Məhkəmə qərarları › İş №e-2(010)-2279/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2279/2023

14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2279/2023 14.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia Tələbi.

1. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 510,76 manat, iddia ərizəsi üçün ödənilməmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və borca illik 5 faizlə hesablanmış 34,05 manat əldən çıxmış faydanın Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbin dəlilləri.

2. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının nömrəsi ********************) xx.xx.2021-ci il tarixində “onlayn” ödəniş əməliyyatları aparmış, məbləğin bir qismini ATM-dən məxaric etmiş, həmçinin kart hesabından digər kart hesablarına köçürmələr etmişdir (çıxarış əlavə edilir). Nəticədə Cavabdeh banka 510,76 manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

Tərəflərin izahatları.

3.Məhkəmə iclasında İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. 4.Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o bankın pulunu yox, özünə daxil olan pul məbləğini kartdan xaric etmişdir. Bankın texniki səbəblərə görə ziyan etməsinin ona aidiyyatı ola bilməz. İş materialları.

5. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmışş xx.xx.2021-ci il tarixli “Hesab və ödəniç kartına dair müqavilə”nin surətindən görünür ki, həmmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə bank hesabının açılması və həmin hesaba bağlı ödəniş kartının təqdim edilməsi, hesaba daxil olan pul vəsaitini qəbul edib hesab üzrə, habelə kart vasitəsilə əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri isə ona göstərilmiş bank xidmətlərinin haqqını Bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəməyi öhdəsinə götürmüşdür.

6. xx.xx.2021-ci il tarixli Balansdankənar məxaric orderinin surətindən görünür ki, Cavabdeh 1 ədəd plastik kartı İddiaçı ASC-dən məxaric qəbzinə imza etməklə götürmüşdür.

7. Ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 611,76 manat manat borcu vardır.

8. xx.xx.2022-ci il tarixli 16/T1394 nömrəli bildiriş məktubundan görünür ki, cavabdehə 5 təqvim günü müddətində banka olan borcun ödənilməsi haqqında xəbərdarlıq edilmişdir.

İşin faktiki halları.

9. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, cavabdeh iddiaçı banka məxsus plastik kart istifadəçisidir. İddiaçı tələbində ona əsaslanır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehin adına açılmış kart balansından əməliyyatlar nəticəsində hesabında olan pul vəsaitindən artıq əməliyyat aparılmış və nəticədə banka 510.76 manat overdraft borcu yaranmışdır. Cavabdeh tərəfin etirazı ondan ibarətdir ki, o, özünə məxsus pul məbləğini kartdan çəkmişdir. Nə qədər ki, çəkdiyi pul kartda görünürdü, demək ki, həmin pul ona məxsus olmuşdur.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 439.4.öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

11. “xx.xx.2021-ci il tarixli Hesab və Ödəniş kartına dair müqavilə”.

3.8. Hesabında texniki overdraft (valyuta məzənnəsinin dəyişməsi, təkrar silinmə və s.) yarandığı halda müştəri Bank qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 iş günü ərzində ödəməlidir. Yaranmış borc müəyyən edilmiş müddətdə qaytarılmadıqda Bank Müştərini xəbərdar etmədən kartın fəaliyyətini dayandıra və/və ya yaranmış borcun Müştərinin Bankda (mümkün olduqda habelə digər banklarda) mövcud olan hesablarından akseptsiz qaydada silinməklə ödənilməsini təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarı: Həmin Qərarda qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

Məhkəmənin mövqeyi.

12. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

13. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart üzrə əməliyatlar aparmış və nəticədə banka məxsus 510,76 manat məbləğində vəsait hesabına əsassız varlanmışdır. Bu xüsusda cavabdehin iddiaya qarşı irəli sürdüyü, onun məxaric etdiyi pulun özünə aid olması, bankın texniki səbəblərə ziyan etməsinin ona aidiyyatının olmaması barədə dəlilləri əsaslı hesab edilə bilməz. Belə ki, işdə olan maliyyə sənədlərindən və tərəflərin izahatlarından müəyyən edilir ki, cavabdeh özünə aid olmayan pul məbləğini kart hesabından məxaric etmişdir.

14. Məhkəmə iddianın illik 5 faizlə hesablanmış pul tələbinə dair hissəsinə qiymət verərək qeyd edir ki, həmin hissədə də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbində borca illik 5%-lə hesablanmış 34,05 manat əldən çıxmış faydanın da Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsini xahiş etsə də, həmin borcun necə hesablanması, hansı dövrü əhatə etməsi, gecikdirilən günlərin sayı və s. barədə məhkəməyə hər hansı sübut (maliyyə arayışı və s.) əlavə etmədiyindən məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Halbuki məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan, tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir Məhkəmə xərcləri.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. “AR Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə görə, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur və hazırda qeyd edilən məbləğ iddiaçı tərəfindən ödənilmişdir. İddia tələbi əsassız varlanma ilə bağlı hissədə tam təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

18. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 510.76 manat məbləğində pul və iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə,

Qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 510.76 manat və iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar