu hesab edilmədiyindən, onun mübahisəli yaşayış evindən istifadə hüququ qanunvericiliyə uyğun olaraq yaranmamışdır. Yaranmayan istifadə hüququna məhkəmə tərəfindən xitam verilə bilməz. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir.
21. Mənzil və mülki qanunverciliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşamasına, köçməsinə) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Cavabdehin nə Mülki Məcəllənin 228-ci maddəsi baxımından, nə də Mənzil Məcəlləsinin 30-cu maddəsi anlamında iddiaçının mülkiyyətində olan mənzildə istifadə (istifadə etmək) hüququ mövcud deyildir.
22. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Odur ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Ona görə də, iddia həmin hissədə təmin edilərək, cavabdeh mübahisəli mənzildən çıxarılmalıdır.
23. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir.
24. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.
25. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.
26. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya məxsus mübahisəli yaşayış evində hər hansı bir qanuni və müqavilə əsası olmadan yaşadığından, onun həmin yaşayış evinə qeydiyyatı və istifadə hüquqları olmadığından iddia tələbi həmin hissədə əsaslıdır. Buna görə də iddia həmin hissədə təmin edilməli, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsində yerləşən 98B saylı fərdi yaşayış evindən çıxarılmalıdır.
27. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmə xərcləri.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
29. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin gəldiyi nəticə.
30. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.