Məhkəmə qərarları › İş №e-2(010)-2270/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2270/2025

13.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2270/2025 13.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, X8 qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh mülkiyyətindəki, ünvan 1 ünvanda yerləşən çıxarış üzrə ümumi sahəsi 90,60 kv.m təşkil edən dörd otaqlı 2 saylı mənzilinin sökülməsi, əvəzində iddiaçının ünvan 2 ünvanda inşa edəcəyi binanın 3-cü mərtəbəsində 120,05 sahəsi olan 4 saylı üç otaqlı mənzili təmirli vəziyyətdə və binanın 6-cı mərtəbəsində 48,87 kv.m. sahəsi olan 26 saylı bir otaqlı mənzili təhvil verməklə və yeni mənzillər təhvil verilənədək hər ay 700 (yeddi yüz) manat kirayə haqqı ödənilməklə Cavabdeh ailə üzvləri ilə birlikdə söküləcək mənzildən çıxarılması. İddia tələbinin dəlilləri Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 77 saylı sərəncamı ilə ünvan 16 ünvanındakı yerqurluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0,20 ha torpaq sahəsi yeni yaşayış binasının tikintisi üçün iddiaçının istifadəsinə verilib. Bakı Şəhər İcra Hakimiyyəti ilə iddiaçı arasında üzərində tikinti aparılacaq torpaq sahəsinin icarəyə verilməsi barədə 14 may 2024-cü il tarixli 1783 nömrəli torpaq icarə müqaviləsi bağlanıb. İddiaçıya ayrılmış 0,20 ha torpaq sahəsində ünvan 4 ünvanda cavabdehə məxsus ümumi sahəsi 90.60 kv.m olan dördotaqlı birmərtəbəli 2 saylı mənzili və qanunsuz tikilisi mövcuddur. Həmin mənzil ötən əsrdə tikilib, köhnə və istifadəyə yararsızdır, mənzilin istismar müddəti bitib, müasir yaşayış tələblərinə cavab vermir. Qanunsuz tikili isə özbasına inşa olunub. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Baçşısının qeyd edilən sərəncamının icrası ilə bağlı ünvan 4 ünvanında mövcud yaşayış və qeyri-yaşayış tikililərinin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi işlərini həyata keçirir. Qeyd edilən 0,20 ha torpaq sahəsindəki sakinlərin əksəriyyəti köhnə tikililərin sökülməsi üçün təhvil verilməsi və sakinlərin həmin ərazidə yeni tikiləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarında abad, müasir yaşayış tələblərinə cavab verən yaşayış sahələri ilə təmin olunmaları barədə razılıqlar əldə olunsa da cavabdehlə razılıq əldə etmək mümkün olmayıb. İddiaçı cavabdehə onun ünvan 5 ünvanda yerləşən çıxarış üzrə ümumi sahəsi 90,60 kv.m təşkil edən dördotaqlı 2 savlı mənzilinin əvəzinə həmin ərazidə 20 faizdən də artıq sahəsi olan yeni inşa ediləcək binada dörd otaqlı mənzil tikilib təmirli vəziyyətdə təhvil verilməsini təklif edib. Cavabdeh isə əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzilini təhvil verməkdən imtina edərək, özabşına inşa etdiyi sahəyə və qanunsuz zəbt etdiyi torpaq sahəsinə görə iddiaçıdan əlavə mənzillər və sahələr tələb edir və Bakı Şəhə İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 77 saylı sərəncamının icrasına bilərəkdən maneələr yaradar. Bu səbəbdən də uzun müddətdir cavabdehi söküləcək yaşayış sahəsindən çıxarmaq, söküntü və tikinti işlərinə başlamaq, onu yeni mənzillə təmin etmək mümkün olmayıb. Nəticədə isə Bakı Şəhər İcra Hakimiyyəti xx.xx.2024-cü il tarixli 77 saylı sərəncamın icrası mümkün olmayıb. Tikinti işlərinin yubanması mənzil tikintisi üçün iddiaçı ilə müqavilələr bağlamış şəxslərin haqlı etiraz və narazılığına səbəb olub. İddia tələbinə etirazın dəlilləri ünvan 6 ünvanda yerləşən mənzilin mülkiyyətçisidir. Mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış və bu barədə çıxarış verilmişdir. Ailə tərkibi 6 nəfərdən ibarətdir. Mənzilin ümumi sahəsi Çıxarışa əsasən 90,60 kv.metrdir.Mənzilin Texniki pasportuna əsasən mənzil 1 -ci mərtəbədə yerləşir, ümumi sahəsi 94,9 kv.m. olan 4 otaqdan ibarətdir.Həmçinin sənəd üzrə 0.0348 ha torpaq sahəsi də onun və ailəsinin istifadəsindədir. Torpadan istifadə etdiyi üçün bələdiyyəyə torpaq verqisini daim ödəmişdir. Mənzil əvvəl anasi İnna Sorokinanın adına rəsmiləşdirilmişdir. O, həmin mənzildə doğulmuş və hazırda bağışlama müqaviləsi əsasında mənzilin mülkiyyətçisidir. Mənzilin yerləşdiyi və istifadəsində olan torpaq sahəsi abadlaşdırılıb. Yay mətbəği tikilib, çox sayda ağaclar, güllər əkilib və ailənin istirahəti üçün şərait yaradılıb. Hətta avtonəqliyyat vasitəsi üçün yeri də var. Uzun illər yaşadığı şəraitli, komfortlu mənzili cavabdeh söküb, əvəzində çoxmərtəbəli bina inşa etmək niyyətindədir. Bu səbəbə görə və iddiaçı MTK Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli sərəncamına istinad edərək ona qarşı əsassız tələb irəli sürmüşdür. Sərəncamın 1-ci bəndində göstərilmişdir ki, ünvan 7 ünvanda, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0,20 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin, eləcə də mühəndis- kommunikasiya xətləri və qurğularla əlaqədar balanssaxlayıcı təşkilatlarla məsələnin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında Cryutal Residense MTK tərəfindən həll edilməsi şərti ilə yaşayış binasının tikintisi üçün Grystal Residence MTK -ya icarə əsasında istifadəsinə verilsin. Sərəncamın 3-cü bəndində isə qeyd edilmişdir ki, yuxarıda qeyd edilən tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə bu Sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərədə tutulmuş qaydada baxılacaqdır. Bu səbəbdən ilk növbədə iş üzrə Bakı şəhəri İcra Hakimiyyətini iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş edir. Çünki iddiaçı Sərəncamın tələblərini ona münasibətdə yerinə yetirməyib, heç bir razılığa gəlməyib və əsassız tələb irəli sürmüşdür. Hazırda Konstitusiyada nəzərdə tutulan və dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarıma iddiaçı tərəfindən qəsd vardır. Belə ki, sərəncama əsasən mənzilin yerləşdiyi torpaq sahəsinin istifadəçisi olan iddiaçı onunla razılığa gəlmədən, onu razı salmadan, qane edən kompensasiya ödəmədən məhkəmə vasitəsilə mülkiyyətində olan mənzildən çıxarmaq və mülkiyyətini məhv etmək niyyətindədir. Ədalət mühakiməsini həyata keçirən və dövlətin adından qərar qəbul edən məhkəmədən qanunun aliliyinin təmin edilməsini xahiş edir. Bundan əlavə iddiaçı binada yaşayan sakinlərə eyni münasibət göstərməmişdir. Belə ki, onun sahəsindən çox kiçik sahəsi olan sakinlərə daha böyük sahəli mənzillərin verilməsi barədə müqavilələr bağlanılmışdır. İşin tam, tərtərəfli və obyektiv araşdırılması məqsədi ilə binada yaşayan sakinlərlə iddiaçı arasında bağlanılmış müqavilələrin iddiaçıdan tələb edilməsini xahiş edir. Konstitusiyanın 25-ci maddəsində təsbit edilmiş bərabərlik hüququnun-hamının qanun və məhkəmə qarşısında bərabərliyinin təmin edilməsini, qanun qarşısında hamının bərabərlik prinsipinin pozilması halının qarşısının alınmasını məhkəmədən xahiş edir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı nümayəndəsi (vəkili) X3 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddia tələbinə yazılı etiraza uyğun izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. O, mülkiyyətində olan mənzilin əvəzində 306 kv.m sahəsi olan mənzillər: 2 ədəd 120 kv.m olan üç otaqlı mənzillər və 1 ədəd 66 kv.m olan iki otaqlı mənzil istəyir. O, iddiaçı tərəflə razılaşmalı deyil, iddiaçı tərəf onunla razılaşmalıdır. Belə ki, onun mənzili təmirli vəziyyətdədir. Bundan başqa Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Başçısının sərəncamına əsasən 200 kv.m torpaq sahəsi də ona məxsusdur. İddiaçı bunu nəzərə almalıdır. Uzun illərdir ki, o, həmin torpaq sahəsi üzərində özünə şərait yaratmış, müvafiq tikinti işləri aparmışdır. Onun evinin şəraiti və təmir vəziyyəti digərlərindən daha yaxşıdır. O, həmin evdə çoxdan yaşayır. 1 ildir ki, iddiaçı tərəf onu aldadır. İş materialları Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 77 saylı sərəncamından görünür ki, ünvan 8 ünvanında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0.20 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin, eləcə də mühəndiskommunikasiya xətləri və qurğularla əlaqədar balanssaxlayıcı təşkilatlarla məsələlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “Crystal Residence" Mənzil-Tikinti Kooperativi tərəfindən həll edilməsi şərti ilə yaşayış binasının tikintisi üçün “Crystal Residence" Mənzil-Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Başçısının 539 saylı xx.xx.2001-ci il tarixli sərəncamından görünür ki, X9 rayon İcra Hakimiyyətinə müraciət edərək, istifadə etdiyi torpaq sahəsinin və əlavə tikililərin rəsmiləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Sahəsi 20,75 kv.m. olan 2 yaşayış otaqlardan, sahəsi 11,80 kv.m. olan köməkçi otaqlardan ibarət olan Suraxanı rayonu, Dzercinski qəsəbəsi, S.Bəhlulzadə (köhnə Tramvay) küçəsi, ev 95, 2 nömrəli mənzilin əlavə tikililəri və torpaq sahəsi həmin ölçüləri ilə saxlanılması və həmin mənzil 210,30 kv.m. torpaq sahəsində yerləşmiş, sahəsi 66,45 kv.m. olan 4 yaşayış otaqlarından, sahəsi 24,50 kv.m. olan köməkçi otaqlardan, həyətyanı tikililərindən ibarət hesab olunması sərəncam verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 9 ünvanındakı 90,60 kv.m. olan 2 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Texniki pasportdan görünür ki, ünvan 9 mənzil 2-nin texniki pasportu xx.xx.2022-ci il tarixdə Cavabdeh adına tərtib edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Dövlət Layihə İnstitutunun “X10 Layihə” xx.xx.2025-ci il tarixli “Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə küçəsi, 95 ünvanda yerləşən 1 mərtəbəli yaşayış evinin texniki vəziyyəti haqqında” rəyindən görünür ki, ünvan 10 ünvanda yerləşən 1 mərtəbəli yaşayış evi texniki cəhətdən qəzalı vəziyyətdədir, qüvvədə olan seysmik normaların tələblərinə cavab vermir. Yaşayış evinin yükdaşıyan konstruksiyalarında yaranmış hazırki texniki vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur. xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, tikinti şirkəti mülkiyyətçi Əhməd-zadə Rəcəb Eldar oğluilə razılığa gələrək, ünvan 11 ünvanında yerləşən yaşayış və həyətyanı sahəsinin sökülməsini, həmin ərazidə yeni orta mərtəbəli və çox mənzilli yaşayış binasının tikintisini həyata keçırərək, inşa edəcəyi yaşayış binasının 2-ci mərtəbəsindəki sahəsi 59,31 kv.m ibarət ikiotaqlı 1 saylı təmirsiz və binanın 3 cü mərtəbəsindəki sahəsi 66,69 kv.m ibarət ikiotaqlı 8 saylı təmirli mənzilləri “Əmlak mülkiyyətçisi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür. xx.xx.2024-cü cü il tarixli müqavilədən görünür ki, tikinti şirkəti mülkiyyətçi X4 ilə razılığa gələrək, ünvan 12 ünvanında yerləşən yaşayış və həyətyanı sahəsinin sökülməsini, həmin ərazidə Səttar Bəhlulzadə küç. 91 və 93 ünvanında inşa olunmuş yeni, orta mərtəbəli 2 saylı yaşayış binasının B blokunun 2-ci mərtəbəsindəki sahəsi 94,0 kv.m ibarət ikiotaqlı 3 saylı təmirli mənzili “Əmlak mülkiyyətçisi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; Maddə 71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları iləməhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 6. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətlərindən biri bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınmasıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Maddə 4.2.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi; Maddə 17.1. Bu Məcəllənin ərazi planlaşdırılmasına dair müddəaları Azərbaycan Respublikasının bütün ərazisinin, o cümlədən ərazi hissələrinin (regionların, inzibati ərazi vahidlərinin), şəhərlərin və başqa yaşayış məntəqələrinin ərazilərinin planlaşdırılması, həmin ərazilərdəki torpaqların tikinti və ya digər məqsədlər üçün istifadəsi ilə bağlı münasibətləri tənzimləyir. Maddə 17.2. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Maddə 17.3. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.6 Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 560.1 Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir;. Maddə 560.2 Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair xx.xx.1952-ci il Əlavə protokol”un tələblərinə əsasən: Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokol”un 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

Məhkəmənin mövqeyi İşin faktiki hallarından görünür ki, İddiaçı MTK Cavabdeh qarşı iddia qaldıran zaman ilkin olaraq cavabdehin mülkiyyətindəki, ünvan 13 ünvanda yerləşən çıxarış üzrə ümumi sahəsi 90,60 kv.m təşkil edən dördotaqlı 2 saylı mənzilinin sökülməsi, əvəzində iddiaçının ünvan 14 ünvanda inşa edəcəyi binadan söküləcək mənzilin sahəsindən 20 kv.m. artıq sahəsi olan yeni dörd otaqlı mənzili təmirli vəziyyətdə təhvil verməklə və yeni mənzil təhvil verilənədək hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməklə Cavabdeh ailə üzvləri ilə birlikdə söküləcək mənzildən çıxarılmasını tələb etmiş, ikinci dəfə cavabdehin mülkiyyətindəki, ünvan 15 ünvanda yerləşən çıxarış üzrə ümumi sahəsi 90,60 kv.m təşkil edən dördotaqlı 2 saylı mənzilinin sökülməsi, əvəzində iddiaçının ünvan 16 ünvanda inşa edəcəyi binanın 3-cü mərtəbəsində 120,05 sahəsi olan 4 saylı üç otaqlı mənzili təmirli vəziyyətdə və binanın 6-cı mərtəbəsində 48,87 kv.m. sahəsi olan 26 saylı bir otaqlı mənzili təhvil verməklə və yeni mənzillər təhvil verilənədək hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməklə Cavabdeh ailə üzvləri ilə birlikdə söküləcək mənzildən çıxarılmasını və sonuncu dəfə isə iddia tələbini dəqiqləşdirirək cavabdehin mülkiyyətindəki, ünvan 15 ünvanda yerləşən çıxarış üzrə ümumi sahəsi 90,60 kv.m təşkil edən dördotaqlı 2 saylı mənzilinin sökülməsi, əvəzində iddiaçının ünvan 17 ünvanda inşa edəcəyi binanın 3-cü mərtəbəsində 120,05 sahəsi olan 4 saylı üç otaqlı mənzili təmirli vəziyyətdə və binanın 3-cü mərtəbəsində 66,69 kv.m. sahəsi olan 11 saylı iki otaqlı mənzili təhvil verməklə və yeni mənzillər təhvil verilənədək hər ay 750 (yeddi yüz əlli) manat kirayə haqqı ödənilməklə Cavabdeh ailə üzvləri ilə birlikdə söküləcək mənzildən çıxarılmasını tələb etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, 1 ədəd 120,05 kv.m üç otaqlı, 1 ədəd 66,69 kv.m 2 otaqlı mənzilləri qəbul etmir. O, 306 kv.m sahəsi olan mənzil, 2 ədəd 120 kv.m olan üç otaqlı mənzil və 1 ədəd 66 kv.m olan iki otaqlı mənzil istəyir. Məhkəmə qeyd edir ki, İddiaçı MTK Bakı şəhəri, Suraxanı rayonu ərazisində apardığı tikinti işlərini Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 77 saylı sərəncamına uyğun olaraq mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətlərini tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi ilə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasına uyğun olaraq həyata keçirir. Məhkəmə bu zaman xüsusilə bildirir ki, Sərəncamı icra edən İddiaçı MTK tərəfindən cavabdehlərin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehə mülkiyyətlərində olan əmlakın müqabilində ədalətli təkliflər edilir. Bu isə, cavabdehin öz mülkiyyətlərində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Cavabdeh tərəfindən də məhkəmə prosesi zamanı mənzilinin sökülərək əvəzinə yeni tikiləcək müasir binada tam təmirli yeni mənzilin verilməsinə etiraz edilməmiş, lakin veriləcək mənzilin sahəsində iddiaçı tərəfindən irəli sürülmüş təkliflə razılaşmadığını bildirilmişdir. Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 176 nömrəli Fərmanına əsasən torpaq sahələrinin ayrılması müvafiq icra hakimiyyəti orqanları Bakı şəhərinin inzibati ərazisində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Hansı ki, ünvan 18 ünvanındakı yerqurluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0,20 ha torpaq sahəsi yeni yaşayış kompleksinin tikintisi üçün İddiaçı MTK-nın icarə əsasında istifadəsinə verilməsi Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 77 saylı Sərəncamı əsasında həyata keçirilmişdir. Həmin sərəncamda isə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələbləri rəhbər tutulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabhehin etirazı əsassızdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən və tikililərdən çıxarılması ilk növbədə orada yaşayanlar üçün həyati vacib məsələdir. Belə ki, cavabdehin texniki vəziyyəti qeyriqənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşaması gələcəkdə məhz cavabdeh üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Hansı ki, binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehə mənzillərinin, özbaşına tikililərinin ölçüsünə ağlabatan ölçüdə əlavə sahələri olan yeni mənzillər verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onunla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilmələri üçün 750 manat məbləğində kirayə haqqı ödənilməsi öhdəliyini İddiaçı MTK öz üzərinə götürür. İddiaçı MTK-nın irəli sürdüyü təklifdən də görünür ki, təkliflər günün tələblərindən də artıqdır və kifayət qədər ədalətli və ağlabatandır, təkliflərin icrasının dərhal həyata keçirilməsinə Sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MTK tərəfindən hər hansı maneə yoxdur. İddiaçı tərəfindən vaxtında öz üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi həmin evdə yaşayan digər sakinlərin də hüquqlarının vaxtında reallaşmasına maneə yarada bilər. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, iddiaçı həmin evdə yerləşən 4 mənzildən ikisinin mülkiyyətçisi ilə razılığa gəlmişdir. Göründüyü kimi, tikinti işlərini aparan iddiaçı tərəfindən cavabdehə edilən həmin təkliflər, Sərəncamla İddiaçı MTK-nın üzərinə qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MTK bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Ərazidə yaşayan digər ailələrdən fərqli olaraq hazırkı cavabdeh ona məxsus olan mənzilə iddiaçının təklif etdiyi yaşayış sahələrindən daha çox sahə tələb edir. Bu hal cavabdehin hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin qeyd edilən hərəkətləri məhz hüquqdan suiistifadədir, Cavabdeh hüquqlarından iddiaçıya ziyan vuran şəkildə sui-istifadə edir ki, onun bu hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər işlər üzrə gəldiyi hüquqi mövqeyindən irəli gələrək diqqətə çatdırılmalıdır ki, mülkiyyətçiyə istismar müddətini bitirmiş, texniki vəziyyətinə görə yolverilməz hesab edilən yaşayış sahəsinin əvəzinə ona daha üstün şəraitli, təmirli yeni tikilmiş və bütün kommunikasiya ilə təchiz edilmiş yaşayış sahəsinin verilməsi heç də onun mülkiyyət hüququna müdaxilə kimi qəbul edilməməli və qiymətləndirilməməlidir. Cavabdehin Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Başçısının 539 saylı xx.xx.2001-ci il tarixli sərəncamına əsasən 200 kv.m torpaq sahəsinin də ona məxsus olması və iddiaçının kompensasiya müəyyən edərkən bunu da nəzərə almalı olmağına dair dəlillərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cavabdehin mübahisəli mənzilin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Avropa Məhkəməsi bir sıra qərarlarında onu da göstərmişdir ki, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X5rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). Məhkəmə iş materiallarına əsasən o qənaətə gəlir ki, cavabdeh ona məxsus mənzilin yerləşdiyi torpaq sahəsi üzərində “qanuni gözlənti”sinin olmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin mənzilinin yerləşdiyi binanın yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən iddiaçı yeni yaşayış binası tikilənədək mənzilindən köçürülən iddiaçının müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilməsi üçün 750 manat məbləğində ödəniş etməyə hazırdır. Məhkəmə hesab edir ki, sözügedən zonada cavabdehin mənzil şəraitinə uyğun şəraitdə mənzil üçün aylıq 750 manat kirayə haqqı ağlabatan məbləğdir. Məhkəmə qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Hazırki işdə, tikiləcək çoxmərtəbəli yaşayış binasından veriləcək mənzillərin dəyərinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün məhkəmə hər hansı əsas müəyyən etməmişdir. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstana qarşı iş). Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı MTK-nın Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməlidir.

Məhkəmə xərcləri İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə İddia təmin edilməli, Cavabdeh məxsus olan, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 90,60 kv.m mənzilin əvəzində ünvan 16 ünvanında inşa ediləcək binanın 3-cü mərtəbəsində 120,05 sahəsi olan 4 saylı üç otaqlı təmirli mənzil və binanın 6-cı mərtəbəsində 48,87 kv.m. sahəsi olan 26 saylı bir otaqlı mənzil verilməli, cavabdeh yeni mənzillərlə təmin edilənədək ona hər ay 750 (yeddi yüz əlli) manat kirayə haqqı ödənilməklə ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılmalı, mənzil sökülməlidir. Ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MTK-ya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus olan, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 90,60 kv.m mənzilin əvəzində ünvan 16 ünvanında inşa ediləcək binanın 3-cü mərtəbəsində 120,05 sahəsi olan 4 saylı üç otaqlı təmirli mənzil və binanın 6-cı mərtəbəsində 48,87 kv.m. sahəsi olan 26 saylı bir otaqlı mənzil verilməli, cavabdeh yeni mənzillərlə təmin edilənədək ona hər ay 750 (yeddi yüz əlli) manat kirayə haqqı ödənilməklə ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılsın və mənzil sökülsün. Cavabdeh dövlət rüsumuna görə 100 (bir yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MTK-ya ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar